"ÜRƏYİMDƏN KEÇƏNLƏR..."

 

  Onu lap çoxdan tanıyıram. Onda nə qaçqınçılıq var idi, nə də müharibənin ölüm-itimi. O də əksəriyyətimiz kimi doğulduğu rayonda yaşayıb, sevib-seçdiyi peşənin qulpundan tutmuşdu. Bu məqamda səmimi deyim ki, həmin peşə bəzilərimizin günahı üzündən bir az urvatdan düşsə də, amma böyük söz, böyük jurnalistika belə şeyləri çox görüb. Ona görə də indiki durumun da ötüb-keçəcəyinə mənim heç şübhəm yoxdu. Bilirəm ki, sular gez-tez durulacaq. Sözün bütün mənalarında özünü sözə həsr edənlər öz qiymətlərinin, öz sözlərinin dəyərini nə vaxtsa alacaqlar. Yəni işlər həmişə belə getməyəcək ki?..

   Bəli, mən Elxanı Cəbrayılda tanıdım, Cəbrayılda onunla ünsiyyət qurdum, sözünə-söhbətinə könül verdim. Bir həmkar kimi onun çalışdığı rayon qəzetinin redaksiyasında olarkən Elxanın qaynarlığı, bir az tələskənliyi, bir az çılğınlığı diqqətimi çəkdi və çox açıq şəkildə dərk etdim ki, bu oğlan jurnalistliyə nəyinsə xatirinə yox, sözlə nəfəs almağa gəlib. Elə ilk tanışlığımızdan növbəti mərhələlərimdə o da mənə aydın oldu ki, Elxan poeziyaya da, şeirə də könül verib. Bunu mənə dostlarımdan biri, yəni İsrafil dedi. Onda İsrafil müəllimlə rayon sovetində çalışırdı, maraqlı hekayələr yazırdı və Cəbrayıla gələn söz adamlarının demək olar ki, böyük əksəriyyəti onu tanıyırdı. Bax, mənim də tanıyıb dostluq etdiyim İsrafil müəllim Elxandan söz düşəndə onun maraqlı şeirlər müəllifi olduğunu söylədi. Bu təqdimat ona olan münasibətimi bir az da artırdı, bir az da yaxınlaşdırdı bizi bir-birimizə.

   Bu günlərin söhbətdir. Tələbəlik dostum, söz adamı Vaqif İsaqoğlu ilə çay süfrəsi arxasında əyləşmişdik. Elxan da başının dəstəsi ilə burada idi. Söhbət yazı-pozudan düşəndə Elxan özünün yenidən çapdan çıxmış "Ürəyimdən keçənlər..." kitabını səmimi bir aftoqrafla mənə bağışladı. Həmişə olduğu kimi, hər təzə kitabın mənim həyatımda mütləq bir izi qalıb və mən də maraqla həmin təzə kitabı öncə gözdən keçirir, adda-budda oxuyur, əgər ürəyimə bir balaca işıq sala bildisə, başlayıram onu əvvəlindən sonuna kimi mütaliə etməyə.

   Millət vəkili, professor, AMEA-nın müxbir üzvü hörmətli Nizami Cəfərovun ön söz yazdığı bu kitab mənim üçün elə ilk şeirdən bir dostluq təması qurdu. Elxan yazır:

  

   Zaman-zaman yol gəlib

   Yatırmı indi dağlar?!

   Yorğunluğun daşını

   Atırmı indi dağlar?!

  

   Zənnimcə, bu misralar artıq Elxanın söz dünyasına qapı açmaq üçün yaxşı müşahidəçi, yaxşı yol göstərəndir. Çünki bu misralar öz səmimiliyi və konkretliyi ilə, üstəlik fikir baxımından təzəliyi ilə mənə çox orijinal gəldi. Gördüm ki, Elxan digər şeirlərində də bu cür səmimi və konkretdi. Məsələn:

  

   Qanını qaraltmır üfüqlar daha,

   Yerin nəfəs alır dərin qatları.

   Günəş boy göstərib söykənir dağa,

   Əriyir gündüzün son saatları.

  

   Və yaxud:

  

   Çiçəkləyər nar ağacı, 

   Namus, qeyrət, ar ağacı.

   Harda gördüm dar ağacı,

   Gördüm mərdin şəkilini.

  

   Bəli, müxtəlif şeirlərdən gətirdiyim bu nümunələr özü-özlüyündə Elxan Hürriyyətin poetik dünyasının rəngarəngliyindən də xəbər verir. Aydınca görünür ki, şair söz üçün, mövzu üçün qıtlıq çəkmir. Üstəlik, o, "köhnə" sözü də təzə donda təqdim edə bilir.

 

   Bu bahar könlümü oxşamadı heç,

   Neçə ayrılıqlar sıxdı əlimi.

   Vaxtı görüşlərə yetişməyəndə,

   Qıvrılıb baxmışam Arazım kimi.

  

   Və yaxud:

 

   Ağaclar soyunar yaz paltarını,

   Təbiət don geyər qızıl payızdan.

   Bir zərif, ləkəsiz al yanaq kimi,

   Üfüqlər qızarar sanki ayazdan.

  

   Elxan Hürriyyətin "Ürəyimdən keçənlər..." şeirlər kitabı şair Vəli Xramçaylının redaktorluğu ilə işıq üzü görüb. Bunu da elə-belə xatırlatmıram. Çünki kitabda redaktorun diqqəti də hiss olunur. Yəni aşkarca görünür ki, kitabın tərtibatı mövzü baxımından bir-birini tamamlayır, hər yeni şeir özündən əvvəlkinin kölgəsində gizlənib qalmır. Əksinə, o, fərdi bir şəkildə öz yerində, öz sırasında dayanır.

  

   Düşüb itərəm baxtından,

   Gözlə ha, məni gözlə.

   Mən uşaqlıq vaxtımdan,

   Oynadım közlə, ha közlə.

 

   Kipriyimsən, çəpərsən,

   Ötən günü öpərsən.

   Yarama düz səpərsən,

   Gülüm sözlə, ha sözlə.

 

   Yollar yoxuş, yorulacam,

   Dərdə-qəmə sarılacam.

  

   Gözəl görsəm vurulacam,

   Gizlə, ha məni gizlə.

    

   Bütün bu nümunələrin fonunda gəldiyim qənaət budur ki, Azərbaycan oxucusu "Ürəyimdən keçənlər..." adlı şeirlər toplusunu maraqlı bir söz boxçası kimi mütaliə etməkdən peşman olmaz. Çünki bu boxçada Elxan Hürriyyətin ürək pıçıltıları, özü də səmimi və konkret bir şəkildə özünə yer tapıb. Yəni, Elxan Hürriyyət öz sözü ilə, öz söz boxçası ilə öz yerində, öz söz dünyasında öz işi ilə məşğuldur və bu məşğuliyyət də böyük sözə xidmətdir. Uğurlar olsun!

  

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-6 noyabr.-S.6.