QAFQAZ
ƏVƏZOĞLUNUN VƏTƏN HƏSRƏTİ
Öncə oxuculara bu müəllifi
- Qafqaz Əvəzoğlunu tanıtmaq istəyirəm. Bir
neçə şeir və publisistika kitablarının müəllifi
olan Qafqaz Əvəzoğlu 1954-cü ildə Qubadlı
rayonunun Mahmudlu kəndində anadan olmuşdur. Uzun müddət
Daxili İşlər Orqanlarında
çalışmış, Dağlıq Qarabağ və onun
ətrafında baş verən hadisələrlə əlaqədar
QUBADLI, Laçın, ZƏNGİLAN, Cəbrayıl, Füzuli
rayonlarının erməni hərbi birləşmələrindən
azad və müdafiəsi uğrunda döyüşlərdə
və əməliyyatlarda fəal iştirak etmişdir.
Müharibə veteranıdır.
O, Sumqayıtda yaşayır. Yeri gəlmişkən
deyim ki, müxtəlif rayonların gəlmələrindən
təşkil olunan Sumqayıtda yaşayan qubadlılar say
etibarilə digər rayonların gəlmələrindən
daha çoxdular. Qubadlıda olmamışam. Onu bilirəm ki,
Qubadlı ədəbi mühiti deyilən bir anlayış
var. Mənim şəxsən tanıdığım qələm
sahiblərindən Elbrus Şahmar, Tariyel Cahangir, Famil
Süleymanov, Mürvət Qədimoğlu, Qafqaz Əvəzoğlu
bu ədəbi mühitin yetirmələridir. Bir gözəl
şairi-Əliağa Aslanı isə xüsusi qeyd etmək
istəyirəm. Onunla dost idim. Gözəl şeirlər
yazırdı. Elə olurdu ki, mən onun ayağına gedib
"Azərbaycan" jurnalı üçün təzə
şeirlər istəyirdim. Heyf, dünyadan tez
köçdü...
Qafqaz Əvəzoğlunun "Ey Vətən
oğlu" şeirlər kitabında iki əsas mövzu diqqət
mərkəzindədir. O, doğulduğu Mahmudlunun və
Qubadlının həsrətini çəkir. Vətənin
birliyi ideyası onun da şeirlərində səslənən
çağırışlardan biridir. Qubadlıdan ayrılarkən
Qafqazın bir çox şeirləri, əlyazmaları da əsir
düşüb, yəni qalıb Mahmudluda, imkan, girəvə
olmayıb onları götürə. Və belə bir şeir
yazıb:
Gəncliyimin xoş
çağıydı,
İlk eşqimin
sorağıydı,
Ürəyimin ocağıydı,
Əsir düşən şeirlərim!
Bəzən qarlı dağım
idi,
Bəzən güllü
bağım idi,
Bəzən xəzan
çağım idi, -
Əsir düşən şeirlərim!
Qoç Nəbimdi, Həcərimdi,
"Hərtiz"imdi, "Səngər"imdi,
Bərgüşadım, Həkərimdi,
-
Əsir düşən şeirlərim!
Yandı yurdum, yuvam qaldı,
Sərin suyum, havam qaldı.
Kül olmamış haram qaldı?
-
Əsir düşən şeirlərim!
Onun bir çox şeirlərində
məhz bu nostalgiya xətti əsasdı. Qafqaz Əvəzoğlu
Qubaldını, doğulduğu Mahmudlunu tez-tez
xatırlayır: "Qoynunda boy atıb başa yetdiyim, O
haylı-haraylı Mamudlum, haray! Son dəfə gözləri
yaşlı getdiyim, Haray o cığırım. O yolum,
haray". O, qubadlıları, ümumən o bölgədə
yaşayan insanları birliyə, vəhdətə səsləyir.
Yazır ki, "Bitən bir kök üstdə min
budağıq biz, Cırlaşa-cırlaşa
aralanmışıq!" Ona görə də: "Nə
olar, siz Allah sıx birləşin siz, Səs salın hər
yana, ay Qubadlılar!" Şairin Qubadlı, Mahmudlu həsrətini
ifadə edən şeirlər arasında iki
"Dağlar" rədifli şeir də var.
O şeirlərdə poetik hiss, həyəcan,
poeziyaya məxsus gözəlliklər öz əksini
tapır:
Bu novruz da gəldi, getdi,
Gələmmədim
sizə, dağlar!
Ah çəkməkdən
içim yandı,
Döndüm oda-közə, dağlar!
Fitnə saldı yağılarım,
Getdi əldən yaylaqlarım.
Hənı sənli o çağlarım,
Kim gətirdi gözə, dağlar?!
Başın bəyaz qar olardı.
Yaz sinəndə var olardı.
Gül-çiçəyin
dolaşardı,
Yeriyəndə
dizə, dağlar!
