Lerikdən o yana
haçadır yollar
Cənubun mərkəzi sayılan
Lənkərandan Lerikə
uzanan yolda hələ ki, sakitlikdir. Dənizə
tələsən çay
boyunca sıralanan
"Çənlibel", "Təbəssüm", "Həyat",
"Meşəbəyi", "Qala", "Relax" kimi
istirahət və turizm mərkəzləri hələ tam fəaliyyətə
başlamayıb. Eyni vaxtda
800 nəfərin istirahəti
üçün bütün
şəraiti olan bu istirahət obyektlərində 2011-ci ildə
9724 nəfər turist
istirahət etmişdir.
Otel və koteclərdən ibarət olan bu istirahət ocaqlarından bu ilin ilk rübündə
920 nəfər müsafir
yararlanmışdır.
Leriki paytaxtla bərabər
respublikanın digər
rayonları ilə də birləşdirən
56 kilometrlik Lənkəran-Lerik
avtomobil yolu son illər yağan intensiv yağıntılar
nəticəsində qəzalı
vəziyyətə düşmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
müvafiq qurumları
da bu rahat
yola baxış keçirəndən sonra
faktı təsdiq etmişlər. İndi yolda
əsaslı təmir-bərpa
işlərinin görülməsi
zərurəti yaranmışdır.
Heyf bu yollardan...
Gələcəkdə çəkilməsi nəzərdə tutulan 39
kilometrlik Masallı-Lerik
avtomobil yolu rayon iqtisadiyyatının inkişafına
təkanla bərabər
paytaxt istiqamətində
50-60 kilometr yolun qısalmasına səbəb
olacaq.
"Binələri çadır-çadır"
... Yolumuz dağlaradır. Hələ öz rahatlığını
itirməyən bu yeganə Lənkəran-Lerik
avtomobil yolu bizi dağlara, ucalıqlara qaldırır.
İlan kimi dağlara sarmanan bu yollar uzandıqca
havanın soyuduğunu
hiss edirsən. Hər yan
ancaq bir rəngdədir, yaşıl
rəngdə. Nə
bir yarpaq, nə bir ot saralmağın nə olduğunu bilmir hələ. Bir-birinə söykənərək üfüqə
doğru sıralanan uca dağlara, sal qayalara dağ
çayı yorulmadan
nəğmə oxuyur.
Yamaclardakı otların, çiçəklərin,
güllərin gözlərindəki
jalə bahar günəşinin şəfəqləri
altında min rəngə
çalır. Təbiət nazlı bir gözəl kimi ətrafa meydan oxuyur. Baharı insan ömrünün
gəncliyinə bənzədənlər
qətiyyən səhv
etməyiblər. Hər ikisi
gözəl, cazibədar
və məğrurdur.
Ancaq dağlardakı bahar lap
ilk gəncliyə bənzəyir
- daha məsum, daha saf.
Çox qəribədir, həm
də ağırdır
ki, mən bu yolları hər keçəndə
Ağdamdan Şuşaya
gedən, Şuşadan
Laçına uzanan yolları, bu yolların dolandığı
dağları xatırlayıram.
Oxşarlıq, bənzərlik axtarıram.
Tapıram da, tapmıram
da. Sonda bu duyğularla
bir daha yaşamayacağıma içimdə
and içsəm də
hələ ki, bu mümkün olmur. Qulağımda böyük Səməd
Vurğunun "Binələri
çadır-çadır, çox gəzmişəm
özüm dağlar"
misraları sazın səsində için-için
ağlayır, sızlayır.
Ah, nə məsud günlər yaşamışıq...
Gözəllik ondur
Təbiətin yaz aylarında
gündə üç dəfə üz göstərdiyi
Lerikdə həmişə olduğu kimi məni yenə rəsmilərdən
ilk qarşılayan Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Cəlil
Baxşıyev oldu. Bir az kefsiz olduğumu görüb
zarafatından qalmadı:
- Hə, deməli daha qocalmısan.
Həmişə qışda da bizi yad edərdin, ancaq bu il gəlmədin.
Yazda, yayda bu dağlara gəlməyə
nə var? Oğul ona deyərəm qışın oğlan
çağında gələ Lerikə.
Səmimi görüşdən,
"kef-əhval"dan sonra əlavə elədi ki, köhnə
dostun Miriş Şahıyevlə bir bizim Lerik şəhərini
gəz, mən də işlərimi sahmanlaşdırım,
bir rahat söhbətləşək.
Lerik şəhəri doğrudan da
son vaxtlar xeyli dəyişib, gözəlləşib.
Yaşıllıqlar, gül-çiçək qoynunda əzəmətlə
dalğalanan üçrəngli bayrağımız Heydər
Əliyev meydanına bir əzəmət verir. İcra Hakimiyyətinin
yeni inzibati binasının, Ulu Öndərin muzeyinin, Mərkəzi
Rayon Xəstəxanasının və digər müasir tikililərin
əhatəsində olan bu meydanın gecələri də
gündüzü kimi füsunkardır. Şəhərin
E.Qarayev küçəsində yeni əkilmiş ağac və
yaşıl kolluqlar zövq oxşayır. Digər
küçələrdə salınmış gül
kolları, yaşıllıqlar səliqəli çiçəklərlə
həmahəngdir. Yağıntılardan sonra bərpa
edilmiş, yenilənmiş küçə arxları, istinad
divarları səliqəli və müasirdir.
İşıqlandırma sistemi gecələr şəhərə,
həm də bu meydana ayrıca bir çalar verir.
Lerik şəhərinin mərkəzində
Lənkərandakı 6 Saylı Vergilər İdarəsinin
kompüter terminalının, Rayon Statistika İdarəsinin
inzibati binasının inşası isə tamamlanmaq üzrədir.
Yəqin ki, yaxın vaxtlarda reallaşacaq Təhsil Şöbəsinin,
Lerik rayon Dövlət Yanğından Mühafizə Hissəsinin
yanğın deposunun tikintisi də şəhərə
özgə bir hüsn verəcək. Rayon mərkəzindəki
şadlıq sarayı və iaşə obyekti də yaxın
vaxtlarda leriklilərin ixtiyarına veriləcək. Bu il şəhərin
Nizami, İ.Yaqubov, C.Cabbarlı küçələri də
yenidən salınacaq.
Bir andaca göyün
üzünün tutulması güclü yaz
yağışının yağmasına səbəb oldu. Miriş
Şahıyevin "Bəlkə bir çay içək"
təklifi lap yerinə düşdü.
(ardı gələn sayımızda)
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-26
may.-S.21.