YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
PUBLİSİST
NEMƏT VEYSƏLLİ - 4
"Altımışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər
zaman onların başında olur.Bunun nədən olduğunu mən
araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə
ədəbiyyatda deyil, sənətin bütün sahələrində
özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki,
dünyamızın altımışıncı illəri təkcə
bizim məmələkətdə deyil, başqa məmləkətlərdə
də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində
ALTIMIŞINCILAR adıyla bir dərnək
də var. Həmişə
gönlümdən keçib belə bir təşkilat və ya
dərnək bizlərdə də olsun,amma
bizlər ayrı Türkiyə ayrı.Hər zaman
adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil
tərəfindən heç də gönül xoşluğu
ilə qarışılanmayıb.
Açığını deyim ki,hətta
onları insafla müdafiə edənlər
də qınaq sahibi olur.
Mən onların müdafisinə qalxmaq məqamında
uzağam. Sadəcə onlardan
bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o
yaradıcıları ki, onlar
ədəbiyatçı deyillər.Yazar-çizər deyillər.Amma
bu sırada yazarlar da ola bilər.
Daşlaşmış "ALTIMIŞINCILAR"
sırasına salınmayan ALTIMIŞINCILAR da
olub. Kimlərdir bunlar?
- Jurnalistikamızın bu
günü barədə çox əksik şeylər
danışırlar və sanki bu danışıqlar heç
olmur. Hər kəs öz işindədir. Vaxtilə baş
redaktoru olduğun "MƏDƏNİYYƏT" qəztində
sənin gənc yazarların olub. Onlarla necə yola gedirdin və
baş redaktor işləmək çoxmu çətindir?
- Həmişə hesab etmişəm
ki, jurnalistin gərək şəxsiyyəti olsun. Jurnalistika dəb,
təzə kostyum deyil ki, onu ətrafdakılara göstərəsən.
"Mədəniyyət" qəzetində mənimlə
çiyin-çiyinə çalışan cavan müəlliflərə
onu təqlin etmək istəyirdim ki, bu sənətə gərək
peşəkarcasına yanaşasan. Yazmaq istədiyin mətləbi
dərindən öyrənəsən. Əlbəttə, Azərbaycan
dilinin, ədəbi dilin qayda-qanunlarına əməl etmək
şərti ilə "Mədəniyyət"dən qabaq
çalışdığım mətbu orqanlarında
sözün geniş mənasında mən müəllif
azadlığı və sərbəstliyi
görmüşdüm. Təəssüf ki, "Mədəniyyət"də
müəyyən məhdudiyyətlər vardı. Bəzən
mətbuatdan, Azərbaycan xalqının mənəvi dəyərlərindən,
musiqi və bədii irsindən uzaq adamlar mənimlə əmr
formasında danışırdılar və təbii ki, bu da
işimizə pis təsir edirdi. MN-də şöbə
müdiri, nazir müavini olmaq o demək deyil ki, sən
ağıllısan və baş redaktora təzyiq göstərə
bilərsən. Əməlli-başlı axtarsan, respublikada
MN-nin müxtəlif strukturlarında onlarla şöbə
müdiri, nazir müavini taparsan. Amma Əvəz Sadıq,
Ağababa Rzayev, Cəmil Əlibəyov, Anar, Əkrəm Əylisli,
İsa İsmayılzadə, Seyfəddin Dağlı kimi
redaktorları tapmaq çox çətindir. Təəssüf
ki, o zamanlar MN-nin özündən razı, səliqəli
geyinmiş məmurları belə həqiqətləri dərk
etmirdilər. "Mədəniyyət" qəzetində
baş redaktor işlədiyim illərdə (2001-2006)
çoxlu-çoxlu səhvlər etmişəm. İndiki
ağlım olsaydı, bunları etməzdim.
