YENİ
PROYEKTİMİZ: GERİYƏ BAXANDA
"...BU
HANSI KÜRDÜSTANDIR..."
(Xalq
yazıçısı
ƏLİ VƏLİYEVin "
Budağın xatirələri" romanından
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA,QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının,şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda,istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki,bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
***
...mövhumat və xurafat tərəfdarlarının,
cəhalət və nadanlıq dünyasının
külünü göyə sovuran istedadlı sənətkarın,
maarif bahadırının adını eşitmişdim, əsərlərini
oxumuşdum, üzünü görməmişdim. Mən
bu nadir istedad, kəskin qələm, dərin kamal sahibi ilə söhbət
eləyəcək, onun suallarına cavab verəcəkdim. Bu böyük müəllimin qabağında dodaq tərpədib söz
demək üçün fərasətli
tələbə lazım idi. Mən özümü onun tələbəliyinə
layiq görmürdüm.
Ancaq geri
qayıtmağı şənimə kəsir sayıb, Mirzə
Cəlilin yanına getdim.
Otaq
iri idi. Burada divara vurulmuş
bir neçə şəkil olmasaydı,
mənzildən çox kabinetə
oxşardı. Şəkillər o qədər
bahalı deyildi. Çoxusu
da qadın surətləri idi.
Mirzə Cəlilin şəklini
çox gördüyümdən, stol dalında fikirli
oturmuş kişiyə gözüm sataşan kimi
tanıdım. Sifəti qırışmağa başlayan
qalınbığlı yazıçı qapı
açılan kimi başını yuxarı qaldırıb
baxdı. Məni görcək qələmi yerə qoyub
dayandı
Mən salam verib baş əydim. O,
salamımı alıb yanına çağırdı. Gedib əl
vermək, görüşmək, yorulmaq bilmədən qələm
çalan barmaqlarını ovcumun içində saxlamağa cəsarət
eləmirdim. Utana-utana stoluna yaxınlaşıb durdum. Mirzə
Cəlil yerindən tərpənməyib, yavaş bir səslə
xəbər aldı:
- Hardan gəlmisən, bala?
- Kürdüstandan.
Qaradinməz kişi
bığına sığal çəkib, öz-özünə
dedi:
Aha... Əsl mən deyəndir.
Öz ayağıyla gəlib çıxıb.
Ayağa durdu. Orta stolun yanındakı
stullardan birisini yaxına çəkdi.
- Otur, bala.
Oturdum. Mənə elə gəldi ki, onun kefi yoxdur.
Astadan soruşdu ki:
- Bu hansı Kürdüstandır?
Cavab verməyə çətinlik
çəkdim. "Kürdüstan
birdir, mərkəzi də Laçındır.
Mirzə Cəlil niyə belə sual verir?".
- İraq Kürdüstanı, İran
Kürdüstanı, Ermənistan
Kürdüstanı... Təzə
bir Kürdüstan də siz düzəltmisiniz.
Hə, deyir Laçında təzə
bəylər zühur
eləyib. Alverçiləri
sağ qoltuğuna vurub, seyidləri sol qoltuğuna, düşüblər
kürdlərin üstünə...
Mən danışmaq istəyirdim
ki, Mirzə Cəlil davam elədi: - Musa, İsa, Ömər, Əbubəkr
də yenidən dünyaya gəlib bəylərə kömək
eləyirlər, hə...
Bu sözləri
deyəndən sonra kağıza nə isə yazıb, başını qaldırmadan
xəbər aldı.
- Kürdüstana
böyük bir komissiya getmişdi, bir iş gördü,
yoxsa o da seyiddən, peyğəmbərdən
qorxub yazılanları
ütülədi?
Kürdüstana
komissiya göndərildiyindən,
ora nə vaxt getdiyindən, nə iş gördüyündən xəbərsiz
idim. Mirzə üz vurub soruşsa
da, bir söz
deyə bilməyəcəkdim.
