QAX - İDMANDA ZƏNGİN ƏNƏNƏLƏR DAVAM EDİR

 

   Bu gün ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosialyönümlü siyasətin tərkib hissələrindən biri olan Dövlət Gənclər Siyasəti Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, təhsili, məşğuliyyətinin təmin olunması üçün hər cür şərait yaradılmışdır.

   Onlar bu gün dövlət idarəetmə orqanlarında, elm, təhsil, mədəniyyət müəssisələrində, istehsalatda özəl bölmələrdə çalışır, beynəlxalq yarış və müsabiqələrdə, olimpiadalarda, festivallarda yüksək nailiyyətlər qazanır, dövlətimizin himnini səsləndirir, bayrağını dalğalandırırlar.

   Respublika Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan, həyata keçirilməkdə olan Dövlət Gənclər Siyasətinin yaratdığı əlverişli imkanlardan layiqincə yararlanan Qax rayonunun gəncləri də ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq imicinin yüksəldilməsinə, bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə layiqli töhfələrini verirlər.

   Görkəmli ziyalıları ilə uzun illər təhsildə əldə etdiyi uğurları ilə respublikamızda sayılıb-seçilən Qax həm də zəngin idman ənənələrinə malikdir və bu ənənələr bu gün də uğurla davam edir. Təsadüfi deyildir ki, son dövrlər Qax ölkəmizə on yaşlı qızlar arasında dünya çempionu Xanım Balacayeva, sərbəst güləş üzrə dünya çempionu Nazim Əlicanov, çoxnövlü döyüş üzrə dünya çempionu Ramil Məmmədov, "pankratoin" idman növü üzrə dünya çempionu Ehtiram Dərişov, qeyri-olimpiya bütün döyüş növləri üzrə dünya çempionu Ömər Balacayev kimi onlarla istedadlı bacarıqlı idmançılar vermişdir.

   Bütün bunlar barədə bu günlərdə Qaxda "İdman ili"nə və Respublika Milli Olimpiya Komitəsinin 20-ci ildönümünə həsr olunmuş ümumrayon tədbirində ətraflı söhbət getdi. Həmin gün səhərdən rayonun mərkəzi stadionunda böyük bir qələbəlik hökm sürürdü. Efirdə milli musiqi səsləndirilir, aparıcı rayonun idmançılarının uğurları barədə məlumatlar verirdi. Böyük idman bayramını xatırladan tədbirə toplaşan idman ictimaiyyətinin nümayəndələri ilə bərabər, rayonun çoxsaylı sakinləri əvvəlcə oktyabrın 12-də futbol üzrə bələdiyyələrarası rayon birinciliyinin finalına vəsiqə almış komandaların yarışlarını seyr etdilər. Azərkeşlərin böyük maraqla izlədikləri final yarışlarında Qax bələdiyyəsinin komandası birinciliyin qalibi oldu, Şotavar bələdiyyəsinin komandası II, Çüdüllü bələdiyyəsinin komandası isə III yerə çıxdı.

   Yarışlar başa çatdıqdan sonra iştirakçılar qarşısında çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov rayonda "İdman ili" və Milli Olimpiya Komitəsinin 20-ci ildönümü ilə bağlı, ümumiyyətlə idmanın inkişafı, yeniyetmə və gənclərin fiziki hazırlığının yüksəldilməsi ilə əlaqədar həyata keçirilən çoxsaylı tədbirlər barədə geniş məlumat verdi. Rayon birinciliklərində, Respublika və Beynəlxalq turnirlərdə böyük uğurlara imza atmış komandaların və ayrı-ayrı idmançıların nailiyyətlərindən danışdı, onları təbrik etdi.

   Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ölkəmizdə, o cümlədən rayonda həyata keçirilən quruculuq işlərindən, əldə olunmuş uğurlardan söz açdı. Ulu Öndərimiz Heydər Əliyevin təməlini qoyduğu, hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən "Dövlət Gənclər" Siyasətinin mahiyyətindən danışdı. Ölkəmizin idmançılarının bu ilin may ayında London şəhərində keçirilən Yay Olimpiadasında qazandıqları qələbələrin dövlətimizin günbəgün artmaqda olan sosial, siyasi, iqtisadi qüdrətinin, ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olduğunu söyləyən RİH başçısı rayonun idmançılarının da əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirdi. İdman ilində uğurlar qazanmış idmançıları, rayonun idman ictimaiyyətini yüksək nailiyyətlərə görə təbrik etdi. Rayonda idmanın kütləviliyinin daha da artırılması üçün respublika, rayon rəhbərliyi tərəfindən həyata keçirilməkdə olan tədbirlərdən danışaraq idmançılara, idman və təhsil kollektivlərinə tövsiyələrini verdi. Ümidvar olduğunu vurğuladı ki, hazırda inşası davam edən rayon idman kompleksi istifadəyə verildikdən sonra idmançılarımızın uğurları birə-beş artacaq, onlar nəinki rayonumuzu layiqincə təmsil edəcək, beynəlxalq turnirlərdə, olimpiadalarda ölkəmizin bayrağını dalğalandıracaqlar.

   Tədbirin sonunda bələdiyyələr arasında futbol üzrə rayon birinciliyində qalib gəlmiş komandalara kuboklar, qiymətli hədiyyələr təqdim olundu. Həmçinin idman ilində yüksək nailiyyətlərə imza atmış idmançılara, o cümlədən 2012-ci ilin sentyabr ayında veteranlar arasında Macarıstanda keçirilən sərbəst güləş üzrə çempionatda dünya çempionu adına layiq görülmüş Abdulhəmid Manafova, 50 kq. çəki dərəcəsində güləş üzrə Respublika birinciliyində III yerə çıxmış Məhəmməd Abdullayevə və futbol üzrə 17 yaşlı qızlardan ibarət Respublika yığma komandasının üzvü Olya Şioşviliyə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, qiymətli hədiyyələri təqdim olundu.

   Sonda rayon rəhbərliyinin nümayəndələri idmançılarla xatirə şəkli çəkdirdilər.

   Axşam saatlarınadək davam edən, iştirakçılarda böyük bayram ovqatı yaradan mərasimdən idman ictimaiyyətinin nümayəndələri, sakinlər xoş təəssüratlarla ayrıldılar.

  

 

   Novruz ŞABANOV

 

   Ədalət.-2012.-7 noyabr.-S.7.