İŞIQLI
ŞƏXSİYYƏT
Əbdülrəhim Məmmədov
haqqında xatirə yazmaq mənim üçün həm
çətin, həm də şərəflidi.
Çətindi ona görə ki, Əbdülrəhim
Məmmədov Nuxa şəhər partiya komitəsinin birinci
katibi vəzifəsində işlərkən mən orta məktəbin
ibtidai sinfində oxumaqla, pioner sıralarına, sonralar isə
komsomol sıralarına yenicə qəbul olunmuşdum.
Başqa sözlə, mən Əbdülrəhim müəllimin
yaşıdı olmamışdım, aramızda yaş fərqi
çox idi.
Bu gün mən Əbdülrəhim
müəllim barəsində xatirə yazarkən
uşaqlıq və yeniyetməlik illərimin yaddaşına,
xüsusilə də, mərhum atam Qurban müəllimin Əbdülrəhim
müəllim barədə dediklərinə əsaslanmışam.
Əbdülrəhim müəllim
barəsində xatirə yazmaq ona görə mənim
üçün şərəflidir ki, çox sonralar mən
Əbdülrəhim müəllimlə yaxından
tanış olanda bu böyük şəxsiyyətin əsl dəyərini
və onun həqiqətən böyük ictimai xadim
olmasını bir daha dərk etdim.
Orta məktəbin, təxminən,
beşinci, yaxud altıncı sinfində oxuyurdum və vaxtilə
deyildiyi kimi, Lenin adına pioner təşkilatının
üzvi idim. Hazırda Azərbaycan Respublikası 18 oktyabr
1991-ci il tarixdə öz tarixi dövlət müstəqilliyini
bərpa etdikdən sonra ölkəmizdə belə bir qurum
yoxdur. Lakin o dövrün uşaqları, gəncləri pioner
təşkilatının nə olmağını
yaxşı bilirdilər.
Yaxşı yadımda qalmayıb.
Həmin illərdə, təxminən, 1960-1961-ci illər
olardı. Nuxa rayonu üzrə (indiki Şəki rayonu üzrə-İ.A.)
pioner təşkilatının hansısa tədbiri idi. həmin
tədbirdə mən də əlaçı və ictimaiyyətçı
şagird kimi iştirak edirdim. Tədbirin sonunda bir qrup
şagirdlə bərabər mənə də əlaçı
və məktəbin ictimai işlərində fəal
iştirak edən şagird kimi rayon komsomol komitəsinin fəxri
fərmanı təqdim edildi. Orada bizə məlum oldu ki, fəxri
fərmanı təqdim edən rayon partiya komitəsinin birinci
katibi Əbdülrəhim Məmmədovdur.
Fəxri fərmanı təqdim
edilmə mərasimində soyadım və adım elan edilərkən
Əbdülrəhim Məmmədov diqqətlə mənə
baxdı və məndən soruşdu:
-Sən Qurban müəllimin oğlusan?
Cavab verdim:
-Bəli, Abbasov Qurban müəllimin
oğluyam.
Bundan sonra Ə.Məmmədov mənimlə
də səmimi görüşdü və fəxri fərmanı
mənə təqdim etdi.
Axşam mən bu əhvalatı
atama danışdım. O, gülümsədi və bildirdi ki,
Əbdülrəhim müəllim vaxtilə Nuxa Pedaqoji
Texnikumunda oxumuş, əlaçı tələbə
olmuş və texnikumun ictimai işlərində də fəal
iştirak etmişdi. Atam Qurban müəllim həmin texnikumda
müəllim işləmişdir, o, danışırdı
ki, Əbdülrəhim müəllim hələ texnikumda
oxuyarkən özünü zəhmətsevər, bilikli tələbə,
bacarıqlı təşkilatçı kimi tanıda
bilmişdir. Atam Əbdülrəhim Məmmədov haqqında
daha bir sıra xoş sözlər dedi və evimizdə olan
Şəki Pedaqoji Texnikumunun məzunlarının
vinetkalarından birində olan Ə.Məmmədovun foto-şəklini
mənə göstərib, dedi ki, bax, Əbdülrəhim Məmmədov
texnikumun ən fəal tələbələrindən biri
olmuşdur.
