KİVDF ilə Suraxanı İcra Hakimiyyətinin birgə konfransı
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə dünən "Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi
informasiya vasitələri arasında əməkdaşlığın
inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
Yığıncaqda Suraxanı
rayon ictimaiyyətinin nümayəndələri və 30-dək
tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləri
iştirak ediblər.
Tədbirdən əvvəl
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov media nümayəndələrini son illər
rayonda görülən abadlıq- quruculuq işləri ilə
yaxından tanış edib. Bu məqsədlə tədbir
iştirakçıları rayonda fəaliyyət göstərən
268 saylı körpələr evi-uşaq
bağçasında, xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün Reabilitasiya Mərkəzində, 327
saylı tam orta məktəbdə və "Atəşgah Məbədi"
Dövlət Tarixi-Memarlıq Qoruğunda olublar. Konfrans
iştirakçılarına adıçəkilən müəssisələrin
fəaliyyəti barədə geniş məlumat verilib. Mərasimə
dəvət edilmiş media təmsilçiləri rayonda
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə
ucaldılmış abidənin önünə gül dəstəsi
qoyublar. Tədbirdə Suraxanı rayonu ilə bağlı film
də nümayiş etdirilib. Bundan sonra konfrans geniş heyətlə
rayon icra hakimiyyətində davam edib.
Yığıncaq
iştirakçılarını salamlayan Suraxanı Rayon
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov
tədbir iştirakçılarına konfransın mahiyyəti
barədə məlumat verib.
Bu cür tədbirlərin ənənə
halını aldığını söyləyən icra
başçısı artıq ötən il rayonda belə
bir konfransın keçirildiyini diqqətə
çatdırıb.
Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli
çıxışında Fondun fəaliyyətindən
söz açaraq bildirib ki, ötən müddətdə
kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin
həllinə və inkişafına, jurnalistlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin
möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni
mənimsəmələrinə xidmət edən
çoxsaylı layihələr icra edilib.
Azərbaycan mətbuatının
müstəqillik dövründə böyük uğurlar
qazandığını tədbir
iştirakçılarının nəzərinə
çatdıran V. Səfərli bu sahədə Ulu Öndər
Heydər Əliyevin əvəzsiz xidməti olduğunu bildirib.
Dövlətin mətbuata mütəmadi olaraq qayğı
göstərdiyini söyləyən V. Səfərli 2009-cu il
aprelin 3-də Prezident İlham Əliyevin sərəncamı
ilə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradıldığını deyib. Jurnalist peşəkarlığının
artırılması istiqamətində görülən
işlərdən danışan Vüqar Səfərli qeyd
edib ki, Fondun son illərdə həyata keçirdiyi
mühüm layihələrdən biri də kütləvi
informasiya vasitələri ilə yerli icra hakimiyyəti
orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir.
İcraçı direktor belə tədbirlərin mətbuat
nümayəndələri ilə yerli icra strukturları
arasında sivil əməkdaşlıq münasibətlərinin
daha da genişlənməsinə təkan verdiyini
yığıncaq iştirakçılarının diqqətinə
çatdırıb.
2012-ci ilin 9 ayı ərzində
Suraxanı rayonunda görülmüş işlər barədə
qısa məlumat verən Suraxanı Rayon İcra hakimiyyətinin
başçısı İlqar Abbasov öz növbəsində
Fondun təşəbbüsü ilə keçirilən
konfransın məmurlarla jurnalistlər arasında
qarşılıqlı etimadın möhkəmləndirilməsi
və əməkdaşlığın genişləndirilməsi
baxımından müstəsna əhəmiyyət
daşıdığını deyib.
O vurğulayıb ki, rəhbərlik
etdiyi rayon Bakının ən böyük rayonlarından
biridir. Onun sözlərinə görə, son illər ölkədəki
dinamik sosial-iqtisadi inkişaf Suraxanı rayonundan da yan
keçməyib: "Cari ilin 9 ayı ərzində
Suraxanı rayonunda Dövlət və yerli Proqramların
icrası uğurla davam edib. Azərbaycan Respublikasının
Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "
2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"na əsasən Suraxanı
rayonunda nəzərdə tutulmuş 102 tədbirin 31-i tam icra
olunmuşdur, 47-nin icrasına başlanmışdır.
