Təqaüdə
çıxış
Hekayə
Onun iki ixtisası vardı. Azərbaycan
Dövlət Tibb Universitetinin müalicə-proflaktika fakültəsini
bitirmişdi. İlk iş yeri təyinat üzrə Əfəndiyev
adına xəstəxana oldu. Xarakterindəki idarəçilik
ehtirası həkimliyi ilə bir araya sığmırdı.
Bir neçə ildən sonra baş həkim də oldu. Harda,
necə gəldi işçilərin üstünə
qışqırması, xəstələrlə kobud
davranması barəsində pis imic
formalaşdırırdı.
Rəhbər vəzifələrdə
çalışan qohumları da vardı. Demişdilər bir
az pul yığsın ona ikinci ixtisas almaqda kömək edəcəklər.
Gileylənmişdi ki, daha həkim işləyə bilmir.
"Pulsuz müayinəyə keçəndən sonra kimdən
"nə oldu" soruşanda "doktor xəstələr
pul vermir" cavabını cibimə basırlar". Həmişə
gileyini bu notlar üzərində qururdu. Yüksək vəzifədə
işləyən qohumunun yanında bu mövzuda neçənci
dəfə idi danışırdı ki, qarşı tərəfdən
təklif aldı:
- Gəlsənə Polis
Akademiyasına düzələsən...
Əvvəl elə bildi, qohumu
onunla məzələnir. Onun simasında ironik heç nə
görməyəndə isə məsələni konkretləşdirmək
istədi
- Nə qədər pul
lazımdı?
Konkret sualın cavabı da gərək
konkret ola:
- 30 min manat.
6-cı mikrorayonda evi
vardı. 3 otaqlı mənzili 45 min manata
satdı, 30 minindən keçib növbəti tələbə
qəbulu mərhələsinə qoşuldu. Akademiyaya qəbul oldu. Altı
aydan bir 15-20 günlük dərsə gedirdi. Kiməsə qaynayıb-qarışmırdı.
Həkimliyi də öz axarında gedirdi. Qohumundan "çoxlu pul yığ" məsləhəti
almışdı. Məsləhətə
canla-başla əməl edirdi.
Buyur, o 4 ili
arxada qoydu. Peşəsini dəyişmək
vaxtı çatmışdı. Yenə həmin
qohum düşdü ortaya ki, 50 min pul lazımdı. Hardan alsın? Köməyə
qayınatası çatdı. Maşın
alveri ilə məşğul olurdu. "Tapa bilərəm"
dedi. Ardından dilinin altında mızıldandı da:
"Olmasın 15 dəfə Almaniyaya getmək".
O, xəstəxanadan gedəndə
3-cü palatada olan xəstənin sevinci yerə-göyə
sığmırdı. Bir ay olardı burda
yatırdı. Üç min manat xərci
çıxmışdı, başının
ağrıları isə azalmırdı ki, azalmırdı.
Bəzən ağrılar o qədər şiddətli
olurdu ki, xəstənin beyninə yalnız intihar hökm kəsilirdi.
Pəncərədən özünü atmaq istədiyi vaxtlar
az olmamışdı. Bir
neçə dəfə cəhd göstərmişdi. Tibb bacıları, palata yoldaşları faciənin
qarşısını almışdılar. Oğlu həkimlə dəfələrlə müxtəlif
tonlarda danışsa da nəticə dəyişməmişdi.
Həkimin bir cavabı vardı: "Müalicələr təsirini
göstərəcək".
"15 sutkalıq" adı ilə
məşhur olan Bakı Müvəqqəti Saxlama Təcridxanası...
Təcridxanaya yeni rəis təyin olunub.
Baş leytenant rütbəli rəis barəsində təcridxanada
bir informasiya, daha doğrusu dezinformasiya var: "Cərrahiyyə
zamanı əlində xəstə ölüb, işdən qovublar".
İnsafən, o, cərrah deyil və heç
bir zaman da cərrahiyyə əməliyyatı aparmayıb.
Qısa olaraq,
Bakı Müvəqqəti Saxlama Təcridxanasının
funksiyası barədə. Adından
göründüyü kimi, burda sutka həbs cəzası
alanlar saxlanılır. Xırda
xuliqanlıq edənlər, aksiyalarda hay-küy salanlar və qədim
peşə sahibləri-fahişələr. Bir vaxtlar Neft Akademiyasının binasına söykənən
fahişələrin hamısı ayaqlarını ən
azı bir həftə bu təcridxananın divarlarına da
söykəyib.
