BƏZƏN DALĞALI, BƏZƏN LƏPƏLİ PIÇILTILAR

 

   Mən Sona xanımı qiyabi tanıyırdım; şeirlərini qəzet səhifələrindən oxumuşdum. "Sona xanım" deyiləndə insanlarda xoş bir ovqatın yarandığını da görürdüm.

   Publisistik yazıları ilə ürəklərimizi riqqətə gətirən, şeirləri ilə oxucusunun zövqünü oxşayan, duyğulu bir ürəyə malik, "Azərbaycan" qəzetinin şöbə müdiri Flora Xəlilzadə ilə Həcc ziyarətində yol yoldaşı olmuşuq. Həccin ayinlərini yerinə yetirəndən sonra, asudə vaxtlarımızda ədəbiyyatdan, şeirdən, sənətdən, ağrılı yerimiz Qarabağdan, saz-söz adamlarından söhbət açırdıq. Vətənin əsir torpaqlarının azad olması üçün, Azərbaycan xalqı üçün, Azərbaycan ədəbiyyatının keşiyində duran cəfakeş insanlar üçün dua edirdik. Söhbətlərimizin birində Flora xanım Sona xanımın təzəcə çapdan çıxmış kitabı haqqında danışdı. Həcc əməllərinin çətinliklərinə baxmayaraq Sona xanımdan, onun şeirlərindən danışan Flora xanımın bir anlq üzü işıqlanırdı, bütün yorğunluğu sanki canından çıxırdı. Bir söz dilindən heç düşmürdü: "Sona xanım səmimiyyət, paklıq mücəssəməsidir". Flora xanımın bu sözlərindən sonra Sona xanımı yaxından tanımasam da, mənim də qəlbimdə ona qarşı bir hüsn-rəğbət oyandı. Flora xanımın bəhs etdiyi kitab Sona xanımın 2007-ci ildə işıq üzü görmüş "Çəhrayı rəngli dünyam" adlı şeirlər toplusu idi. O kitabı əldə edə bilməsəm də, ikinci, "Arazbarı" adlı şeirlər kitabını əldə etdim. "Natəvan" yazıçılar evində keçirilən tədbirdə şair Dayandur Sevgin mənə Sona xanımın "Arazbarı" kitabını bağışladı. Vərəqlədim, başlığı məni tutan şeirləri oxudum. Təzədən əvvələ qayıtdım. Bu dəfə oxumadıqlarımı və oxuduqlarımı yenidən oxudum. Və Flora xanımın sözləri qulağımda səsləndi: "Şeirləri də özü kimi səmimidir, duyğuludur". Kitabda toplanmış şeirlərdə torpağın, torpaq üstə cücərmiş otların, kol dibində boynunu bükmüş bənövşənin ətri gəlirdi. Gəldiyim qənaət onun bir qisim şeirlərinə aiddir. Qalan şeirləri isə vətəndaş bir şəxsin arzuları, iradları, nəsihətləridir. O, odda qovrulur, tüstüsü göylərə bülənd olur, harayı dağların zirvəsini aşır, dərya kimi təlatümə gəlir, çalxalanır, göy kimi hayqırır. Bəzən də özünə qapılır, dünyanın gərdişini götür-qoy edir, "nizamlayır". İncə ana qəlbi oyanır, ətrafına baxır, övladlarını, nəvəsini görür, şirin səsilə, xoş avazı ilə laylalar deyir, bayatılar çağırır.

   Sona xanımın şeirlərində sevgidən ah-fəqan fəryadı eşidilmir, vüsal şərbətini dadmayanların acı göz yaşları onların yanağını yandırıb yaxmır. Onun şeirlərindəki ruh qarlı dağların əlçatmaz zirvəsi kimi ucadır, təmizdir, safdır. Dağ çayı kimi coşqun yox, ana laylası kimi həzindir. Şair hər yerdə təmizlik, ülvilik, bakirəlik axtarır, təbiətin növrağının, dünyanın tarazlığının pozulmasını istəmir. Hərdən bu yabançı, yalançı dünyadan, dünyada gedən ikili siyasətdən, xalqların taleyini qapı dalında həll edən insanlardan bezib uzaqlaşmaq, şəhərdən kəndə qaçmaq istəyir:

  

   Gəl gedək bu şəhərdən,

   Bu payız mənlik deyil.

   Ruhum saralan yarpaq, 

   Ayrılıq əl eləyir.

   ... Yığıb xatirələri

   Gəl gedək bu şəhərdən.

  

   Şair şəhərdən çıxıb getmək istəyir. Görəsən niyə? Onun şeirlərini oxuduqca bu sualın cavabı öz-özünə açılır. "Barlarda, diskotekalarda, millətin dərdli çağında, vecsiz əhvalla oynayan qızlara" xitabən söylədiyi nəsihət:

  

   Özgə havalara əriyən gözəl,

   Yağmalanan elin dərdi kimindir?