Qafqaz kimi pərişan yox.
Yanan azdı, alışan yox,
Çağırıram,
toplaşan yox,
Duruğ düşək izə, dağlar!!
Qafqaz Əvəzoğlunun kitabında
"Kaş ki, ölüb mən qalaydım o yerdə" silsilə şeirləri mənim diqqətimi daha çox cəlb etdi. Silsilənin üçüncü
hissəsində şair
bir vaxtlar gəzib-dolaşdığı kəndin, Qubadlı ərazisinin, o dağların,
o çayların, o meşələrin
adlarını bircə-bircə
oxuculara çatdırır.
Yaddaşından yaddaşlara
köçürür. Əlbəttə,
bu üsul sadalamaya imkan versə də, YADDAŞ üçün yazılır.
Biz şairlə birgə
"Dağdağan"a, "Kaha" yuxarı qalxırıq, kölgədə
oturmaq üçün.
"Məmərzə qobusu"n
gözüm dolana,
"Mərdə bulağı"ndan
bir içim alam. Durub gəzə-gəzə
qalxam "Yastan"a,
"Gillik"də oturub
xəyala dlam!" Sonra: "Bəbirli yolu"yla mən qalxa-qalxa, Kaş "Nəbi ölən"də
mal səsləyəydim. O "Qələ yolu"yla enən uşağa. "Bəbirli dərə"yə
bir bax deyədim".
Sonra: "Düşəm
hər qobuya, düşəm hər
kola, Mərövcə qomluyam,
kəkoğlu yığam.
"Ziyil inciri"ndən
gələm "Dörd
yol"a, Qalxıb bir təpəyə özümü yıxam!"
Sonra: Səriləm
"Aylı"da bir
kol dibinə, İçəm quzqulağın
, keşnişin, Allah! "sular"da qalanmış ocaq közünə, Düzəm göbələyin
körpəsin, allah!"
Sonra: "Bitəm
"Sarı dərə"
sarı zığına,
Yuyam "Teştaxan"da
üst-başımı mən.
Kaş ki, bir də dönəm
"Bəyin bağı"na,
düşüb dəstə
tutam bənövşəsindən".
Sonra: İndi Bərgüşadım bir
qəmli sazdı, Daha sinəsinə sıxanı yoxdu. Qalxıb çiçəkləyib
acı-qıcısı, Hanı
qız-gəlini, yığanı
yoxdu!"
Silsilənin sonunda bu adlar
izah olunur. Məlum olur ki, həmin yerlər şairin uşaqlıq və gənclik illərinin, eləcə də orada yaşadığı
son illərin əziz yadigarları, xatirələridir.
Amma məni heyrətləndirən bir
də o oldu ki, Q.Əvəzoğlu bir etnoqraf və
xalq mənəviyyatının
ifadəçisi kimi də çıxış
edir. Şeirdə verdiyi müxtəlif bitki adlarını, digər adları bir təqdimatçı kimi şərh edir. Bir-iki belə
izahlara diqqət yetirək: Mərövcə:
bəzi bölgələrdə
mərəcöyüd, qulança
və ya qatır quyruğu kimi tanınan yabanı bitki. Kəkoğlu: mərövcəyə
bənzər, ancaq yaşıl-göyə çalan,
bir növ başı konusvari yabanı bitki. Əksər Şimal ölkələrində (məs:
Rusiyada) onu gül kimi becərir,
şaxələnib qanadlananda
qırıb gül buketlərinə yaraşıq,
yaşıllıq vermək
üçün istifadə
edirlər. Çaqqala:
yabanı bitkidir, mərmərik ağacı
kimi adətən qayaların, dağların
döşündə bitən,
meyvəsi bir növ badama və ya quraqlığa
düşmüş cır
ərik ağacının
kal, solğun meyvəsinə oxşayır.
Qafqaz Əvəzoğlu beləcə
xalq ruhuna, xalq mənəviyyatına
bağlı şairdir.
Təsadüfi deyil ki, onun şeirlərinin
əksəriyyəti qoşmadı,
gəraylıdı və
təbii ki, müxtəlif biçimlərdə
olan heca şeirləridir.
Onun qoşmalarının bir çoxu (hamısını
deyə bilmərəm,
çünki zəif
və ortabab qoşmaları, gəraylılar,
heca vəznli digər şeirləri də var) doğrudan
qoşma dadı verir. Oxuyursan və hiss edirsən ki, Qafqaz Əvəzoğlu
qoşmanı qoşma
kimi yazıb, necə ki, ustad
aşıqlar və ustad şairlər yazdıqları kimi. Bir nümunə gətirək:
Ey gül. Bil qədrini
sən cavanlığın,
Gün keçir, ay ötür,
il əldən gedir.
Özün bilə-bilə,
göz görə-görə.