- Doğrudur indi KİTABIM VAR DEMƏK
bir az şit səslənir, amma təbii ki, sənin
kitabların o sıradan deyil ki, səni utandırsın. Eləsə
neçə kitab müəllifisən, onlardan qazancın nə
olub?
- Müxtəlif nəşriyyatlarında
on ikidən artıq bədii-publisistik kitablarım
çıxıb. Onların məzmununa, mövzusuna və
ictimai ideyasına görə xəcalət çəkmirəm.
Amma onların bədii səviyyəsi, ədəbi
priyomları, forma və s. keyfiyyətləri gərək daha
zəngin olaydı. İmzama hörmətlə
yanaşıblar, dostlarımın sayı artıb.
- Ailənə bələdəm və
gözəl uşaqların və sevimli bir həyat
yoldaşın var: onların sənin işində bir
üstünlüyü olubmu? Şayət indiki xanımına
rast gəlməsəydin bu qədər məhsuldar və az
olmasa da belə uzun ömür yaşaya bilərdinmi?
- Təvazökarlıqdan uzaq, mən
kabinet, paytaxt arxivlərində eşələnən jurnalist
deyiləm. Yazmaq istədiyim mövzunun arxasınca gah
Muğana, gah da Qarabağa getmişəm. Məsələn,
"Bizim şəhər"i yazmaq üçün Riqaya,
Tiflisə də getmişəm. Bir sözlə,
qaçda-qovda olmuşam. Əlbəttə, evimdə, ailəmdə
rahatçılıq, əmin-amanlıq olmasaydı, mən bu
işləri görə bilməzdim. Həmsöhbətinə
belə-belə qəliz suallar vermək sənin köhnə
peşəndir. Vallah, Tofiq, əgər belə-belə
cığal sualları tez-tez mənə versən, ailəmi
dağıdacaqsan.
-
Veysəlli soyadı haradan ağlına gəlib?
- Veysəlli imzasının qəribə
tarixçəsi var. Bu imza ilə mətbuatda nə vaxt dərc
edildiyim yadımda qalmayıb. Amma sonralar belə hesab edirdim ki,
övladlarım doğulduğum yeri-yurdu unuda bilərlər.
Axı, onların da hamısı Bakıda anadan olub. Sonralar
çox çətinliklə "Veysəlli"
imzasını sənədləşdirdim. Bu işdə mənə
Cəmil Əlibəyov, o zamanlar ədliyyə sistemlərində
çalışan Arif Əfmaiyev yaxından kömək etdilər.
İndi bu imzaya görə xəcalət çəkirəm,
çünki Veysəlli kəndi erməni
işğalçılarının əlindədir. Onu azad
etmək məsələsi də elə hey uzanır.
-
Yazı-pozu adamlarına nə sözünüz var?
- Mən özümü
böyük ədəbiyyatçılar, yazı-pozu
adamları sırasına aid etmirəm. Bəlkə də
vaxtilə mətbuat orqanlarında dərc edilən
yazılarım beş-altı adamın xoşuna gəlib. Əlbəttə,
bütün sağlamlığını, mənəvi dəyərlərini
yazı-pozunun canına hopduran bir şəxs kimi buna
sevinmişəm. Ömrüm boyu belə hesab etmişəm
ki, nə isə dəyərli bir işlə məşğulam,
nəyəsə yarayıram. Amma açıq və səmimi
şəkildə etiraf edirəm ki, indiki həyatım, fəaliyyətimlə
müqayisədə o dünyada qoyub gəldiyim mənim
üçün çox solğun görünür. 88-ci ilə
qədər dərc etdirdiyim, qarasına güvəndiyim
yazılar da son dərəcə boz və
cansıxıcıdı. Mən müharibəni təbliğ
etmək fikrindən çox-çox uzağam. Amma
döyüşdə, döyüşən adamların
yanında olmaq tamam başqa aləmdir. 88-ci ilə qədər
bu mövzuların həndəvərində, həqiqətdə
çox sərt olan bu həyatın
böyür-başında dolaşmışam. Amma 93-cü
ildə, 94-cü ildə bu həyatın ən
qızğın nöqtələrində olmuşam.
