Həyatın özü kimi yazmaq

 

  Mirmehdi Ağaoğlunun "Görüş" romanı haqqında qeydlər

 

   Bir müddət öncə gənc həmkarlarımdan birinin yenicə çap olunmuş, ədəbiyyatda birmənalı qarşılanmamış, romanı haqqında tanıtım xarakterli tənqidi bir yazı yazdım. Məqsədim gənc həmkarımı incitmək olmasa da, münasibətindən hiss elədim ki, məndən inciyib. Sözün düzü, niyyətim o qədər təmiz idi ki, yazıçı dostumun bu münasibəti bərk xətrimə dəydi. Özümə söz verdim ki, tənqidi qəbul eləməyən gənc yazıçı həmkarlarım haqqında bir cümlə də yazmayacam.

   Amma səmimi insan, istedadlı yazıçı və ən əsası dostum Mirmehdi Ağaoğlunun "Görüş" romanını oxuduqdan sonra sözümü tuta bilməyəcəyimi anladım. Hiss elədim ki, qəbul eləsə də, eləməsə də Mirmehdinin romanı haqqında mütləq yazacağam.

 

   Mirmehdinin "Görüş"ü

 

   Mirmehdi Ağaoğlu 1982-ci ildə Neftçala rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. "Görüş" romanı 2011-ci ildə "Qanun" nəşriyyatında "Birinci kitab" seriyasından çap olunub. "Görüş" romanı hekayələri və publisistik yazıları ilə kifayət qədər oxucu ilgisi qazanmış gənc yazıçının oxucularla ilk genişmiqyaslı görüşüdür. Mirmehdi zəhmətkeş və çalışqan gənclin nümayəndəsidir. Yaşına görə uğurları da az deyil.

   Keçən il "Azadlıq Radiosu"nun təşkil etdiyi "Ədəbi Azadlıq-2010" hekayə müsabiqəsində uğurla iştirak və bir hekayəsi onluğa düşüb. Mirmehdi bu il keçirilən Milli Kitab Mükafatında da kifayət qədər uğurla iştirak edib. MKM miqyasında götürsək Mirmehdi Azərbaycanın on ən yaxşı nasirindən biridir.

   Hazırda Kulis.az saytında yazdığı araşdırma yazıları və köşələri onun güclü publisist imkanlarının olmasından da xəbər verir.

   Xülasə, bu il ilk kitabı nəşr olunan gənc yazıçı Mirmehdi Ağaoğlu müasir ədəbiyyatımızda parlayan gənc imzalar içərisində öndər isimlərindəndir.

 

   ***

 

   "Görüş" romanına qədər Mirmehdinin çap olunan bütün hekayələrini oxumuşdum. Təsadüf nəticəsində "Görüş"ü də çap olunmamışdan əvvəl ilkin versiyanı oxumaq imkanım olub. Əsərin ilkin versiyada adı "Görüş kafesi" idi. Naşir Şahbaz Xuduoğlu kitabın ilk nüsxəsini Mirmehdiyə təqdim edəndə də, xoşbəxt təsadüfdən mən də ordaydım və Mirmehdinin sevincini bölüşürdüm.

   Düzü, o gündən kitab haqqında yazmağa niyyətlənsəm də, 3-4 saata rahat şəkildə oxunan roman haqqında yazıya başlamağım xeyli çəkdi. Kitabla eyni vaxtda əlimə qırmızı qələm alıb kitabı oxumağa başladım.

