Rafael Dadaşov:
"Bəzi aktyorlar kənarda bir-birini görmək istəməyiblər,
səhnədə sevişiblər"
Akademik Milli Dram Teatrının
simalarından biri, Xalq artisti Rafael Dadaşovun Modern.az-a
müsahibəsi
-
Hazırda teatrda iki əsərlə - "Qanlı Nigar" və
"Don Juan"la məşğulam. Hələlik
başqa bir şey yoxdur və yəqin ki, yeni sezondan olacaq.
Çünki gözəl bir repertuarımız
təşkil olunur. Sentyabrda məzuniyyətdən
qayıdandan sonra yeni əsər üzərində iş
başlanacaq.
-
Hazırda teatrda müqaviləylə
çalışırsınız, yoxsa?
- Tək mən yox, yaşı 65-i
keçmiş bütün sənətkarlar müqaviləylə
işləyirik. Nə bilim, bu yeni iş metodudur. Yəqin digər teatrlarda da belədir. Bu o demək deyil ki, biz burda müvəqqəti
çalışırıq. Sadəcə iş metodu
belədir.
- Amma razılaşaq ki, son vaxtlar
teatr aləmində bu cür söz-söhbətlərin
olması yaradıcı mühitə kifayət qədər mənfi
təsir göstərdi.
- Əvvəldən
bu qərar düzgün anlaşılmadı, başa
düşülmədi. Əslində 65
yaş məsələsi bizə aid deyil.
- Məncə, aktyor ən
yaxşı rollarını 65 yaşdan sonra oynayır.
- Aktyorun hər yaşında ona
uyğun rol var. Məsələn, cavalıqda cavan rolları
oynayırsan, əgər qəddi-qamətin çox
baxımlıdırsa, sevgi qəhrəmanlarını, baş
rolları ifa edirsən. Daha sonra əmiyə
keçirsən, ata olursan, baba olursan.
- Qəddi-qamətdən
söz düşmüşkən, bir məsələyə
toxunmaq istərdim. Həmkarlarınızın bəzilərindən
belə bir fikir eşitmişəm ki, Rafael Dadaşov
zamanında bir çox rolları teatr diliylə desək, həmin
o qəddi-qamətin, xarici görkəminin hesabına
"udub". Razılaşırsınız?
- Mən bunu özüm də
etiraf edirəm. Teatra qəddi-qamətimlə,
zahiri görünüşümlə gəldim. "Azdarama"ya gözəl, peşəkar aktyor
kimi gəlməmişəm. İndi
başlasam ki, belə aktyor idim, elə aktyor idim düz
çıxmaz. Çünki haqq-ədalət
adamıyam. Sadəcə,
görünüşüm çox baxımlı idi. İndi Allah-təala belə yaradıb da. Nə qədər həqiqətə uyğun
olub-olmadığını deyə bilmərəm, amma
cavanlıqda Alen Delon deyirdilər. Həmin
vaxt teatrın baş rejissoru olan Tofiq Kazımov məni
"Don Juan" əsərinə dəvət elədi. Mən indi Don Juanın atasını oynayıramsa,
teatra gəlişimlə Don Juanın özünü
oynamışam. Əgər görkəmlə
bağlı söhbətləri sonrakı illərə də
aid edirlərsə, bu gözügötürməzlikdən irəli
gəlir.
-
Rejissorlar sizin görkəminizdən yetərincə istifadə
edə bildilər?
- Deməzdim ki, milli teatrda bir o qədər
istifadə olunub. Amma televiziya tamaşalarında
mənim də payım var. Məsələn "Ordan
burdan" teletamaşasında mənim görkəmimdən
deyil, sənətimdən istifadə olunub. Elə rollar var ki, məni birbaşa dəvət eləməyiblər.
Hansısa aktyorda alınmayıb, sonradan gəliblər
mənim üstümə. "Səni
axtarıram"da da, "Ordan burdan"da da olub belə
şeylər.
- Həmin
rollar sizdən əvvəl kimlərə həvalə
olunmuşdu?
- Ad çəkmək istəmirəm.
