UZAQ,
YOXSA YAXIN BALAKƏN?
(əvvəli ötən
sayımızda)
Meyvəçiliyin
inkişafına təkan
Rayonda soyuducu və qurutma
kameralarının tikintisi ilə yanaşı meyvəçiliyin
inkişaf etdirilməsinə diqqət
artırılmış, yeni intensiv bağ təsərrüfatları
yaradılmışdır. Rayonun Qullar kəndində fiziki
şəxs M.Bazarov tərəfindən 3,1 ha sahədə meyvə
bağı salınmış, Yaponiya, Hollandiya, Çexiya və
ABŞ-dan 26 növ yüksək məhsuldar meyvə
ağacları və tinglər gətirilərək əkilməsi
təmin olunmuş, damlama üsulu ilə suvarma sistemi qurulmuşdur.
Təsərrüfatda tingliyin yaradılması və
inkişaf etdirilməsi istiqamətində əkin sahəsinin
daha 10 hektar artırılması nəzərdə tutulur.
"Balacans" MMC tərəfindən "Təpəçöl"
ərazisində yeni meyvə bağları salınmış,
hal-hazırda 65 ha ərazidə bağ yaradılmış və
100 hektara çatdırılması istiqamətində işlər
davam etdirilir ki, bu da gələcəkdə müəssisədə
meyvə şirələrinin istehsalında ekoloji təmiz
xammala olan tələbatının ödənilməsinə
imkan verəcəkdir.
Tikinti-quruculuq,abadlıq işləri davam edir
İlin əvvəlindən
başlayaraq H.Əliyev adına mədəniyyət və
istirahət parkının ərazisində və digər yerlərdə
300 ədəd ağac əkilmiş, şəhərin
küçə və parklarında 800-dən çox
qızıl gül kolu və 300 ədəd dekorativ ağaclar
əkilmişdir.
DTXK Balakən rayon şöbəsi
tərəfindən Yerquruluşu Layihə İnstitutunun
nümayəndələri ilə birgə inzibati ərazi dairələrinin
və inzibati ərazi vahidlərinin xəritələrinin
hazırlanması işi davam etdirilmişdir. Hal-hazırda
Katex, Püştətala, Talalar, Qullar kəndlərində ərazi
vahidlərinin xəritələri hazırlanır. Rüb ərzində
3 iş üzrə bələdiyyələrin mülkiyyətində
olan torpaq sahəsi hərraca
çıxarılmışdır.
Birinci rüb ərzində
respublika əhəmiyyətli avtomobil yollarına xidmət
göstərilmiş, ümumilikdə asfalt-beton
qarışığı ilə 871 m2, çınqıl
materialı ilə 10874 m2 çala təmiri işləri
görülmüşdür. Respublika əhəmiyyətli
avtomobil yolunun şəhərə aid 153-154-cü kilometrində
510 m2 asfalt-beton səki quraşdırılmışdır.
Rayon əhəmiyyətli avtomobil yollarında
çınqıl materialı ilə ümumilikdə 24789 m2
çala təmiri işləri görülmüşdür.
Rüb ərzində yerli bələdiyyələrin
vəsaiti hesabına 11,6 km uzunluğunda kəndarası yollara
qum-çınqıl döşənərək qreyderlə
hamarlanmış, 11,9 km uzunluğunda su kanalları və
arxlar qazılmışdır. İsaxlıgirmə kəndində
Mazımçay üzərində uzunluğu 50 metr olan
körpünün tikintisi davam edir.
Məktəb tikintisi sahəsində
480 yerlik Xalatala, 80 yerlik Qullar-3 və 180 yerlik Katex-zavod kənd
məktəbləri üçün yeni məktəb
binalarının tikintisi davam edir. Nizami adına şəhər
1 saylı tam orta məktəbində əsaslı təmir
işləri başa çatmaq üzrədir. Şəhər
1 və 3 saylı uşaq bağçalarında əsaslı
təmir işləri aparılır. Hər iki obyektdə
işlər tamamlama mərhələsindədir.
Bundan başqa, 2 saylı Qullar məktəbi
üçün 220, Hənifə məktəbi
üçün 480, Qazma 2 saylı məktəbi
üçün 360 və Qaracabinə məktəbi
üçün 80 yerlik olmaqla 4 yeni məktəbin layihələndirilməsi
aparılır ki, bu məktəblərin də tikintisinə
yaxın zamanda başlanacaqdır. Sevindirici haldır ki, bir
neçə gün öncə daha 2 yeni məktəbin- 180
yerlik Şambul və 220 yerlik Qazbinə kənd orta məktəbləri
üçün yeni binaların tikilməsi haqqında Sərəncam
imzalanmışdır.
