Günel
Mövludun şeirləri haqqında iki yazı
Adrenalin
"Bu dünyada bir qramlıq
adrenalin-zad qalmayıb. Heç nəyə təəccüblənmək,
heç nədən sarsılmaq, şoka düşmək
mümkün deyil. Yaşımızın belə gənc,
şair qəlbimizin belə kövrək vaxtında nələr
görmədik, nələr eşitmədik, İlahi!"
Yuxarıdakı cümlələr
şairə Günel Mövludun bir köşəsindən
seçilib. Günel haqqında yazacağım yazıya bu
girişi təsadüfi seçməmişəm. Bəlkə
də yazıya heç dəxli yoxdur, sırf mənim
özümlə bağlıdır. Hər haldag2010-cu ilin mart
ayına qədər Günelin köşələri diqqətimi
çox cəlb etdiyindən onun şeirləri ilə demək
olar ki, maraqlanmırdım. Şairə olduğunu, azadfikirli,
səmimi yazdığından xəbərim vardı.
Oxumuşdum bir-iki şeirini. Günelin "Qaranlıq və
İkimiz" adlı ilk kitabını təxminən
2006-cı ildə R.Qaraca vermişdi mənə. Bu nazik
kitabı axıracan oxumaq fikrini başımdan qovub kitabı
xanım dostlarımdan birinə hədiyyə eləmişdim.
İndiki kimi yadımdadır, kitabın ilk səhifəsinə
yazmışdım: "Əzizim, mənim oxumağa hövsələm
çatmadı, ancaq sən oxu. Məncə qadın
qadını daha yaxşı anlaya bilər".
Beləcə şairə
Günelin poeziyasıyla əlaqələrim
qırılmışdı, Günelin publisist
yazılarını isə oxuyurdum. Ona görə yox ki, onun hər
yazdığını bəyənirdim, sadəcə cəsarətinə,
səmimiyyətinə görə bu qızın
yazdıqları diqqətimi çəkirdi. Bir az mühafizəkar
fikirlərim, bir az da ədəbi mühitlə əlaqələrimin
az olması nədəniylə yaşıdlarımın
yaradıcılığını çox az oxuyur, bəzilərini
isə demək olar ki, bəyənmirdim. Günelin də bəzi
hallarda əndazədən çıxması məni kədərləndirirdi.
İstedadlı, zəhmətkeş və səmimi bir qələm
adamının bəlirli sərhədləri belə
aşması məni təəssüfləndirirdi. Nə isə,
konu bu olmadığı üçün mətləbi
çox uzatmaq istəmirəm. Ola bilsin ki, ədəbi gəncliyin
yaşadığı sorunlarla bağlı qocalmaq imkanım
olsa o zaman bir şeylər yazdım. Hələlik isə
Güneldən-şairə Günel Mövluddan yazmaq istəyirəm.
2009-cu il martın əvvəllərində
tanış olduq Günel Mövludla. Günelin "mənim
maraqlı tapıntım" adlandırdığı Səda
da vardı bu görüşdə. Qısa, lakin maraqlı bir
görüş oldu. Onda mən hələ Gəncədə
çıxış yollarını arayaraq günümü
aylıq bir əyalət qəzetinə rəhbərlik etməklə,
hər gün sevdalanaraq aşiq olmaqla keçirirdim.
Günelin qəfildən Bakı mühitindən
ayrılıb Gəncəyə gəlməsi məni
düşündürdü. Çox sonradan anladım ki,
yaşadığın yerdən, öyrəşdiyin yerdən
ayrılmaq, uzaqlaşmaq yaradıcı adam üçün
faydalıymış. Qısa görüşümüzdə
mən Günel Mövludla çox söhbət etməyə
can atsam da, o çox az danışdı. Sonradan isə
heç görüşmədik. "İntihar silsiləsini"
oxuduqdan sonra mən hər dəfə zəng edəndə
Günel "havalar isinsin, gələcəyəm" -deyə
vəd versə də görüşə bilmədik. Deyəsən,
Günelgil tərəfdə havalar heç isinmirdi.
Təsəvvür edin ki, təbiətin
oyandığı mart ayında, aşiq olduğum və
qarmaqarışıq hisslərin içində
çabaladığım bir zamanda Günelin "İntihar
silsiləsini" oxudum.
Kədərlə
doğrayacam
Şair damarlarımı,
Otaqdakı ac pişik
Yalayacaq qanımı.
İntihar haqqında
düşünürdüm, ancaq yazmırdım. Günelin bu
şeiri məni ani olaraq silkələdi. Həmin axşam
işdən çıxıb evə gedərkən
küçədə, zibil qablarının yanında vurnuxan
ac pişikləri görəndə ürpəndim.
