"QARABAĞA
DÖNƏCƏYİK"
Bu
misranın müəllifi şarkıları ilə türk
dünyasını coşduran Əhməd Şəfəqdir
... Heç vaxt ağlıma gətirməmişdim
ki, onunla üz-üzə dayanıb həmsöhbət
olacam... heç vaxt ağlıma gətirməmişdim ki,
onunla bir süfrə arxasında əyləşib
çörək kəsəcəm, çay içəcəm,
hətta əlimi badəyə uzadacam... heç vaxt
ağlıma gətirməmişdim ki, ona aftoqraflı
kitablarımı bağışlayacam... heç vaxt
ağlıma gətirməmişdim ki, onu öz səsiylə
öz ifasında, necə deyərlər, canlı-qanlı dinləyə
biləcəm...
Dostlarla zəngləşdik.
Dağdan-arandan, yəni bizim yaralı yerimiz olan və hər
söhbətimizdə içimizdən gəlib keçib bir də
içimizə qayıdan Qarabağ
ağrılarımızdan danışdıq. Bu
danışıqda da yenə söz-sözü çəkdi,
yenə söz-sözə calandı, yenə Qarabağ dərdini
öz dərdi bilən insanlar yada düşdü. Təbii
ki, bu insanların bir çoxunu qiyabi, saytlardan, mətbuatlardan
tanıyırıq... bir çoxunu üzbəüz
görmüşük və bir çoxunun isə sadəcə
sorağını eşitmişik. Bax, bizim söhbətimizin
mayası olan Qarabağ həmin adamları onların xəbəri
olmadan bizə yaxınlaşdırıb,
doğlmalaşdırıb. Hətta bu doğmalıq elə
bir mərhələyə çatıb ki, biz
özümüzü onlarısız qolsuz-qanadsız
görürük, sanki budanmış ağacıq...
çarpanaqları qoparılmış qaya
parçasıyıq... dibi oyulmuş, özülü laxlayan
qaim qədim bir binayıq... Onlar yanımızda olanda isə
biz bütövlüyün, tamlığın bir əl
çatan məsafəsində oluruq. Sadəcə,
Qarabağın olmaması torpaq dərdimiz həmin o əlçatan
məsafəni hələ ki, bizə bitişdirməyib, bizi
bütövləşdirməyib və biz o məsafəni
keçmək üçün, o yolu qət etmək
üçün, o dağa dırmanmaq üçün, o dəryaya
baş vurmaq üçün, biz sözlə,
canımızı, qanımızı,
varlığımızı, yaranışdan olduğu kimi
görmək üçün vuruşuruq,
çarpışırıq. Amma təəssüf ki, bu
vuruşda, bu çarpışmada hələ hamı
iştirak etmir, hələ hamı bizimlə birlikdə deyil,
hələ hamı bir olmayıb, bütövləşməyib.
Sadəcə, fərd olaraq sözlə, əməllə,
mübarizəmizlə həmin o məsafəni
ayrı-ayrılıqda, təkbaşına getməyə
üstünlük verənlərimiz çoxdu. Bilmirəm niyə?
Bütün
çağırışlar birlikdən keçir, birliyi dilə
gətirir, birliyi önə çıxarır. Təəssüf
ki, bütün çağırışlar belədir.
Gerçəklikdə isə birlik arzumuz, birlik iddiamız,
birlik tələbimiz hələ mürgülüdü, hələ
atılan toplara diksinmir...
