"...6 il sonra biz ailə qurduq"
Gəncəyə gedib bu şəhərin musiqi rəmzlərindən
sayılan Şahnaz Haşımovayla görüşməmək
günah olardı. Elə mən də bu günaha batmamaq
üçün uzun axtarışlardan sonra xalq artistini
tapmağa müvəffəq oldum. Zəng
edirəm, Bakıdan gəldiyimi deyirəm. Gəncəlilərə məxsus tərzdə
"qadan alım, sabah zəng vur görüşək"
deyir. Amma mən hələ bilmirəm ki,
çox yaxınlarda Şahnaz xanımın yubileyidir-55
yaşı tamam olur. Əvvəlcə
gördüyü və görəcəyi işlərdən
danışır.
"...eksklüziv olaraq sizə
danışıram..."
-
"Göygöl" Dövlət Mahnı və Rəqs
Ansamblıyla Bakıya-Muğam Mərkəzində
keçiriləcək konsertə hazırlaşırıq.
Bakıda bir çox görkəmli sənətkarlarımız
da bizimlə çıxış edəcəklər. İyunun 3-də Bakıya yola düşürük.
Ayın 7-nə qədər televiziya çəkilişlərimiz,
çıxışlarımız olacaq. İyunun
7-dən sonra Mədəniyyət və Turizm Nazirliyinin xəttiylə
Macarıstanın paytaxtı Budapeştdə keçirilən
konsertlərdə çıxışlarımız nəzərdə
tutulur. İyunun 19-da Budapeştdən
qayıdıb iyulun 4-də İordaniya Haşimilər
Krallığında keçiriləcək "Caraş"
mədəniyyət və incəsənət festivalında
iştirak edəcəyik.
- Deyəsən elə bunalara
görə efirlərdə, mediada, mətbuatda
görünmürsünüz.
- İndi mən
işləyirəm də qadan alım. İordaniyadan
gələndən sonra Türkmənistanda "Avaz" beynəlxalq
festivalında iştirak edəcəyik. (Müsahibənin
bu yerində Şahnaz xanım ayağa qalxıb səfərlər
üçün hazırladıqları sənədləri
göstəriri-İ.V)
- Bu qədər
işlər görürsünüz. Bəs niyə gündəmdə,
efirlərdə yoxsunuz?
- Necə yoxam?
- Yəni mən bura gəlməsəydim
biləməyəcəkdim ki, iki ayın içərisində
bir neçə ölkəyə qastrolunuz nəzərdə
tutulur.
- Niyə
bilməyəcəkdin? Ay sənin qadan alım, bəs bu
internet nə işinə baxır?
- Deməli, internetdən xəbəriniz
var...
- (zarafatyana) Sənətkara
verdiyi suala bax. Mən çantamı
götürüb getməyə yaxın deyəcəyəm
ki, gedirəm.
- Deməli, mən həmkarlarımı
qabaqlamışam.
- Hə, necə deyərlər
eksklüziv olaraq sizə danışıram səfərlərim
haqda.
- Belə başa düşdüm
ki...
- (sözümü kəsir).
Dayan görüm. Türkmənistandan
gələn kimi dövlət başçımızın əmriylə
dahi Nizami Gəncəvinin 870 illiyi keçiriləcək.
Bütün dünya Gəncəyə, Azərbaycana
gələcək. Hazırda o tədbirə
də hazırlaşırıq.
"Saat 3-də zəng vur, Şahnaz xanım
oyaqdır"
- Siz həm də Gəncə
Dövlət Filarmoniyasının direktorusunuz.
- Fikrət Əmirov adına
Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsini
daşıyıram. Respublikanın xalq artistiyəm,
10 dəfə prezident mükafatçısıyam, iki oğul
anasıyam, 4 nəvə nənəsiyəm, 30 ildir bir
kişinin xanımıyam.
- Həm
inzibati işlər, həm də yaradıcılıq. Bütün bunlara necə vaxt
çatdırırsınız?
- Bəs gecələr nə
işinə baxır? Saat 3-də zəng vur,
Şahnaz xanım oyaqdır. Mən gecələr
yatmıram.
- Bildiyimə görə,
yaxşı da kabab çəkirsiniz. Deyəsən
həmkarlarımızdan kiməsə kabab çəkmişdiniz.
(Söhbətimizin bu hissəsi də zarafatsız
ötüşmür)
- Hə, Zaur Baxşəliyevə.
-
Zaura kabab, mənə çay?
- Zaur bilirsən nə vaxt gəlmişdi?
Güllər, çiçəklər..
- Bəs indi qar yağıb?
- Zaur gələndə proqramlar belə
üst-üstə deyildi. Oğlum, bu dəqiqə şəhərimizdə
bir nəfər bekar adam tapa bilməzsən.