Yanlış düşüncədə olduğumu anladım.
Əgər o zaman bu şeir olmasaydı, yəqin ki, intihar
haqqında xeyli düşünəcəkdim. Dostlar və
Günelin şeiri məni silkələdi. Beləcə
Günelin şeir yaradıcılığını başdan
sona oxumaq ehtiyacı yarandı içimdə. Anladım ki,
ümidi həmişə ən ümidsiz adamlardan alan mən,
"İntihar silsiləsi" yazan Günelin şeirlərini
oxumaq zorundayam.
Bir də, şəxsiyyət
çox önəmlidir. Haqqında tənqidi
düşündüyüm, bəyənmədiyim Günelin səmimiliyi
də az rol oynamadı bu mütaliə həvəsində.
Bəlkə 10 dəfəyə
yaxın oxumuşam "İntihar silsiləsini"... Ola
bilsin ki, ədəbi baxımdan zəif, dil cəhətdən
qüsurlu olan bu şeirlər bəzi oxucuların diqqətindən
yayına. Qarmaqarışıq düşüncələrin
içində əziyyət çəkərkən ilk
ağlıma gələn intihar olduğu halda bu şeirlərdən
sonra yaşamağı daha çox sevdim. Günelin
"Gülümsəyən işarə" adlı şeiri
haqqında da eyni şeyləri demək mümkündü.
Günelin bu qədər maraqlı fikirləri bir az məzəli
formada çatdırmağına baxmayaraq, şeirdə
tutumlu, doyumlu fikirlər insanı düşündürür.
İçi böyük
adamların
Gen dünyada bir yeri yox.
Bizim böyük şəhərlərin
İntiharlıq sahili yox.
Elə, bu şeiri oxuyanda təəccüblənə
bilmişdim. Həyəcanlanmışdım. "İlahi
bunu mən də düşünürdüm", -deyib bir
siqaret yandırmışdım, "Əhsən
Günel!" demişdim. Dünyada adrenalini
artırmağın yollarından biri də ekstrimal
yaşamdır. Günelin "İntihar silsiləsindən"
sonra ekstrim yaşamağa, ən adi şeyləri belə dəhşətli
dərəcədə ekstrimə çevirməyə
başladım. Kifayət qədər adrenalin bulmuşdum.
hər gün daha çox
hər gün daha çox
iştahla baxırsan damarlarına
hər gün daha çox
uzaqlaşırsan insanlardan.
Bax bunu da yaşamışdım.
Hərdən damarlarımda əcaib qıcıqlanma
başlayırdı. Son damlasına qədər başıma
çəkdiyim araq şüşəsini daşa
çırpıb qıranda və bir də kişi salonunda
ülgücə gözüm sataşanda ani olaraq əllərim
əsir, boğazım quruyurdu. Bir də zibillikdə veyillənəndən
sonra kirayə qaldığım məhləyə
"hücum" edən pişiklər əsəbləşdirirdi
məni. Getdikcə daha çox soyuyurdum insanlardan, getdikcə
daha çox təklik istəyirdim. Sonra da Günelin şeirləri...
Oxudum. İlk olaraq intihar fikrindən
daşındım. Sonar sevməyə başladım. İndi
adrenalin vardı. Borcları verə bilməmək qorxusu,
sevdiyim insanı itirmək təhlükəsi,
övladımın nurlu çöhrəsi üçün dəlicəsinə
darıxmağım, ondan əbədi ayrıla biləcəyimin
qorxusu gecələr qanımda adrenalini son həddə
çatdıra bilirdi. Bu əsil adrenalin idi.
Yanlış yanaşmalar və kədərli sonluqlar
Günel Mövludun şeirlərindən
bol-bol adrenalin aldıqdan sonra düşündüm ki, zərif
şairin şeirlərinə hökmən öz tənqidi
fikirlərimi də bildirməliyəm. Bir də axı ilk
yazı Cəlil adlı bir oxucunun münasibəti idi. İndi
isə konkret faktlar əsasında fikirlərimi əlahəzrət
oxucularla bölüşmək istəyindəyəm.
Tam məsuliyyətlə demək
olar ki, Günel istedad sahibidir. Ancaq o öz incə
istedadını hara gəldi, necə gəldi xərcləyir.
Müsahibədən reportaja, tərcümədən
köşə yazısına qədər hər yerdə
Günelin imzası var. Bir az kobud desək, Günelin şeiri
publisistikada əriyir. Hər yazdığı yazıda
şair Günel Mövlud tükənir. Deməli, şair
Günelin publisist Günelə uduzması hiss olunur.
