Zaur
Qəriboğlu: "Yazar görünüşlə yox, ruhla
yazar olur"
Müsahibim
gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, www.karabakhinfo.com e-jurnalın şef-redaktoru Zaur Qəriboğludur.
-
Zaur, uzun müddətdir mətbuatda imzanı
görürük. Mümkünsə özün haqqında ətraflı
məlumat ver. Kimdir Zaur Qəriboğlu
- İmzamdan da
göründüyü kimi Qəriboğlu...
-Zaur, qəribliyindən danışardın. Nəyin, kimin, haranın qəribçiliyidir bu?
- Mənim babam Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlib, burda oxuyub, ailə qurub. Atam dünyaya gələndə, babam: "Mən bura gəldim, qərib oldum, qoy, oğlumun da adı Qərib olsun" - deyib, atamın adını Qərib qoyub. İndi atamın bütün ata qohumları hamısı o taydadır. Ona görə o, da hər zaman özünü burda qərib hiss edir. Yəni bizim ailəmiz qəriblər ailəsidir. Ümumiyyətlə, bütün insanlar qəribdi. Sadəcə, hərənin bir qəribçiliyi var.İnsanlar dünyanın qəribləridi.
- Keçən il iki kitab təqdim
etdin oxuculara. Kitablarının satışı, oxucu
münasibəti səni qane etdimi?
- Azərbaycanda kitablar çox az
tirajla çıxır. Mənim kitablarımda az tirajla
çıxan kitablardan idi. Fəqət, oxucu münasibəti
və kitabların satışı məni qane etdi.
Çünki az müddət ərzində demək olar ki,
kitabların hamısı satıldı. Bu gün həmin
kitablardan kiməsə hədiyyə etməyə belə qalmayıb.
- Bir
müddət ədəbiyyat portalına rəhbərlik etdin və
sonra həmin sayt fəaliyyətini dayandırdı. Ədəbiyyata
təmənnasız xidmətdən yoruldunmu?
- Biz bu gün də ədəbiyyata
təmənnasız xidmət edirik. Məgər, bu gün sənin,
mənim, yaxud bir başqasının ədəbi fəaliyyətinə
görə nə verirlər ki?! Bugünkü müasir Azərbaycan
ədəbiyyatını çiyinlərində
daşıyanlar fədailərdi. Bizdən öncəki nəsil
sovet dönəminə təsadüf edib. Onların
yaradıcılığı dəyərləndirilirdi. Fəqət,
bu gün deyirlər, səndə var, mənə də ver.
Artıq yazıçıya, ziyalıya hörmət
qalmayıb. Bunun da səbəbkarı insanlar deyil. Bəzən,
şikayətlənirik ki, oxucu yoxdu, gənclər oxumur. Amma
bu fikir yanlışdı. Oxucu da var, bu gün gənclərin
də yetmiş faizi mütaliəni sevir. Yaşlı nəsil
bizi oxumur deyə, onlara elə gəlir ki, bu gün nə yazan
var, nə də oxuyan... Əslində bu gün müasir Azərbaycan
ədəbiyyatında istedadlı imzalar var, kifayət qədər
maraqlı əsərlər də yazılır. Kimsə həmin
yazarları görmürsə, əsərləri oxumursa,
problem həmin adamın özündədir. Ümumiyyətlə,
keçmiş Sovet vətəndaşı olanlarda sanki bizim nəsilə
qarşı ögey münasibət var. Şikayətlənirlər
də ki, gənclər özündən əvvəlkiləri
qəbul etmir. Məgər, siz bizi qəbul edirsinizmi ki?!.
Sualdan uzaqlaşmayıb, deyim ki, yazarklub.org - u əvvəllər
mən tək yaratmışdım. Bir müddət tək
idarə edəndən sonra gördüm ki, tək mənimlə
bu iş olmayacaq. Çünki mən də işləməli,
ailəmə kömək etməliydim. Məcbur olub, fəaliyyətini
dayandırdım. Daha sonra bir neçə aydan sonra Oktay
Hacımusalı ilə bu sayta yenidən can verdik. Hardasa,
bir-iki ay yenidən çalışdı. Kifayət qədər
maraqlı yazılar dərc etməklə, oxucu auditoriyası
da toplamışdıq. Fəqət, yenə də sosial
problemlər bizə güc gəldi və sayt yenidən fəaliyyətinə
qeyri-müəyyən müddətə qədər xitam
verdi.
- Hal-hazırda nə ilə məşğulsan?
Şəxsən mən sənin kifayət qədər aktiv fəaliyyət
göstərdiyini deyə bilməyəcəm.