   Yanlışlıq ilmədə gözəldir, gözəl,

   Bu səhvin ömürlük tale qəmindir.

 

   Bunun ardınca şair üzünü qəlb yanğısı ilə uca göylərə tutub Allaha yalvarır, bir az möhlət ver, Allah, - deyir.

 

   Bir az möhlət ver Allah, görüm niyə beləyik,

   Dünyadan ağır dərdə niyə belə laqeydik.

   Gözümüz görə-görə bu torpağı itirdik,

   Bir az möhlət ver Allah, Vətən deyib varmağa,

   Bir az möhlət ver Allah, dünyanı tanımağa.

  

   Allaha yalvarmaqla, ondan möhlət istəməklə özümüzə yenidən baxmalıyıq, sərf-nəzər yetirməliyik, harada, necə səhv buraxdığımızı çözməliyik. Bəlkə Allahın verdiyi möhlət arasında özümüzə qayıda bilək. Əsir torpaqlarımızı qaytara bilək. Ya bəlkə, bağlı qapılar arasında taleyimizi həll edənlər bu möhlətə sədd qoyacaqlar? Bəlkə bu dərdə , özümüz-özümüzə yadlaşıb hər şeyi unutmuşuq. Unutmuşuq ki, "qarı düşmən dost olmaz". Allahım, sən bizə bir az idrak ver, bir az da möhlət. İnsanları tanıyaq, dünyanı tanıyaq.

  

   ***

 

   Sona xanım əslən Naxçıvanlıdır. Naxçıvanın hər daşı, dağı, dərəsi, torpağı, zərrəcik qumu ona doğmadan-doğma, əzizdən-əzizdir. "Qurani-Kərim"in Mağara surəsində adı çəkilən "Əshabi-Kəhf" hər bir Naxçıvanlının, hər bir Azərbaycanlının, qonşu türkün, iranlının ziyarət yeri, inam, iman yeridir. Müsəlmanların Əshabi-Kəhf mağarasına inamı o qədər böyükdür ki, dərdinə dərman istəyən, arzusu, muradı olan dilək ora üçün pənah gətirir. Vaxtı ilə orada yaşamış peyğəmbərlərin ruhunun orada olması insanların ora gələrək dilək istəməsi böyük bir inamdan yaranıb. Hər bir azərbaycanlı kimi Sona xanım da qoynunda tarixlər yaşatmış bu ziyarətgaha gəlmiş, onun əfsununa düşmüş, diləklər diləmişdi. Əshabi-Kəhfin əzəmətinə vurularaq daşına, qayasına sığal çəkmiş, sal daşların, qayaların qarşısında dayanaraq onları sorğu-suala tutmuş, qoynunda gizlətdikləri sirlərini öyrənməyə çalışmışdı, muradımı verməsən, məni daşa döndər - demişdi:

  

   Ey daş şəhər, daş adamlar,

   Sükut əlifbasıyla daş tarix yaradanlar.

   Elə sükut dilində deyin, anlaram sizi.

   ...Üz tutmuşam bura mən

   Ürəyimdə min dilək

   Bir dəli sevgidir torpaq həsrətim

   ...Ey daş pirim, daş ərən,

   Mənim dərdimə bir çarə göndər.

   Ya mənim muradımı ver,

   Ya məni daşa döndər.

  

   Gənc vətəndaş şair nədən, Müşviq demişkən, bu işıqlı dünyadan əl çəkmək istəyir? Nədən Əshabi-Kəhfin daşları kimi o torpaqlarda daşlaşmaq istəyir? Xitabən ziyarətgahın daşlarına verdiyi suallara cavab tapmadığına görəmi daşlaşmaq, torpaqlaşmaq istəyir. Nədən yaranıb onun bu sualları? İstəyi nədir? Şeiri oxuyanda vətəndaş şairin bütün Azərbaycan xalqının ürəyindən keçən nisgilin, düşüncənin lal sükutunu hiss edirsən. Elindən-obasından baş götürüb gedənin, oğlu itkin düşmüş ananın, nişanlı yolu gözləyən qızın talelərini, "min illərdir bitməyir ədalətin divanı" deyib üzünü tarixin daş yaddaşına tutur, sorğularına cavab istəyir.

   Sona xanım torpaq həsrətlisidir, doğma Qarabağ, ətraf rayonlar əsirlikdədir. Daşa dönmək həsrəti əsirlikdə qalan torpağın iniltisini, insanların fəryadını bir daha eşitmək istəmədiyindəndir.

