"Qrimdə
evə getdim, arvadım məni
tanımadı"
Əjdər Həmidov teatrda
Otello, Hamlet oynayan aktyorlardan deyil. Özünəməxsus xarakterik
kiçik obrazlar oynayır, amma...
- Yeni mövsümün tamaşalarını
məşq edirik. Həsən Həsənovun
"Brüsseldən məktublar " tamaşasında Nəcəf
rolunu oynayıram.
- Bu tamaşa bərpa olunur?
- Tamam yeni quruluşdur, rejissor, aktyorlar dəyişilib, amma bərpa demək də olar. Mən oynayacağım
rolu köhnə quruluşda Yaşar Nuri oynayıb. Axşam tamaşamdır, bir az əvvəl məşqdən
çıxmışam, çox
məşğulam, şükür
iş çoxdur. Dəvət olsa filmə də çəkilərdik.
- Sonuncu dəfə hansı filmə çəkilmisiniz,
Vaqif Mustafayevin son filminə?
- Yox, "Yoxlama"dan sonra telekanallarda da filmlərə çəkilmişəm.
İctimai televiziyada üç
filmə çəkilmişəm,
"Azarkeş", "Yaz
yuxuları", bir də "Məxfi
plan".
- "Məxfi plan" deyəsən Cahangir Mehdiyevin filmidir. Yeri gəlmişkən, o barədə danışaq,
sizi kinoya da ilk dəfə bu rejissor gətirib
"Kişi sözü"
filmi ilə?
- Sumqayıt teatrında işləyirdim.
Təsadüf həyatda çox
mətləbləri həll
edir. Bir gün Milli Dram Teatrına dostum Mərahim Fərzəlibəyovla
görüşməyə gəlmişdim, dedi ki, gözlə teatrın qarşısında,
indi gəlirəm. Durub gözləyirdim, gördüm
ki, bir nəfər
keçir, bu tərəfdən mənə
baxır, qayıdır
o tərəfdən baxır.
Mən də tanımıram, bilmirəm
bu adam
rejissordur, bir az acığıma gəldi. O, da gördü ki, qaş-qabağım zəhərə
döndü, gülümsəyib
yaxınlaşdı mənə.
Dedi ki, sizi filmə çəkmək istəyirəm,
gəlin kinostudiyaya. Ona qədər Cahangir "Evlənmək istəyirəm"
filmini çəkmişdi,
sözünü demiş
rejissor idi. Məni sınaq çəkilişlərinə
dəvət etdilər,
getdim gördüm ki, Qasım roluna sınağa gələn çoxdur.
Amma mən keçdim. "Kişi sözü"
filmi və Qasım rolu mənim kinoda vizit kartım oldu. Ondan sonra 21 filmə
çəkildim.
- Sonra Cahangir
Mehdiyevin başqa filmlərinə çəkilmisiniz,
yoxsa daha çox Vaqif Mustafayev sizdən yararlanıb?
- Cahangir
Mehdiyevin beş filminə çəkilmişəm.
"Kərgədan buynuzu"nda müstəntiq
Əsgərov obrazını
oynamışam. "Girişmə öldürər",
"Hacı Qara" filmlərində çəkilmişəm.
- "Hacı Qara" filmi on il fasilə
ilə çəkilib
başa çatdı...
- Hə, filmdə gənc oğlan obrazını oynayan aktyorlar artıq orta yaşa çatmışdılar,
filmin əvvəlinə
çəkildilər, axıra
çatanda yaşlandılar.
Məlik
Dadaşov artıq rəhmətə getmişdi.
Sponsorluq
edən bank iflasa uğradığından filmin
də başı bəlalı oldu, amma hər halda
çəkildi başa
çatdı, belə
bir film var. Cahangir Mehdiyevlə sonuncu filmimiz hələlik "Məxfi plan" olub.
Eyni vaxtda Vaqif Mustafayevin
filmlərinə çəkilmişəm.
"Yerlə göy arasında", "Hər
şey yaxşılığa
doğru", "Milli
bomba" , "Yoxlama". Sonuncu film mənim üçün
əsl kino məktəbi idi. Vaqif kimi rejissorla işləmək çox
çətindir, həm
də asandır.
Ona görə çətindir
ki, o peşəkardır.
