BİR QOM TƏBƏSSÜM

 

  "Gülüşün göyqurşağı" kitabının müəllifinə...

 

  Hərdən tez-tez eşitdiyim və bəzən özümün də təkrar etdiyim bir fikrə gün işığı kimi inanmaq istəyirəm. Çünki gün işığı göz önündə bir gerçəklikdi... Mən də, sən də, bütövlükdə görmək imkanı olan hər kəs də onu görür, onu tanıyır, ona sığınır və ondan isinir. Təbii ki, dünyaya ürəyi ilə baxanlar da mənim bu saydıqlarımı rahatca yaşayırlar. Deməli, bizim xalqımız barəsində səsləndirilən "şair xalq" ifadəsi bu məqamda öz təsdiqini tapır. Ən azı ona görə ki, məmləkətin qəzet bolluğunda, söz azadlığının nəşriyyat-poliqrafiya sahəsində kifayət qədər at oynatdığı bir anda göz önünə gətirdiyimiz çeşid-çeşid, cild-cild kitablar buna bir sübutdur. Lakin...

   Həyatda gerçəkliyin bir adı var. O da təkcə olmaq deyil, həm də olduğun kimi qəbul edilməkdir. Yəni həmin o cild-cild, çeşid-çeşid kitabların rəflərdə yer tutması heç də o demək deyil ki, bunlar hamısı kitabdır və bunlar hamısı var. Mən belə düşünürəm ki, həmin o kitab bolluğunun içərisində çox vacib bir amil mütləq olmalıdır. O da həmin o bolluğa oxucu marağı və bir də o bolluğun içərisində heç olmasa zaman-zaman yaşayacaq bir söz, bir cümlə, bir sətir, bir fikrin olmasıdır. Bax, oxucu diqqəti ilə yaşayacaq bir sözün olması mənim anlamımda kitabın varlığı deməkdir, onun real olması deməkdir. Təəssüf ki, bu günümüzdə kitab nəşri ilə, ümumiyyətlə kitab çap etdirmək və bununla da özünü yazıçı ədası ilə ictimaiyyətə tanıtmaq istəyi bir növ xəstəliyə çevrilib. Özü də elə bir xəstəliyə ki, kağız və qələmin çörəkdən ucuz olması onun daha sürətlə yayılmasına səbəb olub. Ancaq...

   Bir məqamı etiraf etməliyəm. Bəzən elə kitabla, elə qəzet, jurnal yazısı ilə qarşılaşıram ki, doğrudan-doğruya məni maraq bürüyür, o kitabın, o yazının, sözün müəllifini axtarıram. Çünki o kitabın, o sözün sahibi qələmi ilə məni özünə çəkir. Xüsusilə sözdəki, kitabdakı səmimiyyət, təqdim olunan yazının ütüsüz olması və bir də inandırıcı çalarlar... Mənim üçün həmin söz adamının cəmiyyətdəki yeri, maddi durumu o qədər də önməli deyil. Bəzən heç həmin o söz sahibini tanımaq imkanı da olmur, nə də qarşılaşmıram da. Ancaq onun sözü mənimlə qalır, bir az mənimkiləşir və mən də yeri, məqamı gələndə həmin o sözü ortalığa çıxarıram, onun sahibinin qələmi barəsində fikirlərimi söyləyirəm. Bax, indi haqqında danışmaq istədiyim kitab da mənim üçün həmin o maraq dairəmin aurasında olanlardandı və mən "Gülüşün göyqurşağı" kitabındakı əhvalat-hekayələrin bir çoxunu dostlardan, eləcə də onu qələmə alanın dilindən müxtəlif məqamlarda eşitmişdim. Ona görə də həmin o eşitdiklərimin daha böyük toplusunu əldə edəndə səmimi etiraf edim ki, mənə çox xoş oldu. Özü də iki səbəbdən. Birincisi, bu kitabın müəllifi öz ziyalılığı ilə cəmiyyətdə kifayət qədər tanınır və bu tanınan insan masamızın üzərinə qoyduğu kitabı ilə yazıçı olmaq istəyini ifadə etmir. Sadəcə kifayət qədər mükəmməl bir şəkildə yazmağı bacardığını göstərir. İkincisi, bu kitabdakı hekayə-rəvayətlər müəllifin şəxsi həyatının, fəaliyyətinin müxtəlif anlarıdır. Özü də elə anlardır ki, adam bəzən özünü həmin anların içərisində görür, həmin yazının daxilində bir növ iştirakçıya çevrilir.

