"Biz bütün bu mərhələləri, içimizdən keçiririk"
Qismət:
"Müasir dövrdə şeirin oxucuları, şeirin
fədailəridir"
Bu müsahibəni təxminən
iki il əvvəl, yağışlı bir gündə, şəhərin
ucuz kafelərinin birində almışam. Tam olaraq heç
yanda çap olunmayıb. Çünki, tam olaraq yazmağa həvəsim
olmayıb. Bu günlərdə arxivimdən
yarımçıq müsahibəni və səs
yazısını tapdım.
Qismət bundan sonra müsahibə
verməyəcəyini, ədəbi mühitdən nisbətən
kənar gəzəcəyini bəyan etdiyi üçün bu
yarımçıq müsahibəni tamamlayıb sizlərə
təqdim edirəm.
-Qismət, istəyirəm maraqsız bir suala cavab verəsən.
Şair müsahibə verməlidirmi?
-Şair müsahibə verməlidir.
Məsələn, elə şairlər var ki, onların irfani
tərəfləri var. Şeirdəki bu qatları açmaq
üçün onun danışmağına da ehtiyac var. Nəsr
yazıldıqdan sonra onun haqqında resenziyalar yazılır,
yazıçı özü istəməsə də onun
yazdıqları haqqında izah edici yazılar yazılır.
Şeir isə emosiya və ovqat məhsulu olduğu
üçün onun izahını şair verməlidir.
Dünya şeirində bu nümunə var. T.Elotun özü,
öz yazdığı şeirlərə şərhlər
yazır. Şair hiss edəndəki onun yazdıqları dəyərlidir,
onun izahına ehtiyac duyur. Müsahibələrlə şair
bir az da bu ehtiyacını ödəyir. Şair müsahibələrində
şeirlərindəki məqamları, ştrixləri izah etməli,
oxucuya bələdçilik etməlidir. Təbii ki, bu izahat
"bu şeiri belə başa düşün"
anlamında anlaşılmamalıdır.
-Sən
özün ehtiyac hiss edirsənmi yazdıqlarını şərh
etməyə?
-Bəzən hiss eliyirəm. Bu o
demək deyil ki, mən çox intellektual yazıram və
bunun şərhə ehtiyacı var. Bəzən istifadə elədiyim
obrazlar sistemi elə olur ki, onu mütləq oxucuya izah eləməliyəm.
Hərdən yunan mifindən, Misir mifindən hansısa bir
obrazı şeirə gətirəndə oxucunun bunu
yanlış anlamaması üçün, hansısa
müsahibədə, essedə bunu izah eləmək məcburiyyətində
qalırsan. Bu da çox cüzi hallarda olur.
-Şair yazdığını oxucuya hesablayıb
yazmalıdır, yoxsa öz daxili dünyasını, öz
içini yazmalıdır?
-Şair ilk növbədə
içini yazmalıdır. İndi elə bir dövrə gəlib
çıxmışıq ki, şairə münasibət
birmənalı olaraq pisdir. Şairin obrazı insanların
gözündə o qədər də yaxşı deyil.
Şeir bir az da ikinci plana keçib. "Bütün dünya
roman yazır" kimi bir fikir var. Biz bir az
emosiyalarımızı bir kənara atıb praqmatik
olmuşuq. Bu bir az da iqtisadiyyatla bağlıdır. Şeir
kitabları hər zaman az satılır. Məsələnin
marketinq tərəflərini, şeirin gözdən
düşməməsi üçün şeirin
reklamını, oxucuya sevdirilməsini də nəzərə
almalıyıq.
- Əvvəllər
şeirə kütləvi bir maraq var idi, indi isə bunun əksi
müşahidə olunur. Nə üçün bizdə
şeirə maraq bu qədər ölüb. Bu məsələdə
şairlərin günahı varmı?
- Şairlərin günahı var.
Düzdür, biz həmişə günahı ictimai-siyasi dəyişiklərin,
cəmiyyətin üzərinə atırıq. Ancaq bunun
birbaşa günahkarı şeiri yazanlar, yəni şairlərdir.
