Sənət
və istiqlaliyyət bayramı
Musiqili Komediya Teatrının Gədəbəy
və Şəmkirə qastrol səfəri
Səhər saat yeddi olmasına rəğmən
günəş elə sidq-ürəklə şölələnirdi
ki, sanki günün günortasıydı. Mən sabah tezdən,
saat altının yarısında Sumqayıtdan Bakıya gəlmək
üçün yola düşəndə gün hələ
təzə-təzə doğurdu və "Sahil"
metrostansiyasında yerin altından yerin üstünə
çıxanda günəş göyün üzündə
tam hakimi-mütləq olmuşdu. Və o qızmar günün
bol işığı qəfildən içimə dolaraq
ruhumu yerindən elə oynatdı ki, gözlərim alacalandı,
olan-qalan yuxum da qaçıb qeybə çəkildi.
Saat yeddiyə on dəqiqə qalırdı. Mən
artıq təyin olunan yerdə - Dənizçilərin Mədəniyyət
Evinin qarşısındaydım. Burada dayanan avtobusun ətrafında
əsl qələbəlik var idi. Texniki işçilər
dekorasiyaları yükləyir, kimisi kiməsə zəng edib
nə vaxt gəlib çatacağını soruşur, kimisi
ucadan artıq lətifəyə çevrilmiş hansısa səfər
təəssüratını bölüşür, kimisi də
mənim kimi bir qırağa çəkilib siqaret
tüstülədərək acgözlüklə günəşin
o cür cani-dildən dünyanı nura boyamasına, ətrafdan
ötüb keçən, addımları mürgü döyən,
rəngbərəng adamlara tamaşa edirdi. Bu gün Dövlət
Musiqili Komediya Teatrının Gədəbəy və Şəmkir
raronlarına iki günlük qastorolu başlayırdı.
Qastrol 28 May Respublika Günü münasibətilə
Regionların İnkişafı İctimai Birliyinin maliyyə dəstəyi
ilə təşkil olunmuşdu. Yeri gəlmişkən, qeyd
edim ki, 2010-cu ilin dekabr ayından dövlət
başçısının sərəncamıyla binası əsaslı
təmir üçün bağlanan Musiqili Komediya Teatrı Dənizçilərin
Mədəniyyət Evində məskunlaşıb. Əsaslı
təmirlə bağlı bu sərəncam bir daha Prezident
İlham Əliyevin teatra, incəsənətə, ümumilikdə,
mədəniyyətə olan diqqət və
qayğısının bariz nümunəsidir.
Söz yox ki, Musiqili Komediya
Teatrının binası, səhnəsi, zalıyla müqayisədə
Dənizçilərin Mədəniyyət Evinin imkanları bərabər
deyil. Amma bütün bunlara baxmayaraq, istər teatrın rəhbərliyi,
iasərsə də yaradıcı heyəti əvvəlki
şövq və əzmlə fəaliyyətlərini davam
etdirirlər. Bununda özəyində Musiqili Komediya
Teatrının direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayevin idarəetmə və təşkilatçılıq
bacarığı dayanır. Ümumiyyətlə, Əliqismət
müəllim harada işləməsindən asılı
olmayaraq hər zaman işgüzarlığı, bitib-tükənmək
bilməyən enerjisi, sənətə, sənət
adamlarına sevgi və qayğısı, novatorluğuyla diqqəti
cəlb edib. Bir sözlə, bu adam yorulmaq bilmir, ürəyi
daim qurub-yaratmaq eşqiylə döyünür. Və onu
insanlara sevdirən də məhz bu cəhətidir.
Axır ki, saat səkkizin
yarısında qastrolun rəhbəri, Musiqili Komediya
Teatrının direktor müavini, Əməkdar mədəniyyət
işçisi Elxan Ocaqov hamını yerini tutmağa səsləyəndən
sonra avtobus tərpəndi və səfər başlandı.
Sizə deyim ki, teatrın çox
mehriban kollektivi var. Yol boyu, təxminən 5 saatlıq müddət
ərzində bu enerji dolu insanlar bircə anda olsun sakit
dayanmadılar. Rəqs etdilər, çalıb-oynadılar,
oxudular, aralarında müxtəlif maraqlı və məzəli
viktorinalar keçirdilər. Doğrusu, mən vaxtın necə
keçdiyini, bu uzun-uzadı yolun nə zaman bitdiyini hiss etmədim.