- Mənim əziz qardaşım,
niyə deyə bilmirsən ki?! Biz son aylarda XII Bakı Kitab
Bayramı ilə əlaqədar YYSQ-nun və AYB-nin təşkilatçılığı
ilə Aydın Xanla birgə həbsxanada, məcburi
köçkün məktəbində görüşlər
keçirib, müasir Azərbaycan ədəbiyyatından minə
yaxın kitablar hədiyyə etmişik. Hələ bu
yaxınlarda növbəti həbsxanada da məhbuslarla
görüş keçirəcək, onlara da kitablar hədiyyə
edəcəyik. Qaldı hal-hazırda harda işlədiyimə,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının layihəsi
olan www.karabakhinfo.com e-jurnalın şef-redaktoruyam. Hazırda
e-jurnal hazırlıq mərhələsindədir.
Yaxınlarda yayımda olacaq. Bu e-jurnalda sırf Qarabağa aid
sənədli, araşdırma yazılar, ədəbiyyat
nümunələri, erməni yalanlarını isbatlayacaq sənədlər
də yer alacaq. Bu layihənin özəlliyi də ondadır
ki, Azərbaycan dilindən əlavə yazılar ingilis və
erməni dillərinə də tərcümə olunaraq dərc
ediləcək. Həmçinin üç aydan bir e-jurnalda dərc
olunun materiallar yüksək keyfiyyətlə jurnal halında
da dərc olunaraq, pulsuz paylanılacaq.
- Sənin
mütaliəni sevdiyini, oxumağa çox vaxt
ayırdığını bilirəm. Şəxsi
yaradıcılığında da məhsuldarsan. Amma imzan kifayət
qədər diqqət çəkmir. Bu nə ilə bağlıdır?
- Bilirsən necədir Cəlil, mənim
üçün diqqətdə olub-olmadığım o qədər
də önəmli deyil. Bu gün əgər kitablarım
çap olunub, satılırsa, üstümə
qayıtmırsa, demək, özümə görə oxucu
auditoriyam var. Məni heç vaxt bu gün
düşündürməyib. Sabahı düşünürəm.
Yazılarımı da bu günə yox, sabaha yazıram. Sabah
tarixin ələyi qiymət verəcək. Tozu ələyib,
yerə tökəcək, iri daşları saxlayacaq. Mən
iddia etmirəm ki, mənim yazdıqlarım da həmin
daşların arasında olacaq. Çünki bu günün ədəbiyyatına
nə qədər çalışsaq da, obyektiv qiymət verə
bilmərik. Bu qiyməti zaman verəcək. Ola bilər bu
gün elə adamlar üzdə ola bilər ki, sabah tarix
onları saxlamaz, ələyib, tökər. Məsələn,
əvvəllər elə məşhur yazıçılar
var idi ki, bu gün onları heç kim tanımır.
Çünki zamanında tanındı, sevildi və bitdi.
Bitdi ona görə ki, o, həmin gün üçün
yazmışdı, sabah üçün yox. Amma elə
yazarlar da var ki, zamanında yaxşı tanınmasa, qəbul
olunmasa da, bu gün tanınır və sevilir.
- Azərbaycanda
ədəbiyyatla məşğul olmaq, yaradıcılıqla
məşğul olmaq gənc yazara hansı perspektivlər
yaradır?
- Deməzdim hansısa yol
açır, perispektiv yaradır. Əksinə, bu gün
sosial baxımdan ən kasıb adamlar elə yazarlardı. Bu
ruh məsələsidir. Ruhdan gələn istedaddır. Ruha
da, bunu mənə vermə deyə bilməzsən.
Çünki yazı prosessində sən özün olmursan.
Başlayırsan yazmağa, özünü unudursan.
yazını bitirəndən sonra qayıdıb özün
olursan. Məni bu gün narahat edən başqa bir problem də
var ki, gənclərimizin çox hissəsi yazarlığa
meyillidirlər. İstedad yox, ortada bir əsər yox, sadəcə
baxır ki, Cəlil Cavanşir, Qan Turalı eynək taxır,
sərbəst geyinir, bu da elə bilir ki, yazıçı elə
belə olmalıdır. Gözündə heç bir problemi
olmasa da qara, iri ağ eynək alır taxır, bir az da
özünü sərbəst göstərib, Facebook profilində
də peşəsini yazar olaraq yazır. Qardaşım,
axı yazar görünüşlə yox, ruhla yazar olur. Həm
də bu tipli "yazarlar" özlərini elə
aparırlar ki, ay aman, elə bil, Dostoyevskini də vurub
keçiblər. Özlərinin ortalıqda ciddi bir əsəri
olmaya-olmaya başqalarına ağıl qoymağa
çalışırlar. Vallah,
biabırçılıqdır e... Bu adamlar kənardan necə
gülünc göründüklərini hiss etmirlər.