Şair obrazını şairlərin özü gözdən
salıb. Əvvəllər ən sevmədiyimiz şairin də
obrazı da oxucunun gözü qarşısında çox
yüksəkdə idi. Sonradan bu hörməti şairlər
özləri itirməyə başladılar. Çoxusu
düşünürdü ki, şair avara, bohem
olmalıdır, şairin həyat tərzi elə
olmalıdır ki, ondan mövzu çıxara bilsin. Şəxsiyyət
məsələsi arxa plana keçdi. Şairin həyat tərzində
elə məqamlar ola bilər ki, onu içindən
keçirsin və yazsın. Ancaq bu o demək deyil ki, şair
avara olmalıdır, düşkün həyat tərzi
keçirməlidir, bohem olmalıdır və sair. Zatən
bütün bunlar şairin həyat tərzinin içərisində
var. Amma bu məqamlar şair şəxsiyyətindən önə
keçməməlidir. Şairin bu obrazda təqdim edilməsində
televiziyalarımızın da günahı böyükdür.
Uzun illər təbliğat qalstuklu, ciddi görkəmli, amma
şair olmayan "şair"lərin üzərində
qurulması da şairlərin hörmətini, dəyərli
obrazını gözdən saldı. O qədər qeyri-ciddi
adamlara efirlərdə yer verdilər ki, insanlar bu obraza
alışdı. Belə qeyri-ciddi adamlardan sonra xalq
arasında belə bir deyim də yaranıb: "Şair Səməd
Vurğun idi." Yəni ki, adamlar üçün artıq
şairlik keçmiş zamanda olan bir anlayışdır.
-
Onda belə çıxır ki, şairlərimiz şeiri
gözdən salıb?
- Şeiri şairlər gözdən
salıb. Elə şairlərimiz var ki, onların kitabında
çox dəyərli, hadisə sayıla biləcək
şeirlər var. Ancaq onun həyat tərzi, obrazı elədir
ki, onu oxucuya yaxşı şair kimi təqdim eləmək
qeyri-mümkündür.
-
Şeiri oxucu gözündə ucaltmağın, şeiri
oxutmağın, sevdirməyin bir formulu mütləq
olmalıdır. Səncə nə edə bilərik ki,
şeiri sevdirək?
- Məncə KİV-lər,
xüsusilə televiziya burda önəmlidir. Çox adi bir
misal: Televiziyada reklam olunan camaşır tozunun reklamını
görən insanlar o camaşır tozunu almağa
üstünlük verir. Adamlar televiziyaya inanır. Televiziya isə
bizdə tez-tez səhv edir, bu inamdan istifadə eləyib
aldadır. Televiziyaya elə insanlar, elə şairlər
çıxarılmalıdır ki, o insanlar şeiri sevdirə,
ona maraq yarada bilsinlər. İnternet saytlarının da bu
baxımdan rolu böyükdür. Elektron mətbuatın
yaranmasından sonra hamı çap oluna bilirdi, amma bunun ən
yaxşısını seçmək keçdi ikinci plana.
Öz gündəliyinə, riyaziyyat dəftərinin
arxasına şeir yazan və onu saytda çap etdirən
adamın şeiri hansı məntiqlə seçilməlidir?
Oxucu necə ayırmalıdır yaxşı şeiri? Burda
görünür dəqiq bölgülər olmalıdır.
Başqa ədəbiyyatlarda bu bölgülər cərəyanlara
görə, "izmlərə" görə
aparılır. Hər cərəyanın öz liderləri
bilinir və fərqləndirilərək çap edilir. Ancaq
bizim ədəbiyyatda hər şey həlməşikdir. Biz
öz aramızda kimin hara aid olmasını, kimin nə
potensialda olmasını bilirik. Ancaq ümumilikdə sərhədlər
itib.
-
Maraqlıdır, Qismət yazanda özünü hansı
"izmin" içərisində görüb yazır? Ümumiyyətlə
yazı prosesində bunu düşünürsən, yoxsa
içindən gəldiyi kimi yazırsan?
- Mən yazanda özümü
hansısa "izmin", hansısa cərəyanın içərisində
görmürəm. Sadəcə oxuduqlarımdan,
düşündüklərimdən sonra gedib
çatdığım bir məqam olur. Ancaq mən şeirdə
"izm"ləri şərti hiss edirəm. Bu bölgü nəsrdə
daha aydındır, hansısa manifestasiyalar bəllidir. Ancaq
şeir yazanda düşünmək mümkün deyil ki, mənim
indiki ovqatım necədir. Şeir yazanda bilmək olmur ki, mənim ovqatım sürrealistdir,
realist və ya posmedernistdir. Ancaq belə düşünüb
yazanlar da var. Şeirdə söz özü adamı aparıb müəyyən
yerə çıxarır.
