BİR ROMANIN ƏKS-SƏDASI

 

   Mən nə ədəbiyyat tənqidçisi, nə də ədəbiyyatşünas deyiləm. Buna baxmayaraq, özümü öz ədəbi zövqümdən nagüman adam da saymıram. Doğrudur, son illərdə yaşanan ədəbiyyat bumu, yazılan kitabların kəmiyyətcə çoxluğu bəzən həqiqi ədəbi dəyəri olan əsərlərin oxucuya çatmasını əngəlləyə bilir...

   Son vaxtlarda ünsiyyətdə olduğum qələm adamlarının dilindən tez-tez Etimad Başkeçidin "Min yol mənə söylər" romanı haqqında müxtəlif mülahizələr eşidirdim. Roman haqqında kiçik araşdırma apardıqdan sonra məlum oldu ki, bu gün ədəbi mühitdə bu roman barədə danışmayan adam yoxdur. Romanı oxuyub-bitirdikdən sonra, jurnalist marağı ilə kiçik bir sorğu aparmağı nərara aldım. Aşağıda həmin materialla tanış ola bilərsiniz.

 

   Nərgiz Cavadzadə

 

   Ramiz Rövşən:

   Etimadı mən əvvəlcə bir şair kimi tanımışam. Sonra nəsrini oxudum. Etimadın şeriylə nəsri bir-birindən çox fərqlənir. Şeirlərində arabir rast gəldiyim üslubçuluqdan, ornamentallıqdan onun nəsrində əsər-əlamət belə yoxdur.

   Lev Tolstoy hələ keçən əsrin əvvəlində yazırdı ki, nəsrdə bədii təxəyyül get-gedə öz yerini canlı müşahidəyə verəcək. Yazıçı müxtəlif süjetlər uydurmaqdan əl çəkib, iştirakçısı və ya şahidi olduğu hadisələri yazacaq. Ya da ki, ən azı bu görüntünü yaratmağa çalışacaq.

   Tolstoy belə bir nəsrin yüz il sonra, yəni təxminən bizim günlərdə yaranacağını demişdi.

   Etimadın "Min yol mənə söylər" romanı da, "Veyl dərəsi" hekayəsi də, məncə, Tolstoyun dediyi həmin o nəsrin ana dilimizdəki nümunələridir.

 

    Əkrəm Əylisli:

   Fikrimi qısaca ifadə etmək istəyirəm, Etimad çox yaradıcı adamdır, onun bu əsərindən çox xoşum gəldi.

 

   Çingiz Əlioglu:

   Sevinirəm ki, Etimad Başkeçidin uzun çəkən susqunluqdan sonra belə gözəl kitabı çıxıb. O, intellektual səviyyəsi yetərincə yüksək olan orta nəsil istedadlı yazıçılarımızdandır. Mən ədəbiyyatda müəyyən təcrübəsi olan bir adamam, müəyyən bir ömür yaşamışam və Azərbaycan dilinin bu və ya başqa dərəcədə incəliklərinə yaxından bələdəm, amma bununla bərabər Etimad Başkeçidin dilində bəzi sözlər var idi ki, bu sözlər mənim üçün yeni və həddindən artıq yerinə düşən, ifadəli və gözəl sözlər idi. Əgər hər hansı bir yazıçını oxuyanda ondan yeni bir şey əxz edib öyrənirsənsə, deməli yeniliklər var. Romanı cağdaş dövrdə çox maraqlı hadisə hesab edirəm.

   Romanın adına toxunan Ç.Əlioğlu vurğuladı ki, "əslində çox zaman əsərin adı hələ heç nə demək deyil. Əsərə istənilən ad qoymaq olar. Söhbət mündəricatdan, əsərin mətnindən, mövzusundan, situasiyalardan, xarakterlərin dinamikasından, konfliktlərdən, vaxta, zamana və insani dəyərə münasibətdən, ədəbiyyata yeni xarakterin gəlməsindən, ifadəli və yaddaqalan obrazın yaranmasından gedir. Əsərin adı müxtəlif ola bilər. Ad məsələsinə o qədər də ciddi yanaşmıram. Əsərin adı bəzən şair və yazıçı ovqatının bir anının məhsulu da ola bilər. Toxunulan mövzunun özü yetərincə az işlənmiş mövzudur. Hekayələr özü də xoşuma gəldi. Yaddaqalan obraz və hadisələr gördüm. Güzəranımız, məişətimiz istedadlı yazıçı gözü ilə dəqiq müşahidə olunmuşdu. Etimad Başkeçidə uğur arzu edirəm və məişət qayğılarından azad olub daha çox işləsin və istedadına hörmətlə yanaşan dostlara və oxucuların ünvanına daha çox əsərlər göndərməyi arzu edirəm".

