İRADƏ
İnsanın kimliyini onun başqalarına olan münasibəti ilə müəyyən etmək lazımdır. Mənə yaxşı olan, amma başqalarına pis olan yaxşı insan sayıla bilməz. Mən onu başqalarına olan münasibətdə tanımışam. Şəxslər haqqında ilk dəfə ondan yazmışam. Onda şəxsi tanışlığım yox idi. Onu verilişlərindən, filmlərindən və məqalələrindən tanıyırdım. Adi təsadüf onun haqqında yazmağa səbəb oldu. Məqaləni çap etmir, çünki dostu haqqında bir-iki kəlmə haqlı olaraq tənqidi fikirlər yazmışam. Amma o, dostu bütün hallarda müdafiə etməyi haqlı bilir. Bu xarakterdir... "Xarakter intellektin deyil, iradənin əsasında dayanır. Xarakter həmçinin niyyətin və münasibətlərin fasiləsizliyidir."
***
Bir daha yazmayacağıma söz
vermişəm. Yazanda ürəyim, yazandan sonra başım
ağrıyır. Başı olmayanlar başıma
ağıl qoyurlar, başımda da ağıla yer yoxdur.
Yazmaq ürək məsələsidir, yazanda ürəyindən
sözləri qələmlə bıçaq kimi kəsirsən-
ürəyini verirsən, çoxlarının ürəyini
alırsan. Amma hələ özümə söz verməmişdən
əvvəl "Yol Romanı" haqqında yazacağıma
qərar vermişdim. Çünki bu günə qədər ədəbiyyatımızda
olmayan texnikadan və sistemdən istifadə edilmişdir.
Ürək məsələsi çətin məsələdir,
məsəl çəkə-çəkə təskinlik
tapırsan. Sözümü tuta bilməyəcəm, ürəyim
üstələyir, ürəyim yenə əlimi çəkir
qələmə. Yenə başladı - özünə
qapılma, söz davası, kiminsə salamına diksinmək,
gedəcəyin yerə nə zaman
çatdığının fərqində olmamaq. Yazacam...
İradə xanıma zəng edirəm, onu görmək istədiyimi
deyirəm. İşdə saat birdən sonra olacagını
deyir. Baş redaktor oldun belədir də... İşə saat
birdə gəlmək olar. Onsuz da bu gün baş verənləri
qəzet sabah xəbərləyir. Xəbərçilər də
xəbəri sabaha saxlamır. "Ədalət" qəzetinin
yerləşdiyi mərtəbədəyəm- Ədalətin
mərtəbəsində. Çoxlarının heç zaman
qalxa bilmədiyi mərtəbə. O isə "Ədalət"in
baş redaktorudur. Ceyhun Musaoğlu ilə
qarşılaşıram, baş redaktorun hansı otaqda əyləşdiyini
soruşuram. Ceyhun məni çox mehriban qarşılayır,
baş redaktorun kabinetinə qədər yol yoldaşı
oluruq. Mən insanları birinci dəfə görəndə
ya qəbul edirəm, ya da qəbul etmirəm və sona qədər
də belə davam edir. Ceyhuna qanım qaynayır.
***
"Yol Romanı"nın təqdimatındayam,
təqdimata dostlarımla birlikdə qatılmışam. Keçib
yerimi tuturam, keçən dəfəki təqdimatda əyləşdiyim
yeri - harda daha çox az görünə bilərəm
oranı. Keçən dəfəki təqdimatda keçən
danışıqları bir daha dinləyirəm. Aqil Abbas
qonaqlara kitab paylayır, hamıya çatsın deyə mən
kitab götürmürəm. İradə xanımla
görüşmək səbəbim "Yol
Romanı"nı ondan götürməkdi. Kabinetinə daxil
oluram, bilgisayarın qarşısındadır, nəsə
yazır, əyləşmək təklifini gözləyirəm,
diqqətini bilgisayardan ayırıb üzümə baxır və
hökmlə:
- Əyləş də...
Özümü itirmişəm, bütün sözləri
unutmuşam, nə danışacağımı bilmirəm.
