KÖHNƏ
DOSTLAR
Qürbətdə adamın
dostları çox olmur.
Biz də çox deyildik. Qələm idi, dəftər
idi, mən idim. Vətən və qürbət, görüş
və həsrət anları haqda hiss və duyğularımı, fikir və düşüncələrimi, arzu və xəyallarımı əlli illik vəfalı dostum qələmə
pıçıldayırdım, o da öz köhnə adət
və vərdişinə uyğun olaraq mənim dediklərimi nöqtəsinə,
vergülünə toxunmadan olduğu kimi Türkiyədən
alıb gətirdiyim palıdı rəngli dəftərə köçürürdü. Dəftər məsələsini
xüsusi qeyd etməyimin
də balaca bir
tarixçəsi var. Mən o dəftəri İstanbuldan
alanda elə oradaca ilk səhifəyə yazmışdım:
"Səfər dəftəri". Evə gələndə
dəftərimi bir xəlvət yerə qoymuşdum ki, nəvələrim
yazıb-pozmasın. Nəvələr bizim
gözümüzdən yayınanda şeir
dəftərimin hansı gəldi töküblər ortaya yaz ki,
yazasan, poz ki, pozasan. "Səfər
dəftəri"ndə məndən əvvəl onlar yaradıcılıq işinə
başlayıb. Əyri xətt, düz xətt,
qırıq xətt, dairəvi xətlər
hamısını qarışdırıb bir-birinə
qatılıblar. Guya yazı yazıblar. Amma ata və
analarının, nənə və babalarının
adlarını dəqiq yazıblar. Hələ məktəbə
getməsələr də yazı yazmağa
çox meyllidirlər. Çünki
evdə gözlərini açıb hamını kitab oxuyan, yazı yazan görüblər. Bir söz
mənim səfər dəftərimin səfərə
çıxası halı qalmamışdı. Birinci səhifəni o qədər
dolaşıq yazılarla doldurmuşdular ki, heç Orxan-Yenisey abidələri üzərindəki
yazıları kəşf edən alimi
tapıb gətirsələr o da heç nə oxuya bilməzdi.
Yenə qürbət, yenə həsrət,
yenə həkimlərin müəmmalı
baxışları. Sarsıntılı ağrılar
keçirirdim. Bir az ağrılar ayazıyanda əlimi səfər
dəftərinə apardım. Açanda həmin mənzərəni
gördüm. Ağ varaq, hardan gəldi əkilən səliqəsiz
qara mürəkkəbin qara şumları. Diqqət və həssaslıqla
dönə-dönə Yusif və Zəlimxanın
yazısına, xəttinə baxdım. Titrəyən
dodaqları o xətlərin üstə qoydum. Nəvələrimin
əlləri, barmaqları, dırnaqları gözlərimin
önündə dayandı. O əlləri, o barmaqları
gözümün giləsinin üstünə qoyub sakitləşmək
istəyirdim. Ancaq bu mümkün deyildi. Nəvələrim
çox-çox uzaqda idilər. onlar vətəndə, mən
qürbətdə. Bahar buludundan betər olmuşdum. Nə qədər
elədim özümü saxlaya bilmədim. Dəli bir
hönkürtü ilə ağlamağa başladım.
Ağlamaq imkanın geniş idi. Mane olan, təsəlli verən
yox idi. Çünki otaqda tək idim. Buludumda
son damla qalana qədər yağdım,
boşaldım, sakitləşdim.
Dilimizdə "burnumun ucu göynəyir"
ifadəsi var. Bəzən biz onu gəlişigözəl
söz kimi də işlədirik. Ancaq qürbətdə bu
deyimin nə qədər ürəkyandıran bir ifadə
olduğunu hiss edirsən. Ümidin açılan qapıya,
baxışların tavana, gözlərin pəncərəyə
dikiləndə, əlin göydən, ayağın yerdən
üzüləndə bilirsən ki, burnunun ucu göynəmək
nə deməkdir. Onda təkcə adamın burnunu ucu göynəmir,
saçından dırnağına bütün
varlığı, bədənin bütün əzaları,
hüceyrələri göynəyir.