Yəqin ki həmin aktyorlarda Yaşarla tərəf
müqabili olmaq alınmayıb. Çünki
Yaşar Nuri çox güclü aktyordu, çox
istedadlıdır. Allah onunu canına dəyməsin.
Yaşar bizə çox lazımdır.
- Adətən
aktyorlar filmi qazanc hesab edirlər. Yəni tamaşa
oynanılır, yaddan çıxır, film isə qalır. Son illər sizin çəkildiyiniz elə bir film
yoxdur. Belə çıxır ki, neçə illərdir
qazancsızsınız?
- Aktyor heç vaxt qazanmayıb. İstər postsovet məkanında, istər indi
aktyor öz zəhmətinin haqqını lazımınca
almayıb. Biz qonşu ölkə
aktyorlarının, Qərb aktyorlarının
qazandığının yarısı qədər də
qazanmamışıq. Bizim
qazancımız xalqımız tərəfindən çox
gözəl qiymətləndirilməyimiz olub. Adımızın sayəsində "defisit"
olan müəyyən şeylər bizə əlçatan
olub.
-
Kişi aktyorların tamadalıq, sərpayılıq eləməsi
də zamanında müzakirə mövzularından biri idi. Hətta xalq artisti İlham Namiq Kamal bunun qəti əleyhinə
olduğunu bildirmişdi. Siz necə, tamada kimi toylara
gedirsiniz?
- Mən toyların birinci təbliğatçısı
olmuşam. Doğrudur, aktyorun toy idarə eləməsinə
birtəhər baxsalar da, həmişə bu işin təbliğatçısı
kimi çıxış eləmişəm. İstər 80-ci illərdə, istər 90-cı illərini
əvvəllərində toylar aparmışam.
- İndi də tamadalıq edirsiniz?
- İndi
yaşımla, səhhətimlə əlaqədar toylara getmirəm.
Bu işi təbliğ etməyimi də belə əsaslandırmışam
ki, aktyor sənətiylə pul qazanır.
- Axı tamadalıq aktyorun sənəti
deyil...
- Necə yəni sənəti
deyil? Bəs danışıq qabiliyyəti,
insanları cəlb eləmək? Bunlar
böyük şərtdir. Bizim
adımız nədir? Artist. Bizə əməkdar aktyor demirlər ki, əməkdar
artist deyirlər.
Artistliyin çox sahəsi
var. Bura müğənilik, aktyorluq, aparıcılıq və
sair daxildir. Artist hər yerdə
çıxış edən, dil qabiliyyətini, natiqliyini, bədii
qiraətini nümayiş etdirən şəxsdir. Toyda da məhz bunlar tələb olunur. Aktyor toyda əl açmır ki, mənə pul
verin?
-
Maddi ehtiyacınız olmasaydı, toylara gedərdiniz?
- İndi də bəzən
toylara gedirəm. Amma dostlarımın,
yoldaşlarımın toyunu idarə edirəm. Yenə də deyirəm ki, aktyor öz sənətiylə
pul qazanmalıdır və bu da bizim sənətimizin bir
qoludur.
- Bir az da teatrdan
danışaq. Teatrlarda aktyorlara qarşı inzibati
cəza metodlarının olması nə dərəcədə
doğrudur?
- Sən söhbəti başqa səmtə
fırladırsan, köhnə yaranı qaşımaq istəyirsən.
Amma mən ona konkret cavab verəcəyəm.
Heç vaxt aktyorun cəzalanmağının əleyhinə
olmamışam. Bir var bu cəzanı haqlı olaraq alırsan,bir də var ümumi cəza süpürgəsinin
altına düşürsən, səni süpürürlər.
Aktyorun ixtiyarı nədir tamaşanı
gecikdirsin, məşqə geciksin? Aktyor
vaxtında məşqinə, tamaşasına gəlməlidir.
Hamı da görməlidir ki, o yarım saat, bir
saat əvvəldən gəlib, hər işi də
qaydasındadır. Amma ömrünü sənətə
həsr eləmiş bir sənətkara xəbərdarlıq,
töhmət verilməsi adama təsir edir.