   "Gülüşün göyqurşağı" kitabına ön söz yazmış şair dostum Qulu Ağsəsin bütün fikirləri ilə razılaşsam da, onun son cümləsinə xüsusi bir təşəkkürlə yanaşıram. Çünki Qulu Ağsəs kifayət qədər dəqiq bir nişançı olduğunu həmin o cümlə ilə mənə və eləcə də digər oxuculara sübut edir. Qulu Ağsəs yazır:

   - BU KİTAB BİR NƏĞMƏDİR: ŞAHİN NƏĞMƏSİ...

   Doğrudan da bu kitab bir ziyalının həyatının müəyyən məqamlarının zümzüməsi, pıçıltısı, lap loru dildə desəm, söz boğçasıdır. Müəllif Şahin Rüstəmov həmin o söz boğçasının bir hissəsini, bir xışmasını götürüb səpib vərəqlərin üstünə. Dəyərli oxucu da həmin o bir xışma sözün-söhbətin içində təkcə gülümsəmir, həm də öz başına gələnləri, özünün şahidi olduqlarını da xatırlayıb oxşarlıq axtarır, paralellər axtarır. Zənnimcə bu, elə Şahin nəğməsinin bir qom Şahin gülüşünə çevrilməsidir.

   "Gülüşün göyqurşağı" kitabı təqribən 20-25 hekayə-rəvayətdən ibarətdir. Bu hekayə-rəvayətlərin personajları əslində tanıdığınız, gördüyünüz, bizim həndəvərimizdə olan insanlardı. Sadəcə, həmin insanlar bizim üçün bir az mücərrət, qapalı idi. kitabın müəllifi özünün ustalığı, yəni özünəməxsus yanaşması ilə məhz özünün tanıdığı adamların fonunda bizə də, bizim tanıdıqlarımızı gerçəkcəsinə təqdim edir. Yəni biz əslində guya tanıdığımız, amma məhz "Gülüşün göyqurşağı" hesabına iç dünyasına daxil ola bildiyimiz adamları yenidən kəşf edirik, yenidən həqiqi mənada tanıyırıq.

   Bu kitabda hər bir hekayə, əhvalat özü-özlüyündə təbəssüm doğurur, düşündürür və bir az da oxucunu çox qısa, cəmi bir-iki vərəqlik yazı ilə böyük mənaları, həyat gerçəkliklərini dərk etməyə, anlamağa istiqamətləndirir. Mənə elə gəlir ki, bu kitab özünün yumoru və bir də təqdimat üslubu ilə çox uğurlu bir gülüş, təbəssüm qomudur. Sadəcə onu bənövşə kimi qoxulamalı, söz kimi duymalı, fikir kimi iç dünyanın süzgəcindən keçirməlisən. Bax onda bir qom təbəssümün mahiyyətinə rahatca vara bilərsən. Və...

   Və sonda mən Şahin Rüstəmovun, yəni Azərbaycan ədəbi sözünün, qələm adamlarının hər birinin ayrı-ayrılıqda yazı-pozusuna dəyər verən bir ziyalının "Gülüşün göyqurşağı"nı kitab dünyamıza "xoş gəldin" deyə salamlayır və bir oxucu kimi bu bir qom təbəssümü dəyərli söz hədiyyəsi hesab edirəm.

  

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-1 noyabr.-S.4.