- Sən
AYB-nin üzvüsən. AYB-nin ədəbiyyatımıza xidmətini
hansı səviyyədə görürsən?
Razısanmı AYB-nin fəaliyyətindən?
- AYB-nin ədəbiyyata xidmətləri
var. Amma bu gün bəzi məqamlar var ki, mən onlardan
narazıyam. Birinci növbədə, orda da
ayrı-seçkilik var. Heç kim bir-birini qəbul etmir. Mən
şair Musa Yaqubla birgə işləyirəm. Arada Musa müəllim
ötən illərdən danışanda qibtə edirəm.
Onun sözlərinə görə o dövrdə yazarlar
hamısı bir-biri ilə dost, mehriban idilər. Amma bu gün
komandalar yaranıb. Sən mənim komandamda deyilsənsə,
demək sən istedadsızsan kimi yanaşırlar. Bu cür ədəbiyyatmı
olar? Əsl istedadlı, yaradıcı insanda bu təfəkkürün
olmasına təəssüf edirəm. Həmçinin, hər
yoldan ötəni AYB-nə üzv ediblər. Azərbaycanda
2500 - dən çox yazıçı, şairmi var
qardaşım?! Vallah, biabırçılıqdır... Elə
adamlar deyir ki, mən də AYB-nin üzvüyəm, adam
üstündə daşıdığı vəsiqədən
utanır. Bir şeir, yaxud hekayə yazanları da AYB-nə
üzv ediblər. Düşünürəm, bütün
üzvlərin hamısını buraxıb, vicdanlı
insanlardan komissiya təşkil edib, düzgün seçim etsələr,
bəlkə də 1000 nəfər seçə bilməyəcəklər...
- Müasir ədəbiyyatımızla
tanışlığın necədir? Kimləri oxuyursan, kimləri
bəyənirsən?
- Demək olar ki, müasir dünya
ədəbiyyatı ilə paralel olaraq, müasir Azərbaycan ədəbiyyatını
da oxuyuram. Hamısını vaxt baxımından
çatdırıb, oxuya bilməsəm də, qarşıma
çıxan pisi də, yaxşını da oxuyuram ki,
tanışlığım olsun. Bu gün ad çəksəm,
siyahı uzana bilər. Amma yuxarıda qeyd etdiyim tiplərdən
fərqli olaraq,gerçəkdən də yazar olanların hər
birini oxuyuram. İçində zövqümə uyğun
olanı da var, olmayanı da... Elə adam var ki, mənim onunla
şəxsi münasibətim, dostluğum yoxdu, fəqət, mən
onu oxuyur və bəyənirəm.
-
Son vaxtlar şeirdən uzaqlaşma, romana meyl müşahidə
olunur. Səncə bu proses ədəbiyyatımıza nə vəd
edir?
- Bir az əvvəl şikayətlənirdik
ki, hamı şeir yazır, nəsrə maraq azalıb.
İndi əksinədir. Bunun nəyi pisdir ki?! Seçim nə
qədər çox olsa, o qədər də sanballı əsərlərin
seçimi rahat olacaq. Bu əsərləri isə yuxarıda
qeyd etdiyim kimi zaman seçəcək.
- Gələcək
planlarından danışmaq istərdinmi? Oxucular Zaur Qəriboğlunun
yaradıcılığında hansı yeniliklər görəcək?
- Bilirsiniz ki, mən
yazdığım şeirlərə, essələrə cizgilər
və fikir cizgiləri başlığı vermişəm. Həmin
silsilədən, hekayələrimdən və kitablar
haqqında yazdığım yazılardan ibarət yeni bir
kitab hazırlayıram. Kitabın redaktoru istedadlı
yazıçı-jurnalist Nəzirməmməd
Zöhrablı, ön söz müəllifi isə ustad
şairimiz Musa Yaqubdur. İnşallah, bu yay həmin kitabın
dərci haqqında düşünürəm. Nədənsə,
elə bil, mənim talehimə yazılıb. Heç vaxt yayda
istirahət edə bilmirəm. Bütün əlamətdar
günlər, kitablarımın dərci yay aylarına təsadüf
edib, həmçinin bu kitab da... Onu da qeyd edim ki, səkkiz aya
yaxındır ki, yeni fəlsəfi-psixoloji bir roman üzərində
də işləyirəm. Onu nə zaman bitirəcəyimi isə
bilmirəm. Çünki arada uzun fasilələrlə
yazıram, pozuram, yenidən yazıram romanı... Roman mənim
çox ciddi yanaşdığım bir janrdı. Bu üzdən
də üzərində çox ciddi çalışmaq istəyirəm.
Cəlil
CAVANŞİR
Ədalət.-2012.-30
may.-S.7.