Birtəhər özümü toparlayıram, dostlarını
topa tuturam, diqqətlə qulaq asır. Mənsə
divardakı rəsmə baxa-baxa danışıram. Səsinə
diksinən kimi oluram:
- Üzünü mənə tərəf
çevir.
Utana-utana ona baxıram. Böyük
gözləri bir az da böyüyüb:
- Ağ eləmə də, Rza.
Məşədi İbadın
sözləri yadıma düşür - heç hənanın
yeri idi. Çıxış yolunu tez getməkdə
görürəm. Kitabı alıram və
sağollaşırıq.
***
Yazmalıyam, necə,
özümü tanımıram- ilham pərisi çiyinlərimdə
yoxdur! Bir həftədir əlimdə qələm ağ vərəqlərlə
üz-üzə qalmışam, hardan başlayım, nə
yazım, necə yazım. Elə başa düşməyin
ki, yazmağa nəsə yoxdur, yoox, əksinə çoxdur,
amma hər şeyi yazmaq olmur, inanın - olmur.
İndi kimsə kiminsə kitabını oxumadığı zamanda İradə xanım öz kitabını yazıb. Çoxları bu kitabı öz kitabı kimi oxuyur, oxumayanlar da oxusalar öz kitablarını oxuyacaqlar. Çünki İradə xanım öz həyatını, öz yaşantılarını qələmə alsa da, romanda ümumi cəhətlər, yaşantılar eynidir. Hər kəs bu romanda özünü tapa bilər-itirdiyi günləri, yaşaya bilmədiyi arzu- istəkləri, çata bilmədiyi məqsədləri. İradə xanım insanları özününkü edə bilib, insan talelərini özününküləşdirə bilib. Romanda bir çox insan talelərindən bəhs edilib. İnsan taleləri, yaşantıları sintez edilib, müqayisə aparılıb, insanı çox uzağa - keçmişə, bu günə, gələcəyə aparıb. Hər yerdə insanın eyni, oxşar hisslər yaşadığını göstərib. Kimisi taleyini gizlədib- gizli yaşayıb, içinə çəkilib, içində çəkib. Kimisi taleyindən qaçıb- qaça-qaça yaşayıb, qaça bilməyib.
***
Ən yaxşı şərh və təhlil də romanı və yaxud mətnin özünü əvəz edə bilməz. Buna görə mən də romanı şərh və təhlil etməyəcəm. Amma bu günə qədər işlənməyən hermeneftik texnikadan və sistemdən az da olsa yazacam. "Yol Romanı"nda sözlərin, cümlələrin, abzasların ardıcıllığı-keçidlərdə "ayaqvermə" o qədər peşəkar işlənib ki, bu müəllifin televiziya təcrübəsindən və təxəyyül coğrafiyasının böyüklüyündən, genişliyindən xəbər verir. "Yol Romanı"nda hissələr bütövün əsasında anlaşılır, bütöv isə hissələrin daxili harmoniyası kimi başa düşülür. "Yol Romanı"nda hissələr ayrılıqda bir bütöv, daha bütövün içində bir hissəyə çevrilir. "Yol Romanı"nda hissələr ayrılıqda bir bütöv məna kəsb etdikləri halda, daha bütövün içində yardımçı və təminedici fikir funksiyasini daşıyırlar. "Yol Romanı"nda hissələr ayrı-ayrılıqda başqa mənalar daşısalar da, birləşdikləri zaman başqa bir məna və məzmun yaradırlar. Məsələn: Müəllif öncə Türkiyə ləhcəsindən təminedici məqsəd üçün istifadə edir, sonra isə türkiyəli məşhur yazar Orxan Pamukun mətnlərindən. Bir çoxları ondan roman yazmağın texnikasın və sistemin öyrənsə yaxşı olar. Öyrənin, cocuqlar, öyrənin. Öyrənmək heç zaman gec deyil.