- Filmlərin, tamaşaların pərdəarxası
məqamları hər zaman tamaşaçı
üçün çox maraqlı olub. Ələlxüsus
sevgi, məhəbbət elementləri olan filmlər tamaşalar.
Sizin də oynadıqlarınızın əksəriyyətində
bu elementlərə rast gəlinir. Səhnədə,
filmdə yaşadığınız eşqin davamını
real həyatda yaşamısınız?
-
Tanınan bir cərrahla, siyasətçiylə müsahibədə
belə suallar vermisiniz? Soruşmusunuz ki, sizinlə
çalışan tibb bacısıyla sevgi münasibətləriniz
olub? Niyə onlara belə suallar vermirsiniz?
- Çünki aktyor daha geniş
çevrədə tanınır. Bir cərrahın
tibb bacısıyla yaşadıqları, tamaşaçı
üçün Rafael Dadaşovun öz tərəf
müqabiliylə yaşadıqları qədər maraqlı
deyil.
- Nə olsun? Niyə
məhz bu sual? Sən soruş ki, səhnədəki
tərəf müqabillərinizdən
razısınızmı? Sən
soruşursan ki, səhnə arxasında nəylə məşğulsunuz.
Vaxtında sənətkarlar öz tərəf
müqabilləriylə ailə qurublar. Bu
çox müqəddəs bir şeydir. Elə
mənim valideynlərim eyni yerdə çalışıblar
və sonradan ailə qurublar. Elə zamanlar
olub ki, aktyorlar kənarda bir-birini görmək istəməyiblər,
amma səhnədə sevişiblər. Bunu
əsər, pyes, hadisə, sənət tələb edir.
Vaxtilə deyiblər ki, Rafaellə Yaşar arvad
paltarında tamaşaçı önünə
çıxıblar. Bunu pyes tələb
edib ki, biz tamaşaçı qarşısına qadın
paltarında çıxmışıq. Səhnə
nə tələb edirsə, o da olmalıdır. Neçə-neçə ailələrin
qurulmasına sənətin, səhnənin böyük rolu
olub.
- İndi sizin istədiyiniz sualı verirəm. Sizinçün rahat olan tərəf müqabiliniz
kimdir?
- Mənim teatra gəlişim
çox gözəl bir vaxta düşdü. Hələ
müəyyən sənətkarlar sağ idilər. O sənətkarlar
ki, indi korifey hesab olunurlar. Əliağa Ağayev,
İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli,
İsmayıl Dağıstanlı, Hökümə Qurbanova, Nəcibə
Məlikova hələ də işləyirdilər. Bu aktyorlarla müəyyən tərəf
müqabiliiyim olub.
-
Atanızla tərəf
müqabili olmusunuz?
- Olub. "Cehizsiz
qız" tamaşasında rəhmətlik Məlik
Dadaşovla, Səməndər Rzayevlə tərəf
müqabili olmuşuq. Sonradan isə mən
həmin tamaşada atamın rolunu oynadım. mənim rolumsa başqa aktyora verildi. Atamla Moldova filminə də çəkilmişəm.
Doğrudur, orda elə də böyük səhnələrim
olmayıb.
- Son olaraq yeni nəsillə
bağlı bir neçə kəlmə...
- Mən onlara istedadısz deyə
bilmərəm. Çünki müəyyən
müsbət şeyləri görürəm. Görmədiyim odur ki, gənclərdə sənətə
qarşı ciddilik zəifdir. Səhnəyə
münasibət, məsuliyyət azdır. Axı
səhnə müqəddəs bir yerdir.
- Bəlkə pul qazanmaq istəyirlər...
- Onları qınamaq da olmur. Amma bu onlara haqq qazandırmır. İstənilən halda səhnəyə məsuliyyət, ciddilik lazımdır. Gərək səhnənin fanatı olasan. İndi güzəranın nə qədər yaxşıdır, nə qədər pisdir, bu başqa söhbətdir. Səhnəyə vurğun olmalısan, onunla yaşamalısan. Düzdür, ailə, uşaq var, digər problemlər. Amma yenə də məsuliyyətli olmaq lazımdır.
Ədalət.-2012.-24
may.-S.8.