  

   ***

 

   Səbrim yatan qara div

   Əsir torpaq saçından

   Asılan başı bəlalı gözəl,

   Ümidim - qolları vurulmuş igid.

  

   Sona xanım bu bir bəndlik şeirində hər şeyi deyib, əsir torpaqlarımız gözəl bir qız kimi saçından asılıb. Onu xilas edəcək igid oğlanın isə qolları kəsilmişdir. Dünyanın qulağı elə kar olub ki, səsimiz Allaha, əsir torpaqların taleyini həll edən "humanist dövlətlərə" çatır. 

   İki yerə parçalanmış Azərbaycan dərdi Sona xanımın kitaba verdiyi "Arazbarı" şeirində daha dərindən görünür. Araz çayı günahsız gözəl kimi bu şeirdə ayrılıq rəmzi kimi göstərilib. Araz da "haqsızlıq sürgününə" tuş gəlib. O tayın meyvələrinin belə dadı ayrılıq dadı verir. Göyçənin, Şuşanın, Təbrizin dərdi köhnəldikcə təzələnir. Baba Vəziroğlu demişkən "Köhnə dərdim təzə dərdə məlhəm oldu". Yanıb kül olan şair təzədən külündən közərir, yenidən alışır. "Görünməyən göy dirəkdən qurulmuş hasarı"ndan kömək gözləyir.

  

   Yeddi səsdən, yeddi rəngdən

   Hönkürdüm içimdə bərkdən,

   Görünməyən göy dirəkdən

   Qurulan hasarım lazım

   "Arazbarı"

   "Şeyx Səfi" indi toxundu,

   Yer oxundu, göy oxundu, 

   Qınından çıxan oxuydu-

   Tuşlandı sinəmə sarı

   "Arazbarı"

  

   Güləbətin (ipək) saplarla toxunmuş "Şeyx Səfi" xalçası iri bir xalçadır. Güləbətin saplarla toxunduğuna görə tozu özünə yaxın buraxmır. Xalça qədim tarixə malikdir. 1539-cu ildə toxunmuş bu xalça sonralar, yəni 1893-cü ildə B.Britaniyanın Viktoriya Albert muzeyinə satılmışdır. "Şeyx Səfi" xalçası XVI əsrdə toxunmuş xalçaların ən böyüyü idi. Sona xanım vətəninin hər bir qarışının qayğısına qalıb düşündüyü kimi, Azərbaycan xanımlarının incə əlləri ilə, gözünün nuru ilə toxunmuş xalçanın yad bir məmləkətdə saxlandığını öz şeirində dilə gətirmişdi. Bu da bir dərd olub şairin sinəsinə tuşlanıb.

  

   ***

 

   Qarabağda, vətən, torpağı uğrunda canlarını qurban vermiş şəhidlərin hər birisi bizim balamız, ciyərparamızdır. Şəhid balalarına qədər qayğı göstərilsə , ürəyi sığallansa da atanın kişi zəhmilə verilmiş öyüdünün, ata istiliyinin yerini verə bilməz. Bir şəhidin yeganə balasının atasının məzarı üstündə hönkürtü ilə ağlaması Sona xanımın ana ürəyini dağlamış, onu öz balası, öz nəvəsi kimi sinəsinə çəkmiş, başını sığallamışdı:

  

   Ağlama, içim göynədi,

   Çəkə bilmərəm bu yası.

   Ağlama, torpaq sənindi,

   Ovudar, kiridər dərdi.

   Torpaq qurban diləmişdi,

   Tanrı sevdiyin göndərdi.

  

   Sona xanım deyir: Vətən, səni anamız kimi sevə bildik, balamız kimi qorumağı bacardıq. İnsanlar bir-birinə can sağlığı arzuladıqca əsir torpaqların iniltisi aydınca eşidildi. Torpağını itirən insanın yerinə yüz can qoşulsa da hədərdir, çünki, ortadan bölündük, ancaq yaxşı ki, ölmədik. Vətən bölünübsə yaşamaq nəyə dəyər, ölmək kədər yaratmaz.

  

   İçimiz boşaldı torpaqdan öncə,

   Sonra can göründü Vətən yerinə.

   Öncə can sağlığı deyən kəslərin

   Torpağı bölündü bədən yerinə.

  

   Dahi Almaz İldırım demişkən: "Torpaq - uğrunda ölən varsa vətəndir". Sona xanım isə deyir: 

 

   Sağlığın, varlığın dəyər ölçüsü

   Vətən sərhədidir, Vətən bayrağı.

   Uğrunda ölməyi bacarmadıqca

   Torpaq unudulacaq Vətən olmağı.

  

   (ardı gələn sayımızda)

 

 

   Salatın Əhmədli,

  Filologiya üzrə fəlsəfə doktoru

 

   Ədalət.-2012.-7 noyabr.-S.6.