Qarabağda
ilk dəfə üçrəngli bayrağı qaldıran
oğlan
Azərbaycanın müstəqilliyinə
səs verən 43 millət vəkilindən biri - Eldar
Bağırovun unudulmasında maraqlı olan kimlərdir?
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən
biridir.
Başdaşımı bəsdir
basdın bağrına,
Bütün mənə
ağlayanlar kiridi,
Sən də kiri, qəbrim
damır, ağlama...
(Ramiz
Rövşən)
Hamı elə qarabağlılar
demişkən kiriyib, amma o qara paltarlı qadın kirimək
bilmir. Nə bağrına basmağa başdaşı var, nə
də üç qardaşından biri. Allahverdisiz,
Eldarsız, Əmirsiz qalan Almaz xanımla özünün təbirincə
desək, qibləsi saydığı Eldar Bağırovdan
danışacağıq. Onun yoxluğunun 21-ci
ildönümündə. O Eldar Bağırovdan ki, indi müəyyən
və qeyri-müəyyən səbəblərdən bir
çoxu onun hətta Qarabağ döyüşlərində
göstərdiyi qəhrəmanlığından belə
danışmağa çəkinir. O Eldar Bağırovdan ki,
ermənilərin çəkindiyi, Ağdamın 1988-ci ildən
1992-ci ilədək işğal olunmamasına görə
ağdamlıların minnətdar olduğu (indi çoxu bunu
deməkdən çəkinir N.Q.) və Almaz xanımın
diliylə desək, bir atanın oğlu, bir ananın balası
Eldar Bağırovdan danışacağıq.
Onun Qarabağ döyüşlərindəki
iştirakını da, xeyirxah bir insan olduğunu da, torpağa
bağlılığını da bir kənara qoyaraq dəyərləndirməyən
cənablar! Axı Eldar Bağırov həm də Azərbaycanın
müstəqilliyinə səs verən 43 millət vəkilindən
biri olub. Xalqına, millətinə müstəqillik bəxş
edən insanlarla yalnız və yalnız qürürlanmaq
lazımdır. Hər halda Eldar Bağırov
sağlığında mövqeyi hamıya bəlli olanlardan
idi.
Onun müəmmalı qətlindən
düz 21 il ötür - müstəqilliyimizin ömrü qədər
zaman. İndi Eldar Bağırovun doyunca əlindən tutub gəzdirə
bilmədiyi, başqa atalar kimi qayğısına qala bilmədiyi
iki qız övladı da artıq ev-eşik yiyəsidir. Daha
bir Eldar və Allahverdi də var indi. Amma boşluq elə
boşluqdur. Qədim Çin fəlsəfəsində
deyildiyi kimi, "boşluğun məntiqi mahiyyəti elə
onun heç bir zaman dolmayacağındadır". Bu
boşluğun nə vaxtsa dolacağına heç vaxt
inanmayan, 3 qardaşının yoxluğundan sonra yaşadığına
görə hər gün özünü lənətlədiyini
deyən, Bağırov qardaşlarının həmişə
özlərinə bacı deyil, qardaş, arxa-dayaq bildiyi Almaz
Bağırova danışır:
"Özü də nəsə
hiss eləmişdı elə bil. Böyük
qızını aldı qucağına, onda dörd
yaşı vardı. Dedi qızım, nə istəsən,
Almazdan istə. Acığım tutdu. Dedim sənə nə
olub ki, məndən istəsin. Özünü itirmədən
dedi: "sən yaxşı yemək bişirirsən deyə,
elə dedim"
Yazılmış ssenariydi. Nə
öldürənin turtulması ilə bağlı iş
aparıldı, nə də ekspert rəyi verildi.
Sürücünün də xəbəri var idi. Həmin
gün Eldar bacım Svetagilə getmişdi. Sürücü
çox məcbur edib ki, aşağı düşnsün o,
da bacım evdə olmadığuna görə düşməyib.
Düşmədiyini görüb, elə maşındaca
vurmuşdular. Bundan başqa, həmin gün sürücü
rayonda olmalı idi. Ona nə düşmüşdü ki, Bakıya
qayıtsın. Cəmi bir güllə dəymişdi.
