BƏZƏN DALĞALI, BƏZƏN LƏPƏLİ PIÇILTILAR

 

  (Əvvəli ötən sayımızda)

  

   ***

 

   Quşlar ağlaya bilmir, çünki ağlasalar ölərlər. Quşlardan yeganə sərçələrdir ki, ölməmişdin qabaq ağlayırlar. Bunun da öz tarixçəsi var. Belə rəvayət edirlər ki, qoca bir padşahın cavan bir qıza gözü düşür, onu almaq istəyir. Qız deyir ki, mən razıyam, ancaq bir şərtim var. Sən gərək mənə quş sümüyündən 40 otaqlı bir imarət tikdirəsən. Padşahı fikir götürür, deyir: "Sən istəyirsən ki, bu boyda quşu qırım, sənə imarət tikdirim?" Qız deyir: "Mənim şərtim budur, ya gərək mən istəyəni edəsən, ya da məni bir də görməyəcəksən!" Padşah çar-naçar razı olur. Bütün quşlara xəbər göndərir, hamısını yığır şəhər meydanına. Bircə xarabalıqda yaşayan bayquş gəlmir. Padşah ən sanballı quşları onun dalınca göndərir, bayquş gəlmir. Padşah bərk qəzəblənir, deyir: "Gedin, onun başına döyə-döyə gətirin! Onun heç sümükləri də mənə lazım deyil. Onun sümüklərini dəyirmanda üyüdüb çaya axıdacam. O nəkarədir ki, mənim əmrimi yerinə yetirmir?" Elə bu dəmdə balaca boz bir sərçə quşların arasından irəli çıxaraq cikkildə-cikkildəyə deyir: "Padşah sağ olsun! Əgər icazə versən, mən gedib onu gətirərəm". Padşah səs gələn tərəfə baxır, balaca quşun cüssəsinə baxır, onun sözlərinə gülməyi tutur, kefi bir az açılır, deyir: Bu necə olur? O cür böyük quşlar gedib gətirə bilmədi, sən balaca canınnan necə gətirəcəksən? Sərçə deyir: Sənin nə işinə, mən gedib gətirəcəm. Padşah razı olur. Sərçə qanad çala-çala gedir bayquşun dalınca. O, bayquşun yaşadığı xarabalığa çatır, onu tapır və soruşur ki, sən padşahın əmrini niyə yerinə yetirmirsən? Bayquş deyir: "Bu dünyanın işinə məəttəl qalmışam. Dünyadan bilmərə küsmüşəm". Bayquş başlayır gördüyü və eşitdiyi sözləri, hərəkətləri sərçəyə danışmağa. Sərçə bu söhbətləri dinləyib bayquşa deyir: "Gedək bu söhbətləri padşaha danış, bəlkə sən bizim canımızı şahın əlindən qurtarasan". Bayquş razı olub sərçənin yanına düşüb gəlir.

   Padşah və quşlar onların yolunu səbirsizliklə gözləyirdilər. Bir də baxırlar ki, budur ha, bayquş arxada, sərçə qabaqda uçub gəlirlər. "Padşah bayquşu görüb qəzəblənir, acıqlı halda soruşur: Sən bayaqdan niyə gəlmirdin, indi balaca bir quşun dalına düşüb gəlibsən?" Bayquş cavab verir: "Padşah sağ olsun! Sən mənə möhlət ver, mən gördüklərimi sənə danışım, sonra özün bilərsən, məni öldürərsən, ya öldürməzsən, öz işindir". Padşah deyir, danış görüm, nə görüb, nə eşitmisən? Bayquş şəhərə köçdüyündən, bəylə-gəlinin əhd-peyman etdiklərindən, bir-birinə söz verib sözündən döndüklərindən, dünyanın yalançılığından söhbət açır. "Padşah sağ olsun, bunları deməkdə məqsədim budur ki, biləsən çiy süd əmmiş insanlara - istər qadın olsun, istər kişi, etibar yoxdur. Sən bizi qırıb sümüyümüzdən aşiq olduğun qız üçün imarət tikdirmək istəyirsən. Bu boyda quş məhv olub gedəcək. Sən o cavan qızla evlənəcəksən, sənin işin-gücün çoxdur, işə gedəcəksən, adamlarla görüşəcəksən. Arvadın da evdə tək qalacaq, darıxacaq, başlayacaq küçəyə-bacaya baxmağa, bəlkə hələ başqa birisini görüb aşiq olacaq. Hələ ola bilsin ki, birinə də deyəcək, gəl səninlə tanış olaq, dost olaq. Hələ ola bilsin ki, sən ondan qabaq öləcəksən. Ev də, arvad da qalacaq başqasına". Padşah bayquşu diqqətlə dinləyir, öz-özünə deyir: Bayquş olanda nə olar? Ağıllı söz deyir. Sonra da qərara gəlir ki, elə birinci arvadı ona sədaqətlidir, onunla qalsın, bu qız ona lazım deyil. Əmr edir, bütün quşlar dağılıb hərə öz ölkəsinə gedir. Bayquşun sözü ilə bütün quşlar ölümdən qurtarır. Padşah bayquşa üzünü tutub deyir: "Mən sənin adını dəyişirəm. Bu gündən sənin adın bayquş yox, bəy quşudur. Sən qalacaqsan mənim yanımda. Gündə də yeməyinə üç sərçə verəcəm. Səhər, günorta, axşam, hər dəfə bir dənəsini yeyəcəksən". Padşahın əmrindən sonra gündə üç sərçə uçub gedib durur bəyquşun qabağında, ağlayır və bəy quşunun qurbanı olur.