Yaxşı ki, Mirzə Cəlil cavab gözləməyib, sualı dalbadal verirdi:
- Eşitdiyimə
görə, Kürdüstanda
qurd qoyunla gəzir. Qoyun inanıb otlamaqla məşğul olur. Qurd görür ki, qoyunun başı
qarışıqdır, başlayıb
canavarlığa. Az yox, azacıq yox, hər gecə
üç-dördünü boğur.
Mirzə Cəlilin yazılarını
nə qədər asan oxuyurdumsa, dediklərini bir o qədər çətin
başa düşürdüm.
Qəribə idi ki, o həm mənimlə söhbət
eləyirdi, həm də yazırdı. Mənə elə gəlirdi ki, burada işləyənlərin
hamısında o xasiyyət
var. Həm adamla danışırlar, həm
də yazırlar.
Mirzə Cəlil yazdığını
stolun yeşiyinə atıb, üzümə baxdı:
- Görünür,
sən lap uzaq kəndlərdə olursan,
heç nədən xəbərin yoxdur.
- Xeyr, mən qəza mərkəzində yaşayıram.
- Nə iş görürsən?
- Siyasi maarif şöbəsinin müdiriyəm.
- Tutulanlardan, işdən çıxarılanlardan,
əsgərliyə göndərilənlərdən
xəbərin yoxdur? Ömərlə Əbubəkrin
əl-ələ verib
yenidən xəlifə
olmağa çalışdıqlarını
eşitməmisən?
Dedim:
- Mirzə, əsgərliyə göndərilən
mən özüməm.
Cəlil Məmmədquluzadənin çöhrəsindəki
kədər seyrəldi,
tamam çəkilmədi.
Alnındakı qırışlar
aralandı, büsbütün
görünməz olmadı.
Sol əlinin şəhadət
barmağı ilə bığlarının arasını
üzüaşağı qaşıya-qaşıya
dedi:
- Bəs nə təhər müxbirsən ki, komissiyanın gedib-gəlməsindən
xəbərin yoxdur?
Mən əhvalatı söyləyəndən
sonra Mirzə Cəlil dayanıb fikrə getdi. Sifətini dəyişdirmədən
mənə dedi:
- Kürdüstanın
qonşusu erməni kəndlərindən başsağlığı
almamışdınız?
- Ölən kimdir ki?
- Bəhlul Behcət Zəngəzurinin
üzəngi dostu, Hacı Qara iman ocağının müqəddəs vücudu
Hacı Qasım Çələbi.
Mətləbdən
halı olduğu üçün bir şey demədim. Mirzə Cəlil yenə nə isə yazıb eşiyə atdı.
- Neçə
aydır Laçından
çıxmısan?
- Beş aydan artıqdır.
- Üzündə
nuri-Məhəmməd var
imiş.
Utanıb qızardım. "Üzündə
nuri-Məhəmməd var
imiş?". Bununla Mirzə Cəlil nəyə işarə vururdu?
- Bakıdan gedən komissiya o qədər biabırçılığın
üstünü açdı
ki, adam deməyə utanır, yazmağa xəcalət çəkir.
Amma nə eləyəsən? Şairlərdən birisi yaxşı deyib ki:
Millətin yarısı əlil, yarısı zəlil,
Dərdini yazmaqla qurtaran deyil.
Mirzə bunu deyib birdən
üzümə çox
mənalı baxdı.-
Bala, harda oxumusan, təhsilin nədir? Biliyin-zadın çatırmı?