Yeni rəis artıq
ikinci ayı idi vəzifəsini icra edirdi. Gömrükdə
qiymətlər qalxmışdı. Xaricdən
maşın gətirmək sərf etmirdi. Axşamlar
həyat yoldaşının mısmırıq sallamasından
anlamışdı ki, qayınatası borcun tezliklə
qaytarılmasını istəyir. Arvadı telefonda kiminləsə
danışanda eşitmişdi: "O da borc alıb da ondan-bundan...".
Neyləsin? Əli qoynunda başının üzərindən
asdığı portretə baxa-baxa
düşünürdü. Xəstə
adamlar kimi kreslonu stola tərəf döndərdi. Qarşısındakı qeyd jurnalını vərəqləməyə
başladı. Vərəqlərdən
biri diqqətini cəlb etdi. Siyahıdakı
ad və soyadların sonuncusuna nəzər saldı. "30" rəqəmi siyahının
qapandığını göstərirdi. Müavininə
zəng açdı. Telefonla göstəriş verdi ki, təcridxanadakı qadınların
hamısını öz otağına yığsın. Yarım saat keçdi. Rəis
müavinin otağına dəvət olundu. Qadınlar güllələnəcək müqəssirlər
kimi divara düzülmüşdü. Rəis
onları süzürdü. Birdən cərgənin
başı üzərindəki portreti gördü. Əsəbiləşdi. Əmr verdi
ki, qarşıdakı divar boyu düzülsünlər. Komanda yerinə yetirildi. Heç
bir qadını danışdırmadan hər kəsə
görə bildiyi qədər baxdı. Üzünü
çevirib otaqdan çıxdı. Bayaqdan
əlində oynatdığı əl telefonunda nömrə
yığmağa başladı. Təcridxananın həyətində
o başa-bu başa gedə-gedə danışırdı:
"Pis deyillər. Bir az əl gəzdirsən,
əla da demək olar. Hə də, sənin pullu dostların
var... Əlbəttə yarıbayarı... Məni başa
düş, vəziyyətim pisdi... Ama bir daş
altda, bir daş üstə. Bir də de ki, aparanda şəxsiyyət
vəsiqələrini alacam haa..."
Vəssalam. Keçmişi həkim olan rəis başladı
fahişə alverinə. İşi pis
getmirdi. Qızları
"naçovka"-ya da buraxırdı. Günlərin
birində müavindən bəd xəbər zəngi gəldi:
- Saat doqquzdur, qızlardan birini hələ
qaytarmayıblar.
Yatağından hövlnak qalxan rəisin
dili əsməyə başladı:
- A...paran kiiim idi?
- Şəxsiyyət
vəsiqəsi yox idi. Siz bilirsiz axı, demişdim 100
manat artıq verib, maşınının və telefonunun
nömrəsin dedi.
- Neeeçədi?
Rəis dəli oldu.
Müavinin verdiyi nömrədən operatorun səsi
eşidildi. On dəqiqədən sonra rəis
işdə idi. Nə edəcəyini
bilmirdi. Qızların sifarişçilərə
çatdırılmasında baş rol ifa edən
qadınlıq bir şey yox idi. Əvvəl
onunla əlaqə saxlamaq istəsə də bunu anladı.
Müştəri köhnələrdən
olduğu üçün elçiliyə özü gəlmişdi.
Rəisin telefonuna zəng
gəldi. Nömrəyə baxdı. Sonu 22-lə qurtarırdı. Odu.
- Bəli. Qız
hardadı?
Sərxoş kişi
səsi eşidildi:
- Qız araqdan zəhərlənib
çezdi.
- Necə yəni çezdi? Sən
nə danışırsan?..
- Rəis, öldü də. Mənlik heç nə yoxdu. İdarəvin
arxa tərəfində hasarın yanına qoymuşam meyitini.
Mənim adımı hallandırsan, eyni kamerada
oturmalı olacağıq. Luçşi
deyərsən, yanına gələnlərdən kimsə
içəri araq keçirib, o da içib, zəhərlənib.