Heydər Əliyev meydanının
abadlaşdırılması işləri davam edir. Prospektin
yol qovşaqlarında və hasarlarda dekorativ üzlənmə
işləri aparılır, sahibkarlıq obyektlərinin fasad
hissələri yenidən qurulur. Şəhərdə 3 yeni
şadlıq evinin tikintisi davam edir, "Balakən-1"
su-elektrik stansiyasının, rayon Mədəniyyət evinin
tikintisinə, M.Əsədov küçəsində 8 mənzilli
yaşayış evinin əsaslı təmirinə
başlanılmışdır.
"Aqrolizinq" ASC-nin Balakən
rayon Aqroservis filialının, əhalinin sosial müdafiəsi
mərkəzinin, rayon təhsil şöbəsinin, məcburi
köçkünlər üçün çoxmənzilli
yaşayış binasının və YAP rayon təşkilatının
yeni inzibati binalarının tikintisi üçün
torpaqayırma sənədləri hazırlanmışdır.
Balakən şəhərinin su-kanalizasiya sisteminin layihələndirilməsi
başa çatdırılmış, cari ilin sonunadək həmin
obyektlərin tikintisinə başlanacaqdır.
Əhalinin sel sularından
müdafiəsi məqsədilə birinci rübdə Mahamalar
kəndi ərazisində Balakən çayının sağ
sahilində 120 m3 həcmində daş-beton bəndlərdə
cari təmir işləri, Balakən, Mazım və Katex
çaylarında 482 min m3 həcmində çay məcralarının
təmizlənməsi işləri
görülmüşdür. Hazırda rayonun Acılıqbinə,
Şambul, Meşəşambul, Qazbinə, Qaysa və Xalatala kəndlərində
25 km uzunluğunda təsərrüfat daxili kanalların lildən
təmizlənməsi işləri aparılır və
sel-sulara qarşı mübarizə tədbirləri
görülür.
Mavi qaz, elektrik enerjisi və içməli su məsələləri
diqqət mərkəzində
Rayonun qazlaşdırılması
sahəsində əlavə olaraq 1390 evə qaz xətti
çəkilməklə rayon üzrə abonent sayı 7681 nəfərə
çatdırılmışdır. Rayonun Talalar,
Tülü, Katex, Qazma, Püştətala kəndlərinə
qaz xətlərinin çəkilməsi davam
etdirilmişdır. Əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması sahəsində şəhərin
Qafqaz küçəsində və Mahamalar kəndində su
xətlərinin dəyişdirilməsi yekunlaşmaq üzrədir.
Rayonun Gülüzanbinə yaşayış məntəqəsində
1 artezian quyusu qazılmış, Katex və Şərif kəndlərində
2 artezian quyusunun qazılmasına başlanılmış,
Tülü kəndinin yeni yaşayış massivində,
Şambul və Yeni Şərif kəndlərində artezian
quyularının qazılması nəzərdə
tutulmuşdur. Eyni zamanda, istismar olunan və yararsız vəziyyətə
düşmüş 4 subartezian və 2 artezian quyusu təmir
edilərək əhalinin istifadəsinə verilmişdir.
2012-ci ilin I rübü ərzində
rayonda elektrik enerjisi verilişi sahəsində keyfiyyətin
artırılması üçün 5 ədəd transformator
əsaslı təmir edilmişdir. Yüksək və
aşağı gərginlikli elektrik hava xətlərində
147 yeni dəmir beton dayaq basdırılmış, 13 ədəd
0,4 kv-luq, 1 ədəd 10 kv-luq ayırıcı
quraşdırılmışdır.
Rayonda pensiyaçıların
sayı 12641 nəfər, aylıq pensiya tələbatı
1676 min manat, orta aylıq pensiya məbləği 132 manat 65 qəpik
olmuşdur. 01 aprel tarixə əhalinin rüblük pensiya tələbi
ödənilmişdir.
3144 nəfərə sosial
müavinət, 257 nəfərə təqaüd ödənilmiş,
rüb ərzində ünvanlı sosial yardım təyin
olunmuş 1461 ailəyə ödəniş aparılması
davam etdirilmişdir. Yardım təyin olunmuş ailələrin
6263 nəfər ailə üzvü olmuş, hər ailəyə
düşən yardımın orta aylıq məbləği
110 manat olmuşdur.
Təhsil,
səhiyyə və mədəniyyət
Məktəblərdə və digər
tədris müəssisələrində təlim-tərbiyənin
keyfiyyətinin yaxşılaşdırılmasına xidmət
edən tədbirlərin keçirilməsinə nəzarət
artırılmışdır. Şagirdlərdə təlimə
maraq oyatmaq, xüsusi istedada malik şagirdləri aşkar edib
onların istedadlarını daha da inkişaf etdirmək məqsədilə
şagirdlərin müxtəlif tədbirlərdə,
yarış və müsabiqələrdə iştirakı təmin
edilmişdir.
(ardı gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-24
may.-S.7.