...Həkimlər tam ümid vermək
üçün özlərində güc tapa bilmirdilər. Çünki
qan məsələsi onları bərk çaşdırmışdı.
Yaman fikirliydim, düşüncələr dünyasına qərq
olmuşdum. Elə bu vaxt qulaqlarıma səslər gəldi. Səs
Bakıdakı həyət evimizdən gəlirdi.
Anamın səsi: Ay Zelimxan, ay bala,
xörəyin buza, qara döndü, yazı qaçmır,
çörəyini ye, sonra yazarsan!
Həyat yoldaşımın səsi:
Ay Zelli, günortaya nə bişirim, ürəyin nə istəyir?
Oğlumun səsi: Ata, bazara gedirəm,
meylin nə çəkir, nə alım gətirim?
Nəvələrimin
qarışıq səsi: Baba, biz saz çalmaq istəyirik,
Nigar sazımızı vermir ki, qırarsınız, ona de
sazımız versin.
Səslər... səslər... Nə
yaxşı qeybdən gələn səslər, nə
yaxşı uçan fikirlər, qanadlanan xəyallar var
imiş. Nə yaxşı ümidin ölümü ən
axırda gəlirmiş. Əgər qulaqlarına
doğmaların səsi gəlirsə, demək sən
yaşayırsan, yaşayacaqsan!
Sükut və səssizlik, qürbət və qəriblik. Bu ifadələrin arxasında nə sirlər, soraqlar, nə xəzinələr, nə dəfinələr gizlənirmiş, İlahi! Səs-küy varsa sən özündə deyilsən, özgələrdəsən. Sükutda nə var özünsən, özündəsən. Ağrılar, tənhalıq, təklik düşüncələrin anasıdır. Ağrılar içində düşüncələrə qərq olanda yarpaqdan yuxa, kağızdan nazik, tüldən zərif, sapdan incə olursan. Başqa vaxtda yeddinci dəfə deyilən sözün fərqinə varmayan adam, kövrələndə bir dəfə deyilən sözün yeddi qatından keçir. İndi mən bu vəziyyətdəydim. Həssas, zərif, yuxa, kövrək.
Ömrüm boyu az əhəmiyyət verdiyim şeylərə indi daha çox diqqət yetirir, ömür-gün yollarımı ələyib ələkdən keçirirdim. Həyatım boyu gördüyüm, bildiyim, tanıdığım insanları gözlərimin önünə gətirirdim. Elə bil qürbət mənim gözlərimi böyüdücü şüşə taxmışdı. Hər şeyi, hər kəsi daha aydın, daha geniş şəkildə görmək və göstərmək üçün. Dost cildində düşmənləri də, düşmən sifətində dostları da, cani-dildən olan zənglərin candərdi zənglərə çevrilməsini də çox aydın və dəqiq şəkildə yenidən görür, uyur və tanıyırdım. Ən çox şairlərimizi xatırlayırdım. Qürbəti, həsrəti, ağrını, əzabı bütün rəngləri və çalarları ilə öz cismani və mənəvi varlığında daşıyan şairləri.
Vaxtsız əcəl
məndən uzaq dayan,
dur,
Qılıncını məndən uzaq
dolandır.
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə!
61 il
bundan əvvəl yazılmış bu şeir elə bil mənim - 61 yaşlı Zəlimxan Yaqubun boyuna biçilmişdi. Elə bil
Səməd Vurğun
məni qürbətdə
bu vəziyyətdə
görüb bu əsəri yaratmışdı.
"Bu yollarda öləcəyəm,
özüm bilirəm,
bu ölümü ən şərəfli ölüm bilirəm"
deyən, otuz il sərbəsər
cismən xəstə
olan, ruhu və qəlbi ilə həmişə sağlam və diri olan Məmməd
Arazın bu misraları da mənim boyuma biçilməmişdimi? Otuz
il ölümlə,
xəstəliklə pəncələşən
Məmməd Araz, ağrıların əlindən
nələr çəkmisən.
İndi mən səni daha yaxşı dərk edirəm. rəhmət sənə böyük kişi!