Şəhərimizdə çox möhtəşəm
işlər gedir. Görürsünüz
nə qəşəng görünürəm (gülür).
Çünki gördüyüm işlərdən
zövq alıram. Mən də köhnə
komsomolam, işdən yorulmuram. Hələ
burda yerimiz çox rahat deyil. Köhnə
filarmoniyada olanda müxbirlər məni axtarırdılar, gecə
saat 12-də orda tapırdılar.
-
Toylara necə vaxt tapıb gedirsiniz?
- Məclislərə getmirəm. Filarmoniyaya direktor keçəndən heç qonaq
kimi də getmirəm. Çünki
vaxtım olmur.
- Nə
vaxtdan?
- 1997-ci ildən. Bəlkə
3-4 aydan bir bir məclisə gedəm. O da necə olur? Məsələn, sənin atanın toyunu mən
oxumuşam, nənən də əhd eləyib ki, bunun bir
oğlu olsun, onun da toyunu sən oxuyasan. Hə,
bax elə olanda verdiyim sözü tuturam, gedib iştirak edirəm.
Burda əhd var, əhdimə sadiq adamam. Heç əvvəllər də pulun xatirinə hər
toya getməmişəm. Getdiyim toylar
qohumlarımın, tanıdığım insanların olub.
- Tələbələriniz
var?
- Əlbəttə.
Gəncədə 4 nömrəli musiqi məktəbində dərs
deyirəm. "Tanıdım səni"
verilişindəki Xəyal Qasımov mənim tələbəm
idi. Malik Həsənov, oğlum-əməkdar artist Tural
Abdullayev, bacım Aybəniz Haşımova... Onu
mən burda yetirdim və sonra Bakıya getdi. Bu 30-40 ildə o qədər tələbələrim
olub ki.
- Səhnəmizdə bir neçə
bacı duetləri var - Gülyaz, Gülyanaq Məmmədovalar,
Fidan, Xuraman Qasımovalar və sair. Amma sizin Aybəniz
xanımla hansısa duetinizi xatırlamıram. Olubsa da toylarda
olub.
- (azacıq düşünür)
Bir dənə var. Əvvəl burda keçirilən konsertlərdə
həmin mahnını tez-tez oxuyurduq. Sonra Aybəniz xanım
Bakıya köçdü. Nəsə yazmaq üçün
bir yerdə olmalısan. Mənim vaxtım həmişə məhduddur.
Ailə, ev, iş, tədbirlər. baxırsan müğənnilər
deyirlər ki, mən ailəmi sənətə qurban verdim. Mən
heç nəyi heç nəyə qurban vermək fikrində
olmamışam. Mənimçün hər şey birinci yerdədir.
Ailəm də, sənətim də, dövlət
tapşırığı da bir-birindən
üstündür. Dövlət hara çağırsa,
qaça-qaça gedirəm.
-
Ümumiyyətlə, planda belə bir şey var?
- Yarım ay əvvəl
Bakıdaydım.
- Bəs
niyə efirlərə çıxmadınız?
- Mənim vaxtım yoxdur. Gələn
kimi işimin dalınca qaçıram, yenidən
qayıdıram. Aybəniz xanım, Tural, sənətdəki nəvəm
Aynişan və mən... Aybəniz xanımla söhbət
edirdik. Dedi ki, Ay Şahnaz, belə bir şey fikrimə gəlib,
bəlkə dördümüz nəsə yazdıraq. Dedim
çox gözəl olar, hamı dinləyər.
"Öz işimdən danışdım, qaldı
camaatın sözü?"
-
Bir az əvvəl içəri girən oğlunuz idi?
- Hə, Tural Abdullayev.
Respublikanın əməkdar artistidir, bir çox ölkələrdə
konsertlərdə olub.
- Təzə
oxuyanlardan ürəyinizə yatan, sizə maraqlı gələn,
tarixdə qalacaq kimsə var?
- Xanımlar xanımı Mehriban Əliyevanın
muğam layihəsinin bütün iştirakçıları
ümidvericidir.
- Bəs orta oxuyanlar? Yəni nə
muğam, nə estrada oxuyanları nəzərdə tuturam.
- Mən onlara elə də fikir vermirəm.
Çünki estrada müğənnisi
kimi Rəşid Behbudovu, Akif İslamzadəni, Flora Kərimovanı,
Oqtay Ağayevi, Teymur Əmrahı tanıyıram. Amma əsasən muğam ifaçılarına fikir
verirəm. Bax, həmin müsabiqədən
çıxan uşaqların hamısı bizim gələcəyimizdir,
tarixdə də qalacaqlar.
- Gənclər hansısa
müsabiqədə tanınandan sonra yoxa çıxırlar.
Ya toy dalınca qaçırlar...