   Sərçələr yeganə quşdur ki, ölümündən qabaq ağlayırlar. Bunun da səbəbi odur ki, bəyquşunu padşahın yanına onlar gətiriblər. Axırda isə bəy quşunun yemi də onlar olublar. Sərçələr o biri quşlardan fərqli olaraq yaşadığı yurd yerinə bağlı olurlar. Köçəri quş deyillər. Doğulduğu yuvada da can verirlər. Belə bir atalar misalı da var: "Bülbül gəldi-gedərdi, sənə qalan boz sərçədi". Sona xanım nahaqdan söz açmır boz sərçədən, onun yurda olan sevgisindən. Ağıl yaşda, xarici görkəmdə deyil, başda, beyindədir. Ağıl ürəkdə olmur ki, onu yolundan sapdıra bilələr. Bir türk şairi demişdir:

  

   Ağlın ağlı olsaydı, adı könül olardı.

   Könül könül tapsaydı, səhralar gül olardı.

  

   Sərçələrdə ürək də var, könül də. Yerdə-yuvaya sevgi də. Sona xanımın bu kitabında yer almış "Sərçələrin yurd sevgisi" bir filmin süjet xətti ola bilər. Şeir alleqorik olsa da ibrətamizdir, əvvəli uşaq nağıllarının şirin söyləmələrinə oxşasa da, məzmunu düşündürücüdür. Şeiri oxuyanda üzümüzdə əmələ gəlmiş təbəssüm birdən-birə qeyb olur. Üzümüz ciddiləşir, qaşlarımız çatılır.

  

   Narbənd ağacının kölgəsi mənim, üstü sərçələrin.

   Yuva qururlar budaqlarda səslə-küylə.

   Bu ata sərçə tərs, ana sərçəninki bəhsəbəs...

 

   Bu münvanlla ata-ana sərçə yuva qurur. Ata sərçə deyir, üzü quzeyə tikək, ana sərçə etiraz edir: onda körpələrimizi soyuq tutar, üşüyər. Ata deyir: onda qapını bu tərəfə döndərək, ana deyir: yox, onda da evin içi görünəcək. Bu yay evi, qaranquş yuvası deyil, bunun payızı, qışı var, yağışı, qarı, küləyi var. Qohumlar yığılır, məşvərət edirlər, yuva tikilir. Yuxudaymışlar kimi sərçələr birdən ayılırlar, özlərini qınamağa başlayırlar:

  

   - Tanrım, biz də deyəsən, insanlara bənzədik,

   Quşlar insana bənzəmək istəmir.

   İnsan quş tək vəfalı deyil, tanrılı deyil.

   (Quş ən azı su içəndə tanrıya baxır).

   Quşlar göz görə-görə yuva üstə, budaq üstə davaya çıxır.

   Biz adam olsaq da quşlar kimi bacarmadıq.

   Sərçələr qədər birgə yuva qurmağa,  

   Birgə yuva qorumağa varmadıq.

   Sona xanım bir ana kimi, bir ağbirçək kimi, bir vətəndaş kimi əllərini Tanrının dərgahına qaldırıb ona dua edir, diz üstə çöküb yalvarır:

   Tanrım, ucadan uca Tanrım!

   Sən bu dağılmaqda olan dünyanı,

   Yuva quran, bala qoyan,

   Qorumağı bacaran, əzabkeş yurdkeş sərçələrin

   Yurd sevgisinə bağışla, çör-çöp sevgisinə bağışla.

