Mesaj
onlar, yuxularında
evlərinin pəncərəsini
daşlayar,
qonşularına
çığırıb
"pərdələri çəkin"
deyərlər...
sən onlara baxma,
bu, gün tutulmasıdı, hələ
çox çəkəcək.
bircə mən döyəcləyəcəm
hər kəsin yerinə
mis qazanları,
dəmir qapaqları.
heç kim bilmir,
günəş hələ
çox gizlənəcək hamıdan
axı o, bircə çəkili pərdələrdən
incik,
axı o, təkcə bağlı
pəncərələrdən küskün...
mən
inanmaram, inanmaram dualara,
bircə qaçmağı bilərlər
Onun dərgahına,
bunun qulluğuna...
onlar dadını bilməz
bağlı-bağlı pəncərələrdən
küsməyin,
örtülü-örtülü
pərdələri çəkə bilməməyin...
bəs başına-başına
döyməzsənmi,
birisi desə, ay bala,
onu-bunu nahaq qaxınc etdin
başına...
sən onlara baxma,
onların nələri yox idi, nələri
-
yuxuları,
duaları,
anaları...
onunsa bircə iyirmi doqquz
yaşı vardı,
iyirmi doqquz yaşı...
***
bütün sualların cavabı
bir qağayının dimdiyindəymiş,
demə,
demə, olanlar kabusmuş,
oyanib "bismillah" deyəcəm,
bir də deyəcəm, məni
bağışla,
butun kabuslara bağışla məni.
hər şey birdən oldu,
birdən oldu hər şey:
əvvəl bir burulğan
göründü uzaqdan,
lap uzaqdan,
qara, qorxulu,
kabus kimi qorxulu.
sonra gözlərimi qum tutdu,
o tutdu gözlərimi.
yuxularıma süd sızdı o
gecə
o gecə bütün kollar
kəklikotu qoxuyan lalələr
açdı,
bütün ağaclar balıq qoxuyan gilaslar gətirdi.
bağışla,
o gecə qırmızı yağmurluqdan
savayı
əynimə heç nə gəlmədi,
bağışlama
məni,
göyqurşağı
rəngində yağan
balıq yağışından
qaçmağa
yer tapammadım.
daha heç nə gözləmirəm,
məni gözləyən bircə
sabahlardı,
onlar da gözləri qumla dolu,
açılmaları
qorxulu.
gecələr işığı yanılı
qalan pəncərələrin
yozumu çox olar, bilirsən...
bilirəm, sən hər şeyi bilirsən.
bağışla,
bu yellənən yelləncəyin
bir ipi qırıqmış,
demə,
bağışla,
bu yelləncək
ağaca etdiyi dualarında yellənir,
ona toxuna bilmərəm.
qorxma, qorxma, ay ömrüm-günüm,
kuzənin çatının əksidir,
ildırım deyil göydə çaxan...
mənsə saymağı öyrənirəm
hələ,
hələ də on birdən başlayıram.
dördüncü
dəfə iyirmidə
saxla məni.
bu dəfə saxla məni
tut əlimdən,
gir qoluma, saxla məni.
de ki, evimizə getməliyik,
nolar, dilə tut məni...
sən bilirdin, sən bilirdin
o, hər şeyi bilirmiş,
həmin o qağayı...
günah məndədir,
hər şeyi bilirmiş o qağayı...
***
sən bircə dəfə sormadın
bir dərdin varmıdır? -
deyə.
səndən umduqlarım qədər
səndən küsəmmirəm, niyə?!
keçirəm
hər yanlışından,
keçirəm
səhvindən elə.
sən hər məni "sındıranda"
sənə sığınıram yenə
sən bircə dəfə sormadın,
niyə bu qədər susuram,
varlığından
inciyəndə
yoxluğuna üz tuturam.
sən bircə dəfə sormadın
istimi, soyuqmu mənə.
mən acmıyam, susuzmuyam -
yox isti-soyuğu sənə.
"niyə bunları sormadım?.."
-
deyə, özünü çox yorma.
sən
"dost" adında düşmənsən,
bircə "niyə"sini sorma.
***
o beli at çiynindən,
torpağı belə qazarlar, amma
itəni belə axtarmazlar,
gedən belə qayıtmaz...
bəlkə bir əsər çəkəsən?!
bilmirsən? öyrənərsən! -
böyük,
lap böyük...
əvvəl bir çay çəkərsən -
axsa da olar, axmasa
da.
sonra bir cam çəkərsən,
hardasa oralarda -
dolu olsa da olar,
boş olsa da.
yaxınlıqda
bir tut ağacı olsun,
amma qara tut -
barı olsa da olar,
olmasa da.
amma altında adam çəkmə:
əllərində
bel görsək neylərik,
necə deyərik:
- torpağı
belə qazarlar, amma
itəni belə axtarmazlar,
gedən belə qayıtmaz...
daha vaxtdır, qalx yola çıx
indi sənə bircə işarə lazımdı.