Bax, belə bir məqamda dostlarla
olan telefon bağlantımız məni də səfərə,
yəni üzü Qarabağa səslədi. Bu səfərə
getməyə bilməzdim. Ən azı ona görə ki, orada
mən görmək istədiyim, sorağını eşidib,
səsini dinləyib, ziyarət etmək arzusunda olduğum bir
türk oğlu türklə, bir türk sənətçisi
ilə, bir türklük amalını, amacını,
varlığını görk etməyi bacaranla tanış
olmaq, şəxsən onun əlini sıxmaq imkanı
yaranmışdı mənim üçün. Bu imkanı
Tanrı hər bəndəsinə nəsib etmir. Və mən
də Tanrının yardımı, dostların təşəbbüsü
ilə səsinə vurulduğum, xüsusilə Qarabağ
şarkısını dinləməkdən
doymadığım Əhməd Şəfəqlə
görüşə tələsirdim. Hələ bilmirdim ki, o
görüşdə xeyli vaxtdı üz-üzə,
göz-gözə söhbət etmədiyim daha bir türk
oğlu türklə də baş-başa qalacam. Təbii ki,
indiki məqamda onun da adını açıqlamağın əsl
yeridi. Həmin türk oğlu türk də səsi ilə
Qarabağ savaşında hamını ayağa qaldıran,
şarkıları ilə insanın iç
dünyasını alovlandıran Şəmistan Əlizamanlı
idi...
Bəli, Bakıdan üzü Xocavəndə
uzanan yol elə bil ki, bitib tükənmək istəmirdi. Sanki
yola yol calanır, yolun təkcə məsafə
baxımından uzanması yox, həm də
narahatlığı qurtarmaq fikrində deyildi.
İnanın ki, bitməyən bu
narahat yolun içərisində, daha doğrusu, son ucunda məni
gözləyən işıq olmasaydı, bəlkə də
tez-tez mobil telefonla harda qaldığımı, niyə
gecikdiyimi soruşan dostlarımdan bu qədər təlaşın
yersiz olduğunu düşünüb bir balaca
mızıldanardım. Amma onların mənə
hazırladıqları görüş-sürprizi həyatımın
ən gözəl bir anı, ən maraqlı tarixçəsi
olacağına heç bir şəkki-şübhəm yox
idi. Və mən bu görüşə tələsirdim...
Bəli, bu da sorağına
uçduğum, görüşüb şərəflənmək
istədiyim həmin o dostlar, həmin o türk oğlu
türklər, həmin o məclis... Məclisin ziyafət hissəsini
zənnimcə təsvir etməyə ehtiyac yoxdur. Necə deyərlər,
kasıbın olanından hər şey vardı süfrədə.
Nemətlər kifayət qədər süfrəni bəzəmişdi.
Amma mən qətiyyətlə bildirə bilərəm ki, bu
süfrə arxasında oturanların heç biri mədəsi
barədə düşünmürdü, nə yeyəcəyinin
fərqində deyildi. Çünki bu məclisdə oturan
insanlar. Xüsusilə şərəfinə ziyafət verilən
Əhməd Şəfəq özünün söhbətləri
ilə, özünün böyük dünya
görüşü ilə, təhlilləri ilə, məsələlərə
yanaşması ilə bizləri əlimizi süfrəyə
uzatmaqdan bir növ "təcrid" etmişdi. Biz ancaq onu
dinləmək, onun canlı ifasını eşitmək, onun
"Qarabağ!" sözünü özünəməxsus
sevgi ilə, ürəyi atlana-atlana dilə gətirməsini təkcə
eşitmək yox, həm də görüb o təşnə
ürəyin alovuna bürünmək istəyirdik və o da
bunu bizə çox görmürdü, bəlkə də
heç fərqində deyildi.
O olduğu kimi yaşayırdı,
danışırdı və biz də onu olduğu kimidən
də bir az artıq görürdük, onunla birlikdə
yaşayırdıq. Onun səsinə səs verən Şəmistanın,
Bəxtiyar Qaracının, Eyvaz müəllimin, Kəmalə
xanımın səsləri bir bulağın zümzüməsinə,
bir şəlalənin hayqırtısına bənzəyirdi.
İlahi, müxtəlif ürəklərin, daha doğrusu,
müxtəlif bədənlərin səsini, nəfəsini
birləşdirib bir alova, bir tonqala çevirmək, bir not
üzərində bir bəstə kimi dinlətmək necə
də gözəlmiş. Bu gözəlliyi dinləmək və
onun təşnəsinə çevrilməmək
mümkün deyil.
Çünki məclis
iştirakçılarının hamısı həmin o
süfrənin arxasında səslərini, ürəklərini,
varlıqlarını birləşdirmək üçün əyləşmişdilər.
