Napoleon. Özü də "Alman maşını" kimi...
Aktyor Oktay Mehdiyevlə
qaçaraq müsahibə
Sumqayıt səhnəsində Ağa
Məhəmməd Şah
Qacar, Müsyo Yordan, Akademik Milli Dram Teatrında
Napoleon, "Yuğ"da Kebot
, Lopaxin... Gənc aktyor Oktay Mehdiyev rol oynamaq
sarıdan gileylənə
bilməz. Vaxt azlığından
isə şikayətlənməyə
haqqı var. Məhz bu üzdən istedadlı aktyorun zamanını çox almaq istəmədik.
Bu günlərdə Napoleon
obrazı ilə Akademik Milli Dram Teatrında debüt edən Oktay Mehdiyevlə çaparaq alınan söhbətimizdə
aktyoru daha yaxından tanıtmaq istədik.
- Tamaşaçılar bu günlərdə səni
Ferdinand Bruknerin "Napoleon" əsərində baş rolda gördülər. Napoleonu tanımayan yoxdu. Bəs bu tarixi şəxsiyyəti
səhnədə canlandıran
Oktay Mehdiyevi yaxından necə tanıyaq?
- Mədəniyyət
və İncəsənət
Universitetini bitirmişəm.
Çox
xoşbəxtəm ki,
xalq artisti Həsənağa Turabov, əməkdar artist Vidadi Həsənov kimi müəllimlərdən dərs
almışam. Səhnədə debütüm Sumqayıt Dövlət Musiqili Dram Teatrında olub. Çünki Universiteti bitirəndə
hərbi xidmətə
çağırıldım. Hərbi xidmətdən sonra Sumqayıt teatrında işə qəbul olundum.
- Sənət müəllimlərindən
öyrəndiklərini Sumqayıt
səhnəsində həyata
keçirmək çətin
olmadı ki?
- Heç bir çətinlik hiss etməmişəm. İlk gündən
mənə yaradıcı
kollektivin bir üzvü kimi münasibət göstəriblər.
Sumqayıt teatrında
Vəliqulu (Cəlil Məmmədquluzadə "Danabaş
kəndinin əhvalatları"),
Şair (Anar "Yaxşı padşahın
nağılı"), Bəhruz
(Tamara Vəliyeva "Mənim
ağ göyərçinim"),
Qozbel (Əli Əmirli "Varlı qadın") rollarını
oynamışam, festivallarda
iştirak etmişəm.
Yeni teatr mövsümünü
Mirzə Fətəli
Axundzadənin "Müsyo
Jordan və Dərviş
Məstəli Şah"
tamaşası ilə
açdıq. Teatrımızın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovun quruluşunda
hazırlanan həmin tamaşada Müsyo Jordanı oynayıram.
Ötən mövsüm Firudin
müəllim xalq yazıçısı Elçinin
"Qatil" əsərinə
quruluş verərkən
Oğlan obrazını
mənə tapşırdı.
Bu tamaşanı yaxın günlərdə
paytaxt teatrsevərlərinin
qarşısında da
oynayacağıq. "Qatil"in Bakıda da maraqla qarşılanacağına
inanıram.
- Bu sənin paytaxtdakı teatr ictimaiyyəti qarşısında ilk çıxışın
olmayacaq. Ən azından "Yuğ"
teatrındakı fəaliyyətin
ortadadı. Öz dəsti-xətti
olan "Yuğ"a gəlişin necə alındı?
- Gənc rejissor Tural Mustafayev Sumqayıt teatrında Əbdürrəhim
bəy Haqverdiyevin
"Ağa Məhəmməd
Şah Qacar" əsəri əsasında
"Şah" tamaşası
hazırlayanda Qacarı
mənə həvalə
etmişdi. Görkəmli rejissorumuz Vaqif
İbrahimoğlu tələbəsinin
quruluş verdiyi tamaşaya baxanda mənim ifamı bəyəndi və öz teatrına dəvət etdi. Rəhmətlik Vaqif müəllimlə
bir neçə tamaşada, o cümlədən
"Birinci akt"da birgə çalışmaq
mənə nəsib oldu. Çexovun "Albalı bağı"
pyesi əsasında hazırlanan bu tamaşada Lopaxini oynadım. Tamaşa bu gün də
"Yuğ"un repertuarındadı.
- "Yuğ" Akademik Mili Dram Teatrının qonşuluğundadı. "Yuğ"un səhnəsində pıçıltı
ilə danışanda
qonşu teatrdakılar
eşidir. Yəqin sənin də
səsin Akademik Teatra tez çatıb.
Napoleon obrazı ilə
bu teatrda debüt etmək hər aktyora nəsib olan xoşbəxtlik deyil...
- Sözün açığı, həmin
rola dəvət almaq mənim üçün gözlənilməz
oldu. Sumqayıtda evdə oturduğum
yerdə Akademik Milli Dram Teatrının truppa müdiri Elnur bəy zəng elədi. Dedi ki, teatrda
"Napoleon" əsəri hazırlanır, baş rolda da səni
sınamaq istəyirlər.
Gəldim Akademik Milli Dram Teatrına, tamaşanın quruluşçu
rejissoru Namiq Ağayevlə görüşdüm.