 

   "Görüş"ün mövzusu

 

   Dekanstruksiyadan istifadə edilərək qələmə alınan romanın mövzusu son dövrlərdə nəşr olunan romanlar içərisində orjinallığı ilə olmasa da, həyatiliyi və müasir yanaşma tərzi ilə seçilir ilə seçilir. Mirmehdinin qəhrəmanlarının demək olar ki, hamısı həyatda rastlaya biləcəyimiz tiplərdir. Müəllif qəhrəman yaratmaq üçün özünü dağa-daşa salmayıb. Qəhrəmanların hamısı həyatdan gəlir. Mirmehdi ədəbi axtarışını uğurla sona çatdırmağa çalışıb. Nasir kimi potensialı hələ hekayələrdən bəlli olsa da, dekonustruktiv romanda da uğurlu ilkə imza atmağa çalışıb 

   Şəhər mərkəzindəki evini satan romanın Məmməd adlı qəhrəmanı Zaqulba çmərliyində kafe kirayələyir. Məqsədi pul qazanmaq, maşın almaq və ailə qurmaqdır. Bütün bunları həyata keçirmək üçün Məmməd daha asan yolla pul qazanmaq istəyir. Dənizin sahilindəki kafeyə şəhərdən qız gətirməklə gəncləri bu kafeyə cəlb etmək. Bu pul qazanmağın və arzulara çatmağın ən asan yoludur. Qəhrəman bu məqamda daha bir arzusunu gerçəkləşdirmək imkanı qazanır, pul xərcləmədən fahişələrlə yatmaq.

   Müəllif əsasən Məmmədin qəsəbədəki toy səbəbindən müştərisiz qalan kafedə təkbaşına keçirdiyi bir gecəni oxucuya çatdırmağa çalışır. Qəsəbə gəncləri toyda olduğundan Məmməd kafedə təkdir. Onun dincəlmək, xəyal qurmaq, həyatını planlamaq imkanları genişdir. Sanki əsəri oxunaqlı edən bütün hadisələr qəribə bir nizam-intizamla bu gecə baş verməlidir. Polis Səfərin və Məmmədin məhləuşağı Qaranın kafeyə gəlişi, Qaranın həbsi və əsərin əvvəlki bölmələrindəki hadisələr realist üslüba aid edilə bilər. Qaranın arvadı Məsmənin peyda olması artıq əsərin istiqamətini dəyişir. Müəllif əsərə aşağı dozada mistika əlavə eləməyə çalışır və konkret olaraq çox uğursuz alınır. Əsərin mövzusunda yeganə boşluq bu deyil. Əminəm ki, oxucular da müəyyən hadisələrin yarımçıq, müəyyən hadisələrin isə tələsik yazıldığı hissinə qapılır. Əsər boyu yazıçının tələskənliyi diqqət çəkir. Müəllif təhkiyəsi ilə oxucunu kifayət qədər "doydurmur". Peşəkar romançılıq baxımından incələndiyində əsər bir çox tələblərə cavab versədə mövzuda böyük boşluqlar da diqqət çəkir.

 

   Əsərin dili struktur 

 

   Əsərin ən böyük problemi onun dilidir. Kifayət qədər nasir potensialına malik yazıçı dil faktorunda uduzur. Əsərin sintaksis sistemi olduqca bərbaddır. Əsərdəki uzun-uzun cümlələr oxucunu yorur. Bəzi məqamlarda cümlələr heç bir qrammatik qaydalara uyğun gəlmir, anlaşılmaz söz yığınını xatırladır.

   "Səfər pürrəngi çayını yavaş-yavaş xortladırdı" (səh. 27) cümləsində müəllif sanki dilə nabələd yazıçı təsiri bağışlayır. "Xortladırdı" sözünü "hörtlədirdi" sözü ilə əvəz etsək cümlə başa düşülən olar mətləb anlaşılar.

   Aşağıdakı cümləni - "Gözünü tutmuşdu Polis Səfərin bahalı telefonu Məmmədin" (səh. 44) - heç bir vəchlə sintaksis təhlilə çəkmək mümkün deyil. Bu cür nümunələr əsərdə kifayət qədər qabarıq nəzərə çarpır. Əsərin dilinə xələl gətirən bu nüans yəqin ki, yazar dostumuzun da diqqətini çəkməmiş deyil. Məsələn, mən bu cür ifadəyə heç bir bədii əsərdə rast gəlməmişəm: "onun on yaşı ola-olmazdı" (səh.17)