***
Bir neçə kəlmə də müəllifin dil üslubu haqqında yazmaq istəyirəm. İradə xanım publisistikada populyar dillə bədii və obrazlı dili sintez etdi. Dil, xüsusən də obrazlı dil- çətin, bədii ifadə olunanın verilməsi üçün əsasdır. Həm də yazar yaşadıqları ağrılardan, əzablardan o zaman qurtulur ki, onları bədii, obrazlı dillə ifadə edə bilir. Roman yazmaq üçün obrazlı dil çox böyük əhəmiyyət daşıyır. Deyilən sözlərin içində sözlə deyilməyən sözlərin çoxluğu müəllifin bədii və obrazlı dilinin və təfəkkürünün göstəricisidir ki, bu gün ədəbiyyatımız bunun yoxluğundan əziyyət çəkir. Müəllif sözləri, cümlələri sıxlaşdırır, qatılaşdırır, amma qəlizləşdirmir, bu da onu başa düşməyə kömək edir. Müəllifin dili boş söhbətlərdə, çeynənmiş sözlərdə, laqqırtıda və söyüşlərdə ifadə olunmur, o hər bir hadisəni bədii və obrazlı ifadə etməyi bacarır, bu da müəllifin dilinin və onun daxilən necə zəngin olduğunun göstəricisidir. Müəllif reallığın sözlə təsvirini lazımsız fotoqraf dəqiqliyi ilə yox, rəssam ümumiləşdirməsi ilə verməyi bacarır. Müəllif bütün sözlərdə və cümlələrdə demək istədiyini ifadə edə bilib. Bütün sözlər və cümlələr müəllifin demək istədiyi ilə üst-üstə düşür. Məsələn, Aqil Abbasın "Bakıda çexoxbilini daha yaxşı bişirirlər" deməsinə müəllifin çoxmənalı cavabı var: - Aqil, Bakıda çoooox şeyi yaxş bişirirlər...
***
"Müəllifin əsəri
danışmağa başladığı zaman özü
susmaldır" Bu gün ədəbiyyatımız
"ayağını çəkir". Yazarlar
çoxluğu yaranıb, yuxusunu yazanlar yuxusuz yazarları
üstələyib. Elə dövrdə yaşayırıq
ki, hər kəs özünü dahi, özünü birinci
sayır. Heç kəs heç kimi etiraf və təsdiq
etmir. Çoxları məndən başqa kimsə
yoxdur-prinsipi ilə prinsipsiz yasayırlar. Bir-iki aya roman
yazırlar- sonra başlayırlar istedadlarından dəm
vurmağa: - Bir aya roman yazmışam, amma acından
ölürəm, dövlət mənə yiyə durmur.
İstedadlı insan isə hec vaxt şikayət etmir, o
susmağı bacarır.
***
"İstedadlı olmağın
cəzası tənhalıqdı". İstedadlı insan qəribə
insandır, bu dünyanın qəribidir. Çoxları onu
başa düşmür, o da bu dünyadan baş
açmır, dünyanı qəribçiliyə salır.
Yaradıcı insan çox vaxt milyonların içində tək,
tək olanda da tənha olur. Bu zaman aləm bir-birinə dəysə
də sən öz aləmində olursan. Nə kimsəni
görürsən, nə də eşidirsən. İsmin
çəkilməyənə qədər haldan-hala
düşürsən, sonra halın qalmır, bir neçə
gün halsız gəzirsən. Yerini dəyişirsən, yer
dəyişmələr edirsən, söz yerinə
düşməyənə qədər yersiz qalırsan, yerdə
yer tapmırsan, sığınırsan göyə, rəngin
göyərir söz göyərənə qədər. Sonra
olursan dünyanın ən xöşbəxti və sənin
xöşbəxtliyin çoxlarının gözündə
çox ucuzdur. Bu gün çoxları pulun
işığına yığışır, sözün
işığına yığılan çox azdır. Əsl
söz adamı isə gözlərinin nurunu sözə qurban
verir. Söz qiymətdən düşüb, doymayan gözləri
söz açmır daha.