Bir də onu gördüm ki, artıq Gədəbəydə -
tam müasir standartlara cavab verən "Eldorado Hotel"in həyətindəyik.
Oteldə yerləşəndən sonra bizi nahara dəvət
etdilər. Bu bir qədər vaxtsız və tələsik
nahar süfrəsindən sonra biz yenidən avtobusa doluşaraq
Mədəniyyət və Turizm Nazirliyinin Elsevər Həsənov
adına Gədəbəy Mədəniyyət Evinə yola
düşdük. İlk tədbir saat 17.00-da məhz burada
baş tutacaqdı.
Əvvəl rəsmi hissə oldu.
Gədəbəy Rayon İcra Hakimiyyəti
Başçısının 1-ci müavini Qüdrət
müəllim, Regionların İnkişafı İctimai
Birliyinin sədr müavini Taleh Həmid, Musiqili Komediya Teatrının
direktor müavini Elxan Ocaqov, filologiya elmləri doktoru, professor
Məhərrəm Qasımlı çıxış edərək
28 May Respublika Günü münasibətilə Gədəbəy
sakinləri də daxil olmaqla Azərbaycan xalqını,
bütün dünya azərbaycanlılarını təbrik
etdilər, Musiqili Komediya Teatrının rəhbərliyinə
və kollektivinə bu bayrama bayram qatdıqları
üçün təşəkkürlərini bildirdilər.
Və... tamaşa başlandı. Həm
Gədəbəydə, həm də Şəmkirdə bəstəkarı
Süleyman Ələsgərov, liberetto müəllifi İsi Məlikzadə,
quruluşçu rejissoru Yusif Əkbərov olan "Hərənin
öz ulduzu" tamaşası nümayiş olundu. Zalda əsl
coşqu var idi. Tamaşaçılar onlara sənətləri
ilə ürək dolusu gülüş bəxş edən
aktyorları alqışlamaqdan usanmırdılar. Bir söz
var, deyirlər ki, aktyor üçün alqışdan
böyük mükafat yoxdur. Və bu mükafata
ardı-arsı kəsilmədən layiq görülən sənətçilər
obrazlarını səhnədə daha şövqlə
canlandıraraq sənətin gücünü, qüdrətini
nümayiş etdirir, zaldakıların dodaqlarına
gülüş, ürəklərinə sevinc bəxş
edirdilər. Xalq artisti Fatma Mahmudova, Əməkdar artist
Xanım Qafarova, aparıcı aktyorlar - hamının Xalq
artisti kimi tanıdığı Novruz Qartal, Möylə Mirzəliyev,
Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Elxan
İsmayılov, xor və balet truppası ifalarına elə
köklənmişdilər ki, sanki Gədəbəydə
tamaşanın premyerası keçirilir. Alqışlar isə
səngimək bilmirdi. Bu alqışlar həm də başda Əliqismət
Lalayev olmaqla Musiqili Komediya Teatrının xalq arasındakı
nüfuzunun, sadə vətəndaşlar içində
qazandığı sevginin göstəricisiydi. Fürsət
düşmüşkən, mən şəxsən Ə.
Lalayevə belə bir nüfuzlu kollektiv
formalaşdırdığına görə minnətdarlığımı
bildirmək istəyirəm.
Əsl həngamə isə oteldə
- şam yeməyi yeyərkən baş verdi. Daha doğrusu,
bu, yol boyu avtobusda yaşanan çal-çağırın
davamı idi. Truppa üzvləri sanki otel restoranındakı
digər qonaqları - müxtəlif təbəqələrin
nümayəndələri olan insanları, turistləri əyləndirməkdən
məxsusi zövq alırdılar. Azərbaycan
Respublikasının Əməkdar artisti Xanım Qafarovanın
bənzərsiz və füsunkar ifası hələ də
yaddaşımı oxşayır.
Sonra müxtəlif ritmlər
altında bir-birini əvəzləyən göz oxşayan rəqslər...
Bəlkə də rəqs yarışması...
Sonra yenə
çıxışlar...
Minnətdarlıqlar...
Bayram təbrikləri...
Sağlıqlar...
Sonra Elxan Ocaqovun səmimiyyət
dolu sözləri, kollektivə təşəkkürü...
Söz arası qeyd edim ki, uzun müddətdən bəri
ünsiyyətdə olduğüm Elxan müəllimin bu dərəcədə
səmimi insan olduğunu heç təsəvvür belə
etmirdim.
Sonra əsl poeziya axşamı...
Özünəməxsus söz
sahibi olan şair Taleh Həmidin söylədiyi şeirlər...