Mən başımı aşağı
salıb cavab vermədim. Mirzə utandığımı yəqin
eləyib, özü danışdı:
- İnqilabdan qabaq bir çox
hallarda dözmək olardı. İndi isə dözmək olmaz. - Yenə də gözümü üzümə dikdi .- Atalar yaxşı deyib ki, qurddan
qorxan qoyun saxlamaz. Köhnə dünyanın qalıqları
bəzən güclü
olsa da, qorxmaq gərək deyil, çünki dünyada həqiqətdən
güclü qüvvə
yoxdur. Həqiqət isə bizim ölkədə bərqərar
olub. - Sonra məndən soruşdu: - Bura gəlməkdə məramın nə idi, oğul?
Mən utandığımdan pul barədə kəlmə kəsməyib dedim:
- Sizinlə görüşməyə, jurnalın
əməkdaşları ilə
tanış olmağa
gəlmişəm.
Əli Nəzmi içəri girdi. Mirzə Cəlil üzünü ona tutdu.
- Yaxşı deyiblər ki, söhbətin şirin yerində moltanı gəldi ki, "Allah saxlasın".
Əli Nəzmi pərt olmadı.
- Mirzə! Budaq yoldaş jurnalımızın fəal
müxbirlərindəndir. Bizdən
qonorar almayıb. Xəstəxanadan çıxdığı
üçün bəlkə...
Mirzə Cəlil onun sözünü ağzında
qoyub, mənə dedi:
- Məsləhət
görürəm, hər
yerdə vəkilsiz danış.
Yanağım od tutub yanır,
tər dabanımdan axır, utandığımdan
gözlərim ətrafı
görmürdü. İki
qoca dost zarafatlaşır,
ortada məni xəcalət təri basırdı. Birinci dəfə Mirzə Cəlillə görüş,
onda da pul
söhbəti!
Əli Nəzmi mənə göz vurub işarə eləyirdi ki, danış. Mən isə ofsunlanmış kimi dayanıb baxır, Mirzə Cəlilin axırıncı sözünü
gözləyirdim. Yazdığı
kağızı mənə
uzadıb dedi:
- Verərsən
Marusyaya, ağzını
şirin edər.
Mən yaxınlaşıb onun əllərini sıxdım.
Əllər yumşaq,
pilə kimi idi. Mən onun
əllərini buraxmaq
istəmirdim. O, üzümə
baxa-baxa dedi:
- Bala, zorunu sınamaq istəyirsənsə kifayətdir.
Xəstəxanadan təzə
çıxmış bir
adamın gücü bu qədər olanda, beş-altı ay qabaq nə cür
qüvvə sahibi olduğu məlumdur.
Mən aralanıb getmək istəyəndə o dedi:
- Arabir səni əsgərliyə
göndərib xəstəxanada
yatırtsalar, əsl quş həddinə düşərsən.
Mən baş əyib gedəndə Mirzə könlümü aldı.
- Müxbir gərək qorxmaya. Müxbirin birinci düşməni qorxaqlıqdır.
Dönə-dönə
razılıq eləyib
çıxdım. O qədər
tutulmuşdum ki, kağızı Marusyaya verməyib pilləkənlərlə
aşağı düşdüm.
Küçədə xeyli
dayanıb toxtadım.
Nəfəsimi dərdim,
yadıma düşdü
ki, Marusyadan pul almalıyam. Yuxarı qalxıb Əli Nəzminin yanına girəndə otağı boş gördüm, bir az durub gözlədim.
Mirzə Cəlil oturan otaqdan qəhqəhə səsləri
eşidilirdi. Mirzə
Cəlil təzə yazdığı hekayənin
mövzusunu danışır,
Əli Nəzmi ilə Marusya gülürdülər. Çox
gözləməyib, "Kommunist"
qəzeti idarəsinə
qayıtdım. İdarədə
az adam qalmışdı.
İş qurtardığı
üçün işçilər
getmişdilər.
"Şərq"
mehmanxanasına qayıtdım.
Sabah yox, biri gün Şuşaya getməyi qət eləyib, dəmiryol vağzalına yollandım.
Tofiq Abdin abdin41
@mail.ru www.tofigabdin.com
Ədalət.-2012.-26
may.-S.15.