Bələdiyyə institutunun inkişaf problemləri nədədir?

 

   İlqar Hüseynli: "Bələdiyyənin maliyyə imkanları bir çox hallarda yalnız bələdiyyə şurasının qulluqçularının əməkhaqqı xərclərinin cüzi hissəsinin ödənilməsinə yönəlir"

 

   1999-cu ildə Azərbaycanda bələdiyyələrin fəaliyyətinə start verilməyinə baxmayaraq sözügedən institutun inkişafı nədənsə gözə dəymir. Baxmayaraq ki, hələ o zaman xarici təcrübədən istifadə əsasında bələdiyyələrin statusu, maliyyəsinin əsasları, mülkiyyəti s. haqqında müvafiq qanunlar qəbul olunub. Aradan keçən zaman ərzində bələdiyyələr sanki fəaliyyətsiz quruma çevrilib. Məsələyə münasibət bildirən ekspertlər hesab edirlər ki. problemin kökündə bələdiyyələrin maliyyə problemləri, eyni zamanda onların səlahiyyətləri kadr problemləridir.

    Ekspert İlqar Hüseynli deyir ki, bu gün bələdiyyələr yalnız qanunla nəzərdə tutulan onların səlahiyyətlərinə aid edilən fiziki şəxslərdən torpaq vergisi, əmlak vergisi, o cümlədən torpaqların satışı icarəsi, az hallarda daşınmaz əmlakın icarəsi hesabına duruş gətirir ki, bu da bələdiyyələrin inkişafı üçün ciddi zəmanətlər yaratmır: "Dövlət tərəfindən nəzərdə tutulan dotasiyalar yetərincə deyil, bələdiyyənin maliyyə imkanları bir çox hallarda yalnız bələdiyyə şurasının qulluqçularının əməkhaqqı xərclərinin cüzi hissəsinin ödənilməsinə yönəlir. Bu mənada bələdiyyələr qanunla öhdəlik götürdükləri səlahiyyətlərin icrasını həyata keçirə bilmir nəticədə yalnız torpaq satan bir qurum kimi öz nüfuzunu itirməkdədir". Bələdiyyələrin səlahiyyətlərində olan problemlərə toxunan İ.Hüseynli bildirir ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin məhdudluğu bu qurumların yarandığı dövrdən yerli özünüidarənin ən çox müzakirə doğuran problemlərindən biri olub: "Bir tərəfdən səlahiyyətlərin məhdudluğu, digər tərəfdən isə onların müstəqil olmaması bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsinə mane olub. Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı tövsiyə sənədində göstərilir ki, bələdiyyələrin səlahiyyətlərinin sadəcə yerlərdə dövlət idarəetmə orqanlarının səlahiyyətlərini tamamlamağa ya bu qurumların nəzarəti altında fəaliyyət göstərməyə gətirib çıxarır. İstərdim bəzi dünya ölkələrinin təcrübəsindən sitatlar gətirək. Məsələn, ABŞ-da meriyalar seçkili orqandır, yəni böyük şəhər bələdiyyələri mövcuddur. Hətta bəzi Ştat qanunlarına görə Şəhər merinin veto hüququ var. Şəhər şurasının 15 üzvü həm qanunverici, həm təsdiqedici səlahiyyətlərə malikdir. Polşa Konstitusiyası hakimiyyətin daha çox bələdiyyələrə verilməsini təmin edir. Regional hakimiyyətlər müstəqildirlər. Onlar həm mülkiyyət, biznes fəaliyyətiylə məşğul olmaq hüququna malikdirlər. Qonşu Türkiyədə Bələdiyyələr səhiyyə, təhsil, nəqliyyat sahələrində dövlət proqramlarını həyata keçirməyə məsuldur. Azərbaycanı bu ölkələrlə müqayisə etdikdə xeyli problemlərin şahidi oluruq. Əvvəla hələ böyükşəhər bələdiyyələri formalaşdırılmayıb, olan bələdiyyələrin səlahiyyətləri isə icra hakimiyyəti strukturları ilə ikili standartlar səviyyəsindədir, yəni tam səlahiyyətlərə malik deyillər. Aparılan tədqiqatlar isə onu deyir ki, bələdiyyələr tam olaraq icra hakimiyyəti orqanlarından asılı vəziyyətdədirlər. Ekspert deyir ki, bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin olması zəruridir: "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi" haqqında qanun layihəsi Milli Məclisin həm regional komitəsində, həm parlamentin plenar iclasında birinci oxunuşda müzakirə olunub. Hazırda isə layihə yenidən işlənir. Mövcud zərurətdən yaranmış yerli özünüidarəetmə institutunun səlahiyyətlərinin artırılması prosesində xarici ekspertlər iştirak edir. Qanun layihəsində bələdiyyələrin işinin, bələdiyyələrin fəaliyyətinə nəzarətin effektivliyinin təşkili məqsədilə vergi sisteminin təkmilləşdirilməsi, bələdiyyələrə ödənilən vergilərin sayının artırılması, audit araşdırmasında xidmət haqqı digər məsələlərin əksini tapması təklif olunur. Bələdiyyələrin səlahiyyətlərinin artırılması prosesi mərhələli şəkildə həyata keçiriləcək. Bu bələdiyyə institutunun həmin səlahiyyətləri üzərinə götürməsi üçün hazırlıqlı olması ilə bağlıdır. Milli Məclisdə yerli özünüidarəetmə ilə bağlı hazırlanan digər bir sənəd isə "Bələdiyyələrin hesabatları haqqında"dır. Bu qanun layihəsinin hazırlanması 2009-cu ilin martında referendum yolu ilə konstitusiyaya edilmiş düzəlişlərlə əlaqədardır. Təbii ki, bütün bunlar arzuolunandır, amma hesab edirik ki, ən ciddi məsələ bələdiyyələrə səlahiyyətlərinin icrasında müstəqilliyn verilməsidir onun icra hakimiyyətinin asılılığından azad etməkdir". Bələdiyyələrin kadr probleminə toxunan İ.Hüseynli qeyd edir ki, ötən dövr ərzində bələdiyyə kadrlarının hazırlığı, yenidən hazırlığı ixtisaslarının artırılması istiqamətində müəyyən işlər görülüb. Lakin bu işlər bələdiyyə idarəetməsinin təkmilləşdirilməsinə yönəlik əhəmiyyətli addımlar kimi qəbul etmək olmaz: "Azərbaycanda yerli özünüidarə kadrlarının hazırlanması Dövlət İdarəçilik Akademiyası, Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universitetində həyata keçirilir. Eyni zamanda Bələdiyyələrlə İş Mərkəzinin kadr hazırlığını həyata keçirən dövrü kursları da mövcuddur. Uyğun tədris proqramlarının planlarının işlənib hazırlanmaması, tədrisdə yeni təlim metodlarından istifadə edilməməsi bələdiyyə orqanları üçün kadr hazırlığı sisteminin olmamasından irəli gəlir".

  

 

   Ədil Ədilzadə

 

   Ədalət.-2012.-2 noyabr.-S.5.