   Biz də "Amin" deyək. Ulu Tanrım, keç günahımızdan, əsir torpaqlarımızı şəhidlərin narahat ruhuna bağışla, bizə kömək ol.

  

   ***

 

   Azərbaycan qızıl bir üzükdürsə Naxçıvan onun haləsidir. Naxçıvan qədimdən-qədimdir, uludan-uludur, Naxçıvanım nəqşi-cahanımdır. Sovet dönəmində gözdən-könüldən uzaq olub, məlul-müşkül boynunu burub, asta yerişilə öz ahəngində idi. Azərbaycanın əzəli-əbədi torpaqları olan Zəngəzur mahalını şura hökumətinin təzə quruldğu illərdə qoparılaraq mənfur ermənilərə - Ermənistana verilməsi Naxçıvanı fiziki coğrafi cəhətdən Azərbaycandan kənar saldı. Bu yurdun övladları Azərbaycanın böyük torpaqları, əzizləri ilə görüşmək üçün mütləq indi erməni ərazisi sayılan torpaqlardan keçməli idi. Sovetləin vaxtında Naxçıvana həm təyyarə uçur, həm qatar, həm də avtomobil gedirdi. Qatarla Naxçıvana gedəndə adamda nisgilli hisslər əmələ gəlirdi. Cənubi Azərbaycan ərazisindən keçəndə havanın, suyun, quşun keçə biləcəyi bir sərhəddən qan qardaşı, can qardaşı, din dardaşı keçə bilməzdi. Bu bizim ən böyük dərdimiz, nisgilimiz idi. Sərhədlərdə iki qardaşı, bacını, qohumları ayrı salan, görüşməyə qoymayan Sovet imperiya əsgərləri əli silahlı, yanları nəhəng, qəzəbli baxışlar ilə hər an üstünə atılmağa hazır olan itlərilə "sərhəd pozanları" axtarır, əzici və nifrətli baxışları ilə "şübhəli adamlar" axtarışına çıxırdılar. Həmin anda adam varından - yox olurdu, doğma torpağında özünü gəlmə, yad kimi hiss edirdi. Məlum hadisələrdən, yəni, Qarabağ münaqişəsi başlayandan sonra mənfur erməni daşnakları qatarın da, avtomobilin də yolunu kəsdi, insanların Naxçıvana gediş-gəlişi çətinləşdi. Ancaq dövlətimiz bunun çıxış yolunu tapdı. Naxçıvana işləyən təyyarələrin həm növünü dəyişdirdi, həm də gündəlik reyslərin sayını artırdı.

   Naxçıvana təyyarənin yeganə nəqliyyat vasitəsi olması Sona xanımın həssas qəlbini təlatümə gətirir, "yolu" kəsilmiş yolları daha nələrə bənzətmir; anasız evə, atası, anası, əzizləri qırılanlara, könlünü ovuda bilmədiyi ümidsizlərə, Leylisiz Məcnuna, əsir torpaqlarımıza, atası şəhid olmuş küskün uşaqlarag

  

   Atamdır, anamdır qırılan yollar.

   İncik naləsindən sızlayır ürək.

   Gedib ovutmağa üzümüz hanı,

   Könlünü almağa kimi göndərək?

 

   Yol əsir, yol küskün, neyləyək, Allah?

   Leylasız Məcnundur insansız yollar.

   Karvanı kəsilib, qatarı gedib,

   Damar tək quruyur bu cansız yollar.

  

   Bu şeiri ilə Sona xanım erməni vəhşiliyinin iç üzünü açıb tökür. İflic olmuş insanın zaman-zaman orqanları quruyub çürüdüyü kimi cansız yollar da can üstədir, quruyur, çürüyür. Qatarlara ana kimi qucağında yer göstərən qollarını açıb onu qarşılayan, yola salan yollar indi qatarsız, izdihamsız, insansız qalıb. Səsli-küylü, gedimli-gəlimli yollar indi lal dayanıb, sükut içində ümidlə yol gözləyir. Gözləməkdən gözünün kökü saralıb-solub, damarları quruyub.

  

   ***

 

   Sona xanımda lirik, həzin hisslərlə bərabər, güclü bir sarkazm da var. O, xələfi Cəlil Məmmədquluzadə kimi Kefli İsgəndərə müraciət edir, alovuna qovrulduğu dərdlərini onunla bölüşür. İsinə bilmədiyi ocağın tüstüsü gözlərini acışdırır. Kefli İsgəndərlə dərdləşən vətəndaş-şair İsgəndəri öz dövrünün oğlu, özünün qardaşı bilir. Ona məsləhət görür ki, bu millətin dərdini tək çəkmə, tək əldən səs çıxmaz.