Namiq bəy Napoleon obrazı, ümumiyyətlə tamaşa
barədə fikirlərini
açıqladı.
- Rejissorla ilk söhbət səndə hansı təəssürat oyatdı?
- Sözün açığı, müəyyən
tərəddüdlər var
idi.
- Kim tərəfdən?
- Namiq bəy bir quruluşçu
rejissor kimi tərəddüd edirdi ki, görən necə alınacaq... Mən də dedim, konkret heç nə vəd vermirəm, bir müddət çalışaq, sonra baxarıq. Bruknerin pyesini oxuyub tanış oldum və gördüm
ki, bu obraz
özünü səhnədə
sübut etmək üçün aktyora geniş imkanlar yaradır, yetər ki, bir qədər
əziyyət çəkəsən.
Hələ mən məsuliyyət
məsələsini demirəm.
"Napoleon obrazını oynayıram"- demək asandı, bu məsuliyyəti dərk etmək, onu səhnədə sona qədər daşımaq
əziyyət, zəhmət
tələb edir.
Özünü tərif kimi
anlaşılmasın, mən
öz işimə məsuliyyətlə yanaşan
adamam. Etibar olunan epizodik
rola belə məsuliyyətlə yanaşmağa
çalışıram. Quruluşçu rejissorla Napoleon obrazı
üzərində bir
neçə ay gərgin
çalışdıq. Teatrın direktoru İsrafil İsrafilov sağ olsun ki, bizə
inandı və hər cür şərait yaratdı.
- Namiq
Ağayevdən "Ədalət"
üçün müsahibə
hazırlayanda demişdi
ki, Oktay üzdən, boydan Napoleona oxşayır, həm də onun kimi çılğın
birisidi. "Napoleon"un ictimai baxışında iştirak
edəndə səhnədə
neçə çılğın
olduğunu gördüm.
Amma öz aramızdı, həyatda çox sakit təbiətli adam
təsiri bağışlayırsan...
- Xarakter etibarı ilə həqiqətən də sakit təbiətliyəm.
Lakin daxilimdə bir çılğınlıq
var. Napoleon obrazını məşq
edərkən tamaşanın
rejissoru kimi Namiq bəy daxilimdəki çılğınlığı
hiss edə bilirdi. Universitetdə müəllimlərimdən, çalışdığım teatrlarda Vaqif İbrahimoğlu, Azərpaşa
Nemətov, Firudin Məhərrəmov kimi istedadlı rejissorlardan öyrəndiklərim hər
halda köməyimə
gəldi. Düşünürəm ki, "Napoleon"a baxan tamaşaçıları
inandıra bildim.
- Daxili baxışda tamaşaçı
kimi bir qədər həyəcanlı
olduğunu hiss etdim...
- Təbii ki, həyəcan var idi. Tamaşaçı qarşısına çıxmaq,
özü də belə bir obrazla
səhnədə görünmək
həyəcan yaradır.
- Bildiyim qədər ilə sənin belə bir obraza təsdiq
olunmağın teatrda
birmənalı qarşılanmayıb.
Ortada narazılıq-filan
da olub...
- Mən buna təbii baxıram. Akademik Milli Dram Teatrı
böyük ənənələrə
malik bir ocaqdı. Baş rola kənardan,
xüsusi ilə o qədər də tanınmayan aktyorun dəvət olunması təbii ki, birmənalı qarşılanmır,
kimlərsə tərəddüd
edir, narazılığını
bildirir. Bəlkə mənə
qarşı ortada oyun-filan da qurulub.
Üç teatrda çalışdığımdan
belə məsələlər
mənim üçün
adiləşib. Ona görə
çox da fikir vermirəm. Fikir verəsi olsam, gərək bütün işimi-gücümü atım,
yaradıcılıq məsələsini
keçirim ikinci plana. Bu isə
xarakterimə yaddı.
Mən bir işə başladımsa "Alman maşını" kimi çalışıram, digər
məsələlər arxa
plana keçir.
-
Napoleon rolunda dublyorunuz
xalq artisti Ramiz Novruzdu. Ramiz bəy öz təcrübəsini bölüşdümü?
- Ramiz müəllim sağ olsun ki, elə
ilk günlərdən mənim
kim gənclərə
meydan verilməsinin tərəfdarı kimi çıxış etdi.
Bunun özü elə mənəvi dayaqdı.
- Necə düşünürsən,
yenidən səni Akademik Milli Dram Teatrında görə biləcəyik?
- İsrafil
İsrafilov Akademik Milli Dram Teatrına direktor təyin olunduqdan sonra kollektivdə müsbətə
doğru çox şey dəyişib.
Xüsusən gənc rejissor
və aktyorlara özlərini sübut etmək üçün hər bir şərait
yaradılır. İstedadı, bacarığı, zövqü
olan yaradıcı adamlar üçün teatrın qapıları taybatay açılıb,
necə deyərlər,
bu meydan, bu şeytan. Şəxsən mənimlə bağlı
onu deyə bilərəm ki, müəyyən planlar
var. Amma gəl bir qədər gözləyək, tələsməyə
dəyməz.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2012.-3
noyabr.-S.9.