 

   Rüstəm Behrudi:

    Etimad Başkeçidi şair kimi tanıdığını söyləyir: "Ancaq bu romanı oxuyandan sonra nə qədər böyük düşüncə sahibi olduğunu anladım, təbii ki, şairlər də böyük düşüncə sahibidir. Lakin bu boyda geniş yaradıcılıq diapozonuna malik olduğunu bilməzdim. Bu roman mənə çox təsir elədi. Etimad Başkeçidi bu romana görə alqışlayıram. Roman müasir Azərbaycanın yeni nəsilinin nəsr yaradıcılığında öz mövqeyi və yeri olan gözəl bir əsərdir. Romanı qurtarmağıma 20 səhifə qalıb. İndi hay-küylə, PR, reklamla ədəbiyyata gələnlər, özlərini gözə salanlar var, Etimad isə təkbaşına öz işi ilə məşğul olan və böyük ədəbiyyata xidmət edən bir adamdır. Bu romanda onun əziyyətinin nəticəsini gördüm. Bir-iki günə romanı bitirib onun haqqında yazı yazmağı düşürəm.

 

   Səfər Alışarlı: 

   Kitabı elə təriflədim ki, bir dostum onu məndən izn almadan, ərkyana götürüb apardı, mən də qaldım ümumi sözlərin və təəssüratların içində.

   Etimad Başkeçidin "Min yol mənə söylər..." romanı həm coğrafi məkan, həm də mənəvi problematika baxımından mənə, müəllifdən əvvəl o yolların yolçusu olmuş Litinstitut tələbəsinə, tanış və doğmadır. 

   Tamamilə yad maddi və mənəvi dünyada gurlayan avazların bizim milli, mənəvi-psixoloji havacatımızla vahid orkestrovkada uğurla səsləndirilməsi, zənnimcə, romanın maraqlı cəhətlərindən biri, bəlkə də başlıcasıdır. Müəllif ustalığı romanda qəhrəmanların milliyyətini xatırlamağa imkan vermir. Onların hamısı məlum zamanın eyni mənəvi ağrıları ilə yaşayırlar. Azərbaycan ədəbiyyatında bu vəhdət alınmırdı. Çünki vahid ölkə sərhədləri daxilində yaşasaq belə, mənəvi dünyalarımız bir-birindən çox uzaq məsafələrdə Allah ümidinə qalmışdı. Bu gün azad miqrasiya, internetin imkanları xalqlar və dövlətlər arasında o məsafələri çox qısaltdığı üçün Etimadın romanı oxunur və başa düşülür

   Daosizm təlimi ilə bağlı müəllifin çatdırmaq istədiklərini dərindən anlamasam da, onun əlavə mənəvi dayaqlar və dəstəklər axtarışını başa düşürəm. Vaxtilə, məsələn, "Gavur" povestimdə mən özüm də qəhrəmanımın kürəyini yarızarafatla da olsa, buddizm fəlsəfəsinə söykəməyə çalışmışam. Amma demək istədiyim odur ki, bizim müəyyən hallarda bəyənmədiyimiz, aqressiyasından qorxduğumuz islam dini, eləcə də sufizm təlimi bu baxımdan yazıçı üçün əvəzsiz bir mənəvi xəzinə rolunu oynamağa qadirdir. Şübhə yarandığı təqdirdə təkcə Dostoyevskinin həyati dayanıqlıq və mənəvi dərinlik baxımdan çox da mükəmməl olmayan xaçpərəstlikdən necə dərin məna və məzmunlar təlqin etdiyini xatırlamaq kifayətdir.

   Romanın dili haqda: "gəleyrəm-gedeyrəm" deməməklə Etimad, əlbəttə, çox yaxşı eləyib. Bilənlər bilir ki, bizim indi adı yenə dəyişdirilmiş türk dili, məsələn, rus dili ilə müqayisədə elmi, ədəbi, bədii, intellektual fikrin ifadəsinə az yatımlıdır. Yəni dilimiz müasir reallığın təsviri və ifadə imkanları baxımından kasıbdır. Bunu əvvəlcə dərk etmək, sonra isə türkçülüyümüzün içindəcə sakitcə etiraf etmək lazımdır. Niyə kasıbdır? Bu çox vacib sualdır. (Ədəbi-bədii dili, yəni bununla bərabər milli təxəyyülü zənginləşdirənlər kimlərdir? - dilimizdə düşünən, yazıb-yaradan yazıçılar, şairlər, alimlər və sair. Bizim dilimizdə danışmayan və yaratmayanların bizə dəxli yoxdur.) Etimad Başkeçid ötən əsrin 80-90-cı illərinin Moskvasında ciddi siyasiləşməyə doğru gedən reallıqları təsvir etmək üçün Məmmədhəsən əminin dil üslubunu, yaxud "nəğməkar bibinin" lirik uşaq təhkiyəsini seçə bilməzdi. O, dilimizin poeziyadan uzaq sərt ifadə tərzini, müəyyən məqamlarda bəsit müəllif təhkiyəsini seçib. İndi biz neyləyək ki, son iki yüz illik adı bəlli mənəvi basqı altında hətta dilimizin sintaksisi belə təhriflərə uğrayıb. Xatırlayın, bizim milli "elita" telekamera qarşısında müsahibəsini necə başlayır: "Mən hesab etmirəm ki..." Etimad gördüyü, dərk etdiyi reallıqları təsvir etmək üçün bugünkü Azərbaycan türkcəsinin imkan verdiyi, bəzi hallarda isə verə bilmədiyi bütün vasitələrdən uğurla bəhrələnib.