  

   Tək çəkmə bu millətin dərdini.

   Qədrini bilən olmaz,

   Bir də, bu dərd sağalmaz dərddir,

   sağalmaz.

   Əziz qardaş, xəbərin var?

   Xudayar bəy kəndxudalıqdan

   milyonerə dönüb.

   Neylədi, latın əlifbasını öyrənə bilmədi,

   İndi kitab yazdırıb,

   Professor eşqinə düşüb.

   Dərd elə köhnə dərddir.

  

   Bu şeir başdan-ayağa kinayə ilə, acı gülüşlə doludur. Çünki, Şeyx Nəsrullah şəhərin mərkəzində ofis tikdirir, indi o, ölü diriltmir, pul dirildir. Hamının məsləhət yeri Mirbağır ağa elmi atıb, "Çindən mal gətirib, ömrünü-gününü topdan satır". Keçmişdə Həzrət Abbasa məktub göndərənlər indi Avropa Məhkəməsinə məktub göndərir. Teleqrafçı işləyən Baxşəli də 20 ildən sonra qaçqın statusu tələb edir. Yəqin fikirləşir ki, gün ərzində kəndin içinə düşüb "Kommunist" qəzeti payladığına görə, o da bir növ qaçqın həyatı sürüb. Ay qardaş, kənddə bir ağıllı adam varsa, o da Məmmədhəsən əminin oğludur, eşidib ki, "SOCAR" ağıllı və savadlı adamları xaricə oxumağa göndərir. Ancaq gərək həm də ingiliscə biləsən. Qardaşım, sən axı oxumuş və ağıllı oğlansan, bütün bu dediklərimdən ağlın nə kəsir? Mənsə belə qərara gəlmişəm ki, "anlamaq dərdi" köhnə, sağalmaz dərddi. Anlamamaq üçün içmək lazım deyil. "Bacın qurban, ta içmə".

   Cəmiyyətimizdə nadanlar az deyil, yeri gəldi-gəlmədi, layiq oldu-olmadı, hamı yüksək ad iddiasındadır, tanınmaq azarı bir virus olub çoxlarının qanına-canına yeriyib.

  

   ***

 

   Sona xanım torpağa, elə, obaya bağlı insandır. İş dalınca uzaq diyarlara və ya mərkəzə qaçan insanları ana, vətəndaş məhəbbətilə qınağa çəkir. Kəndlərin boşalmasına dözə bilmir. Oğlu yanından gedən ananın, nişanlısı iş axtarmağa gedən qızın, qazanc dalınca qonşu ölkələrə üz tutan ərlərin yoxluğuna dözə bilməyən gəlinlərin həsrət qəlbinin təlaşını şeirlərində verir. İctimai bəlayə çevrilmiş kəndin boşalmasının köklərini axtarır. Bu bəlanı bizə haradan, kim tərəfindən göndərildiyini açmaq, çözmək istəyir. Boşalmış kəndlərə lal sükutla baxaraq ağı demək keçir könlündən:

  

   Ana köçüb, bacı köçüb bu kənddən,

   Şərbət köçüb, acı köçüb bu kənddən.

   Oğulların tacı köçüb bu kənddən,

   Kimsə yoxdur ağı desin bu kəndə.

 

   Sükut burda büsat qurur, toy qurur,

   Qapısını yağış döyür, qar vurur.

   Ruzisini qara yellər sovurur,

   Kimsə yoxdur ağı desin bu kəndə.

  

   Bu şeir sanki istedadlı bir rəssam əliylə çəkilmiş tablodur. Kəndlər boşalır. İnsalar niyə belə olub, İlahi? Niyə tənbəlləşiblər? Torpaqda işləmək istəmirlər. Kənddə nurani bir qarının - Zəkiyyə nənənin dediyi sözlər yadıma düşdü: "Cavanlarımız kəndi daha bəyənmirlər, şəhərə qaçırlar. Deyirlər "Teksun" (yağ) yeyək, təki şəhərdə qalaq, əlimiz-ayağımız təmiz olsun. Ancaq gün gələcək, onlar peşman olub geri qayıdacaqlar".