Dərd eləmə desəm ki,
Yazmasam ölürəm.
Ölə-ölə
yazmıram,
Yaza-yaza ölürəm.
- deyən
ölümsüz Məmməd
Araz! Yaza-yaza ölmək, ölümə
meydan oxumaq hər şairə qismət olmur.
Hardan çıxdı ölüm,
bu
qoca kaftar,
Görmür ki, əlimdə
nə
qədər işim
var.
Otuz səkkiz yaşında
haqqa qovuşan unudulmaz Əli Kərim ölümü qoca kaftar adlandırmaqda
çox haqlı idi.
Elə ki, həkim girdi
xəstənin
qılığına,
Onda həkim,
salam-əleyküm!
Bu şeir
deyil, şeirdən daha uca, ağrılı
bir hissin şair dilində ifadəsidir.
Deyin insafdımı belə bir vaxtda,
Çəmən çöldə yata, şair otaqda.
May ayının
sonları. İndi Azərbaycanın
hər yerində gül-gülü çağırır.
Mən kimi çağırım qürbətdə,
xəstəxana çarpayısında!
Heç insafdımı,
təbiət Allahlıq
eləyə, ilin-günün
bu vaxtında şair də vətən deyib haray çəkə!
Sənə min
rəhmət Əli Kərim!
Yanana od veriləndə,
donanın üstünə
bu tökdürüləndə,
batana dəryalar birdən bəxş ediləndə, qranit dağlar belə bu dərdlərə tab gətirməyəndə yazır
şairlər ən ağrılı və ən gözəl şeirlərini.
Yəqin deyirsən ölmüş,
Ölməmişəm, mən ölmüş.
Ölümlə
mənim aramda bircə qarış məsafə qalmışdı,
ölmədim, mən
ölmüş, Əli
Kərim!
Yığıb
qabağıma neçə
dəftəri,
Birdən hamısında yazmaq
istədi.
Dünyanın bütün şeirlərini
mən yazmaq, bütün kitablarını
mən oxumaq, bütün dəftərlərini
mən doldurmaq istəyirdim. Sənin
bu dəlicəsinə
yazmaq ehtirasın mənə keçmişdi,
Əli Kərim! Əgər bu ağrılar məni sarsıtmasaydı heç
vaxt səni belə dərindən dərk edə bilməyəcəkdim, Əli
Kərim! Səni mənim üçün
bir şair kimi yenidən kəşf edən ağrılarıma minnətdaram.
Elə bil ki, tonqalın
ortasına tük endi,
Ömrü kimi qoca da,
gözlərimdə tükəndi!
- deyən
ustad şairimiz hansı şəkildə,
nə mənada olur-olsun bizim tükənməyimi cismani
ömrümüzdə, tükənməzliyimiz
mənəvi ömrümüzdədir!
Nə yaxşı belədir!
Vəfalı və köhnə
dostlarım çox canfəşanlıq edir. Qələm -
"mən yazmalıyam!", dəftər, "mən
yazılmalıyam!" - deyirdi. Qələm - "məndən
heç nəyi gizləmə, fikrindən, xəyalından nə
keçir hamısını pıçılda" deyirdi.
Axı mən 50 ildir sənə xidmət edirəm, heç
vaxt yorulduğunu, soyuduğunu, dayandığını
görməmişəm. İndi də görmək istəmirəm.
Dəftər - "mən torpağam məni şumla, mən
şumam suyumu, işığımı, havamı bol elə,
məni ək, toxumunu səp, barını-bərəni, yeni əsərlərini,
yeni şeirlərini yetir oxucularına" deyirdi. Bütün
dostlar vətəndə qalmışdı. Ağrılarla
baş-başa üç dost qalmışdıq. Qələm
idi, dəftər idi, mən idim.
İşıqlandı nurda dostlar,
İşıq saldı yurda
dostlar.
Xırdalandı xırda
dostlar,
Böyük dosta salam
olsun!
20-25 may 2011,
Almaniya, Hannover
Zəlimxan Yaqub,
Xalq Şairi
Ədalət.-2012.-9 noyabr.-S.12.