Gülxanım
Fətəliqızı: "Məmməd Arazın yazı
masasına başqası əl vursaydı, aylarla ona yaxın
düşməzdi"
"O haqsızlıq zamanı
Yazıçılar İttifaqındakı iclasda onu təkcə
Sabir Əhmədli müdafiə etmişdi..."
Otağa girər-girməz gözlərim
ondan yadigarı qalan və onu xatırladan əşyalar
axtarırdı. Çarpayısı səliqə ilə
yığılmışdı. Rəfdəki öz
kitabları, ona avtoqrafla hədiyyə verilən kitablar
sıra ilə düzülmüşdü. Yazı
masasının üstündə isə yazısı
saralmış vərəqlər, bir də
çalışdığı "Azərbaycan təbiəti"
dərgisinin son sayı vardı. Dərginin üz
qapağındakı şəkildə şairin fikirli və
müdrik baxışları sezilirdi. Bu insan təbiət
vurğunu, dağlar aşiqi və bütün qəlbi və
ruhuyla Vətən sevdalısı, poeziyamızın görkəmli
Xalq şairi, "İstiqlal" ordenli Məmməd
Arazdır.
Cismən aramızda olmasa da, hər
şeiri səslənəndə ürəkləri saf və
kövrək hisslərlə coşduran və hər kəsi
nizami Vətən əsgərinə çevirmək
iqtidarına malik böyük şair ruhən bizimlə olur. O
Məmməd Araz ki, bütün yaradıcılığı
boyu "Vətən mənə oğul desə, nə dərdim,
mamır olub qayasında bitərdim" deyiminə sadiq
qaldı, nə yazdısa, nə dedisə, ürəkləri
milli düşüncəyə, milli birliyə köklənməyə
çağırdı.
"Qızım, bu otaq Məmmədin
sağlığında necədirsə, eləcə qalıb.
Kitabları,
masası, hamısı olduğu kimidir. Ona gələn
oxucu məktubları da rəfdə durur..." - sevimli
şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızı
söhbətimizə beləcə körpü saldı. Təkcə dünyagörüşü ilə
deyil, səmimiyyəti və sadəliyi ilə də məndə
xoş ovqat yaradan bu ağbirçək xanımla söhbətdən
onun Məmməd Arazlı acılı-şirinli günlərini
dinləyirəm.
"Beynində
yazılası şeirin çox vaxt son misrası
doğulurmuş"
Həmsöhbətim deyir ki, Məmməd
Arazın indiyə kimi rahat oturub işləyə biləcəyi
ayrıca iş otağı olmayıb. Ailə bir neçə
ev dəyişdirsə də, məişət
qayğıları, ayrıca iş otağının
yoxluğu onun yaradıcılığına mane ola bilməyib.
Məmməd Araz şeirə özünəməxsus
şəkildə yanaşıb. Onun
üçün şeir digər şairlərdə olduğu
kimi həyatda gördüyü hadisələrin təəssüratlarından
yaranırdı, ancaq baxış başqa idi.
"Məmmədlə
tez-tez ədəbiyyatla bağlı söhbətlər edərdik.
Naxçıvana Hüseyn Cavidin məqbərəsinin
açılışına getmişdik. Fikrət Qoca,
Musa Yaqub, Cabir Novruz və Məmməd Arazla mən bir stol ətrafında oturmuşduq. Onda
belə bir söhbət düşmüşdü ki, şeiri
göydən mələklər diktə edir, şairlər də
yazırlar. Bu sualı ortaya atdım.
Bununla bağlı hərə bir cavab verdi.
Məmməd isə deyirdi ki, şeir adicə
bir baxışdan, qığılcımdan yaranır. O
deyirdi ki, beynində həmişə şeirin sonuncu
misrası yaranır" - deyən Gülxanım müəllimə
xəyala dalır.