   Romanın adı ilə bağlı deyilən iradlarla razılaşmaq olar.

 

   Əsəd Cahangir:

   Bir neçə gün bundan öncə Etimad Başkeçidin "Min yol mənə söylər" romanı ilə bağlı rəyimi ATV kanalının səhər proqramında da bildirmişəm, Facebook sosial şəbəkəsində dostlarımla yazışmada da münasibətimi sərgiləmişəm. Etimad Başkeçidin bu romanı son illər meydana çıxan roman bumu arasında bir neçə cəhətdən sözün yaxşı mənasında seçilir. Birincisi, Etimad Başkeçidin romanı müəllifin özünün yaşadığı real faktlara əsaslanır. İkincisi, romanda daosizim fəlsəfəsinə söykənən fəlsəfi fundament var. Üçüncüsü, romanın dili son dərəcə səlis və cilalıdır, roman Azərbaycan nəsr dilinə elmi-filoloji və bədii təfəkkürün sintezini gətirib.

   Hesab edirəm ki, Azərbaycan ədəbiyyatının müasir durumu, Azərbaycan nəsrinin indiki vəziyyəti ilə maraqlanan hər bir insan "Min yol mənə söylər" romanını oxumalıdır. Roman geniş müzakirə predmetinə çevrilməyə layiqdir.

   Romanın adı qəribə səslənsə də, geniş izahat tələb edən addır. Çünki bu ad romanın bütün mahiyyətini açıqlamağı tələb edir. Öz vətənindən uzaq düşmüş, 1990-cı illərdə gərgin vaxtlarda Moskvada təhsil alan azərbaycanlı gəncin qürbət ağrılarından söhbət gedir. Eyni zamanda insanın sözün geniş və fəlsəfi mənasında götürsək, doğulduğu məkandan, öz taleyindən uzaq düşməsi və bunun əsasında çəkdiyi çətinliklərdən bəhs olunub. Lakin finalda soyuq və qarlı Moskvada həmin gənc məhz bahar fəslində doğma yurduna qayıdır. İstər qış olsun, istər bahar, Vətən həmişə bahardır, qürbət isə həmişə qışdır. Məşhur atalar sözü də var ki, "gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı". Bu sözlər min illərdən bəri deyilib, amma insan yenə də həmişə qürbətə can atır, uzaqlara getmək istəyir. Türklər demiş, qürbətin dadını çıxarandan sonra başa düşür ki, onun üçün xoşbəxt ola biləcəyi məkan yenə də doğulduğu torpaq, Vətən olaraq qalır. "Min yol mənə söylər" fikrinin altında mən bu mənanı görürəm. Lakin insan xarakterinə məxsus xüsusiyyət var ki, ona nə qədər desən də insan hər şeyi öz gözü ilə görməyə meyllidir. Hər şeyin dadına baxmağa, əli ilə toxunmağa, öz ətrini şəxsən duymağa can atır. Bilik o zaman bilik olur ki, sən onu məhz öz şəxsi təcrübən və taleyində beyninin və qəlbinin süzgəcindən keçirərək qazanırsan. Onda o bilik sənin olur. Min yol bizə desələr də özümüz sanki öz şəxsi həyatımızda yaşayandan sonra o həqiqətin dərkinə gəlirik. O əsərlərdən biri də mənim üçün Etimad Başkeçidin romanıdır

 

   Qan Turalı:

   Etimad Başkeçidin romanını çap olunduğu ilk gündən oxumuşam. Elə bu gün də vərəqlədim. Etimadın romanı Azərbaycan ədəbiyyatı tarixində ən maraqlı konsepsiya ilə yazılmış romanlardan biridir, hətta birincisidir. Çünki Azərbaycan ədəbiyyatında sovet vaxtından gəlmiş ədəbi cərəyan və estetika var. Bu estetika hadisəçilikdir, hadisələri olduğu kimi danışmaqdan ibarətdir. Elə hesab edirlər ki, kiminsə başına yaxşı bir hadisə gəlibsə, o hadisəni yazırsa bu çox yaxşı ədəbiyyatdır. Amma onun alt qatına, mahiyyət müstəvisinə heç kim fikir vermir. Amma Etimad Başkeçidin romanında belə bir uğurlu cəhd var və təsdiq olunmuş cəhddir. 1990-cı illərdə Sovet imperiyasının dağıldığı xaotik illərdə yazılan romanın əsasında dao fəlsəfəsi durur. Dao fəlsəfəsi də Çindəki daxili üsyanlar, müharibələr dövründə yaranmış fəlsəfədir. Azərbaycan ədəbiyyatının bütün böyük romanları hətta konsepsiyasızdır, arxasında heç nə durmur. Amma Etimad o dövrün xaotikliyinin ideya müstəvisinə daosizmi yerləşdirib, çox möhtəşəm roman yazıb. Azərbaycan ədəbi tənqidinin bu əsəri qiymətləndirmək potensialı çox güman ki, yoxdur. Biz bu barədə "Kulis.az" saytında da yazmışıq. Saytda oxucu şərhlərindən görünür ki, hələ də romanın həqiqi və düzgün qiymətini Azərbaycan ədəbiyyatşünaslığı da, tənqidi də, yazıçılarının özü də verməyib. Bu da kədərli mənzərədir.

 

   Şərif Agayar:

   Etimad Başkeçid son illərin ən usta qələm sahiblərindəndir. O, həmin azsaylı yazarlardandır ki, həm Azərbaycanı, həm dünya ədəbiyyatını kifayət qədər yaxşı bilir. Şübhəsiz ki, oxuduğu M.Qorki adına Ədəbiyyat İnstitutunun burada rolu danılmazdır. Elə adını çəkdiyiniz roman da məhz Moskva mühitindən bəhs edir. Həm də keçmiş ittifaqın ən qarışıq zamanlarından - onun dağılma ərəfəsindən... Azərbaycanda baş verən gərgin hadisələrdən.

   Romanda ən çox xoşuma gələn cəhətlərdən biri müəllifin Borçalı mahalında şahidi olduğu hadisələrlə Moskvada gördükləri arasında apardığı paralellər oldu. Onun təqdimatında hətta koreyalı tələbə və onun yaxın qohumları da mənə borçalılar qədər yaxın, doğma göründü.

   Əsər barədə çox şey demək olar. Ancaq bir faktı hökmən vurğulamaq lazımdır. Əsər oxunmalıdır! Oxunaqlı olmalıdır! Bu barədə Etimad Başkeçidi xoşbəxt yazıçı saymaq olar. Onun şeirlərində müşahidə etdiyimiz sanballı dil, dilin müxtəlif qatları romanda da öz uğurlu təcəssümünü tapıb.

 

   Kəramət Böyükçöl:

   Yazıçı ən yaxşı əsərlərini istedadını sübut etmək həvəsindən düşəndən sonra yazır. Bunu Etimad bilir. Ədəbiyyat elə bir peşədir ki, burda istedadlı olduğunu istedaddan məhrum olan adamlara dönə-dönə sübut etməlisən. Etimad bunu da bilir. Etimad Başkeçid istedadını dönə-dönə sübut etmiş artıq istedadını sübut etmək həvəsindən (çoxlarından fərqli olaraq) düşmüş bir nasirdir. Etimada təkcə istedadlı demək çox azdır. Etimad dəyərli qələm adamıdır, dilin incəliklərini çox gözəl bilir öz yolunu tapmış intelektual nasirdir. Bunu hamı bilir. Onun bütün cümlələri aydındır demək istədiyi başa düşülür. Bunu da hamı bilir. Etimad kimi yazıçıların "səhvi" düzdür. Belə yazıçılar daha çox "səhv"ləri ilə maraqlıdır. Etimadın "Min yol mənə söylər" romanı intelektual romançılığımızda irəliyə doğru atılmış növbəti ciddi addımdır. Bu əsər adi bir təxəyyüldən yaranmayıb. Əsərin möhkəm düşünülmüş əsası var. Ən əsası əsərin içi var. Bunu anlamaq üçün elementar məntiq çox azdır. "Min yol mənə söylər" qısqanclıq yaradacaq bir əsərdir. Belə əsərlərin müəllifini çox da sevmirlər. Etimad Başkeçid Seymurdan, Şərifdən, İlqar Fəhmidən, Əli Əkbərdən, Pərviz Cəbrayıldan bir çoxlarından qat-qat yaxşı nasirdir. Təəssüf ki, "Min yol mənə söylər"i bu cür dar bir çevrədə müqayisə edirik; Seymur, Şərif, İlqar, Pərviz, Əli s. İnanıram ki, bu əsər zamanla daha geniş ədəbi-mədəni məkan konteksində təhlil müqayisə olunacaq "Min yol mənə söylər" romanı" layiq olduğu qiymətini alacaq.

 

 

   Ədalət.-2012.-3 noyabr.-S.6.