"İBRƏT BAĞÇASI"

 

   Fikirlərimi müəllifə ünvanlayıram

 

   Hər dəfə yeni nəşrlər barəsində nə isə yazmaq istəyəndə xeyli götür-qoy edirəm. Etiraf edim ki, elə kitablar, hətta elə qəzet-jurnal yazıları olur ki, onun barəsində ya isti-isti yazıram, ya da bir xeyli keçəndən sonra. Bu da səbəbsiz deyil. Adətən insan ona doğma olan, onun içini tərpədən və yaxud onun etirazını dilə gətirən məqamlarda daha cəld tərpənir, daha çevik olur, yəni sözünü daha tez deyir. Necə deyərlər, isti-isti, bir göz qırpımında.

   Lakin təkrar-təkrar oxuyub və yenidən müraciət etdiyim kitablar barəsində daha çox özüm-özümlə həm söhbət oluram. Həmin kitabdakı mövzunu, onun yazı üslubunu, bu kitabın oxucuya, cəmiyyətə nə verdiyini və ümumiyyətlə, nə isə verə biləcəyini öz düşüncəmə, dünya görüşümə görə dəqiqləşdirib sonra qələmlə baş-başa qalıram. Həmin kitablardan biri də "İbrət bağçası" adlanır.

      Öncədən deyim ki, kitabın müəllifi ilə "Azərbaycan" nəşriyyatında qarşılaşıb tanış olmuşam. Bir neçə dəfə "Ədalət" qəzetinə həm oxucu, həm də müəllif kimi müraciət edib. Qəzetimizdə işıq üzü görən yazılarımızdan hiss etmişəm ki, Qüdrət müəllim sözlə yaşayan, sözlə yol-yoldaşlığı edən insanlardandı. Amma yenə etiraf edim ki, onun bir neçə kitab müəllifi olduğunu da elə mənə təqdim etdiyi kitabın anatasiyasından öyrəndim. Bəlli olduğu ki, Qüdrət müəllim doğrudan da ixtisasca pedaqoqdu, ömrünün 54 ilini, Sumqayıtda, Abşeronda, Qubada uşaqların təlim-tərbiyəsinə həsr edib. 1953-cü ildən ölkə mətbuatında ardıcıl çıxış edironun Azərbaycan və tat dillərində 3 kitabı işıq üzü görüb. Mənə aftoqrafla hədiyyə etdiyi "İbrət bağçası" onun sayca 4-cü kitabıdı. Kitab bu ilin əvvəllərində "Azərnəşr" tərəfindən çap olunub. Kitaba xeyir-dua verən yazıçı-jurnalist Müzəffər Məlikməmmədov yazır ki, "hekayələrində tat xalqının canlı mənzərələri, onun məişəti, psixologiyası, haqq-ədaləti sevməsi, insanpərvərliyi, təmizliyi, bəzən də sadəlöhvlüyü elə maraqlı şərh edilir, oxucuya elə ibrətamiz şəkildə çatdırılır ki, sanki "Kəlilə və Dimnə"ni oxuyursan. Əslində müəllifin bu kitabını müasir tat "Kəlilə və Dimnə"si də adlandırmaq olar".

   Jurnalist həmkarımın belə maraqalı təqdimatı ilə başlayan kitabını demək olar ki, son nöqtəsinə qədər oxudumonu da deyim ki, bu kitab bir neçə fəsildən ibarətdir və bu fəsillər də əslində daha çox janrlara görə ayrılıbdı. Hər fəsil öz janrını oxucuya uyğun şəkildə təqdim edir. Məsələn, "Ötən gün" fəslindəki yazılar daha çox xatirədi, yaddaşa köklənir, yaddaşdan qaynaqlanır. "Deyimlər" bölümü isə müəllifin aid olduğu zümrənin, çevrənin kökündən, soyundan, adət-ənənsindən qaynaqlanır. Yəni istər mənsur şeirlər olsun, istər mülahizələr və yaxud inanclarla bağlı düşüncələrg Bütün bunların hamısı müəllifin öz içindən süzülüb gəlir. Yəni istənilən adam, istənilən oxucu bu kitabın ayrı-ayrı fəsillərini, ayrı-ayrı kitabların, ayrı-ayrı mətbu nəşrlərin içərisində oxusa, qarşılaşsa dərhal onun Tat Qüdrətə aid olduğunu birmənalı şəkildə anlayacaq. Məncə bu müəllifin uğurudu, onun yazı üslubunun özünəməxsusluğudu. Digər tərəfdən Tat Qüdrətin yaradıcılığında təcrübə, yəni dünyadan, proseslərdən məlumatlı olmaq oxucunu inandırmaq üçün işə yarayır. Bir az da çılpaq desəm, oxuduğum hadisə o qədər gerçək və təbii detallarla təsvir olunur ki, onun təkcə bədii yazı yox, həm də həyat həqiqəti olduğuna inanırsan.

   Bu gün kitab bolluğu şəraitində sözə belə diqqətlə yanaşmaq və xüsusi olaraq gündəlik mətbuatı izləyib buradakı imzalara, təqdim olunan yazılara və faktlara da münasibət bildirmək müəyyən vaxt və qabiliyyət tələb edir. Bax elə Tat Qüdrətin bir üstünlüyü də buradadı. O, kitabında dövrü mətbuatda nəşr olunmuş ayrı-ayrı mövzular, eləcə də ədəbiyyatla, poeziya ilə bağlı məsələlərə də diqqət ayırır. Bununla paralel olaraq günümüzün problemlərini - təhsilimizdə, səhiyyəmizdə olan nöqsanları, məmur özbaşınalıqlarını, işsizlik problemlərini gözdən qaçırmır. Həm vətəndaş mövqeyindən, həm də yazıçı kimi bütün gördüklərinə öz reaksiyasını bədii sözlə ifadə edir.

   Düşünürəm ki, Tat Qüdrətin "İbrət bağçası" kitabı onun yaradıcılığını izləyənlərə və bütövlükdə ədəbi ictimaiyyətə maraqlı bir hədiyyədir. Doğrudur, bu kitabda elə məsələlərə toxunulub ki, onlar mübahisə mövzusu da ola bilər. Lakin bir həqiqət də var: o da hər kəsin məsələyə, mövzuya yanaşması, ona özünün fərdi baxış bucağıdır. Deməli, hər kəs öz gördüyü kimi dəyərləndirdiyi, təqdim etdiyi həqiqət bütün hallarda nisbidir. Bu gün isə nisbi olmayan elə bu kitabın özüdür. Çünki onun müəllifi də, özü də oxucu ilə baş-başa qalmaq gücündədir. Uğurlu olsun!

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2012.-31 may.-S.6.