Məmməd
Arazın gümrah və enerjili günlərində ailəlikcə
keçirdiyi xoş günlər, xüsusilə də Kəlbəcərdə,
İstisuda yaşadıqları anlar yadına
düşür. Tərtərçayın
yuxarısında Taxtabazar adlanan yerdə insanların
alaçıq qurub dincəlməkləri, hətta bir
neçə dəfə Sarıbulağın ətrafında
çobanın onları qonaq çağırması bu
gün də Gülxanım müəllimənin
yaddaşında öz təravətini qoruyub saxlayır.
O, xatırlayır ki, 1968-ci ildə Dəlidağın ətəyindən
qayıdarkən Aşıq Hüseyn Cavan şairlə
görüşmək istəyir və onların
maşınını alaçığa tərəf döndərirlər.
"Aşıq Cavan
üç saata yaxın saz çalıb oxudu. Qaranlıq düşürdü. Yol xatalı idi. Biz isə
gecikirdik. Güclə icazə alıb
xudahafizləşdik. Hava çiskin idi.
Alaçığı tərk etsək də,
Yanıq Kərəmin səsi hələ də
qulağımdan getmirdi. Məmməd "Təbriz
oxuyurdu dağlar başında şeiri"ni
bu hadisənin təsiri ilə yazdı. Kəlbəcərin
işğalından söz düşəndə həmişə
ürək ağrısıyla deyirdi ki, Kəlbəcər
kimi muzey əlimizdən getdi...", - həmsöhbətim
bir anlıq susur...
Gülxanım müəllimə
Məmməd Arazın şeirlərinin ilk oxucusu olmasa da, ilk
dinləyicisi olub.
Hətta şeir üstündə
gənclik illərində azacıq incikləri də olub:
"O, özü mənə şeirini oxuyurdu. Ürəyimə
yatanda bəyəndiyimi deyirdim. Xoşuma gəlməyəndə
səsimi çıxarmırdım. İnciyərdi.
Təbii ki, bu cavan vaxtları olurdu" - deyib
gülür.
Şair ailəsinə,
uşaqlarına da vaxt ayırırmış. Şənbə günü olanda evdə bilirdilər
ki, Məmməd müəllim bu gün onlarla vaxt keçirəcək.
Gülxanım müəllimə deyir ki, Məmməd
Araz həm də mehriban ata idi.
"Uşaqlarla ən
çox gizlənqaç oynayırdı. Qızım
İradə stolun arxasında gizlənirdi. Atası da onu axtarırdı, axtarırdı, guya
tapmırdı. Birdən qızım gizləndiyi
yerdən çıxırdı. Bu onlar
üçün əyləncəli bir oyun idi...".
"Öz işləri üçün heç kimdən
xahiş etməzdi..."
Görkəmli
şair Məmməd Araz uzun müddət "Azərbaycan təbiəti"
dərgisində akademik Həsən Əliyevlə birgə
çalışıb. Sovet dövründə
senzura şəraitində nəşr buraxmaq üçün
mütləq rəsmi Moskva və hakim dairələrin
razılığını almalıydın.
""Azərbaycan
təbiəti" jurnalını Məmməd Araz akademik Həsən
Əliyevlə böyük zəhmət və çətinliklə
ərsəyə gətiriblər. O dövrdə jurnal məsələsində
Heydər Əliyev onlara çox kömək edib. Axı sovet dövründə bir vərəqi də
çap eləmək üçün gərək Moskvaya
müraciət edib razılıq alaydın. Baxmayaraq ki, Məmməd öz şəxsi işləri
üçün heç kimə müraciət etməzdi, bu
jurnalın bağlanmaması üçün demək olar ki,
bütün icra strukturlarına məktub yazaraq müraciət
etdi. Onların hamısını arxivdə
saxlamışam. Məmməd onlara deyirdi
ki, bu jurnal "Molla Nəsrəddin" jurnalı qədər
lazımlı nəşrdir. Onu
bağlanmağa qoymayın" - şairin həyat
yoldaşı ötən günləri belə
xatırlayır.
Məmməd Arazın
çalışdığı jurnal onunla əbədiyyətə
qovuşdu....
