ƏN DƏRDLİ AĞLAMAQ
LAL AĞLAMAQDI...
Məni
təbiətə qəlbən bağlayan,
Bulağın baharda çağlamasıdı,
Bir də ürəyimi didib-dağlayan,
Kiminsə içində ağlamasıdı.
Bu göz yaşlarıyla qəlb dağlamaqdı
Ən dərdli ağlamaq lal ağlamaqdı.
O dərdli dərdini ağlayıb-ağlar,
Dərdi ürəyinə bağlayıb ağlar,
Qəhərdən sinəsi çağlayıb ağlar,
Bu göz yaşlarıyla qəlb dağlamaqdı,
Ən dərdli ağlamaq lal ağlamaqdı.
Belə ağlamağı yad eşitməyir
"Ah"lara şadlanan şad eşitməyir,
Doğma da, yaxın da "dad" eşitməyir,
Özünü
dərdinə tən bağlamaqdı-
Ən dərdli ağlamaq
lal ağlamaqdı.
Tanrıdan dözümü, səbrini
alar,
Kövrək xatirəli xəyala dalar,
Mehrini sevdiyi həyata salar,
Dərdə əlac tapıb, bil toxtamaqdı,
Ən dərdli ağlamaq
lal ağlamaqdı.
DÖZ, ÜRƏYİM
Gözləməkdən
göz ağrıdı,
Dilimdəki söz ağrıdı,
Döz ürəyim, döz ağrıdı,
Tanrıdan gələn payızım.
Bu dünyada hara baxdım,
Qəlb üşüdən qara baxdım,
Bir gülmədi qara baxtım,
Payıza döndü yayımız.
Döz ürəyim, döz bu dərdə,
Boğuluruq böhtan, şərdə,
Tor qururlar mərddən mərdə,
Durulmaq bilmir çayımız.
Göydən baxan hara baxır?
Qar, yağışı qara yağır,
Yadlar bizə qara yaxır-
Heç yana çatmır
hayımız.
GƏLMİŞƏM
SİZLƏRİ GÖRƏM, A DAĞLAR
Yaman kövrəlmişəm payız
yaşımda,
Xəyalımda ötən çağlarım
çağlar.
Çənli gözlərimlə əlim
qaşımda,
Gəlmişəm sizlərə baxam,
a dağlar.
Gəlmişəm sizlərdə qalam,
a dağlar.
Mən dağlar oğluyam olsam da harda,
Bir vaxt zirvənizə
izlər salardım.
Buluda qovuşan şiş qayalarda,
Məğrur qartalları seyrə
dalardım.
Gəlmişəm,
a dağlar, yenə doğrusu,
Dərəm kəklikotu, quzuqulağı.
"Bir bala ceyranın gözündən duru"
Arayıb axtaram bumbuz
bulağı.
Adları yadımda bax, kolların da,
Əppəkli, dağdağan toz
bağlayıblar.
Qaraca, yemişan budaqlarında,
Mənə keçən ildən pay saxlayıblar.
Zirincin tikanlı budaqlarından,
Dərəcəm sulanmış gilələrini.
İtburnu meyvəsi qızaran andan,
Yığacam yetişmiş pilələrini.
Daşlar ağnayanqda sıldırımlardan,
Demək yürüşdədi dağ keçiləri.
Dualar edirdim, ildırımlardan,
Tanrı kaş saxlasın
sağ keçiləri.
Heç vaxt gün düşməyən
qüzeyinizin,
Hələ seyr edəcəm
qar talasını.
Günəş
nur ələyən güneyinizin,
Dərib iyləyəcəm dağ
lalasını.
Dağlar görünəndə qara
çalmalı,
Şıdırğı yağışlar ələnəcəkdir.
Fatma nənəmizin göylər
hanası,
Əlvan ilmələrlə bələnəcəkdir.
Ceyranın-cüyürün
ləpirləriylə,
Gedib çıxacağam bərələrinə.