- Neyləsinlər, dolanmaq istəyirlər
də.
-
Onlara haqq qazandırırsınız?
- Nə deyim, nə işim var
xalxnan. Öz işimdən danışdım,
qaldı camaatın sözü? Bəs nə
cür dolansınlar? Bu sənət
çox çətindir. 30-40 il bu sənətdə
qalmaq özü bir qəhrəmanlıqdır.
-
Neçə ölkədə olmusunuz?
- Çox. Türkiyəni
qarış-qarış gəzmişəm. Avropada, sovet ölkələrində dəfələrlə
olmuşam. Amma direktor keçəndən
səfərlərim azalıb.
- Sənət
adamları sonradan daha böyük vəzifələrə
gedirlər. Məsələn, deputatlıq.
Bu haqda düşünürsünüz?
- Yox, bura mənə bəsdir.
- Bu
istəməməkdir, yoxsa risk etmək istəmirsiniz?
- Xalq seçsə də,
seçməsə də sağ olsun. Qırx
ildir səsimə sevə-sevə qulaq asırlar, hara gedirəmsə
hörmət görürəm. Deputat
seçməsələr nə olacaq ki? Ümumiyyətlə,
belə bir fikrim yoxdur. Mən hər
şeydən öncə sənətkaram. Mən
burda niyə rəhbərəm? Çünki
kollektivim xahiş elədi, dövlətim istədi. O
vaxt müharibədən sonra filarmoniya da dağılmışdı,
musiqiçilər çıxıb getmişdi. Dövlətimiz məsləhət gördü ki,
buranın yetirməsi kimi insanları başıma
yığıb filarmoniyanı saxlayım, qoruyum. Mən də indiyə kimi ürəklə, canla
buranı qorudum saxladım.
- Səhnə adamlarının
başına maraqlı əhvalatlar gəlir.
- Mən heç vaxt maraqlı
olmağa çalışmamışam. Mənim
sözümü kiminsə danışmasını sevmirəm.
Ona görə gözümü yumub,
başımı aşağı salıb mahnımı oxuyub
səhnədən çıxmışam.
Çalışmışam ki, heç bir sözümü
heç kim danışmasın. Sənətə qulluq eləmişəm.
- Səsiniz
yerindədir?
- Əlbəttə.
- Çox siyası cavab oldu. Mən əhvalat istəmişdim sizdən.
- Canım mənim, əhvalatım
olmayıb axı. Mən 16 yaşında
"Göygöl" ansamblına bədii rəhbər Fikrət
Verdiyev tərəfindən dəvət olunmuşam. Mən bura gələndə gələcək həyat
yoldaşım-əməkdar artist Eldar Abdullayev filarmoniyada
kamança çalırdı. Filarmoniyaya gələndən
6 il sonra biz ailə qurduq. Yəni imkan verməyib
ki, səhv edim, kimsə də mənim sözümü
danışsın
- Bir ailədə bir xalq artisti, iki
əməkdar artist.
- Aybəniz xanım da bizim
ümumi ailənin üzvü sayılır. Bir
ailədə dörd dövlət xadimi, dövləti,
dövlətçiliyi dəstəkləyən,
xalqını sevən insanlar var. Yəni demək istədiyim
odur ki, 16 yaşımdan mənim başımın
üstündə olub. Səhv edə bilməzdim.
- Söhbətimiz çox
yaxşı məqama gəlib çatdı. Bir az həyat yoldaşınızla
tanışlıq tarixçənizdən danışın.
- O burda kamança
çalırdı, mən də gəldim başımı
aşağı salıb kirimişcə oxudum.
-(zarafatyana) Yox,
kirimişcə oxusaydınız axırı belə
olmazdı.
- Kirimişcə gözlərimi
yumub mahnımı oxuyurdum qadan alım. O da mənibaşıaşağılığıma,
gözüyumululuğuma, sakit təbiətli olmağıma
görə bəyənmişdi. 1980-ci ildə
ailə qurduq. İki oğlumuz, dörd nəvəmiz
var. İndiyə kimi də Allahın köməkliyi ilə
bir yerdəyik, bir yerdə işləyirik. Qastrollara, səfərlərə,
parka, hər yerə bir getmişik....
- Əgər
30 il bir kişinin xanımı olmaq, 40 il
oxumaq mümkündürsə, indiki müğənnilərin
ailəni sənətə, sənəti ailəyə qurban
vermək kimi iddiaları bəhanədir?
- Hamı Şahnaz Haşımova
deyil ki. Bir ailədəki 4-5 uşağın hamısı zəhmətkeş
olmur ki... Çünki həmişə dilim
ağzımda, gözüyumulu, başıaşağı
işimlə məşğul olmuşam. Gözüm
aladağda, qaradağda olmayıb. Əgər kişiylə
ittifaq bağladınsa, ailə qurdunsa onun kişi
ucalığına hörmət etməlisən. Əgər o deyirsə qatıq qaradır, deməli
zil qaradır.