Gülxanım müəllimə məni
rəfdəki kitab və əlyazmalarla tanış
edir. İri həcmli kitabların birində
şairə yazılmış nəzirə və ithafları
göstərir.
"Bu kitabların
çoxu ondan sonra çap edilib. Əlimdəki
bu kitabda 775 şairin Məmmədə nəzirə və
ithafları var. Mənim fikrimcə, Azərbaycan ədəbiyyatı
tarixində heç bir şairə bu qədər nəzirə
və ithaf olmayıb" - deyə həmsöhbətim qeyd
edir.
Onu da öyrənirəm
ki, şairin əlyazmalarının və ona gələn məktubların
bir qismi Ədəbiyyat Muzeyinə və Əlyazmalar Fonduna
verilib.
"Ona gələn məktublarda sevgi etirafları da
vardı"
Uzun müddət
"Ədəbiyyat" qəzetində redaktor müavini
işləyən Məmməd Arazın poeziyası sovet
dövründə getdikcə populyarlaşır, oxunur və
sevilirdi. Şairə yazılan
saysız-hesabsız məktublar, eləcə də həmkarlarının,
dostlarının onun yaradıcılığı ilə
bağlı söylədiyi fikirlər buna sübut idi.
Gülxanım müəllimə
o məktubları Məmməd Araz yaradıcılığına
ehtiram olaraq qoruyub saxlayır.
"Məktublarda Məmmədin
şeirlərini təhlil edir, fikirlər yazırdılar.
Sonradan bildim ki, ona sevgi dolu məktublar da
yazılırmış. Ancaq Məmməd
məndən onları gizlətmişdi. Demişdi
ki, sənin ürəyinə xal düşməsin deyə, həmin
sevgi məktublarını əlyazmalara verdim. Ancaq indi fikrim var ki, o məktubları arxivdən
tapıb üzə çıxarım. Bu
həm də onun öz istəyidir" - deyə
Gülxanım müəllimə etiraf edir.
Şairin xəbəri olmadan işdən
çıxarılma
Yaradıcı
insanların həyatında adətən onların həyat
yolunu və yaradıcılığını dəyişdirən
hansısa xoş və ya pis hadisələr, təsadüflər
olur. Buna həyat zərbələri də
demək olar. Pərəstişkarlarının
böyük sevgiylə yanaşdığı və həmkarlarının
"ustad", "əmi" deyə xitab etdiyi Məmməd
Arazın həyatını da belə bir zərbə dəyişdirib.
Şairin qəfildən "Ədəbiyyat"
qəzetindən özünün xəbəri olmadan işdən
çıxarılması onun sonrakı həyatına son
anacan ağır təsirini göstərib.
Həyat
yoldaşı deyir ki, bu qərar veriləndə Məmməd
müəllim məzuniyyətdəymiş. Onlar ikisi də Yesentukidə istirahət edirmişlər.
Qayıdanda baş verənləri eşidən
şairə bu ədalətsiz "sürpriz" həqiqətən
ağır təsir edir.
"Xəbərimiz
yox idi. Bu hadisədən sonra iki il
keçdi, uzun müddət işsiz qaldı və əsəbdən
sol əli, sonra isə sağ əli titrəməyə
başladı. Parkenson xəstəliyinə
tutuldu..." - deyə həmsöhbətim əlavə edir.
Məmməd Araz
haqsızlıq və ədalətsizliyin ortasında öz ədaləti
və şəxsiyyəti ilə ucalmağı və
sınaqdan üzüağ çıxmağı bacardı.
Kiminsə və nələrinsə güdazına qurban verilən
şairi isə xalq dəstəklədi:
"Eşitdiyimə görə,
Yazıçılar İttifaqında partiya iclasında təkcə
Sabir Əhmədli onu müdafiə edib, qalan heç kim müdafiə eləməyib. Mərkəzi
Komitəyə qalaq-qalaq məktublar göndərilirdi, kəlbəcərlilərdən
məktublar gəlirdi. Bütün xalq şairi
müdafiə edirdi. Orda hər kəs Məmmədi
müdafiə edib, bunun haqsızlıq olduğunu
yazırdı" - deyən Gülxanım müəllimə
bu söhbətə yekun vurur.