Burdakı canlılar öyrəşibdilər,
Ayının, pələngin nərələrinə.
Dərin dərələrin dərinliyində,
Kükrəyən
çaylardan haray yüksələr
Yaşıl təpələrin sərinliyində,
Anasın gözləyən quzular mələr.
Mamırlı daşlarda xınalı kəklik,
Nəğməylə qəlbimi coşduracaqdır.
Gözlərim
önündə min bir
gözəllik,
Mənə yeni nəğmə
qoşduracaqdır.
Hələ çox isdəyim var yaddaşımda,
Ürəyim onlarla döyünər,
çağlar.
Qəlbimin səsiylə payız yaşımda,
Gəlmişəm
sizlərdə qalam, a
dağlar,
Gəlmişəm sizlərdən yazam,
a dağlar.
MƏNİ
GÜNAHIMA BAĞIŞLA, ALLAH
Dərdim bir çiçəyi qəhər eylədim,
Arının balını zəhər eylədim,
Dərdimi kəhərə yəhər
eylədim,
Məni günahıma bağışla,
Allah!
Gözlər mənə baxdı, mən qaşa baxdım,
Yanaqda yaşaran nəm yaşa baxdım,
Çox erkən toxunda tən daşa baxtım,
Məni günahıma bağışla,
Allah!
İstədim dirçəlim yaz gəlib getdi,
Bir gözəl tapınca naz gəlib getdi,
Dost-tanış
qapıma az
gəlib getdi,
Məni günahıma bağışla,
Allah!
Məni yola salan yolu
unutdum,
Boynuma sarılan qolu unutdum,
Sağımı
qorudum, solu unutdum,
Məni günahıma bağışla,
Allah!
Getdi əlimizdən vətən
torpağı,
Geymədim əynimə kəfən torpağı,
Gücüi yox qaytaram gedən
torpağı,
Məni günahıma bağışla,
Allah!
Əllərim çatmayır paralarına,
Şerimlə duz səpim yaralarına,
Şəhidlər
almadı aralarına
Məni günahıma bağışla,
Allah!
Bağışla-barışım
günahlarımla,
Qaynayıb-qarışım
ün, ahlarımla,
Onlardan ayrılım uşaqlarımla,
Məni günahıma bağışla,
Allah!
MƏN
ÇƏKƏN DƏRDLƏRİ SƏN BARI ÇƏKMƏ...
Mən dedim
Sən gəldin
Durdun önümdə,
Gözlərin çağlayan bulaq
kimiydin.
Ruhum ovsunlanan bu xoş
günümdə,
Sən mənə ün
yetməz uzaq kimiydin.
Nə qədər yaxındıq,
o qədər uzaq,
Sarsıldım duyğulu baxışlarından.
Nə bir qol qaldırdın,
nə açdın qucaq,
Qorxdum gözlərinin yağışlarından.
Sən ki, bənzəmirdin
yada, özgəyə.
Bilirdim, sən məni
duyub gəlmisən.
Şeir söylətməyə, söz
eşitməyə,
Qəlbinin səsinə uyub
gəlmisən.
Görən nə tapmısan şeirlərində,
Onların sevincdən kədəri
çoxdu.
Elə sinəmdəki dərdlərimin
də,
Qədəri varsa da, hədəri yoxdu.
Daha nə söyləyim bu payız günü,
Görürsən yarpaqlar xəzələ
dönüb.
Sənə deyəcəyim şeirlər
düzü,
Yaza bilmədiyim qəzələ
dönüb
Mənli hislərini saxla özündə,
Axı qəm dəniyəm, qəlbinə
əkmə.
Yansan da çatdığım
ocaq közündə
Mən çəkən dərdləri
sən barı çəkmə.
Mən dedim
Sən gəldin
Durdun önümdə,
Gözlərin çağlayan
bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş
günümdə,
Sən mənə əlyetməz
uzaq kimiydin.
İbrahim
YUSİFOĞLU
(Naxcıvan)
Ədalət.-2012.-6
noyabr.-S.6.