- al! bu da yağış
***
Qarabağı
erməniyə uduzan sayaq
uduzdun məni
insanlar didərgin düşəndə
itirdiklərini
sən məni uduzanda itirdin.
köçkünlər
haradan, necə,
nələri qoyub gəldiklərini
unutduqları qədər dəhşətli
idi
məni unutmağın.
xatirələr
Xocalı şəhidlərinə
bənzəyir,
ölüsünün
də bircə salamat yeri yoxdur
-
başı kəsik,
beyni tökük,
dərisi soyulmuş,
gözləri oyulmuş.
arzular urvatsız qazilər kimi
çıxılmaz
vəziyyətdədi -
nə özləri ölə bilir,
nə məni öldürə.
indinin qəhrəmanları
itirilmiş torpaqların adlarını
şadlıq saraylarına qoyduqları kimi
adımı qızına qoydun.
indi mən
yaddaşında
dəhşətli kadrlar
olan,
heç kimin sevmədiyi
sənədli filməm.
mənimçün
hər gün -
şəhid xatirələrin anım gecəsidir,
mənimçün
hər yer - Qarabağ,
hər yol - Döyüş küçəsidir.
***
qaçmaq lazımdır:
bax, bu binanın damından
o binaya.
bircə, yolu unutmasam,
bircə, qorxutmasa məni bu qaçış,
bu qurtuluş.
binanın zirzəmisi rütubətli,
qaranlıq,
o zirzəmiyə
girilməz -
qapısı yox.
divarları qıfılşəkilli,
divarları nəmli, soyuq,
bircə çata bilsəm, bircə qorxmasam
o rütubətdən,
o soyuqdan,
məni ayaqyalın qaçırdan
o səhərin acığına
ayaqyalın qaçacağam
bu binanın damından
o divarların yanına...
beşə qədər sayınca gözlərinizi yumun,
kimsə arxamca boylanmasın,
kimsə məni çağırmasın,
yoxsa gecikə bilərəm,
yoxsa bir gilas dənəsi
çürüyər,
yoxsa bir sünbülqıran üşüyərg
orda - o binanın zirzəmisində,
qifilşəkilli
divarların içində...
yolumu kəsməyin,
qolumdan tutmayın,
yıxılmaram,
qorxmayın!...
bir! iki! üç!...
***
bozarma taleyin üzünə
bir gün qızar gözləri,
baxmaz heç nəyə,
dönüb qatil olarsan -
özü-özünün
qatili.
kəsib-parçalayarsan,
içində
nə varsa,
doğrayıb
səpələrsən sapsarı
sonsuzluğa.
bozarma taleyin üzünə,
səni quzğun eləyər, açar leş süfrəsini,
iylənmiş
tikələri ləzzətlə
didiklərsən,
leş sökmüş dimdiyini silib lələklərinə,
sonra çıxıb gedərsən
leşlərin arasından
-
ağzında bir parça ət,
içində
bir ömür nifrət.
gözlərini
açanda
"yuxuymuş"
deyib sevinərsən,
gördüklərini
yozmağa macal tapmamış
quzğuna dönərsəng
bozarma taleyin üzünə.
ömrün boyu dua etdiklərin,
sənə lənət oxuyar, sənə qarğışlar
tökə
səma qapılarının taybatay
açıq vaxtı,
bədənində
nə qan varsa çəkilər beyninə,
əllərin, ayaqların
bir damla qan diləyib
səcdə edər başına,
sağ əlin, sağ ayağın bozarar soluna,
sağ gözün boz yaş tökər bozarmış sifətinə.
bozarma taleyin üzünə
bir iri qara dəlik
açılar göy
üzündə,
dənizin üzərində
iri tonqal çatılar üzü dəliyə sarı,
dənizin üzərində.
qırmızı-sarı
rəngdə bir pilləkən
uzanar alovun dillərində
qara dəliyə sarı
qara dəlikdən çıxıb
bir sürü əl çağırar səni
dəliyə sarı.
ayağın yana-yana
qaça-qaça
qalxarsan alovlu pillələri,
yana-yana can atarsan o qara yüksəkliyə,
qaranlıq ucalığa,
"bax, az qalıb", - deyərsən,
"daha çatdım" - deyərsən,
suluqlamış
ayağın dəyəndə
son pilləyə
başına daşlar yağar,
üz-gözünü
qalxdığın alovlu
pillələri
qırmızı-sarı
dilləri yalarg
və bir gecə yuxuna gələr
qatili olduğun Bir Dünya Sən,
alarlar dövrəyə,
məhbusa çevirərlər səni
öz içlərində,
sonra nəsə deyərlər
dönə-dönə
və sən hər səhər Əzandan
sonra,
bir səs eşidərsən:
bozarma taleyin üzünə!
Feyziyyə
Hacıyeva
Ədalət.-2012.-8
noyabr.-S.7.