- Sən yazanda söz daha çox
səni hara aparıb çıxarır?
- Mənim şeirlərim daha çox modernizmə daha yaxındır. Daha çox forma xüsusiyyətlərinə görə,
forma oyunlarına getdiyim
yerlərdə modernizmə
yaxınam. Ancaq düşünürəm ki,
hərəsindən bir
az var. Bəzən çoxdan yazdığım,
indi bəyənmədiyim
mətnlərə baxanda
görürəm ki, orda modernist elementlər də, həddindən artıq köhnə görünə biləcək
simvolik elementlər də, özümə o qədər də yaxın hiss eləmədiyim
sürrealist elementlər
də var. Mən ümumiyyətlə yazanda
bunları fikirləşməmişəm,
sevdiyim şairlərdən,
oxuduğum mətnlərdən
gəlmə şeylər
olub. Nə zaman ki, modernizmi
oxuyub başa düşdüm o zaman anladım ki, daxilən bura daha çox yaxınam.
- İstəyirəm şeirimizdəki
simvollardan danışaq.
Klassik şeirimzdə
gül, bülbül,
yar, əğyar, həsrət, vüsal, hicran və sair simvollar istifadə olunub. Bəs elektronika əsrində, insan hisslərinin belə müasir texnologiyalarla uzlaşdığı bir
əsrdə müasir
şeirimizin simvollar aləmi necə olmalıdır və ya ümumiyyətlə olmalıdırmı?
- Mən fikirləşirəm ki, çağdaş dövrün
həyatımıza gətirdiyi
şeyləri kompleks halda obrazlara çevirmək lazımdır.
Bilirik ki, "Gül", "bülbül",
"qaşların kamandır"
və sair bənzətmələr orta
çağ düşüncəsinin
məhsuludur. Ahmet Hamdi Tanpınarın maraqlı bir məqaləsi var. O yazır
ki, "Orta çağda şairlər
daha çox saraya can atırdılar. Bunun isə əsas səbəbi o idi ki, saray
mühitində qəbul
olunan şair, aşağı mühitdə
də qəbul olunurdu. Digər tərəfdən bunun maddi təminat tərəfi də var idi. Bu dövr
şairlərinin bənzətmələri
də, simvolları da saray arsenalına
uyğun idi. Məsələn, əgər
bir gözəlin kirpiyini oxa bənzədirdilərsə,
bu hansısa əyanın əlindəki
oxa bənzətmədir.
Digər bənzətmələr
və simvollar da də saray
həyatından götürülür."
Məncə maraqlı
bir yozumdur. Klassik ədəbiyyatımızdakı
obrazlar sistemi istənilən halda sistemlidir. İstər dini mətnlər, istərsədə ədəbi
mətnlərdə klassik
şərq ədəbiyyatının
sistemli obrazları, simvolları var. Ancaq mənim də aid olunduğum, müasir dövrdə yazılan şeirlərdə sistemsizlik
nəzərə çarpır.
Müasir obrazların
ədəbiyyata gətirilməsi
çox vaxt uğursuz alınır. Bunun sistemini tapmalıyıq. Müasir
həyatımızdakı detalların,
məsələn telefon,
kontur, meqapolisin detalları şeirə necə gətirilməlidir?
Son vaxtlar bu barədə çox düşünürəm. Gözümüzə
nə göründü
şeirə gətirməklə
şeirin içində
insanı şeylərə
yer qalmaya bilər.
- Şeirin inkişaf yoluna nəzər salanda görürük ki, şeir daha
çox aristokratiya mühitində, şeiri, sənəti anlayanlar arasında sevilib. Şeirin öz oxucu çevrəsi olub. Ancaq ictimai
formasiyalar dəyişdikcə,
dövrünə görə
bizdə şeirin oxucu çevrəsi aristokratiyadan kütlə səviyyəsinə enib. Günümüzdə şeirin
oxucusu kimdir: aristokratiya, yoxsa kütlə?