"Gözü yolda idi ki,kimsə gələcək..."
Əsl sevgi və fədakarlıq
odur ki, yaxşı gündə olduğu kimi, çətin
gündə də sevdiyin insanın, ömür-gün
yoldaşının yanında olasan. Hələ
o, ruhu və varlığını,
yaradıcılığını xalqının milli
oyanışına həsr edən və
sağlığında ürəklərdə heykəlləşən
Məmməd Araz kimi bir insandırsa.
Stolun üstündəki
əlyazmaları nəzərdən keçirirəm. Gülxanım müəllimə təbəssümlə
"oxu görüm, oxuya bilərsən?" - deyə soruşdu. Yalnız bir
neçə söz oxuya bildim.
"Xətti çətin
oxunurdu. Ancaq mən onun yazdıqlarını oxuya
bilirdim"-deyə şairinin ömür-gün
yoldaşı əlavə etdi...
Son vaxtlar
böyük şairin yanına gələn dost-tanış da
seyrəlməyə başlayıbmış. Bununla belə
şair yenə də ümidini üzmürmüş:
"Düzünü desəm, axır vaxtlar Məmmədin
yazıçı dostlarından heç kim
qapımızı açmırdı. Oturub
gözləyirdi ki, kimsə gələcək. Məmməd mənə danışırdı ki, xəstəxanada
yatanda Məmməd Rahim də orada müalicə olunurmuş.
Ona deyib ki, "Məmməd, sənin nəslin
etibarlı nəsildir, mənim nəslimsə naxələf
çıxdı, yanıma gəlmədilər" - deyə
təəssüflənib. Onda Məmmədin
yanına bütün şair dostları gəlirdilər".
Gülxanım müəllimə
deyir ki, mərhum prezident Heydər Əliyev şairi daim diqqətdə
saxlayıb, zəng edib, Məmmədin əhvalını
soruşurmuş. Onun 65 yaşı olanda da
zəng edib təbrik eləmişdi. Soruşanda
"hansısa istəyin varmı?",
şair razılığını bildiribmiş.
"Məmməd Araz səngəri" necə
yarandı...
Məmməd Araz həm
də onun şeirlərindən ruhlanan əsgərlər
arasında olur, onlardan enerji alırdı. Gülxanım
müəllimə şairin Murovda və Beyləqanda əsgərlərlə
görüşündən danışır.
"Azərbaycan əsgərlərinin
paradı keçiriləndə Məmməd çox sevinirdi.
Bununla fəxr edirdi. İlk dəfə
onun bu qədər sevindiyini görürdüm. Ordu
generalı zəng edib dedi ki, "əsgərlər sizi
görmək istəyir". Biz də əsgərlərlə
görüşə getdik. Çox qəribə
idi ki, Məmmədin əsgər və zabitlər arasında
sanki dili də açılmışdı, hərəkətləri
canlanmışdı. Tam fərqli Məmməd
vardı qarşımda. Gümrah olmasına mən mat
qalmışdım".
Şair həmin
gün tankçılarla görüşür, onu fəxri
döyüşçü elan edirlər. Düşmənlə
yüz addımlıqda yerləşən və şairin
ayağı dəyən səngərə isə "Məmməd
Araz səngəri" adı verilir. Eyni
zamanda Murovdağda bir bulağın üstündə bir
daşa mis lövhə vurulub. Lövhədə
xalq şairinin 1994-cü ildə əsgərlərlə
görüşməsi faktı əks edilib.
"Ürəyimdə dedim ki... "
Gülxanım müəllimə Məmməd
Arazdan sevgi və səmimiyyətlə
danışırdı, səs tonundan hiss edilirdi ki, bu
xanım şairin həm də dərd ortağı,
dostu-silahdaşı, ən çətin günlərində
ona dayaq olan bir həmdəmi olub.