Görünür vuran çox təcrübəli imiş ki,
bir güllə sağ böyrəyindən girib ciyərini,
ürəyini keçib, qolundan çıxmışdı. Nə
düz-əməlli cinayət işi qaldırıldı, nə
də axtarış aparılı. İsmət Qayıbov o
zaman baş prokuror idi. O, dedi ki, bu nəsil davasının nəticəsi
olub. 20 noyabr 1991-ci ildə dövlət adamları Ağdama gəlmişdilər,
onda bacımla mən də getmişdik. Bacım onda
Qayıbova yaxınlaşıb dedi ki, qardaşımın
işini düzgün apar, Eldarın qətlini nəsil
davasının ayağına yazmayın. Eldarın əziyyətini
yerdə qoymayın. Sonra da elə oldu ki, məlum 20 noyabr faciəsi
baş verdi və həmin adamlar həlak oldu. Eldarın da
işinə başqa cür senari yazıldı, başqa
cür don geyindirildi. Sonradan Eldara nə şəhid adı
verildi, nə də Ağdamda neçə illər döyüşüb
əziyyət çəkdiyini deyən oldu. Elə bil ki,
küçədə təsadüfən gedərkən
ölüb. Eldarın zəhmətini belə yerə vurdular.
Bu cür ölüm Eldarın qisməti deyildi. 1988-ci ildən
- hadisələr başlayandan Eldar könüllü şəkildə
mübarizəyə başlayıb. Müharibənin nə
olduğunu bilməyənlər, o vaxt aləm bir-birinə
qarışanda qaçıb gizlənənlər indi veteran
olublar. Bax, məni yandıran budur".
"Bu
yol Eldarın yoludur"
Müstəqilliyə qol çəkəndən
cəmi 13 gün sonra Eldar Bağırovu sessiyadan
çıxanda qətlə yetiriblər. 38 yaşında.
Eldarın görməli olduğu işlər çox idi. Lap
çox. Hələ Qarabağ torpaqları erməni
quldurlarından azad edilməmişdi. Tarixçi ixtisasına
yiyələnmək üçün Bakı Dövlət
Universitetinə təzəcə qəbul olunmuşdu. İki
qız balası körpə olduqları üçün Eldar
kimi atanın qayğısına ehtiyacı çox
böyük idi. Almaz xanım deyir ki, Eldar bir
çağırışına 10 mindən yuxarı
adamı ayağa qaldırmaq qüdrətinə malik idi. O,
bunu etmişdi də. Qarabağ hadisələri başlayanda
Allahverdi ilə Eldarın səsinə minlərlə adam səs
verdi. Heç 2-3 saat keçməmiş, meydana 20 mindən
artıq adam yığılmışdı. Ağdamda ilk
batalyon yaradıldı. 790 nəfərlik milli ordu. 1991-ci il
oktyabrın 4-də yaradılmış batalyona Şirin Mirzəyev,
Eldar Bağırov adına batalyona isə Allahverdi rəhbərlik
edir, çoxlu sayda uğurlu döyüş əməliyyatları
keçirilir.
"Qardaşım Allahverdi də
Eldardan sonar heç nəyi gözə almadan getdi. Elə hey
deyirdi ki, bu yol Eldarın yoludur. Getməsəm inciyər.
Amansızlıqla, vəhşiliklə qətlə
yetirilmiş yüzlərlə insanın cəsədi məhz
onun köməyi ilə düşmən əlindən
alındı, itkin düşən axtarılıb
tapıldı. Yüzlərlə əsir
götürülmüş insan onun köməkliyilə geri
alındı. Eldar Bağırov bütün şüurlu həyatını
Ağdamın xeyirli və xeyirxah işlərinə sərf
etdi. Eldar əsl vətənpərvər ağdamlı kimi
böyümüşdü. Mərd, sözü üzə
şax deyən, haqsızlığa qarşı
dözümsüz idi. 1988-ci ildə Dağlıq Qarabağda
ermənilər tərəfindən incidilən ilk
qaçqınlar Ağdama gəldiyi gündən işini,
gücünü atıb onların yerləşdirilməsi, ərzaq
təminatı ilə məşğul olmağa
başlamışdı. Yanına gələn hər kəsə
bacardığı köməyi göstərirdi".