- Sən nə
danışırsannnnnnn?...
Telefon
qapadıldı. Rəis telefonu stolun
üstünə qoymaq istəsə də əli əsdiyindən
onu yerə saldı. Nadzorları meyitin
arxasınca göndərdi. "Zəhərlənən"
qızın üzərində heç bir zorakılıq əlaməti
yox idi. Sol qolundakı iynənin yerində
isə qan donmuşdu. Meyiti kameraya qoydular.
Rəis istefa ərizəsini yazıb, elə əlindəcə
maşına oturdu. Vəzifəli qohumunun
yanına sürdü. Hadisənin baş
vermə səbəbini müştəri oğlanın dediyi
kimi anlatdı. Gözlədiyinin əksinə olaraq,
qohumu əhvalını pozmadan dedi: "Get 20 min
hazırla".
Oğlunun
maşını satıldı, arvadının cehiz
qızılları da ardından. Dayı, əmi,
bibi... kampaniyaya qoşuldular. 20 min manat
düzəldi. Rəis rəisliyini itirməklə
öz hücrəsinə çəkildi.
56 yaşı
olmuşdu. Həmin hadisədən 4 il
keçirdi. Vəzifə hərisliyi onu rahat
buraxmırdı. Yenə vəzifəli qohum, yenə təklif:
"İyirmi beş min manatın olsaydı, səni 1
saylı əsəb disponserinə baş həkim təyin elətdirərdim" .
Qayınatanın 50
min manatından bir qəpik də qaytarılmayıb. Üz tutacaq kimsə də yox. Yazıq
görkəmdə qohumunun üzünə baxdı. Qohumundan eşitdiyi növbəti təklif
simasında elə bil dəyişiklik yaratdı ki, gözlərindən
boylanan günəşi görməmək mümkün
deyildi. Belə danışdılar, vəzifəli
qohumu məsələni həll edir, baş həkim hər ay
ona 5 min manat pul verir. Altı aydan sonra vəziyyət
axarına düşür
El arasında dəlixana
adlanan məkan. Burda dəlilərlə
yanaşı dəli olmayanlar da xeylidi. Elə
pulu da onların vasitəsi ilə qazanmaq olar. Cinayət edən pullu qaqaşın, hadisəni
törədən zaman affekt vəziyyətdə olduğu
"aşkara" çıxır. Müalicə
üçün təyinat dəlixanaya verilir. Güllə səsindən qorxan gənclər bura
"düşməklə" qorxularını çildaq
etdirirlər. Küllü miqdarda pul isə
baş həkimə çatır.
Beləcə bir il
keçdi. Sıxıntılar aradan
qalxırdı. Qayınatasının
borcunu yarıya endirmişdi. Oğlu kreditə
maşın almışdı. Novxanıda
12 sot həyətyanı sahəyə də pulu
çatmışdı. Qalırdı
villa tikdirmək. O yanı qaya, bu yanı qaya idisə niyə
də onun içində sarı maya olmasın...
Evin çertyojunu
Almaniyadan gətizdirdi. Təxminən 200
min manata istədiyi fiquru ala bilərdi. Tikinti
şirkəti ilə müqavilə bağladı. Villanın hər daşı qoyulduqca, "dəli"
cinayətkarların sayı artırdı.
Həyətdə təmizlik
yaratmaq üçün xəstələrin əməyindən
istifadə etməyi də unutmamışdı. Üç xəstənin əməyindən isə
tez-tez istifadə edirdi. Fərhad, Qərib, Səxavət.
Onlar həyəti belləyir, zir-zibili
daşıyır, ustaların dəxli olmayan əmrlərini
yerinə yetirir, siqaret, pivə, araq, kolbasa dalınca gedirlər.
Hərəkətlərindən dəli təsiri
bağışlamırlar. Ancaq
bütün günü susmalarından anlamaq olar ki,
psixikalarında çatmayan nəsə var.
Fərhad Yevlaxda bələdiyyə
sədrini döymüşdü. Ürəyi
soyumayıb, onun papağının içinə yaş təzək
doldurub, oynaya-oynaya kabinetinə girərək
qarşısına qoymuş və demişdi: "Aş gəlir"
Qərib Bakıda gecə
saatlarında musiqi alətləri mağazasının
qapısını baltayla sındırıb, içəri
soxulmuş, bir saatdan artıq piano çalmışdı.