Solur gülüstanın,
gül əldən gedir
Piyalə gözlərin
xumarlanıbdı,
Qönçə
dodaqların
qaymaqlanıbdı.
Saçların
sığala
möhtac qalıbdı,
Zülfün pərişandı,
tel əldən gedir.
Dilin şəkərləşib dönübdü
bala,
Yanağın öpüşə qalıb
mübtəla.
Gərdənin
həsrətdi
bir qulac qola,
Titrəyir bədənin,
bel əldən gedir.
Gəl dola boynuma
şümşad
qolunu,
Baş vurub dolanım
cənnət qoynunu.
Qoy sevib oxşayım
gözəl boyunu,
Ta dözmür
bu Qafqaz, bil,
əldən gedir!
Burada mən Qafqaz Əvəzoğlunun "Xanəndənin
taleyi" kitabından
da qısaca söz açmaq istəyirəm.
Bu publisistik kitab bir vaxtlar
(səksən-doxsanıncı illərdə) məşhur
olan xanəndə, Əməkdar Mədəniyyət
İşçisi Fəxrəddin
Hüseynovun ömür
və sənət yoluna həsr olunmuşdur.
Məsələ
burasındadır ki, Fəxrəddin Hüseynov
dünyadan vaxtsız köçdü, cəmi
44 yaşı vardı.
Bu yaşacan o, əsasən
Qubadlıda yaşamasına
baxmayaraq öz bənzərsiz səsi ilə hamını heyran qoymuşdu. Qafqaz Əvəzoğlu bunun həqiqət olduğunu bizə sübut edir. O, Fəxrəddin Hüseynov
haqqında ayrı-ayrı
görkəmli sənətkarın
fikir və mülahizələrini misal
gətirir. Kitabda verilən bəzi misallara üz tuturuq:
Xalq artisti, Azərbaycan muğam dünyasının
Xanı-Xan Şuşinski
deyirdi: "Fəxrəddin,
həqiqətən gözəl
xanəndədir. O, heç
bir oxuyanı yamsılamır. Əsl Azərbaycan muğamlarını
özünəməxsus tərzdə
oxuyur. Gələcəkdə
o, böyük sənətkar
ola bilər. Mən Fəxrəddinin timsalında yeni Cabbarı görürəm"
Xalq artisti Əbülfət Əliyev: "Müasir gənclər arasında
"Şahnaz" muğamının
mahir ifaçısına
eşq olsun!"
Xalq artisti Şövkət Ələkbərova: "Oğlum,
sənin səsində
Cabbar əminin səsin duydum"...
Xalq artisti Yaqub Məmmədov:
"Pəh, bu səsə mikrofon lazım deyil, halal olsun. Çox
heyf, gör bu səs gəlib
harada çağlayır,
harada qərar tutubdu, burada onun qədri bilinməyəcək!"
Xalq artisti İslam Rzayev: "Eloğlu, səsini qoru, qədrini bil. Boş yerə xərcləmə. Eşq
olsun belə səsə!"
Xalq artisti Arif Babayev: "Dostum, sənətin
enişli-yoxuşlu yollarında ayağını kişi kimi
atırsan".
Xalq artisti Ağaxan Abdullayev:
"Qismət elə gətirdi ki, ikimiz də Nəriman Əliyevin
tələbəsi olduq. O dövrdə bizim tələbə
yoldaşlarımızın içərisində ən
gözəl səsə malik olan Fəxrəddin idi.
Onun səsi şəlalə kimi
çağlayırdı, axırdı. Səsinə nə
güc verirdi, nə də sifətinin mimikası dəyişirdi.
Zil "Şahnaz"ı, "Orta Mahur"u və s. gülə-gülə
oxuyurdu".
Xalq
artisti Alim Qasımov: "Rəhmətliyin səsi qeyri-adi
olmaqla, çox gözəl, şaqraq və əzəmətli
idi. O vaxt rayona getdiyindən xalqımız bir o qədər
onu tanımır.
Əgər Bakıda qalıb
öz sənəti ilə məşğul olsaydı, o səs
öz sözünü çoxdan deyə bilərdi"
Qafqaz Əvəzoğlunun bu
kitabı əhatəlidir, təkcə Fəxrəddindən,
onun ömür və sənət yolundan bəhs eləmir. Həm
də Fəxrəddinin nəsil şəcərəsinə də
xeyli səhifə ayırmışdır. Burada Qafqazın təkcə
publisist kimi yox, tədqiqatçı kimi də məharəti
göz qabağındadır.
Bu yazıda Qafqaz Əvəzoğlunun
şeirləri və publisistikası barədə nə
lazımdır dedim. Ona uğurlar arzulayaq!
Vaqif
YUSİFLİ
Ədalət.-2012.-13
noyabr.-S.7.