1960 və ya 1961-ci il olardı. Azərbaycan
milli dramaturgiyasının banisi, dünya şöhrətli
filosof, mütəffəkir yazıçı və şair,
görkəmli dövlət xadimi M.F.Axundovun anadan
olmasının 150 illiyi münasibətilə yubiley tədbirlərinə
geniş hazırlıq işləri görülürdü. Təbii
ki, bu işlərə rayon partiya komitəsinin birinci katibi kimi
Əbdülrəhim Məmmədov şəxsən rəhbərlik
edirdi. Şəki şəhərində o zamankı Lenin
prospekti (hazırda həmin prospekt Məmmədəmin Rəsulzadə
prospekti adlanır-İ.A.) ən uzun prospektlərdən biri
idi, lakin 7 N-li məktəbdən başlamış şəhər
mərkəzinə doğru prospekt bir sıra yerlərdə,
xüsusilə, darısqal idi. Ona görə də prospektin bu
hissəsində əsaslı yenidənqurma işləri
aparıldı, bir sıra şəxsi evlərin sökülməsi
hesabına prospektin bu hissəsi nisbətən genişləndirildi,
küçənin ətrafında ağaclar əkildi.
Hazırda həmin ağacların artıq az qala yarıməsrlik
tarixi vardı. Yaxşı yadımdadır ki, həmin
ağacların budaqlarını, təxminən, on-on beş
il bundan əvvəl budamaqla, başqa sözlə, bu
ağacların ömrünü xeyli uzatmışlar.
Səhv eləmirəmsə, həmin
yubiley ərəfəsində şəhərin mərkəzində
M.F.Axundov adına kino-teatrın binasının
açılışı da oldu. Kino-teatrın
qabağında M.F.Axundovun əzəmətli büstü də
qoyuldu. Həmin yer el arasında "Berjin qabağı"
adlanırdı. Sən demə, atamın deməyinə
görə həmin yerdə vaxtilə müxtəlif
birjaların mağazaları yerləşmişdi. Yenidənqurma
işləri ilə əlaqədar köhnə
mağazaların hamısı söküldü və
kino-teatrın qarşısı açıldı və həmin
yerdə bəzək ağacları əkildi,
yaşıllıqlar salındı. Onu da deyim ki, həmin birja
mağazalarının mövcudluğu mənim yadıma gəlir.
M.F.Axundovun yubiley tədbirləri
ilə əlaqədar Şəki şəhərinə xarici
ölkələrdən çoxsaylı qonaqlar da gəlmişdilər.
Lakin həmin vaxt Şəkidə böyük tədbirlərin
keçirilməsi üçün iri konfrans zalı yox idi.
Amma o yadımdadır ki, yekun yubiley tədbiri Şəki
İpəkçilik Birliyinin akt zalında keçirildi.
Valideynlərimin deməyinə görə M.F.Axundovun
komediyalarından birinin də məhz həmin yerdə ilk
tamaşası olub.
Təbii ki, uşaq olduğuma
görə mən həmin vaxt yubiley tədbirlərində
iştirak etmirdim, lakin atamın deməyinə görə
yubiley tədbirləri yüksək səviyyədə
keçirilmişdi və qonaqlar, o cümlədən
keçmiş SSRİ-nin müxtəlif yerlərindən və
xarici ölkələrdən gələn qonaqlar yubiley tədbirlərinin
keçirilməsi səviyyəsindən çox razı
qalmışdılar. Bu həm də həmin vaxt rayon partiya
komitəsinə rəhbərlik etmiş Əbdülrəhim Məmmədovun
böyük təşkilatçılıq qabiliyyətinə
dəlalət edirdi.
Təxminən, 1963 və ya
1964-cü ilin əvvəlləri idi. Bu o dövr idi ki,
keçmiş Sov.İKP-nin (keçmiş Sovet
İttifaqı Komunist Partiyası nəzərdə tutulur-İ.A.)