-
Heç qatığın qara olduğu vaxtlar olub?
(zarafatyana) O nə
vaxt ağ deyib ki, elə həmişə
qara deyib də. Yəni mən bunu zarafatyana dedim. Bilirsiniz necədir? Ailələr
niyə dağılır? Bu məsələyə
geniş toxunmaq istəyirəm. Çünki evdə iki
kişi olmaq istəyir. Kişi kişidir,
qadın da kişi olmaq istəyir. Mən 11 ildir iki gəlini bir evdə saxlayıram, hələ
bir dəfə dava-dalaşımız olmayıb. Bugünkü gündə bir evdə iki gəlin
saxlamaq çox çətin işdir. Üzük
qaşıyla tanınır. Bir
qadının yanında hörmətli əri yoxdursa, o
qadının özünün dünəndən hörməti
yoxdur. Sadəcə bunlar onun fərqində
deyillər. Qadın özünün
hörmətli olmasını istəyirsə, birinci ərini
hörmətli etməlidir. Ərini
hörmətli olmağı üçün qadın
küçədə, istimaiyyətdə, nəsildə elə
hərəkət eləməlidir ki, onun kişisini də
saysınlar. Qoy sənə nə deyir ərin desin,
başqası deməsin. Qoy məni ərim
döysün.
"Nəyimə lazımdır kim
dalaşdı, kim barışdı?"
- Nə
vaxtsa qəzəbə gəlmisiniz?
- Mən sözə qulaq asan adamam.
Heç vaxt belə şey olmayıb. Yoldaşım mənə səcdə edir, döymək
nədir? Mən kişiyə kişi
kimi hörmət edirəm. Burda bir məqam da
var. Mən niyə sənətdə qala bildim? Çünki o özü gözəl
musiqiçidir. Bizim sənətimiz birdir.
Səhər evdən bir çıxıb gəlirik
məşqə, ordan getdik konsertə. Nə
deyib mübahisə edək? Üstəlik,
mən zəhmət çəkməyi sevirəm. Səhər tezdən işə gəlmişəm.
Bütün günü ora-bura iş dalınca
qaçıram. Hazırda filarmoniyaya yeni bina
tikildiyindən ansambllarımız ayrı-ayrı
binalardadır. Kamera orketstrim bir tərəfdə,
xalq çalğı alətləri ansamblı bir tərəfdə,
uşaq ansamblımız dövlət teatrında məşq
edir. Mən də onlara nəzarət edirəm.
Geyim dalınca, parça ardınca gedirəm.
- O
işləri də özünüz görürsünüz?
- Mən gedib seçirəm, sonra
özləri hazırlayırlar. Zəhmət
çəkmək lazımdır.
- Şahnaz xanım, o vaxt da sənət aləmində
bu cür didişmələr, çəkişmələr
var idi?
- Heç maraqlanmamışam da.
Kim dalaşır, kim barışır mənimçün
heç maraqlı deyil. Bütün günü
işimlə-gücümlə, mahnımla qəzəlimlə,
ev-eşiyimlə, uşağımla məşğulam.
Nəyimə lazımdır kim
dalaşdı, kim barışdı? Bu mənim
xasiyyətimdir. Yanımda kimsə kiminsə
sözünü danışanda qulaq asmağa hövsələm
çatmır. Deyirəm ayrı
sözün varsa de, çıxım gedim. Əgər
onlara vaxt sərf eləsəm bu işləri kim
görəcəkdi? Gör nə qədər
proqram hazırlamışam, hamısını da özüm
eləmişəm. Bunun hamısı
işdir. Mən onun-bunun qeybətinə qulaq assam bu işləri kim görəcək qadan
alım? Bax nə qədər dəvətnamə
var, hamısı xaricdən gəlib. (sənədləri
yenidən göstərir-İ.V)
Müsahibənin sonunda Şahnaz xanım bizi-məni və onu tapmağımda yardımçım olmuş xanımı yola salmaq üçün həyət çıxır. Ayaqüstü bir az da "Eurovision"dan danışırıq. Deyir ki, bu çox böyük uğurdur, bütün dünyanı ayağımıza gətirməkdir. Xalq artisti söhbət edə-edə "ürəyimdə başqa sualım qalmadı" deyə öz-özümdən soruşuram. Əslində qaldı. Amma inşallah növbəti dəfə verəcəm o sualları. Bəlkə də növbəti yubileyində. 55 yaşınız mübarək, Şahnaz xanım!
İntiqam VALEHOĞLU
Ədalət.-2012.-30
may.-S.6.