"İKİMİZ
DARIXSAQ..."
Mənə elə gəlir ki, onda...
Çoxdandı
Yazıçılar Birliyinə tərəf yolum
düşmürdü. Bir
təsadüf nəticəsində Birliyə baş
çəkdim. Tanışlarla, dostlarla görüşdüm. Həmişə olduğu kimi "Ulduz" və "Azərbaycan"
jurnallarında da oldum,
hal-əhval tutdum. "Ulduz"
jurnalının baş redaktoru
Elçin Hüseynbəyli ilə söhbət
əsnasında öyrəndim ki, həmkarımız,
şairə xanım Fərqanənin kitabının təqdimatı
keçiriləcək. Doğrusu,
yaranmış fürsətdən istifadə etməmək namərdlik
olardı. Mən də namərd olmamaq üçün Fərqanə xanımla atüstü də olsa
söhbətləşdim, yeni kitabı
münasibəti ilə onu təbrik etdim. Bir az
da ərklə kitabını mənə
bağışlamasını istədim.
"...Əbülfət Mədətoğluna
müəllifdən xoş arzularla 15.05.2012". Aftoqraf ilə
mənə hədiyyə olunan kitabın tərtibatı mənə
müəyyən məqamları xatırlatdı.
Çünki kitabın üz qabığındakı rəng
çalarları bir az dan yerini, bir az qürubu, bir az da
sözün dünyaya gəlişi məqamını
pıçıldadı mənə. Mən də o
pıçıltıların içərisində bir bənövşə
xəfifliyi, bir xalı lalənin utancaqlığını hiss
etdim və bu duyğuların içərisində kitabı vərəqləməyə
başladım. İlk şeir parçası, ilk dörd misra
elə bil ki, bu kitabın qapısı idi üzümə
açılırdı. Həmin açılan qapının
önündə isə Fərqanə xanımın mənə,
yəni oxucusuna söylədikləri bir növ kitabın təqdimatı
idi.
Misra
göyərdirəm ətim, qanımla
Payız buludu tək boşallam, dollam.
Şeirin ucbatından ölən canımla
Özüm öz evimdə kirayə
qallam.
Bəli, bu təqdimat mənə
elə gəlir ki, artıq müəyyən təəssürata
yol açdı. Anladım ki, misra göyərdən Fərqanə
xanım özü öz evində, yəni öz poetik məkanında
kirayə qalır və bundan da təəssüflənmir.
Çünki biz böyük mənada anamız Yerin, yəni
öz oxu ətrafında fırlanan bu kürənin
kirayişinləriyik. Amma bu kirayəşinlik "həm
olum-ölümdü, həm də qalıb qalmamaq".
Çünki haqq etdiyimiz kirayəşinliyin fərqini oxucular
ödəyir öz diqqətləriylə və sevgiləriylə
ayırdıqları zaman kəsiyi ilə yaddaşlarında
yaşatmalarıyla. Bax, bu mənada söz dünyasında
kirayənişin olmaq həm xoşdu, həm də məsuliyyətli.
Ona görə ki, bizim o dünyadakı haqqımızı
ödəyənlər bizdən haqq-hesab da tələb edərlər.
Bunu çox yüksək dəyərləndirən şairə
Fərqanə xanım özünəməxsus şəkildə
yazır:
İlahi, şamını
özün vermisən
Yandırım dam altda bu işıq
ömrü
Macalım yox idi salım sahmana
Durum yığışdırım
qarışıq ömrü.
Doğrudan da bu dünya kimi
ömrümüz də qarışıqdı, bir az xeyirə,
bir az şərə, bir az yaxşıya, bir az pisə, bir az
da özümüzə. Ona görə özümüzə
deyirəm ki, biz bəzən ya özümüzü
görmürük, ya da özümüzü o qədər
böyük görürük ki, gözümüz
qamaşır, yol seçə bilmirik. Yaxşı ki, şairə
Fərqanə xanımın kirayişin olduğu söz
dünyasında gözü qamaşmır. Özü öz
yoluyla başını aşağı salıb gedir, şeirlərini
yazır, övladlarının, aləsinin
qayğısını çəkir və ən vacibi
bacardığı qədər sözün keşiyində durur
və ömrü də beləcə əridir.
Ömür dəmirdi, əyirəm
Acdım içimi yeyirəm
Haçan ki, haqqı deyirəm
Deyirlər duzsuz adamam.
Və yaxud:
Mənə çox şey vermisən
İki göz, iki qulaq.
Kor gördüm, kar eşitdim
Keç günahımdan Allah.