- Müasir dövrdə şeirin oxucuları, şeirin fədailəridir. Əvvəllər
şeir daha çox şeiri anlayanlar, aristokratiya mühiti oxuyurdu. Hətta şeir oxumaq fəxr olunacaq bir məsələ
sayılırdı. Sonradan
şeir xalqın oldu. Hətta o qədər xalqın oldu ki, gözdən
düşdü. Müasir
dövrdə isə həm aristokratiyada, həm də xalq arasında şeir az oxunur.
Şeirin oxucuları fədailərdir. Mən inanmıram ki, aristokratiya şeiri sevmir. Xalq da
şeirdən uzaqdır.
Şeir yalnız fədailərin ümidindədir.
- Şeirin fədailərin ümidinə qalması da, şairinmi günahıdır?
- Demək olmaz ki, şeiri
hər zaman seviblər. Aristokratiya da, xalq da
şeiri müəyyən
qədər sevib. Xalq çox sevən də də, şeir düşüb meyxana səviyyəsinə. Görünür
burda da, şairləri günahkar görmək olmaz. Sosial şəbəkələrin
çox yayılmağı,
qloballaşma da şeirin gözdən düşməyinə gətirib
çıxarıb. Qloballaşmanın
sərhədlərinin genişlənməyi
bir o qədər də yaxşı deyil. Məsələn, hansısa həvəskar facebook-da özünə səhifə yaradır, şeir yazır və paylaşır. Onun şeirlərinə şərhlər yazılır,
"like" olunur və
o həvəslənir. Lakin
ən gözəl şeirini paylaşmış
peşəkara bir qədər soyuq yanaşanda onda ruh düşkünlüyü
yaranır.
- Dünya ədəbiyyatında
janrlar arasında sərhədlər itir. Bizdə isə hələki bu sərhədlər mümkün
qədər "qorunur".
Ədəbiyyatımızda, dünya təcrübəsində
şeirdən nəsrə
keçid normaldır.
Ancaq nədənsə,
nəsirdən şeirə
keçidə rastlanmır.
Bunun səbəbi nədir?
- Bu barədə mənim öz
düşüncələrim var. Bu barədə müəyyən qeydlərim
də var. Həm cərəyanlarla bağlı,
həm də "izm"lərlə bağlı
araşdırma aparıram.
Hamı yaradıcılığa
başlayanda şeirlə
başlayır. Bu insanın
yeniyetməlik dövrünə
təsadüf edir. Bir qıza aşiq
olursan, onunla dünyanı fəth edəcəyini düşünüb,
toz-pembe xəyallar qurursan. Elə bu yaş dövründə
romantik mahnılara qulaq asıb, şeirlər yazırsan. Yazar var ki,
bunu sonradan peşəkar şəkildə
inkişaf etdirib şeir yaradıcılığına
davam edir, yazar da var
özünün daha praqmatik olduğunu düşünüb nəsrə
keçir. İstənilən
halda şeir emosional, nəsr rasional məsələdir.
Şeirdən nəsrə
keçmək asandır.
Əgər sənin təfəkkürünün kordinatları
rasionaldırsa, nəsrdən
şeirə qayıtmaq,
rasionallıqdan emosianallığa
qayıtmaq çətin
məsələdir. Faktiki
olaraq mümkün deyil.
"İzm"lərlə
bağlı onu deyim ki, hər bir insan bu "izm"ləri
öz içindən keçirir. Biz uşaq
vaxtlarımızda, beşinci-altıncı siniflərdə
oxuyanda daha çox klassizmdə oluruq. Səliqəli geyinmək,
əlləri masanın üzərinə qoymaq və sair. Səkkizinci
sinifdən sonra bizim romantizm dövrümüz başlayır.
Özümüzü çağa
uyğunlaşdırmağa çalışdığımız
dövrlərdə bizim modernizm dövrümüz
başlayır. Dostlarla içki məclisləri, sərbəst
və azad davranışlar isə bizim postmodernizm
dövrümüzdür. İlk dəfə yas məclisində,
dəfndə iştirak edib dünyanın faniliyini dərk
etdiyimiz anlar bizim ekzistensializm dövrümüzdür. Biz
bütün bu mərhələləri, içimizdən
keçiririk.
Cəlil
Cavanşir
Ədalət.-2012.-1
noyabr.-S.6.