***
Qələm elə bir şeydir ki,
onu gərək düz tutasan, düz yazasan, düzü yazasan,
elə ki bir az əyildin, ömürboyu əyilirsən. Qələm
əyiləndə boğaza və qarına xidmət edir,
olursan xidmətçi. Əsl yazıçı heç zaman
qələmi əyri tutmur, heç zaman əyilmir, əyri
yazmır, dik dayanır, dayanacağı düz olur, düzdə
qalır.
***
Alın yazısını pozmaq
mümkün deyil. İnsan ancaq yaşadığı qədər
alın yazısını poza bilir. Ölüm alın
yazısının nöqtəsidir.
Yaşadığımız ömür zamanında çox
ölüb-dirilirik, ömrümüzdə çox nöqtələr
olur. Həyatımızdakı nöqtələr....
***
Hər kəsin həyatında səhvlər
və doğrular var. İnsan etdiklərinə haqq
qazandırır. Hər kəsin yaşamaq haqqı var -
çaqqalın çaqqal kimi, qurdun qurd kimi. Etdiklərinə
haqq qazandırmasa, yaşaya bilməz insan. Hər kəs etdiklərinə
haqq qazandıra-qazandıra haqdan uzaqlaşır. Hər kəs
haqq-nahaq yaşayır. İndi haqqın
işığında adamın haqqını gözüyumulu
yeyirlər. Müəllifin haqqını çox yeyiblər,
müəllif hüququ qazanıblar. Bir çoxları
İradə xanımın fikirlərini,
yazdıqlarını, müsahibələrini oxuyub sabah
qolun-qıçın sındıra-sındıra yazırlar,
müsahibə verirlər.
***
Gözləri çox yer tutsa da,
onun heç kimin yerində gözü yoxdur. Ondan mədəniyyət
kanalına yaxşı rəhbər olar. Amma indi qabiliyyətinə
və istedadına görə kimi qiymətləndirirlər
ki? İndi qiymətləndirmənin ölçü vahidi
çox dəyişikdir, gərək hər gün dəyişməyi
bacarasan.
***
Yana-yana yaşayıb, çoxlarına yanıb, çoxlarını yandırıb. İnsanın yaşadıqları- itirilmiş ömür, yaşanmış ömür, yaşanacaq və itiriləcək ömürə bələdçilik edir, qoymur onu başqa cürə yaşamağa. Müəllif "Yol Romanı"nda yazdıqlarının müəllifidir, amma yaşadıqlarının müəllifi deyil. İnsan həyat ssenarisini özü yazmır, yaşadıqları yaşamaq istəmədikləridir. Yaşamaq istəmədiklərini yaşayan insan yaşamaq istəmir. Sonra anlayır ki, indi onu yaşadan yaşamaq istəmədikləridir.
***
Müəllif romanında
yaşadığı illəri səfərə
çıxdığı günlərə
sığışdırıb. Yaradıcı insan olmaq və
yaradıcı insanın həyat yoldaşı olmaq çox
çətindir. Hər kəs çətinə
dözmür. Çoxları yarı yolda qalır, yarsız
qalır. İradə xanımı başa
düşmək üçün Aqil Abbası tanımaq lazımdır. Aqil Abbası qiyabi
tanıyırdım. Onun ssenarisini
yazdığı "Dolu" filmində
çəkilirəm. O da tez-tez
yaradıcı heyəti ziyarətə gəlir. Aqil müəllimi yaxından tanıyıram. Aqil Abbas başqa aləmdir,
söhbətləri ilə beş dəqiqəyə
aləmi qatır bir-birinə. Çəkiliş zamanı iyirmi kilo çəki itirdim. İyirmi kilo çəki itirməyimin
yarısının səbəbi- rejissor Elxan Cəfərovun məni bir
kadr üçün iyirmi dubl
qaçırmağı idisə, yarısına səbəb
isə Aqil müəllimin söhbətləri
oldu. Məndə belə bir düşüncə var
ki, əliaçıq, səxavətli insanlar ürəyitəmiz yaxşı
insanlardır və belə insanların pulları xərclədikləri
qədərdir, pulları çox olmur. Çünki bu gün çoxları pula görə hər şeyi
edirlər, pul onlar üçün hər şeydir.