Düşünürəm ki, Fərqanə
xanımın mənə bağışladığı və
səhifələrindən hələ mətbəə qoxusu
çəkilməmiş bu kitabından təqdim etdiyim
nümunələr artıq oxucuya müəyyən fikirləri
çatdıra bilir. Yəni sözün, şeirin həvəskarı
olan oxucu poeziya aləminə təzə bir toplunun daxil
olduğunu anlayır. Şəxsən mən bu nəfis
kitabın misraları arasında bir rahatlıq tapdım. Elə
bir rahatlıq ki, həm duyğularımı
bölüşdüm, həm də yeni duyğuların
qapısını döymək imkanı qazandım.
Ümumiyyətlə, insan
doğulduğu gündən özündən asılı
olmadan müəyyən bir istiqamətə səmtlənir. Bunu
bəzən tale, bəzən də alın yazısı
adlandırırlar. Hər halda, bu tale də, bu alın
yazısı da bizim səmtləndiyimiz istiqamətdə həm
bizimlə yanaşı olur, həm də bizdən qabaqda gedir.
Amma nədənsə söz adamları digərlərindən
fərqli olaraq həmin o talenin əlində əməlli-başlı
sağa-sola az qala təsbeh daşı kimi oynadılır.
Olsun ki, bu söz adamının Tanrıya
yaxınlığı ilə bağlıdır, mələklərə
könül verməsi ilə əlaqədardır. Belə
olan halda, söz adamı düşüncədə, məntiqdə,
dünya görüşündə, ziyalılıqda, bir
sözlə, işıqlı adam olması anlamında necə
deyərlər, çoxlarından çəkidə zəif
olsa da, ruhda, əvvəldə saydığım digər
parametrlərdə daha ağırdı. Elə o çəki
yüngüllüyü də söz adamını
"oynatmağa" rahatca imkan verir. Onu külək də əyir,
meh də, hələ yersiz söz də. Görünür, elə
bu mənada düşüncələrini şeirə
çevirən Fərqanə xanım yazır ki:
Dünyanın düz adamıya,
Tanrının öz adamıyam,
Bilirsən söz adamıyam,
Sən məni sözlə aldatma.
Bu şairənin onu aldatmaq istəyənlərə, aldadanlara, bu niyyətə könül verənlərə həm ismarıcıdı, həm təvəqqisi, həm də özünün bu dünyada nəyin necə olduğuna yaxşı anladığına bir işarədi. Təbii ki, Fərqanə xanım da bu dünyanın adamıdı, bu dünyanın insandı. O da həyatın iqtisadi-siyasi burulğanlarını, eləcə də cəmiyyətdə baş verənləri bütün mənalarda görür, izləyir, bəzən onun iştirakçısına da çevrilir. Hətta maddiyyat baxımından insanların üzləşdiyi problem onun da həyatının gündəmi olur. Amma bu ehtiyacları, bu problemləri şair təmkini ilə qarşılayıb şair dözümü ilə yola verir. Ona görə də yazır:
Tükənib evimdə nə desən
elə,
Gəl ha dediyim su kimi
axmır.
Bükülüb
bir küncə utandığından,
Çörək qazanım da
üzümə baxmır.
Arzular, istəklər çəkilib
dara
Ürək hər çəkdiyin
açıb-bələmir
Maaş
gözləyirəm mən üzü qara
Maaşsa bir kisə un
da eləmir.
Bəli, ədəbiyyatımızda, xüsusilə xalq yaradıcılığımızda güzəranın, iqtisadi problemləri poetik dillə ifadə etmək ənənəsi var. Hətta çoxlarımız məşhur: "Bayram oldu heç bilmirəm neyləyim" misralarını bayram öncələri tez-tez xatırlayıram. Bax, bu mənada Fərqanə xanımın da çoxlarımızın qarşılaşdığı problemi poetikləşdirməsi zənnimcə ənənəyə bağlılıqla yanaşı, həm də yaşamı uğurlu ifadə etməkdi. Bu mövzunun ardı kimi onu da xatırladım ki, bu gün zorla qatıldığımız müharibə, onun ən ağır faciələrindən olan qaçqınlıq, evsizlik Fərqanə xanımın şair baxışında çox kövrək tərənnüm olunur. Yəni uşaq bağçasından gəlin köçən qızın təkcə duyğularını göz önünə gətirmək, onu bir anlıq yaşamaq kifayət edər ki, dünyamızın ən ağrılı dərdinə etinasız qalmayasan. Fərqanə yazır:
Tale yaddaşına salsın izini,
Baxıb ağ donuna saralsın
payız.