XXII qurultayın qərarlarına müvafiq olaraq artıq
İ.Stalinin nəşi Moskvada movzeleydən götürülərək,
Kreml divarları önündə torpağa
tapşırılmışdı. Hələ bundan əvvəl
Sov.İKP-nin XX qurultayında İ.Stalinin şəxsiyyətə
pərəstişi ciddi tənqid olunmuş və qurultay onun zərərli
nəticələrinin artadan qaldırılması haqqında
müvafiq qərar qəbul etmişdi. Məhz bu da Sov.İKP
MK ilə Çin Komunist Partiyası rəhbərliyi
arasında münasibətlərin pozulmasına səbəb
olmuşdu. Bu zəmində yaranmış ziddiyyətlər isə
1963-1964-cü illərdə daha ciddi şəkil
almışdı. Ona görə də həmin illərdə
Sov.İKP MK ilə Çin Komunist Partiyası rəhbərliyi
arasında ciddi ixtilaflar yaranmış və Sov.İKP MK 14
iyul 1963-cü ildə bütün partiya təşkilatlarına
açıq məktub göndərilmişdi. Bu müraciət
isə çin-sovet münasibətlərini daha da kəskinləşdirməklə,
son həddə çatdırmışdı. Ona görə
də həmin illərdə ölkə üzrə
(keçmiş Sovetlər ölkəsi nəzərdə
tutulur-İ.A.) bütün rayon(şəhər) partiya komitələrində
çin-sovet münasibətlərinə həsr olunmuş
plenumlar keçirilirdi. Bu məsələ həmin dövrlərdə
rayon(şəhər) komsomol komitələrinin də plenum
iclaslarında müzakirə predmeti olurdu. Həmin vaxt mən
oxuduğum Şəki şəhər Nizami adına 7 N-li orta
məktəbin müəllim-şagird birləşmiş ilk
komsomol təşkilatının katibi seçilmişdim. Rayon
komsomol komitəsindən xəbər verdilər ki, səhər
saat 11-də rayon partiya komitəsinin iclas salonunda rayon komsomol
komitəsinin plenumu olacaq və məruzəni rayon partiya komitəsinin
birinci katibi Əbdülrəhim Məmmədov edəcəkdir.
Səhəri gün mən və
plenuma dəvət olunan məktəb şagirdləri ilə bərabər
rayon partiya komitəsinin iclas salonunda olduq. O zamanlar binanın
birinci mərtəbəsində rayon komsomol komitəsi,
ikinci-üçüncü mərtəbədə isə
rayon partiya komitəsi yerləşirdi. Plenum gündüz saat
11-də də başladı. Məruzəni rayon partiya komitəsinin
birinci katibi Əbdülrəhim Məmmədov etdi. Əbdülrəhim
Məmmədov, təxminən, saatyarım çin-sovet
münasibətlərindən, Sov.İKP MK ilə Çin
Komunist Partiyasının rəhbərliyi arasında
yaranmış kəskin ixtilaflardan danışdı. Ə.Məmmədov
bu işdə Çin Komunist Partiyası rəhbərliyinin
orqanı olan "Jenmin jibao" qəzetinin fəaliyyətini
də kəskin tənqid etdi.
Həmin plenumda mənim
üçün maraqlı olan nə idi?! Əbdülrəhim
Məmmədov heç vaxt yerli ləhcədə
danışmırdı. O, çox ədəbi dildə
danışır və heç vaxt da məruzəni
üzündən oxumurdu. Təxminən, saatyarım ərzində
o, məruzəni oxumadan, sadəcə məruzəni vərəqləməklə,
şifahi olaraq, yüksək ədəbi dildə
çin-sovet münasibətlərindən, çin-sovet
münasibətlərinin pisləşməsinin səbəblərindən
danışdı. Əbdülrəhim Məmmədovun yerli ləhcədə
deyil, yüksək ədəbi dildə, özü də
yazılı məruzəni oxumadan, saatyarım
çıxış etməsini axşam evdə atama
danışdım. Atam dedi ki, Əbdülrəhim Məmmədov
elə texnikumda oxuyanda da heç vaxt yerli ləhcədə
danışmırdı. Atam onu da əlavə etdi ki, Əbdülrəhim
Məmmədov çox istedadlı tələbə idi.
Artıq mən Azərbaycan
Dövlət Universitetinin (indiki BDU-nun-İ.A.) Hüquq
fakültəsinin II kursunda oxuyurdum. Onda eşitdim ki, Şəki
rayon partiya komitəsinin rəhbərliyi dəyişdirilib və
Əbdülrəhim Məmmədov keçmiş Azərbaycan
SSR Nazirlər Sovetinin Sovet orqanları şöbəsinə
işə dəyişdirilib.