Pul yoxdursa, onlar da yoxdur.
Aqil Abbası həmişə sentimental çıxışları ilə
tanımışam. Amma onu
reallıqda həm də ruhsal biri kimi tanıdım, zəmanə,
dövr onun ruhundan çox şey alsa da.
Çox vaxt ruhunu sakitləşdirmək üçün
ruhuna "zəhrimar" qatır.
Baxışlarımı tutur:
- Rza, bu zəhrimar olmasa,
çoxdan ölmüşdük bu dərd-sərlə. Aqil
Abbasın ən çox xoşuma gələn fikri: "Ola
bilər ki, mən uşaqlarıma var-dövlət qoyub getməyim,
amma mən onlara dünyanın ən böyük var-dövlətini,
nemətini vermişəm, onları Məmməd Arazın nəvəsi
etmişəm".
***
Onu da sevməyənlər var, bu
normadır, amma onu qərəzli sevməyənlər də
var, bu isə norma deyil. Bəziləri Məmməd Arazın
qızı olduğu üçün, bəziləri isə
Aqil Abbasın həyat yoldaşı olduğu
üçün sevmirlər onu. Onu gözdən salmaq istəyənlər,
zərbə vurmaq istəyənlər var- kimisi bunu
açıq edir, kimisi gizli. Öyrəşib bunlara artıq.
Bəzilərinin zərbəsinə cavab verir, bəzilərinin
zərbəsini qulaqardına vurur, yəni "blok edir". O,
yaxşı "blokçudur", zərbədən
yayınmağı bacarır. Çoxları "zərbəm
keçib" deyə bayram etdikləri zaman o gülümsəyir.
***
İyirmi il bundan öncə
peşəkar idmana yenicə başlamışdım. Müəllimim
idmanın əsasların, yəni texnikasın və fəlsəfəsin
çox gözəl bilirdi. O vaxt avtobuslarda çox
sıxlıq olardı. Bir gün dörd-beş cavan
oğlanla müəllimimin avtobusda mübahisəsi
düşdü, cavanlar müəllimimi cəkib avtobusdan yerə
saldılar və ona təpik, şillə atdılar. Müəllimim
cavab vermədi, belə desək- qacdı döyüşdən.
Mən də bunu gördüm. Müəllimim
özünü heç onda qoymadı, çıxıb
getdi. Uşaqları saldım təpik- şillənin
altına, axşam da məşqə getdim, müəllimim
dedi:
- Bu gün fiziki məşqlər
etməyəcəyik, amma bu gün öyrənəcəyimiz
bütün məşqlərimizin əsasını təşkil
edir. Mən sizlərə bəzi şeylər göstərəcəm.
Uşaqları göndərdi gedib üzlük daşlardan
beş-altısını gətirdilər. Daşları
üst-üstə qoydu, bir zərbəyə
hamısını sındırdı və baxdı mənim
üzümə, mən də dərsimi götürdüm.
Daha sonralar blokları öyrənəndə anladım ki,
müəllimimə heç zərbə dəyməyib.
***
Kimisi yol çəkir, kimisi yol kəsir.
İstedadlı insanlar azdır və bu azlığın
çoxluğunun da istedadı paxıldır. İstedadı
paxıl olanlar ömür boyu başqa istedadların üzə
çıxmasını istedadlı alırlar. O isə
istedadı olanların üzə çıxmasına həm
mənəvi, həm də gücü çatdığı
qədər maddi yardım eləyir. Mənim də tərcümeyi-halımda
önəmli yer tutur. Onun sayəsində məni artıq məclislərdə
yazar kimi təqdim edirlər. Çətin anlardı,
düşmənlərimə pas vermişəm. Bir həftə
olar ki, bütün mətbuat məqaləmi şərh edir, tərəfini
tutduqlarımın yan-yörəsində olan
çaqqal-çuqqal üstümə gəlir,
danışmadıqları böhtan, üstümə
yaxmadıqları şər qalmır. Mənsə
çoxdanın Yalquzağıyam, kiməsə şikayət
etmirəm, nə də halımdan gileylənirəm. "Dostlar"
gizlənib, bütün günü xahişdə
bulunanların və yarınmaq istəyənlərin səsi
batıb. Telefonuma zəng gəlir, İradə xanımdı:
- Rza, bunlar səndən elə-belə
əl çəkməyəcəklər, bəlkə mən
yazım bir şeylər
- Yox, İradə xanım, mən
hələ o qədər böyüməmişəm siz mənim
haqqımda yazasınız. Səhəri ONUN qəbrini ziyarətə
getmişəm. Telefonuma zəng gəlir, Aqil müəllimdi:
- Rza, necəsən, məqaləni
yozublar, sənə dəyib-toxunan yoxdur? - Mənə niyə
toxunsunlar ki, qəzetin baş məsləhətçisi
sizsiniz.
