Abdulla Şaiqin rus qızı ilə macərası
Görkəmli ədib və müəllim
Abdulla Şaiqin xatirələrindən parçalar.
Uzun sürməyən səadət
1906-cı il gəncliyimin ən
coşğun və qiymətli bir zamanı idi. Maddi vəziyyətim
də az-çox təbii yoluna düşmüşdü. Ailə
qurmaq haqqında indiyə qədər düşünməmiş
deyildim. Fikrim ziyalı, oxumuş bir qız ilə evlənmək,
şən ailə həyatı qurmaq idi. Lakin o zaman qızlara
məxsus gimnaziyanı və qız pedaqoji texnikumunu
bitirmiş qızlarımız o qədər az idi ki,
onları barmaq ilə saymaq olardı. Xoşladığım
bir-iki qıza yanaşdım. Ancaq bu qızların
başı üstündə zəngin, cavan "müştərilərin"
olduğunu bilincə uzaqlaşmağa məcbur oldum.
O zaman biz Kərbəlayı Mirzə
Yusifovun evində yaşayırdıq. Mirzə kirayənişinlərdən
aldığı kirə ilə ailəsini idarə edirdi. Bu
ailə anamın çox xoşuna gəlirdi. Həmişə
Kəblə Mirzənin qızı Raziyə xanımdan
danışır, onu tərif edərkən dili ağzına
sığmırdı. Anamın danışığından
və rəftarından Raziyəni mənə almaq istədiyini
hiss etmişdim. Bir gün anam mənə bu haqda söz
açdı:
- Bilirsən, Abdulla, oxumuş
qız almaq istəyirsən, oxumuş qızlar odur ceyran
arxasında. O qızlar varlı oğlanlarını qoyub sənə
gələrmi? Yaşın keçir, evlənmək
vaxtındır...
Anamı başa saldım ki, əvvəlcə
qızı görmək istəyirəm. O, qızı mənə
göstərəcəyinə söz verdi.
Son zamanlar Raziyə xanım
bacımla dostlaşmışdı. Bir gün bacım onu bizə
çağırdı. Mən qapının açar
deşiyindən nə qədər baxdımsa da, qızın
üzünü aydın görə bilmədim. Bacım bir həftə
sonra Raziyəni yenə bizə çağırdı. Bu dəfə
qapı xeyli aralı idi. Raziyə xanım bacımla şirin
söhbət edərkən mən guya qızın bizdə
olduğunu bilməyib otağa girdim. Raziyə cəld ayağa
qalxdı və yaylığı ilə üzünü
örtdü... Qız xoşuma gəlmişdi. Anam evə
qayıtdıqda Raziyə ilə evlənməyə
razılıq verdim...
Mənim razılığım hər
şeyi həll etmirdi. Bakıda qərib, mülksüz adama
qız vermək adət deyildi. Qızın anasının
sözarası Raziyəni təmiz, oxumuş bir adama vermək
istədiklərini anama deməsi mənə yeganə təsəlli
idi...
1906-cı ildə Raziyə ilə
evləndim.
Lakin mənim bu böyük
ümidlə qurmaq istədiyim ailə həyatım uzun
sürmədi. Raziyənin qız vaxtından xəstəliyi
var idi. Evləndikdən sonra bu xəstəlik daha da güclənməyə
başladı. Nə qədər müalicə etdirdik,
faydasız qaldı. Həkimlərin
tapşırığı ilə onu Jeleznovodskiyə
apardım. Bir həftəlik müalicədən sonra professor
məni öz kabinetinə çağırıb dedi:
- Siz kasıb müəllimsiniz. Bu
qızı illər uzunu müalicə etdirməkdənsə,
operasiya etdirin. Bu yolla onu bir həftəyə sağaltmaq olar.
Mən çarəsiz qalıb
Raziyənin ata-anasına teleqramla məsələni bildirdim. Onlar
qəti etiraz etdilər, qızı tez evə gətirməyimi
yazdılar. Biz təcili olaraq Bakıya qayıtdıq.
Bakıda Raziyənin vəziyyəti
daha da ağırlaşdı. Axırda operasiya etdirməyə məcbur olduq. Onu Qaraşəhər
xəstəxanasında operasiya
etdilər. Cərrahiyyə əməliyyatından sonra
o, ağır ağrılar
içərisində vəfat
etdi.
İlk ailə həyatımın
dağılması mənə
son dərəcə sarsıdıcı
bir təsir bağışladı...
Bu faciədən
sonra uzun müddət evlənmədim...
Abdulla Şaiq rus
qızına aşiq oldu
Hər il yay tətilini təbiətcə
zəngin bir yerdə keçirmək
on ay müəllimlik nəticəsində
yorulmuş əsəblərimə
və əhval-ruhiyyəmə
çox yaxşı təsir etdiyindən
1916-cı ildə Nalçikə
getmişdim. Parka yaxın bir yerdə otaq kirayə etdim. Həmin həyətdə mənimlə
yan-yana iki otaqda Novorossiyski şəhərindən ailəsi
ilə bərabər gəlmiş bir dəmiryolçu mühəndisi
yaşayırdı...onunla
bərabər ya parka,
ya da yaxın
meşəyə gəzməyə
gedərdik. Mühəndis
olduğuna baxmayaraq o,
rus ədəbiyyatını
bir ədəbiyyatçı
qədər gözəl
bilirdi...