Təxminən, 1983 və ya
1984-cü il olardı. Mən o zamankı Qutqaşen rayon
(indiki Qəbələ rayonu-İ.A.) prokuroru vəzifəsində
işləyirdim. Rayon partiya komitəsinin katibi vəzifəsinə,
həmin vəzifə üçün nisbətən cavan
hesab edilən, Ələddin Qurbanov seçilmişdi. Rayon
Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində
isə həmin vəzifə üçün çox cavan
hesab edilən bir nəfər işləyirdi.
Günlərin birində Ələddin
Qurbanov məni rayon partiya komitəsinə dəvət etdi və
bildirdi ki, rayon XDS İcraiyyə Komitəsinin sədrinin fəaliyyətindən
çoxsaylı şikayətlər gəlir, hələ bu
azmış kimi şikayətlərin bir hissəsi Bakıdan
mərkəzi təşkilatlardan gəlir, XDS İcraiyyə
Komitəsinin sədri vətəndaşlara həyətyanı
torpaq sahələrinin verilməsində, vətəndaşlara
avtomobil satışı bölgüsündə,
qanunçuluğun möhkəmləndirilməsi işində
çoxsaylı qanunsuzluq və sui-istifadə hallarına yol
verir. Sonda birinci katib mənə tapşırıq verdi ki,
rayon XDS İcraiyyə Komitəsinin bu sahədəki fəaliyyətini
yoxlayıb, rayon partiya komitəsinə arayış verim.
Birinci katibin
tapşırığına əsasən bu məsələni
prokurorluğun iş planınına daxil edib, yoxladım.
Yoxlama zamanı bu sahədə çoxsaylı kobud qanun
pozuntuları və ciddi nöqsanlar aşkar edildi. Yoxlama nəticəsinə
dair rayon partiya komitəsinə, səhv etmirəmsə, 8 vərəqəlik
arayış təqdim etdim.
Aradan bir az keçmişdi ki, rayon
partiya komitəsinin ümumi şöbəsinin müdiri Əliş
müəllim mənə zəng edib, telefonla bildirdi ki,
Bakıdan Nazirlər Sovetindən qonaqlarımız var, səni
görmək istəyirlər. Rayon partiya komitəsinə gəldikdə,
aydın oldu ki, məni görmək istəyən həmin
qonaqlar keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Sovet
orqanları şöbəsinin iki nəfər məsul
işçisidir. Onlardan biri məhz Əbdülrəhim Məmmədov
idi, digər qonaq isə yenə həmin şöbənin
işçisi, səhv etmirəmsə, Həsən Əliyev
idi. Mən Əbdülrəhim Məmmədovu görən
kimi tanıdım. Əbdülrəhim Məmmədov mənimlə
çox mehriban görüşüb, onunla Bakıdan gəlmiş
Həsən Əliyevə təqdim etdi. Təbii ki, mən
qonaqların gəlişinin məqsədini soruşdum. Əbdülrəhim
Məmmədov dedi ki, bizi bura rayon XDS İcraiyyə Komitəsinin
fəaliyyətini kompleks yoxlamaq üçün göndəriblər.
Orada mənə aydın oldu ki,
Bakıdan gələnlərdən Həsən Əliyev vaxtilə
Ağdam rayon partiya komitəsinin birinci katibi işləmişdi,
səhv etmirəmsə, coğrafiya elmləri namizədi idi. Əbdülrəhim
Məmmədovun söhbətlərinə görə Həsən
Əliyev Ağdam rayon partiya komitəsinin birinci katibi vəzifəsində
çox ləyaqətlə işləmişdi, çox təmiz
və vicdanlı adam idi. Yaxşı yadımda qalmayıb, Həsən
Əliyev həmin vaxtlar Nazirlər Sovetində işləyirdi,
yaxud bu yoxlamaya ictimai əsaslarla cəlb edilmişdi.
Mən Əbdülrəhim Məmmədovdan
rayonda neçə gün qalacaqlarını soruşdum. Əbdülrəhim
Məmmədov bildirdi ki, burada onların 5-6 günlük
işləri var. Əbdülrəhim Məmmədova bildirdim
ki, mən sizə mane olmayacağam, ancaq işdən sonra mənim
qonağım olacaqsınız. O, mənim bu təklifimdən
çox razı qaldı və Həsən Əliyevə dedi
ki, biz hər gün işdən sonra prokurorun qonağı
olacağıq.