Qarabağda ilk dəfə
üçrəngli bayrağı da Eldar qaldırıb.
İlk dəfə Ağdamın Xındiristan kəndində
sovetliyin binasının üstünə sancıb
bayrağı. O zaman onun bu hərəkəti rusları qəzəbləndirib.
Deyiblər ki, bu dəqiqə bayrağı götürməlisiz.
Eldar da deyib ki, nə olur-olsun bayraq burada qalacaq.
"Eldarın
ölümünü də onun əməllərinə
qarşı çıxan bu cür qüvvələr etdi. O
vaxt ermənilərin yaşadığı kəndlərdən
onların Azərbaycan dövlətinin ərazisində qalmaq
istəmələri ilə bağlı kənd sovetliyindən
Eldara sənədlər verilmişdi. Həmin sənədləri
də Eldar Bakıya gətirmişdi və Tamerlan Qrayevin
yanında o vaxtkı prezident Ayaz Mütəllibova vermişdi.
O sənədlərin bir surəti də Eldarın
özündə idi. Amma sonradan sənədin hər iki
nüsxəsi yoxa çıxdı. Mütəllibovla ilk dəfə
Eldar Bağırov Etibar Məmmədovun məsələsinə
görə qarşılaşmışdı. O vaxt da Ayaz
Mütəllibov ona demişdi ki, sən çox böyük
işlərə qarışırsan, yetim öğlansan get
başını aşağı sal, işinlə məşğul
ol. Eldar da deyib ki, məgər yetim oğlan
torpağının, millətinin dərdinə qala bilməz.
O da deyib ki, sənin kimiləri çox
görmüşük. Bununla da söhbət bitmişdi".
"Daha çox Ağdam rayon rəhbərliyindən
narazıyam"
"Nəinki Milli Qəhrəman,
şəhid adını çox gördülər Eldara. O
vaxt bu məsələ gündəmə gətirildi, amma təsdiq
olunmadı. Əbülfəz Elçibəyin hakimiyyətdə
olduğu müddətdə müraciət etdik. Dedilər
Eldarın işi hələ məhkəmədədir, ona
görə olmaz. Hakimiyyət dəyişəndən sonra da
dedilər ki, bu məsələnin üstünə heç gəlməsəniz
yaxşıdır.
Amma Eldar qətlə yetiriləndə
Heydər Əliyev Naxçıvanda işləyirdi və o,
oradan jurnalist göndərmişdi. Eldarın Heydər Əliyevə
xüsusi hörməti vardı. Deputat olan vaxtı həmişə
deyirdi ki, Heydər Əliyev koridorda gələndə onun
vaxtında işləyənlər kənara çəkilib
gizlənməyə yer axtarırlar. 1991-ci ilin mart
sessiyasında da Eldar çıxış edəndə deyir
ki, Heydər Əliyev cənablarının nüfuzundan,
potensilandan istifadə etməliyik. Mən daha çox Ağdam
rayon rəhbərliyindən narazıyam.
Bu illər ərzində bir dəfə
də olsun onlar nə Eldarın, nə də Allahverdinin ailəsinin
vəziyyəti ilə maraqlanmayıblar. 2006-cı ilə qədər
biz kirayələrdə yaşamışıq. İndi
pis-yaxşı evimiz var. Amma Allahverdisiz, Eldarsız o da
lazım deyil mənə. 21 ildir ki, bir ocaqda odsuz-ocaqsız
yanıram. Onların postlarda, döyüşlərdə
keçirdiyi yuxusuz gecələri olub axı. 1988-ci ildən
1991-ci ilin oktyabr ayına kimi erməni ilə sərhəd olan
bütün postlarda Eldar və silahdaşları durub. Yəni
Azərbaycan Xalq Cəbhəsinin üzvləri.