Ona görə asandır ki, yenə o peşəkardır. Bir
dəfə Polşadan
gələn qrim ustası Tomas dedi ki, Vaqif kino
ustasıdır. O, kinodakı
işlərinə görə
"Oskar" alan adamdır, hər adama kino ustası
deməz. Doğrudur, iş prosesində
çox çətin
adamdır Vaqif Mustafayev, adama qışqırmağı da
var, amma kinonu bilir. Qışqırmasa,
bağrı partlayar, gərək qışqıra
ki, iş alına. İlk vaxtlar mənə
ağır gəlirdi
ki, bu niyə
bu mənə qışqırmalıdır, amma
sonralar gördüm ki, onun üstümüzə
qışqırmağı da işin xeyrinədi.
Ümumiyyətlə, rejissor elə
olmalıdır. Hələ
az qışqırır,
çox qışqırsa,
effekti daha böyük olar.
-
"Yoxlama"da üstəlik
saçınızı da
rənglətmişdi...
- O filmdə çox əziyyət çəkdim. Bir dəfə çəkilişdən
çıxıb teatrdan
məvacibimi almağa
gəldim, həmin qrimdə idim. Teatrın girişindən keçəndə
gözətçilər məni
saxladılar ki, hara gedirsiniz? Dedim mən Əjdərəm, təəccüblə
baxdılar üzümə,
dedilər az
qala tanımamışdıq
sizi. Getdim ki, teatrın
bufetinə çay içməyə, Sənubər
gördüm arxadan soruşur ki, bu kimdir bizim
bufetdə? Mən də
özüm məqsədli
şəkildə həmin
qrimlə evə getdim, evin xanımı
əlindən sinini saldı yerə, elə bildi ölüb-dirilib durmuşam
qarşısında. Filmdə tryukların
da çoxunu özüm eləmişdim.
Moskvada bu film Qran-pri aldı.
-
Teatrda o qədər də böyük rollarınız yoxdur, əsasən
kiçik obrazlardır...
- Bu fikirlə razılaşmaq da
olar, razılaşmamaq da. Mən oynadığım xarakterik
rollardır, belə rolları hər aktyor oynaya bilmir, hər
aktyora da qismət deyil xarakterik obrazlar. Kinonun imkanları
genişdir, teatrda aktyor kinoda olduğu qədər
tanımır. İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli
kimi nəhəng aktyorlar teatrda işləyiblər
ömür boyu, amma kinolarla tanınıblar. Həmçinin Əliağa
Ağayev. Filmə çəkilməsəydi, indi onu kim
tanıyardı? Heç kim. Hökümə Qurbanova teatrda həmişə
baş rollar oyanıb, filmə çox çəkilmədiyi
üçün indi xatırlanmır, tanımırlar. Mənim
də teatr yaradıcılığımı az adam bilir, filmlərdən
isə tanıyırlar.
- Hər halda Otello oynayacaq aktyor
deyilsiniz, xarakterik obrazlar aktyoru parlatmır...
- Xarakterik obrazlar oynayan aktyorlar olub
ki, heç əməkdar artist də olmayıblar, amma yadda
qalıblar-Fazil Salayevdir, Ağasadıq Nuriyevdir. Hər
aktyorun da bir şah obrazı olur. Mənimki də kinoda
oldu-Qasım. İndiyə qədər çoxları
üçün elə Qasımam. Kino ilə teatr bir-birinə
zahirən bənzəyən, amma tam fərqli xarakterli iki adam
kimidir. Qasım obrazını teatrda mən o cür göstərə
bilmərəm, onun dili başqadır. Kinoda daha səmimisən.
Vaqif bir dəfə çəkilişdə mənə dedi
ki, bura sənin üçün teatr deyil, artistlik eləmə.
26 ildir Qasım tamaşaçının dilindədir. Teatrda
da elə rollarım var, amma o kütləvi tanınmır,
çox az adam görüb.
-
Teatrda bu baxımdan ruhdan düşmürsünüz? Beş
tamaşaçı üçün oynamaqdan bezmirsiniz?
- Daxilən nə çəkirik,
özümüz bilirik, amma işimiz odur ki, beş adam
üçün də beş yüz üçün
oynadığımız kimi oynamalıyıq. Dünyada gedən
prosesdir, zaman gələcək hər şey dəyişəcək.
Heç nə məhv olmur, enmələr və qalxmalar
baş verir.
Ramilə QURBANLI
Ədalət.-2012.-1
noyabr.-S.8.