Dövlət Proqramının icrası ilə əlaqədar
2012-ci ilin 9 ayı ərzində 295,3 min p.m qaz, 16, min p.m su,
4,5 min p.m kanalizasiya xətləri çəkilmişdir.
Hövsan-Binə-Dədə Qorqud-
Bahar yaşayış sahələrinin ətrafındakı
300 hektar ərazidə suvarma sistemi qurulmuş və ərazi
yaşıllaşdırılmışdır. Bu dövr ərzində
6 məktəb əsaslı təmir edilmiş, 2 məktəb
üçün 36 sinif otağı tikilmişdir. 5 körpələr
evi-uşaq bağçası əsaslı təmir
edilmiş, 2 səhiyyə müəssisəsində təmir
işləri davam etdirilir".
İlqar Abbasovun sözlərinə
görə, bu il Hövsan qəsəbəsində şəhid
ailələri və Qarabağ müharibəsi əlilləri
üçün 81 mənzilli 9 mərtəbəli sayca 2-ci
yaşayış binası inşa edilib: "Rayonda
su-kanalizasiya sisteminin yaxşılaşdırılması
istiqamətində xeyli işlər görülüb. Rayon əhalisinin
qaz və elektrik təchizatı xeyli
yaxşılaşdırılıb. Poçt və rabitə
xidməti sahəsində problemlər aradan
qaldırılıb. Səhiyyə və təhsil sahəsində
də xeyli irəliləyişlər mövcuddur. Əhalinin
işlə təminatı da yaxşılaşıb. Əhalinin
istirahət etməsi məqsədi ilə rayonda bir neçə
park salınıb".
Tədbirdə
çıxış edən Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov son illər
Suraxanı rayonunda böyük abadlıq işlərinin
aparıldığını söyləyib: "Bu gün biz
rayonu gəzərkən böyük quruculuq işlərinin
görüldüyünün şahidi olduq. Həqiqətən
son illər Suraxanı rayonunun mənzərəsi dəyişib.
Bütün bunlar göz qabağındadır".
Əflatun Amaşov milli
jurnalistikamızın cəmiyyətin tərəqqisinə
verdiyi sanballı töhfələrdən də söz
açıb. O həmçinin, ölkə həyatının
ən müxtəlif sahələrində həyata
keçirilən islahatların cəmiyyətə dolğun və
obyektiv şəkildə çatdırılmasında, habelə
demokratik proseslərin inkişafında ölkə mətbuatının
xidmətlərinin böyük olduğunu deyib.
Daha sonra dialoq və diskussiya şəraitində
davam edən tədbirdə qarşılıqlı maraq
doğuran məsələlərə aydınlıq gətirilib.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və
digər iştirakçılar etdikləri
çıxışlarda icra strukturları ilə kütləvi
informasiya vasitələri arasında qarşılıqlı
faydalı əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi baxımından belə tədbirlərin
əhəmiyyətini vurğulayıblar. Konfransda kütləvi
informasiya vasitələri ilə yerli icra strukturları
arasında əməkdaşlığın daha da genişləndirilməsi
ilə bağlı təkliflər səsləndirilib.
Fondun icraçı direktoru
Vüqar Səfərli Fondun Suraxanı Rayon İcra Hakimiyyəti
ilə birgə razılıq əsasında "Suraxanı
rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və
prespektivlər " mövzusunda fərdi jurnalist
yazıları müsabiqəsi keçirəcəyini bəyan
edib və belə bir konfransın keçirilməsinə
verdiyi dəstəyə görə Suraxanı Rayon İcra
Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını
bildirib.
Suraxanı Rayon İcra Hakimiyyətinin
başçısı İlqar Abbasov sonda tədbirin jurnalistlərlə
icra strukturları nümayəndələri arasında əməkdaşlığın
inkişafı baxımından əhəmiyyətli
olduğunu önə çəkərək faydalı təşəbbüsə
görə Fondun icraçı direktoruna və aparıcı
kütləvi informasiya vasitələrinin rəhbərlərinə
öz təşəkkürünü bildirib.
Ədalət.-2012.-2
noyabr.-S.2.