Polislər hadisə yerinə gələndə demişdi ki, beş dəqiqə də gözləsinlər
əsəri bitirsin.
Səxavət
Salyandan idi. Məmurların balıq
saxlamaq üçün düzəltdikləri göllərdən
oğrun-oğrun balıqları tutub öldürərək
yenidən suya atırdı. Tutulanda
demişdi ki, harın adamları infarkt etməyin yeganə yolu
budu. Səxavətdə harın adamlar
anlayışı, tikdiyi evin qanuni olmadığını bəhanə
gətirən yerli məmurların onu uçurtmasından
sonra yaranmışdı. Evi özü
tikmişdi.
Səxavət indi də ev tikirdi. Amma başqasına.
O başqasına ki, dəlixanadakı bütün dəlilər
ondan qorxurdu. Dəlixananın direktoru, bu evin sahibinin bir cəza
metodu vardı: iynə. Sakitləşdirici iynələri
tibb bacıları ciblərində gəzdirirdilər. Səssizliyi pozan istənilən dəli bilirdi ki,
indicə tibb bacısı içəri girəcək və o
da səssiz-səmirsiz çarpayıya uzanacaq. Beş dəqiqə sonra isə ləms olub yerində
qalacaq. Səxavətə də az iynə
vurulmamışdı. Bu evdə fəhlə
kimi işə başlayandan isə cəmi bir dəfə ləms
olunmağa məhkum edilmişdi.
Hadisə belə olmuşdu: Səxavət
palatadakı çarpayıları üst-üstə
yığırmış ki, bəs direktora ev
tikirəm. İki çarpayını birtəhər
bir-birinin üstünə qoyub, üçüncü
çarpayını qaldırmağa cəhd göstərəndə
isə o biriləri də aşırdıb. Hay-küyə həkimlər, tibb bacıları
doluşub içəri. Səxavət
könüllü təslim olub.
Ustaların əmrlərinə
də könüllü tabe olan Səxavət idi. Ona görə ustalar ona sözün əsl mənasında
daşı-daş üstə qoymağa icazə verirdilər.
Səxavət hər dəfə daşı
daş üstünə qoyanda gözlərindəki
işıq gurlaşırdı. Qucağında
ağır daş olmağına baxmayaraq, uçurdu sanki.
Onun bu halını ustalar da sezmişdi deyə,
mane olmurdular. Artıq Səxavət divar
qoyurdu. Malanı palçığın
üstünə elə sürtürdü ki, sanki həftədə
bir dəfə ona dəyməyə gələn balaca
qızının saçını oxşayır.
Evin birinci mərtəbəsinin
daş işi qurtarmışdı. Səxavət sağ
divara xeyli daş qoymuşdu. Artıq ikinci mərtəbəyə
başlamaq vaxtı çatmışdı. Fərhadla, Qərib ona daş daşıyır,
palçıq gətirir, Səxavət də ehmalca ikinci mərtəbənin
sağ divarına daşlar düzürdü. Nədənsə Səxavətə
yarımçıq işləri tapşırırdılar.
Ustalar divar boyu daşları düzürdü,
bir iki daş yeri qalanda deyirdilər ki, gəlib tamamlasın.
Qərib də bekar qalmırdı. Palata yoldaşının qoyduğu daşlar üzərində
virtual olaraq piano çalırdı. Fərhad
isə imkan tapan kimi əlini qabağa uzadıb
ayaqlarını sağa-sola bura-bura həyəti
fırlanırdı. Ustalar bu mənzərədən
ləzzət alırdılar.
Evin sahibi bu müddətdə
bir neçə dəfə tikintiyə gəlmişdi. Həmin vaxt ustalar Səxavəti işləməyə
qoymurdular. Dəlixananın direktoru dəlilərin
özlərini necə apardıqlarından tutmuş, evin
tikintisinə qədər çox şeylə
maraqlanırdı. Hər dəfə gələndə
ustalar gözləyirdi ki, onlara nahar pulu verəcək. Amma direktor heç sağollaşmadan
çıxıb gedirdi.
Üç ayın tamamına az qalmış villanın tikintisi başa
çatdı. Binanın həm çöl, həm
də içəri tərəfinin suvağı vurulmuşdu.