Maşınlar daşımır
cer-cehizini,
Uşaq bağçasından gəlin
köçən qız.
Doğrudan da sn 20 ildə uşaq
bağçasından, sinif otağından, idarə, müəssisə
binasından, çadırlardan, daha nə bilim neçə-neçə
sığınacaqdan gəlin köçənləriimz də
olub, həmin ünvanlara gəlin gələnlərimiz də.
Bunu poetik dillə ifadə edən Fərqanə təbiəti
də günahkar çıxarır, payızı da
qınayır, günü-güzəranı da ittiham edir və
bütün bunlar da təbii və səmimi olduğu
üçün rahatca anlaşırılr.
Mən Fərqanə xanımın
"İkimiz darıxsaq..." kitabını oxuduqca müxtəlif
insanlara, doğmalarına, dostlarına, eləcə də məmləkətin
işıqlı insanlarına, qəhrəmanlarına
ünvanlanmış poetik nümunələrlə də
rastlaşdım. Açığını deyim ki, mən
ittihaf şeirlərini o qədər də rahat həzm edə
bilmirəm. Özüm də çalışıram ki, bu qəbildən
olan yazılara az yeri ayırım. Amma söz ürəkdən,
duyğulardan qaynaqlananda onun kimə ittihaf olunması ol qədər
də byöük əhəmiyyət kəsb etmir.
Çünki yaxşı şeir, uğurlu misra hamıya
aiddir. Onu hər kəsin adına bağışlamaq olar. Məsələn:
Çəkdiyin əzab ki, var
Axşam sabaha çatar.
O qədər ah çəkirsən,
Bir gün Allaha çatar
Qayıt özünə, Şəfəq.
Sən durru su kimiydin
Axıb dolanma belə
Nadan dönüb daş atsa
Baxıb bulanma belə
Qayıt özünə Şəfəq.
Doğrudan da hər kəsin su kimi
dupduru, göy üzü kimi işıqlı və dünyası əl çatmaz, duyğuları
ipə-sapa yatmaz olması bir ilahi qismət, bir insanlıq haqqıdır. Amma nə
yazıqlar ki, bəzən bizlər ya bilərəkdən, ya da laqeydlikdən
həmin o suları da bulandırırıq, göy üzünə də daş atırıq, hələ gələ də qururuq. Bu da
bir gerçəklikdi
və bütün bu gersəkliklərin bir anlamı da təbii ki,
hər kəsi duymaq, hər kəsə yanaşmaq qabiliyyətidi. Sevindirici haldı
ki, Fərqanə xanımın müxtəlif
mövzularda yazdığı
şeirlərin böyük
əksəriyyətində səmimi, uğurlu fikirlər poetikləşib.
Məsələn:
Yenə düyünləyib qaş-qabağını,
Şimşək dəli kimi
çaxıb ağlayır.
Yuxudan ayılan körpə uşaq tək,
Bulud gözlərini sıxıb
ağlayır.
Bu misralardakı
təsvir və tərənnüm, həmçinin
bənzətmələr zənnimcə
çox uğurludur.
Bu da onu
göstərir ki, Fərqanə xanım hər şeyin fərqini və oxşarını, təkrarını,
ilkini rahatca görüb, seçib, muncuq kimi bir-birinin
ardınca ustalıqla
düzməyi bacarır.
Bu bacarıq da
onun poeziya uğurlarının təsdiqinə
hökm kimi səslənir.
Sonda... Kitabın adı mənə çox məqamları xatırlatdı. Öz həyatımı,
öz yazı-pozumu göz önünə gətirdi. Öz-özümə düşündüm ki, hər kəs
özünün bir hissəsi saydığı
ilə, özünə
doğma bildiyi ilə, özünün güzgüdə əksi hesab etdiyi ilə
bir dünyada yaşayıb və ikisi də eyni
anda darıxsa görəsən nə baş verər? Sizi deyə bilmərəm, məncə ən azı göy özü oxu ətrafında fırlanmaqdan
dayanar, dünya darıxdığından, yəni
bizim ikimizin darıxmağımızdan dağıla
bilər. Odur ki, ikimiz eyni anda
darıxmaqdansa, ikimiz eyni anda bir-birimizi
düşünüb, bir-birimizi
yaşatsaq hər şey hamı üçün də yaxşı olar. Necə ki, bu kitabdakı
misralar şəxsən
mənim üçün
uğurludu, yaxşıdı.
Uğurlar olsun, Fərqanə xanım!
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2012.-26
may.-S.8.