   Gənclərimiz, əsasən də oğlanlarımız daha xoş güzəran dalınca Rusiya adlanan bataqlığa gedirlər. Bataqlıqda baş çıxara bilməyən gənclərimiz və gəncliyimiz məhv olur. Yolda isə ana, bacı, nişanlı, yar-yoldaş gözü qalır. Onların yoxluğuna dözə bilməyən ata-ananın ömrü yarıda qırılır. Ağlamaqdan bacıların, gəlinlərin gözünün nuru azalır. Körpə fidanlar boynu bükük, yarı ürək böyüyürlər. Dili ata sözünə öyrəşməyən körpələr atalarını görəndə qonşu uşağın dili ilə ona "əmi" deyir.

  

   Vətəndaş şair kəndən köçüb gedənlərə üzünü tutub müraciətlə deyir:

   Əl saxlayın, ay köçənlər, ay adam,

   Ay yad yerlə sultan adam, xan adam.

   Ay ötəndə qiblə bilib üz tutan

   (Balam deyib qucağında ovudan)

   Kimsə yoxdur ağı desin bu kəndə.

 

   Olmuş bir hadisədir. Atası uzun müddət Rusiyada yaşayan qız anasından soruşur: Ana, ata necə olur? O, nə olan şeydir? Anası qızını başa salmağa çalışır: "Ata o olan şeydir ki, qızına gəlincik, paltar, bant, ayaqqabı alır. Bir sözlə, hər şey alır". Qız fikirli halda qonşuya keçir. Bu zaman qonşu qızın atası bazarlıq edib evə qayıdır. Aldığı qırmızıyanaq almanın birini qızcığaza verir. Qız sevinərək anasının yanına qaçır, həyəcanla deyir: Ana, ana! Mən atamı tapdım! O, gör mənə nə alıb?

   Ana balasını sinəsinə sıxıb kövrəlir. Qızın sözlərinə sonradan danışıb gülürmüşlər. Ancaq bu gülüş, mənə elə gəlir ki, faciəvi gülüşdür, göz yaşları içində gülüşdür. Bəzi oğulların, kişilərin yüngül həyat, gözəl yaşayış eşqilə başqa ölkələrə üz tutması əsl faciədir.

  

   *** 

 

   Sona xanımın "Arazbarı" toplusundakı şeirlərin çoxusu müasir həyatın keşməkeşlərini əks etdirir. "Arazbarı"nı oxuduqca ordakı şeirlər adamı dərindən düşünməyə vadar edir, ürəyini təlatümə gətirir.

    Sona xanım adına "şairdir" deyilməsi üçün yazmır. Eyni zamanda sıradan da bir şair deyl. Ucuz şöhrətdən uzaqdır, gözü-könlü toxdur. Onun şeirlərində ağlamaq, sızlamaq, "məhəbbətdən yarımayıb" şikayət etmək fikri ideyası yoxdur. Şeirləri başdan-ayağa vətənpərvərlik, el-oba, əsirlikdə qalan torpaqların təəssübkeşliyidir. Qarabağ həsrətidir, yurda olan sevginin dilə gətirdiyi hissləridir. Sona xanım yazmaya da bilmir. Yazmasa gündüzləri aram olmur, gecələri yuxusu ərşə çəkilir. Onun hissləri dalğalar qədər qəzəblidir, dünyanın kar olmuş qulaqlarını açmaq istəyir. İstəyir ki, millətinin taleyi ilə oynamasınlar, onların daxili işlərinə qarışmasınlar. Onun hissləri həm də dənizin ləpələri qədər həzindir, xoş avazlı layladır. Saflığını, paklığını qoruyandır.

   Sona xanımın "Arazbarı"sı ilə Araza qovuşduq, o taylı, bu taylı Azərbaycanı, yeganə nəqliyyat növü olan təyyarə ilə Naxçıvanı gəzdik, müqəddəs yerləri ziyarət etdik. Allahdan xalqımıza əmin-amanlıq dilədik.

   Bir də, Sona xanım arzu edir ki, xalqımızın oğul-qızları gələcək Azərbaycanımızın iki yerə parçalanmış, şimali və cənubi, əsirlikdə qalmış torpaqlarımızı tezliklə birləşdirək, bütöv Azərbaycan yaradaq.

   Sona xanım, arzularınız çin olsun, röyalarınız aydın olsun. Heç vaxt ürəyinizdə təlatümə gələn dalğalar Sunamiyə, qasırğalara çevrilməsin, sevgi ləhcəli həzin ləpələrə dönüb sahilə can atsın.

 

  Salatın Əhmədli,

  Filologiya üzrə fəlsəfə doktoru

 

  Əhmədli.-2012.-8 noyabr.-S.6.