Mən ənənəvi tənqidçilər
kimi Günelin şeir kitabını qabağıma qoyub eninə-uzununa
döşəməyəcəm. Sadəcə
yaddaşımda ilişib qalan misralar üzərində gəzişmə
edəcəm.
Günelin ən maraqlı və ən
sevdiyim şeirləri təsir altında yazılıb.
Günelin şeirlərinə bənzəyən yüzlərlə
şeir oxumuşam. Ahmet Kayada, Yusif Hayaloğlunda, Vaqif Səmədoğlunda,
hətta Aqşində də bu cür, bu fikirli şeirlər
var. Təsir hiss olunan şeirlərində sevdiyim misralar yox
deyil. Hətta bəzən Günel daha ciddi fikirlərlə
uğur qazanır.
Güneldə bəzən
bütöv bir nəsr əsərinin ötəri təsiri də
yan keçmir. Məsələn, "Ata, çıx get"
şeirində Ə.Əylislinin "Kür
qırağının meşələri" əsərinin
qəhrəmanı Qədirin başına gələnləri
nəzmə çəkilmiş kimi hiss edirəm.
"Çıx get" Qədirə də ünvanlanan ifadədir.
Ümumiyyətlə, Günel haqqında "təsirlə
yazır" ifadəsi yerinə tam oturmur. Çünki təsiri
bəzən tutmaq çox çətindir. Ancaq alt
şüurunda ilişib qalan bir-iki misraya istinad etdikdə
görürsən ki, təsir az da olsa hiss olunur.
"Axşamçağına cavab" şeirində ikili təsir
var. Aqşin Vaqif Səmədoğlunun onlarca bu qəbildən
olan eyni üslublu şeirlərindən, Günel isə hər
ikisindən təsirlənib.
Hər halda bir-bir şeirləri
xatırlayıb təsirləri xırdalamaq fikrindən
uzağam. Yalnız yadımda qalan və məni məşğul
edən şeirlərdən danışacağam. Məsələn:
Bir az əvvəl
Qalib bir ordu əskərinin
Məmnun yorğunluğu
vardı bədənimdə
İndi
Məğlubiyyət
türküsü oxuyuram
Asta səslə
İndi ona demək istədiklərimi
sənə
Deyə bilirəm
Günay,
Mən onu daha çox sevdikcə
Daha çox susmaq istəyirəm
Günel bu şeirlərlə, səmimi
deyimi ilə insanı elə cazibəyə salır ki, hətta
peşəkar oxucu belə susmağa üstünlük verir. Sussammı?
Xeyr. Günelin məhz bu silsilədən olan şeirlərində
müasir türk şeirinin təsiri hiss olunur. Yüzlərlə
şeir, yüzlərlə bənzər misra beynimdən
keçir. Bir məqam isə çox maraqlıdır. Forma
etibarı ilə Günelin şeirləri təsirləndiyi
şeirlərdən daha ciddi təsir bağışlayır.
Türkiyənin solçu şairlərindən təsirlənsə
də, hətta alt qatında solçuluq, inqilabilik olsa belə
Günel fərqlənməyə çalışır.
Günel haqqında yazını
çox uzatmaq istəməzdim. Yazacaqlarımın
yarısını burda saxlayıram. İntihar əlamətli,
qanqoxulu şeirlərdən yazdıqca hər şeyin sonluğunun
bu cür kədərli olması məni
düşündürür. İddiayla, sevgiylə, həvəslə
ədəbiyyata gələn bir çox yaşıdlarım
kimi Günelin də sonluğu kədərlidir. Elə məhz
kitabın sonundakı "İntihar silsiləsi"
Günelin şair kimi yorğunluğunu,
sarsıldığını bildirir. Bu günün
ideologiyası, yanlış təfəkkürü insanlara,
xüsusən yaradıcı insanlara çox pis təsir edir.
Günel bu ideolojinin içərisində, bu sistemin içərisində
yanlışlarla və yanlışlıqla əriyir.
Yaradıcılıq, xüsusilə şeir
yanlışlığı sevmir.
Günel ədəbiyyatı,
sözü bilən, duyan qələm adamıdır. Təəssüf
ki, yanlış yanaşmalar, yanlış təsəvvürlər
Günelin yaradıcı adam kimi sonluğunu sürətləndirir.
Hər halda istedadına böyük hörmət etdiyim
Günelin tükənməyini istəməzdim. Yazmaq istədiyimin
çoxunu yaza bilmədim. Yəqin ki, bu mövzuya daha fərqli
şəkildə nə vaxtsa yenidən qayıdacağam.
Cəlil
Cavanşir
2011, Gəncə - Bakı
Ədalət.-2012.-6
noyabr.-S.6.