Hesablandığından 3 min manat çox pul xərclənmişdi.
Təbii ki, evin sahibi narazı idi. Bu üzdən ustalara evin içində işləməyə
icazə vermədi. Hələ üstəlik onlara verəcəyi
puldan beş yüz manatı saxladı. Narazılıqlar vəziyyəti dəyişmədi.
Ustalar qapıdan çıxanda
aralarındakı nisbətən cavanı "heç halal
etmirəm" deməyi də unutmadı. Bu
lənəti yoldaşlarından başqa kimsə eşitmədi.
Dəlilər
yurdlarına qayıtmışdı. Evin
içindəki işlər başqa briqadaya həvalə
olunmuşdu. Səxavətsə hələ
də daş qoyurdu. Əlbəttə,
yuxularında. Qəriblə Fərhad tamam
dəyişmişdilər. Üz-üzə
çarpayıda oturub saatlarla bir-birlərinə
baxırdılar.
Ev hazır idi. Möhtəşəm alınmışdı. Çölü içərisindən, içərisi
çölündən gözəl. 203
min manatlıq villa. Direktor təcili ora
köçməyi planlaşdırmışdı. Yoldaşı isə ayağını bir
başmağa dirəmişdi ki, evin içi lazım olan əşyalarla
doldurulmasa mikrorayondakı üç otaqlı evlərindən
çıxmayacaq. Direktor bankdan yüz əlli
min manat kredit götürməli oldu. Arvadının
əmri yerinə yetirildi.
Altı aya yaxın
idi onlar villada yaşayırdılar. Oğlanları
da ailəsi ilə bura köçmüşdü, öz evlərini
isə hər iki ailə kirayə vermişdi. Həyat qaydasına düşürdü.
Gecənin ortası
idi. Direktor ikinci mərtəbədəki
çarpayısından qışqıraraq ayıldı.
Anlaşılmaz sözlər işlədirdi.
Arvadı da artıq oyanmışdı. Nə baş verdiyini soruşurdu. Cavabında isə əri yerindən qalxıb zala
doğru getdi. İşığın
yanması ilə "vay dədəm, evim
yıxıldı" kəlməsi demək olar eyni anda səsləndi.
Bir azdan hamı təxminən on santimetr enində ilanvarı
çat verən divara baxırdı. Tavandan
döşəməyə qədər məsafədə divar
aralanmışdı. Hamı yerindəcə
donub qalmışdı. Direktor tez
aşağı düşdü. Birinci mərtəbənin
zalına daxil oldu. Eyni çat burda da var idi. Divarın arasından ay işığı evə
soxulmağı bacarmışdı. Direktorun
gözləri parıldayırdı. Gecə
saat dörd idi. Başını itirmiş
evin kişisi yuxarı mərtəbəyə qalxdı. Ailə üzvləri yerlərindəcə donub
qalmışdı. Əl telefonunu
tapıb, divar qoyan ustalardan birinin nömrəsini
yığdı. "Bu nömrə şəbəkə
xaricindədi". Oğlu məsləhət
gördü ki, səhəri gözləsin.
Sabahı
dirigözlü açan direktor bir stəkan çay belə
içməmiş evdən çıxdı.
Qayıdanda yanında iki usta var idi. Onlar çat vermiş
divara diqqətlə baxdılar. Analizin cavabı:
"Daşlar bağlama şəklində qoyulmayıb. Heç cür əlac etmək mümkün deyil.
Get-gedə çat daha də enlənəcək. Çünki bağlama şəklində qoyulmayan
daşların sayı həddindən artıq çoxdu.
Bununla yanaşı özül də
yaxşı tökülməyib.
Palçığın sementi az
olduğundan indi çökür. Çıxış yolu
damın sökülməsi və sağ divarın
dağıdılmasıdı ki, bu elə evin tamamilə
sökülməsi deməkdi".
Direktor kresloda tərpənməz
qalmışdı. Təcili yardım həkimi
mətbəxdə evin xanımına pıçıltı
ilə nəsə deyirdi. Bircə bu söz eşidildi:
"Təqaüdə çıxsa yaxşıdı".
Ceyhun
Musaoğlu
Ədalət.-2012.-26
may.-S.5.