Yazıçınınmı, publisistinmi bu həyatla
yaşamamağı təəssüf doğurur. Əlinə
qələm alan şəxs üçün, döyüş
səhnəsi, ölüm-itim, isti papağı,
sırıqlısı qana bulaşmış yeniyetmələrin
həyatı, yeri gələndə Koroğlu kim nərə
qoparan, haray qaldıran cavanları görmək, nə isə
bütün bunlar təsvirə, sözə gəlmir. Gərək
bütün bunları gözünlə görəsən, gərək
o həyatı yaşayasan.
Əzizlərim, cəbhə,
döyüş bölgələri, əsgər həyatı
Bakıdan, Abşeron bağlarından çox uzaqdadır.
Coğrafi uzaqlıq bunları təfərrüatı ilə
görməyə imkan vermir. Ayrı-ayrı dalğalar
üstündə köklənmişik. Ayrı bir
anlaşılmazlıq içində itib-batmışam.
İstər xalqın bütövlüklə fiziki cəhətdən,
istər onun ərazisini, bir sözlə, təhlükəsizliyinin,
gələcək taleyinin Qarabağda, döyüş bölgələrində
həll edildiyi məqamda, özünü bu xalqın
ziyalısı, yazıçısı hesab edən şəxs
necə kənarda qala bilər?
Bəzən mən Bakıda, Şəkidə
sözlər eşidirəm. "Hər kəs öz işi
ilə məşğul olmalıdır". Bu cümlənin
canında müəyyən həqiqətlər var. Amma bu
sülh, əmin-amanlıq dövrünün
şüarıdır. Bu sözlərin arxasında
"müharibə qurtarsın, amma mənim oğlum
iştirak etməsin" çaları da var. "Hərə
öz işi ilə məşğul olsun" bicdən
törəmə sözdür. Belələri baş qatır,
snayper gülləsindən yayınır. Bir var aeroport həndəvərində,
Bakının küçələrində alver edən, ya da
Abşeron bağlarında, Atatürk küçəsində
özünə cah-cəlallı imarətlər tikəsən,
bir də var Qazaxdamı, Sədərəkdəmi,
Qarabağdamı düşmənlə üz-üzə
dayanasan, hər an taleyinlə oynayasan. Bunlar ayrı-ayrı
şeylərdir. Daha əsgərləri, zabitləri, Vətənin
çağırışı ilə ölüm-dirim
mübarizəsinə qoşulanları aldada bilməzsən.
Belə sözlər diplomatik tryuklardır.
Əyninə hərbi forma
geyinmiş həmvətənlərim kimi, mənim də
ürəyimdə böyük, hüdudları özümə
məlum arzularım var. İşğal edilmiş
torpaqlarımı azad görmək, Xankəndindəmi,
Laçın və Kəlbəcər dağlarındamı
Azərbaycan Ordusunun qələbəsini görmək, tez-tələsik,
ala-yarımçıq olsa da, ordumuzun Xankəndinə,
Füzuliyə, Minkəndə necə girməyi barədə
reportajlar yazmaq. Azərbaycan Ordusunun qələbə sevincini
görməsəm, bağrım çatlayar,
uşaqlarımın, yazıçı dostlarımın
üzünə şax baxa bilmərəm. Əynimə
geydiyim forma bədənimi yandırar.
Əzizlərim, bax, belə-belə
işlər.
- Nəyi unutdum: məndən nə
soruşmaq istərdin?
- Niyə son 15-20 ildi, ancaq "Ədalət"
qəzetində dərc edilirsən?
Cavab - çünki orada
özümə və yazılarıma məhəbbətlə
yanaşırlar.
Tofiq
Abdin
Ədalət.-2012.-3
noyabr.-S.15.