   Ümumiyyətlə, Mirmehdini yazıçı kimi daha çox vulqarizmlərdən istifadə etməkdə qınayanlara cavab olaraq demək olar ki, əsərdə ağır vulqar ifadələrə rast gəlinmir. Məhz bu ifadələr olduqca peşəkar yerli-yerində işlədilir. Qəhrəmanların dünya görüşünü yaşantılarını açmaq, bəzən hadisəni düzgün izah edə bilmək üçün istifadə olunan vulqarizmlər əsərdə o qədər ciddi diqqət çəkmir. Mirmehdi özünəməxsusluğunu məhz həyatın özü kimi yazmaqla ortaya qoyur. Cümlə qruluşları, cümlələrin uzunluğu əsəri xeyli ağırlaşdırır Mirmehdinin uğurlu publisistika təcrübəsinin romana təsirsiz ötüşmədiyini isbatlayır.

   Elə sözlər birləşmələr var ki, əsərdə bu sözlərdən sonra onun izahını vermək vacibdir. Çünki bu sözlər ya arxaizm, ya neologizm, ya da dialekt sözlərdir. Məsələn "qaraməndəlov" (səh 31), "coysik", "qınqırdaq" (səh.41), "flirt", "rəfaqətlik edən" (səh. 47), "toqqac" (səh 53), "pörtləşdilər" (səh. 102) sözlərinin bədii əsərdə istifadəsi yolverilən olsa da, yazıçı mütləq bu işlək olmayan sözləri izah eləməli idi.

   Bəzi hallarda Mirmehdi publisistikanı zorla ədəbi əsərə daşımağa cəhd edir. Məsələn, "ÜDM- görə birinci yerdə olan Azərbaycan..." (səh. 57) . Məncə oxucuların heç hamısı ÜDM-nin olduğunu bilməyə borclu olmadığı kimi, bu üslub bədii əsərdə işlənməməlidir.

   Əsərdə dəfələrlə işlənən "Nissiz" (səh. 98, 118, 146, 154, 155, 163,165) sözününü leksik mənasını yəqin ki, bir çox oxucular başa düşməyə cəhd eləyib. Əsərin ilkin variantında bu söz "issiz" kimi işlənmişdi. Bu söz Anadolu türkcəsindəki "ıssız" sözünün ekvivalentidir. Ancaq yazıçının bu sözü "nissiz" kimi işlətməsi başa düşülən deyil. Romanın dili və təhkiyəsi yuxarıda göstərdiyim misallardan göründüyü kimi o qədər də axıcı deyil. Görünür növbəti romanlarda müəllif dil imkanlarına yenidən nəzər salmalı olacaq.

   Romanın strukturunda heç bir orjinallıq olmasada, bölmələrin adından və məzmunundan hiss olunur ki, yazıçı şarj və dekonustruksiyanı, modernizm və posmodernizmi, realizm və mistizmi sintez edib. Əsər sturktur baxımdan oturuşmuş deyil və həlməşik təsir bağışlayır.

 

   Yekun

 

   Mirmehdinin ilk roman təcrübəsini tamamilə uğursuz adlandırmaq insafsızlıq olar. Sadəcə, bəzi nəzərə çarpan boşluqları yazmaqda fayda var, deyə düşündüm. Təkrar edirəm ki, əsəri oxuduqca hiss olunur ki, hələ "Küləyi dişləyən" hekayəsi ilə nasir qələminin gücünü göstərən müəllifdə güclü nəsr potensialı var. Ümid edirəm ki, mənim göstərdiyim xırda iradlar müəllif tərəfindən sərt təpkiylə qarşılanmayacaq və qələm dostum daha maraqlı və oxunaqlı əsərlər yazmağa davam edəcəkdir. Əminəm ki, Mirmehdinin istedadı və peşəkarlığı da buna imkan verəcəkdir. Mən isə öz növbəmdə dostuma bol-bol uğurlar arzulayıram.

 

 

  Cəlil Cavanşir

 

  Ədalət.-2012.-2 noyabr.-S.5.