"Naxçıvanda
şairin 60 illik yubileyi keçirilirdi. Bir qadın mənə
yaxınlaşıb sevincək və fəxrlə dedi: "Sən
xoşbəxtsən". Heç nə demədim.
Ürəyimdə dedim ki, hardan biləsən mən nə
çəkirəm. İstəməzdim ki, o xəstələnsin.
Amma bir qadın kimi onun qayğısına qalmaq borcum
idi..." - o, söhbətinə ara verir.
Öyrənirəm
ki, saz havalarını, təbiətdə olmağı Məmməd
Araz çox sevib. Hətta son günündə
də yazı masasının üstündə Aşıq
Alının dörd misralıq bir bəndini
yazıbmış.
"Məmməd
xoşlamazdı ki, icazəsiz onun stoluna kimsə
yaxınlaşıb nəyəsə baxsın. İcazəsiz baxanda küsər, aylarla stola
yaxın getməzdi. Həmin bənd
şeiri də mən sonradan gördüm".
Şairin yazdığı
sonuncu "Mürgüləmə" şeirini kitabdan
oxuyuram.
Mürgüləmə, millət
oğlu, mürgüləmə,
Mürgü döydün yüz il belə, min il belə...
Sellər-sular coşdu,
daşdı oyanmadın,
Yer tərpəndi,
torpaq qaçdı oyanmadın.
Həyatda bəzən
fikir vermədiyimiz hadisələr qabaqcadan baş verə biləcək
fəlakətlərin xəbərçisi olur.
Gülxanım müəllimə nə biləydi ki, evdə
üzüyünün qaşının qəfildən
düşməsi onun ömür-gün yoldaşının,
xalqın isə sevimli şairinin ölüm karvanının
astanasında olması deməkdir!
"Həmin gün
günorta yeməyi qoymuşdum ona. Qəfildən
halı pisləşdi. Tez xəstəxanaya
qaçırtdıq. Nəvəm Tuncay onu
qucağında pillələri düşürdü.
Ancaq gec idi..." - araya sükut çökür...
İndi onun otağı, hər bir
əşyası qonaq otağında oturduğu divan, ev boyu divardan asılmış şəkilləri
ailə və onu sevənlər üçün təsəllidir.
"Onda qərara aldım ki, xatirələrimi
yazım"
Gülxanım müəllimə
indi şairin arxivində olan dərc edilməmiş əsərləri
tərtib edir, onların işıq üzü görməsinə
çalışır. Şairin
ölümündən sonra bir sıra kitabları atıq
oxuculara təqdim edilib.
"İndi dərc
edilməmiş tərcümələr var, onları çapa
hazırlayıram. Bir də Məmmədlə
bağlı yazdığım xatirələr var ki, onlara bir
sıra əlavə edirəm" - şairin həyat
yoldaşı danışır.
Bir neçə il
öncə Gülxanım Fətəliqızının Məmməd
Arazla bağlı qələmə aldığı xatirələr
"Azərbayan" jurnalında çap edilmiş, ictimaiyyətdə
xeyli marağa səbəb olmuşdu.
Bəs görəsən
Gülxanım müəlliməni qələmə
sarılmağa hansı hiss vadar etdi?
"Məmməd
Araz mükafatının təqdimatı idi. Maşında radionu açdıq. Nigarın "Alagözlüm"
mahnısını oxuyurduar. Mən
qeyri-ixtiyari ağladım. Qərara
aldım ki, nə qədər ki, Məmmədin dilini
anlayıram, ondan keçmiş xatirələri yazmalıyam.
İndi təəssüflənirəm ki, gərək
ilk gündən yaşadıqlarımı, gördüklərimi
qələmə alaydım. Məmməd yoldaşımdı
deyə, demirəm. Onun kimi ikinci şair
yoxdur. İndi harasa gedəndə,
küçəyə çıxanda da istəyirəm məni
elə Məmməd Arazın həyat yoldaşı kimi
tanıyıb müraciət etsinlər".
Əfsanə
Bayramqızı
Modern.az
Ədalət.-2012.-31
may.-S.5