Onların da 90 faizi şəhid
olub. Eldara ən böyük laqeydliyi elə AXC-nin özü
elədi. Bir adını anmadı. Bir yadına salmadı. Guya
ki, Eldar heç nə etməmişdi. Eldar, Allahverdi kimi
oğullar yaşasaydı, Qarabağda düşmən belə
arxayınlıqla at oynada bilməzdi".
Nəsillə
gələn qəhrəmanlıq
Bağırov
qardaşlarının babası əslən Zəngəzur
mahalının Qubadlı elinin Eyvazlı kəndindən olan
Allahverdi kişi kənddə sayılıb-seçilənlərdən
olub. Qonşu Gorus şəhərində məskunlaşmış
qatı daşnaq erməni quldur dəstələri dəfələrlə
azərbaycanlı kəndlərinə hücum edərək
yandırıb və dinc sakinləri qətlə yetiriblər.
1918-ci ildə erməni quldur dəstələri kəndə
hücum edərkən Allahverdi kişi kəndin əli silah
tutan qoçaqlarını öz ətrafına yığaraq
namərd düşmənlərə qarşı mətinliklə
vuruşub.
O, oğlu Teymuru və üç
körpə qız övladını atının hər iki
xurcununda gizlədərək 18 yaşlı qardaşına
tapşırır ki, uşaqları təhlükəsiz yerə
çıxartsın və vəfalı həyat
yoldaşı ilə birlikdə düşmənə
qarşı mərdliklə vuruşurlar. Onatılanla sərrast
atəş açan Allahverdi kişinin ömür-gün
yoldaşı Zeynəb xanım döyüşlərdə
ağır yaralanır, lakin sürünərək
qayalıqlar arasında gizlənir ki, düşmən əlinə
keçməsin. Ermənilər "Həcər" qeyrətli
Zeynəb xanımı tapa bilmirlər.
Allahverdi də, xanımı da bu
döyüşlərdə qəhrəmancasına həlak
olsalar da, neçə erməni quldurlarını gəbərdirlər.
Qardaşı körpə övladları əvvəl
Şuşaya (Qala), sonra isə meşəliklə gələrək
Ağdam rayonunun Şelli kəndinə gətirir. Kəndin bəyinin
həyat yoldaşı bu uşaqlara sahib çıxır,
onları öz övladı kimi böyüdür.Kəndin bəyi
atası kimi qoçaq, igid və qorxmaz olan Teymuru
Şuşanın bəy nəslindən olan Zümrüd
xanımla evləndirir. Teymur kişinin yeddi qızı,
üç oğlu dünyaya gəlir. Oğlanlarına
Allahverdi, Əmir və Eldar adlarını qoyur.
"Allahverdi 5 qızdan sonra olan qardaşımız, çəkinən yerimiz, qibləmiz, ismətimiz, başımızın tacı idi. Allahverdi başqa oğul idi. Onun kimi oğulu hansı ana doğa bilərdi? Eldar da ayrı aləm idi. Eldar deyəndə şəxsiyyətin ən uca zirvəsi, qardaş adının ən qiymətlisi, ata adının bal kimisi yada düşür. Arxamız, dayağımız, pis günümüzün yiyəsiydi. Eldardan sonra 21 ildi yaşayıramsa, qeyrətim yoxdu deyə yaşayıram. Allahverdinin sevinən gözü, şax qaməti, Əmirin qardaşsızlığa dözməyib sağa-sola cırılan ürəyidi Eldar. Hamının əlindən tutmağa hər an hazır olan bir oğul idi o. Amma öz körpə balalarının əlindən tuta bilmədi. Balaları Eldarın dadını bilməsələr də, adını çox qiymətli tuturlar. O, rəhmətə gedəndə qızlarının birinin 4, o birinin 2 yaşı vardı. Onun övladları ata üzünə həsrət qaldılar. Amma qardaşlarımın yanında üzüm ağdı ona görə ki, onların övladlarına bir kəlmə söz gəlməsinə imkan vermədim. Hamısı ali təhsil aldılar, ailə qurdular".
Ədalət.-2012.-7
noyabr.-S.6.