Ona görə də mən hər
gün işdən sonra Əbdülrəhim müəllim və
Həsən müəllimlə görüşürdüm. Əbdülrəhim
müəllim bir dəfə belə görüşdə mənə
dedi ki, deyəsən prokurorluq da rayon XDS İcraiyyə Komitəsinin
fəaliyyətini yoxlayıb. Bildirdim ki, prokurorluq rayon XDS
İcraiyyə Komitəsinin yalnız vətəndaşlara həyətyanı
torpaq sahələrinin verilməsində, vətəndaşlara
avtomobil satışı bölgüsündə,
qanunçuluğun möhkəmləndirilməsi işindəki
fəaliyyətini yoxlayıb, bu sahədə çoxsaylı
qanunsuzluq və sui-istifadə hallarına yol verilməsini
aşkar edib, bu haqda rayon partiya komitəsinə müvafiq
arayış vermişdi. Ə.Məmmədov söhbət əsnasında
bildirdi ki, arayışla tanışdır, ciddi qanunsuzluq və
nöqsanlar aşkar etmisiniz.
Əbdülrəhim Məmmədov
və Həsən Əliyevlə hər görüş mənim
üçün əlamətdar və maraqlı idi. Bu
görüşlər zamanı biz keçmişləri yada
salır və müxtəlif xarakterli məsələlər
barəsində fikir bölüşürdük.
Bakıdan gəlmiş Əbdülrəhim
Məmmədov və Həsən Əliyevin ezamiyyə
müddətləri bitdikdən sonra onlar Bakıya
qayıtdılar. Təxminən, 20-25 gündən sonra rayon
XDS İcraiyyə Komitəsinin fəaliyyətinin kompleks
yoxlanılması haqda keçmiş Azərbaycan SSR Nazirlər
Sovetindən daxil olmuş arayış və rayon
prokurorluğunun müvafiq arayışı rayon partiya komitəsinin
büro iclasında geniş müzakirə edilərək,
rayon XDS İcraiyyə Komitəsinin sədri işində kobud
qanunsuzluq və nöqsanlara yol verdiyinə görə
tutduğu vəzifəsindən azad edilərək, ciddi partiya
məsuliyyətinə cəlb edildi. Rayon XDS İcraiyyə
Komitəsinin rəhbərliyi yeni kadrla möhkəmləndirildi.
1994-cü ildə artıq mən
Azərbaycan Respublikası Prokurorluğunun Mərkəzi
Aparatına işə dəyişdirildim. Həmin dövrdə
müəyyən tədbirlərdə Əbdülrəhim Məmmədovla
görüşürdüm. Onun söhbətlərinə
qulaq asmaq, məsləhətlərini eşitmək mənim
üçün də xoş idi.
Sonralar mən Ədliyyə
Nazirliyinə işə dəyişdirilərkən Əbdülrəhim
Məmmədovun kiçik oğlu Azərlə də
tanış oldum. O da hazırda Ədliyyə Nazirliyində
böyük mütəxəssis vəzifəsində işləyir.
Mən Bakıya işə dəyişiləndən sonra Əbdülrəhim
Məmmədovun məndən altı yaş balaca olan oğlu
İbrahimlə də tanış oldum. O, isə hazırda Azərbaycan
Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyətlə məşğuldur,
geologiya-mineralogiya elmləri üzrə fəlsəfə
doktoru, dosentdir. Digər uşaqları ilə tanış
deyiləm. Lakin elə yalnız İbrahim və Azərin
davranışları və tərbiyəsinə əsasən
belə nəticəyə gəlmək olar ki, Əbdülrəhim
Məmmədov mehriban ata, gözəl ailə
başçısı olmuşdur.
Əbdülrəhim Məmmədov
1959-1967-ci illərdə Azərbaycan KP Nuxa şəhər
komitəsinin birinci katibi vəzifəsində 34-42
yaşlarında, başqa sözlə, çox cavan
yaşlarında Nuxa şəhər partiya komitəsinə rəhbərlik
etmişdi. Bu isə onun yüksək təşkilatçılıq
qabiliyyəti, geniş biliyi və
dünyagörüşü olmasına dəlalət edirdi.
Allah
Əbdülrəhim Məmmədova qəni-qəni rəhmət
eləsin.
İlham
Abbasov,
Ədliyyə
Nazirliyi Ədliyyə
Akademiyasının
prorektoru
Ədalət.-2012.-1
noyabr.-S.5.