Əsrarəngiz, adamın ürəyini, ruhunu yerindən
oynadan misralar...
Sonra alqışlar...
Sonra söz mənə verildi. Mən
də açdım sandığı, tökdüm
pambığı. Şeirimi şeirimin ardınca dedim...
Sonra yenə alqışlar...
Sonra necə oldusa, bir də
gördüm ki, sadə, səmimi, eyni zamanda həm də
çox ciddi bir insan olan professor Məhərrəm
Qasımlı da şeir deyir...
Sonra yenə alqışlar...
Sonra yenə rəqslər...
Sonra yenə Xanım Qafarovanın
unudulmaz ifası...
Sonra... Sonra... Sonra...
Bir sözlə, əsl bayram...
Düşünürəm ki, həmin
gecə orada olan hər kəsin yaddaşına əbədi həkk
olundu.
Yeri gəlmişkən qeyd edim ki,
"2012 - Azərbaycanın əfsanələr
paytaxtı" elan olunan Gədəbəy bəlkə də
Azərbaycanda işıqforu olmayan yeganə rayondur. Hə
şey bir yana qalsın, görünür, bu, həm də cəbhə
bölgəsində yaşayan gədəbəylilərin
çox dürüst və intizamlı olmaları ilə
bağlı mistik bir faktdır.
***
Sonra... səhər
açıldı və növbəti iş günü
başlandı. Səhər yeməyini yeyib otelin mehriban və
diqqətcil personalıyla sağollaşaraq Şəmkirə
yola düşdük. Dəniz səviyyəsindən təqribən
1500 metr hündürlükdə və Ermənistanla sərhəddə
yerləşən Gədəbəydən Şəmkirə
qayıdarkən yol boyu iki dəfə dayandıq. Bir dəfə
yol kənarındakı bulaq başında, bir dəfə də
kənd adamlarının müxtəlif göy-göyərti
satdıqları yerdə. Bir alış-veriş
başlandı ki, gəl görəsən! Çöl bitkiləri,
əsasən də, təzə-tər kəklikotu
satanların qarşısında, heç olmasa, and içməyə
bir qırıq da malları qalmadı. Bu arada uzun illərdən
bəri tanıdığım professor Məhərrəm
Qasımlı şeh bağlamış otları mənə
göstərərək, bu şehli otların arasıyla
ayaqyalın qaçmağın şəfasından
danışmağa imkan da tapdı. Hətta cani-dildən məsləhət
də gördü. Ancaq təəssüf ki, vaxt
qıtlığından gün işığının
altında üstündəki şeh damlaları bərq vuraraq
par-par parıldayan o otların arasıyla ayağı
yalın, əhədim kəsilənə qədər
qaşmaq mənə qismət olmadı.
Saat on birin yarısında artıq
Şəmkirdəydik. Qısa bir müddətə rayonunun gəzməli-görməli
yerlərinə baş çəkdik. Bizə bələdçiliyi
rayonun məsul şəxsləri ilə yanaşı əslən
Şəmkirdən olan istedadlı şairimiz Taleh Həmid
etdi. Şəmkir gözəlliyi ilə, inkişafıyla,
sözün həqiqi mənasında, məni valeh elədi.
Gözlərimə inana bilmirdim, biz sanki Azərbaycanın
hansısa əyalət mərkəzində deyil, Avropa şəhərlərindən
birindəydik.
Tədbirimiz isə saat 12-də,
Şəmkir rayon Mədəniyyət Evində başladı.
Gədəbəydəki xoş əhval-ruhiyyə, coşqu
burada da davam etdi. Bu, əsl bayram idi: sənət bayramı,
istiqlaliyyət bayramı! Doğrusu, əyalətdə
yaşayan insanların teatra, sənətə qarşı bu
cür diqqət və həssaslıqla yanaşması məni,
sözün yaxşı mənasında, həm də təəccübləndirdi.
İçim intəhasız iftixar və qürur hissiylə
doldu: bir daha əmin oldum ki, dövlətimizi gözü
götürməyən bəzi bədxah
qonşularımızın bütün qara niyyətləri
qövr edərək ürəklərində qalacaq. Bu cür
inkişafa, irsə, mədəniyyətə sahib olan xalq
dünya durduqca yaşayacaq və bu xalqın dövləti
gündən-günə daha da qüdrətlənəcək.
Samir Sədaqətoğlu
Ədalət.-
2012.- 31 may.- S.7.