Aqil müəllim gülür:
- Rza, narahat olma, ölməmişik.
Onun haqqında onu tanımaya-tanımaya yazmışdım.
İndi şəxsən tanışıq, onları yaxın,
doğma insanım kimi qəbul edirəm. Onlar da mənə bu
münasibəti göstərirlər.
***
Keçək əsas məsələyə-
gün hardan çıxmışdı, bilmirəm, İradə
xanım deyır ki, bu yazıya qonorar yazacam. Nə qədər
qonorar yazacağını soruşmuram. Çünki biri həmişə
eyni saç ustasına gedir. Saç ustası da müştərisini
yaxşı tanıyır. Müştərinin
saçını vurub bitirir. Müştəri yenə həmişəki
kimi soruşur:
- Nə
qədər pul verməliyəm?
Saç ustası bu dəfə
dözmür, deyir:
- Sən başının qiymətini
məndən yaxşı bilirsən.
***
Yazılarında mahiyyət və məzmunca türk ruhuna sadiq olan Orxan Pamuk ödül almaq üçün zamanında Türkiyənin xeyrinə danışmadı, düşmən mövqeyində dayandı. Nə qədər ki, bizi başqaları qiymətləndirəcək, biz də başqalaşacağıq. Türkə düşmən kəsilən erməni jurnalistini cəhənnəmə vasil edən igidimiz, məhkəmə zalına aparılarkən üzünü jurnalistlərə tutub dedi: - Akıllı ol, Orxan Pamuk, akıllı ol!!!
***
İnsan yaradıb bu oyunu, kimisindən
ötürmə alırsan, kimisini aldadırsan, kimisinə
aldanırsan, topu qapıdan keçirirsən, sənin
adına yazırlar topu, on oyunçunun haqqını yeyirsən,
üstündən də su içirsən. Ya da topu aparıb
qapı xəttinin üstünə qoyursan, qapıya vurmursan,
başqası gəlib vurur. Ya da qapıya vurmayıb
başqasına ötürmə verırsən, o vurur, top onun
adına yazılır. Qapıda durursan, qapıya vurulan
topların çoxunu tutursan, qapıdan keçəni də
olur. Qələbə tutulan toplarla yox, qapıdan keçən
topların sayına görə müəyyən olur.
Qapıdan keçən toplar sənin hesabına
yazılır - flan qapıçı qapısından bu qədər
top ötürüb.
Ədalətli, vicdanlı olmaq istəyirsən.
Zaman gəlir unudulur bunlar, üzünə ağ olurlar,
eşitdiyin kəlmə acı olur: Aglın var idi, etməzdin...
***
Mənə görə ad məsələsi
çox önəmlidir. Yazılarımın öncə
adını kəşf edirəm, ad nə
yazacağımı müəyyənləşdirir. Ad
yazının gərək məzmun və mahiyyətini
özündə tam ifadə edə bilə. Bu yazıya bir
çox adlar kəşf etmişdim, amma yaza bilmirəm, ad
tapmıram bu halıma. Məncə, hər şeyi öz
adı ilə demək lazım, öz adı ilə
çağırmaq lazımdır. Mən də onu öz
adı ilə çağırdım, dönsə də,
dönməsə də - İRADƏ...
RZA RZAYEV
Ədalət.-2012.-9 noyabr.-S.8-9.