Bax, mən onda tam əminliklə əlimi
müqəddəs kitaba qoyub and içə bilərdim ki,
insanları birləşdrimək, xüsusilə türkləri
bir, bütöv etmək mümkündü!!! Sadəcə, bu
ürəklər, bu pıçıltılar, bu
çırpıntılar, bu arzular, bu diləklər həmin
o bir istəyin çevrəsində, daha doğrusu, canında
qərar tuta bilsə, ona köklənsə, ona
sığınsa, onun özünə çevrilsə... onda
hamımız doğrudan da bir olarıq...
Gecə keçirdi. Biz ayrılmaq
fikrində deyildik. Baxmayaraq ki, Xocavəndə təşrif
buyurmuş Əhməd bəyin də, Şəmistan bəyin
də, onların səfərini təşkil edən Bəxtiyar
bəyin də, Kəmalə xanımın da sabahkı gün
üçün xüsusi proqramları, yəni layihələri
var idi. Aydın idi ki, Əhməd bəy Xocavəndə gəlməklə
əlimizdə olan bir parça Qarabağ torpağını
ziyarət etmək, Nərgiztəpəyə baş çəkmək,
şəhid ailələri ilə görüşmək, Xocavənd
ictimaiyyəti qarşısında çıxış etmək
və bir də burada müəyyən mövzularla
bağlı kameranın yaddaşını tarixləşdirmək
istəyirdi. Xüsusilə Qarabağ mövzusunda ifa etdiyi
şarkılara məhz buradan müəyyən məqamları
lentə köçürmək arzusunda idi. Bu işədə
də onun yardımçısı Bəxtiyar Qaracanın
başçılıq etdiyi yaradıcı qrup idi...
Ertəsi gün demək olar ki, səhərin
ilk şəfəqləri altında Əhməd bəy xocavəndlilərlə
planlaşdırdığı görüşə
başladı. Şəhidlərin adlarının əbədiləşdirildiyi
kompleksi ziyarət etdi, şəhid ailələrində oldu,
bir övlad, bir türk oğlu türk sevdası ilə
onları dinlədi.
Onları bağrına basdı,
"Biz varıq!", "Biz yaşayırıq!",
"Biz Qarabağa qayıdacağıq!" - dedi. Onun
bütün görüşlərində bir məqam
xüsusilə fərqli idi. Bu da ziyarətə gələnlərlə
ziyarət olunanların bir ruhda çıxış etməsi,
bir ruhun daşıyıcısına çevrilməsi idi. Təbii
ki, o görüşlərin bütün detallarını
yazmaq mümkün deyil. Çünki anbaan yazılmalı
olan bu görüşlərdə təkcə dünən,
keçmiş, xatirələr yox, həm də bu gün və
sabahın özü də hakim idi, yaşanırdı, təkrarlanırdı,
insanlar ümidlənirdi, inamları artırdı. Bunları
isə onlara Əhməd Şəfəqin, Şəmistan Əlizamanlının
ifaları, çıxışları bəxş edirdi...
... Həmin gün Xocavənddə
dostlarımın sayəsində bir gözəl ömür
payı yaşadım. Təbii ki, bu payı mənim bəxtimə
həm də Tanrım yazmışdı. İnanıram ki,
Tanrım mənim də, dostlarımın da, türk oğlu
türk Əhməd bəy Şəfəqin də, Şəmistan
bəy Əlizamanlının da həmin ömür
payımızda etdiyimiz duaları, arzuları dinləyəcək
və bizi Qarabağın bir parçasında yox,
Qarabağın Şuşasında, bütövlükdə
bütöv Azərbaycanın Zəngilanında,
Qubadlısında, Laçınında, Kəlbəcərində,
Füzulisində, Cəbrayılında, Ağdamında, Xocavəndində
görüşdürəcəkdi. Bu mənim və bizim
hamımızın böyük arzusudur. Həmin
görüşə qədər.
Əbülfət MƏDƏTOĞLU
abulfatmadatoglu@adalet-az.com
Ədalət.-2012.-9 noyabr.-S.13.