Mühəndis şair olduğumu
bildikdən sonra mənə daha da məhəbbətlə
yanaşmağa başladı.
Bir gün mənə dedi:
-Cavan şair, səni burada qızlarla gəzən görmürəm.
Mənim
baldızım Vinoqradov
stansiyasında qardaşının
yanındadır. Kağız yazdım
ki, gəlsin. Çox tərbiyəli və gözəl bir qızdır. Tibb İnstitutunun
ikinci kursunda oxuyur. Gəlsin, səninlə tanış
edim, bəlkə ondan ilham ala biləsən...
Mühəndis
məni baldızı
ilə tanış
etdi. Qızın adı Varya
idi. Bir yerdə çay içdikdən sonra mühəndis gülə-gülə
dedi: "Cavan şair, qalx, Varyaya parkımızı göstər, gedin, gəzin"- dedi.
İyirmi gün o qız ilə səmimi bir dost kimi gəzib-dolaşdıq.
Varyanın kəskin ağlı, məntiqi, dərin mühakiməsi məni heyrətdə qoymuşdu...
Ayrılmaq zamanımız gəlmişdi.
Mən Bakıya, onlar Novorossiyskiyə getməli idi. Mühəndisin təşviqi ilə
Varya mənim otağıma gəlib xatirə üçün
ona bir şeir
yazmağımı xahiş
etdi. "Mən Azərbaycan dilində şeir yazıram. O da sənə bir xeyir verməz"-deyə cavab verdim. O, rusca bir şeir yazmağımı
təkidlə xahiş
etdi. Birinci dəfə olaraq
rus dilində şeir yazmağı sınaqdan keçirmək
istədim. Varyanın çox
ağıllı, göy
və parlaq gözləri xoşuma gəlirdi. Bu gözlər mənim ilk dəfə rus dilində yazdığım
şeirin mövzusu oldu.
İkinci dəfə ailə həyatı qurdu
1920-ci ildə inqilab günlərində mənim
ailə həyatımda
da bir inqilab
oldu. Denikinin Dərbəndə olan aramsız, qanlı hücumlarından
qaçqın düşüb
Bakıya sığınmış
tərbiyəli, ziyalı
ailəsindən olan bir qızla evləndim. Bu, Dərbənd ziyalılarından
Əhməd bəy Mirzəbəyovun qızı
Şahzadə xanım
idi. Təbiətimcə olan, yüksək
əxlaqi, insani sifətlərə malik olan həyat yoldaşımın yaradıcı
əlləri, qayğısı,
tükənməz zəhməti
sayəsində arzu etdiyim bir ailə
qurdum. Ədəbi, pedaqoji fəaliyyətim
birə-iki qat qüvvətləndi. Kiçiklikdən sevdiyim ailə həyatı sanki yenidən doğdu. Ata oldum. Ətrafım şən səslərlə
doldu.
Övlad itkisi...
O, iki aydan bəridir ki, amansız
bir xəstəliyin yırtıcı pəncəsi altında
inil-inil inləyir. Avqustun yaxıcı şölələri
içində gündən- günə mum kimi əriyib
sönməkdə davam edirdi. Hər gün öpə-öpə
qoxladığım o lətif, pəmbə yanaqları,
qöncə dodaqları, xəzan vurmuş çiçək
kimi solmuş, iri qara gözləri
çuxurlanmışdı.
Üç gün əvvəl həyata
qədəm qoyan oğlum Kamal ilə xəstə anası
yatdığı otaqda son dəqiqələrini keçirməkdə
olan xəstə yavrunu-Altunsaçımı qollarım üzərində,
açıq pəncərə qarşısında sərinlədirdim.
Onun zərif və solğun vücudu ölümlə pəncələşərək
tez-tez dərindən nəfəs alırdı. Müdhiş
bir iztirab və həyəcan içində
çırpınaraq, kiçik başı ilə gah masa
üzərində yastıq üzərinə qoymağa, gah da
sərinləmək üçün pəncərə qarşısına
gətirməyə işarə edirdi.
Sonuncu dəfə olaraq etdiyi
işarəyə görə onu götürüb masa üzərindəki
yastıq üzərinə qoyaraq ayrılıq
zamanının çatdığını duyan dərdli bir
ata qəlbilə gözlərimi ona dikərək qaldım. O,
açılmamış yeni qönçə, o yeni, şən
həyatım bizə vida edirdi. Kamalın artıq həyata
atılması ilə böyük bayram şənliyi ilə
canlanan evimizə matəm kədəri
çökürdü. Birdən-birə o, gözlərini dərin
bir iztirab və həyəcan içində oynatdı, sağ
ayağını çəkdi, uzatdı, iki qolu iki quş
qanadı kimi çırpındı. Ağzını bir dəfə
açaraq canını təslim etdi. Ömrümün ilk məhsulu
olan sevgili qızım əlimdən getdi...
Ədalət.-2012.-31
may.-S.8.