"O, bizim folklorumuzun Müşfiqidir"

 

Bu yaxınlarda dostum, filologiya elmləri doktoru, professor, "Məmməd Araz" mükafatı laureatı Vüqar Əhmədlə Elmlər Akademiyasının dəhlizində rastlaşdım. Hal-əhval tutduq. Əlində bir kitab saxlamışdı. İstər-istəməz diqqətimi cəlb etdi. Ondan xahiş etdim ki, kitabı mənə versin. O da böyük hörmətlə "Ömrün əbədiləşən illəri" adlı kitabı mənə verdi. Vüqar mənə dedi ki, kitaba görkəmlı alimimiz, professor, milli-mənəvi dəyərlərimizin təəssübkeşi, Qəzənfər Paşayevin bənzərsiz yaradıcılığına həsr edilmiş məqalələr daxil edilib. Söhbət əsnasında Vüqar mənim yadıma bir məsələni saldı. Dedi ki, bu ilin avqust ayında Qəzənfər müəllimin 75 yaşı tamam olub. Fürsət, məqam yetişib. Gəl müştərək kitab haqqında mətbuata məqalə yazaq. Böyuk məmnuniyyətlə razılaşdım (M.C.).

   Əvvəlcə onu qeyd etmək lazımdır ki, böyük həcmli kitab nəfis tərtibatla "Təhsil" nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi, Xalq şairi Sabir Rüstəmxanlı, tərtibçisi Arəstə Paşayeva, rəyçiləri isə akademiklər Vasim Məmmədəliyev, İsa Həbibbəyli, yazıçı Nahid Hacızadədir. Kitaba millət vəkili, Sabir Rüstəmxanlının "Milli qeyrət"adlı yazdığı ön sözdə deyilir: "Bu kitab Qəzənfər müəllimin Böyük insanlıq, millət sevgisinin bir cavabıdır. Bir çox məqalələr onun yaradıcılığına və şəxsiyyətinə heyranlıqla yazılmışdır. Fədakarlığı, Kərküklə Bakı arasında birliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlər, Folklor sarayında yaratdığı "İraq-türkman folkloru" guşəsi, öz hesabına nəşr etdirdiyi kitablar, xəstələrə, ədəbiyyat adamlarına əl tutması - ona gənc yaşlarından bir ağsaqqal hörməti, şöhrəti qazandırmışdır. Məqalələrin birində deyildiyi kimi, doğrudan da, "xeyirxahlıq ömür uzadır"...

   Kitab 80-ci illərin məqalələri başlığı altında açılır. İlk məqalə mərhum şairimiz, filologiya elmləri doktoru, unudulmaz insan Qasım Qasımzadənin qələminin məhsuludur. 1986-cı il "Ulduz" jurnalının 6-cı nömrəsində dərc olunan "Ömrün əbədiləşən illəri" məqaləsində dəyərli alimimiz Qasım Qasımzadə əvəzsiz ziyalımız Qəzənfər Paşayevin məşhur "Altı il Dəclə-Fərat sahillərində" kitabı haqqında rəyi diqqət çəkəndir. Qasım müəllim əsərə belə qiymət verib: "Altı il Dəclə-Fərat sahillərində" kitabı istər-istəməz məşhur atalar sözünü yada salır: "Çox yaşayan çox bilməz, çox gəzən çox bilər". Lakin gəzmək də var, gəzmək də... Qəzənfər Paşayev qürbət diyara sadəcə səyyah kimi ayaq basmamış, uzunmüddətli ezamiyyətdə vəzifəsini yüksək səviyyədə yerinə yetirərkən İraq dövlətinin təltifinə və SSRİ Nazirlər Sovetinin Fəxri Fərmanına layiq görülmüş, alim kimi də yetişmiş, tədqiqatını "xam torpaqdan" əldə etmiş və öz xalqının mədəni irsinə əvəzsiz töhfə olan nemətlərlə geriyə qaytmışdır".

   Doğrudan da Qəzənfər Paşayevin "Altı ıl Dəclə-Fərat sahillərində" kitabı müəllifə olmazın şöhrət gətirib. Kitab 130 min tirajla buraxılmasına baxmayaraq əldən-ələ gəzdi, səs saldı. Oxucularının sayı-hesabı, birə-beş artdı. Milyonlar oxudu tayı-bərabəri olmayan əsəri. Qəzənfər Paşayev yaradıcılığının rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürası, Bülbülün "Sənsiz"i, Səməd Vurğunun "Azərbaycan"ı, Tahir Salahovun "Qara Qarayev" portreti, Səttar Bəhlulzadənin "Təbiət mənzərələri", Məmməd Arazın "Dünya sənin, dünya mənim"i, Sabir Rustəmxanlının "Ömür kitabı "əsərləri kimi. Biz özümüzdə həmin kitabı gənclik çağlarında "Beşmərtəbə"nin altındakı kitab mağazasından, piştaxta altından baha qiymətə alardıq. Kitabın mütaliəsi üçün ailə üzvlərimiz növbələşərdi. Xüsusilə də həmin dövrdə Qəzənfər Paşayev ilk dəfə olaraq Azərbaycan oxucusunu Sovet dövründə qeyri-adi görünən astronomik ulduz falı ilə tanış elədi. Kitabda ərəb xalqının, bədəvi ərəblərin məişəti, adət-ənənələri, süfrə mədəniyyəti ilə bağlı məqamlar şirin təhkiyə ilə qələmə alındığından bu gündə yaddaşımıza əbədi həkk olunub. İlk dəfə olaraq Kərkük folkloru mədənniyəti, elmi-əbədi mühiti haqqında söhbət açmaqla tədqiqatçı həmvətənlərinə geniş məlumat verdi. Məhz böyuk alim, Qəzənfər Paşayevin sayəsində Azəri-türkləri, İraqda milyonlarla soydaşlarının olduqları haqqında ətraflı məlumat əldə etdilər. Kitab Azərbaycan və İraq-türklərinin arasında körpü oldu, gələcəyə isıq saçdı.

   "Ömrün əbədiləşən illəri"ndə Qəzənfər Paşayevin 760 səhifə təşkil edən "Nostradamusun möcuzəli aləmi" kitabı haqqında yazılanlar olduqca maraqla oxunur.

   Sanballı məqamları ilə oxucuların rəğbətini qazanmış əsər barədə ayrı-ayrı müəlliflər rəylərini bildirmişlər. Bu mənada "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalının əsərin Yazıçılar Bilriyində kecirilən təqdimatında söylədikləri aşağıdakı səkildə olmuşdur: "Təqdim olunan kitabın ilk səhifələri 7 il əvvəl "Ədəbiyyat" qəzetində dərc olunub. O vaxtdan oxucular redaksiyamıza zəng edib məqalənin ardının nə vaxt dərc ediləcəyi ilə maraqlandılar. Demək xoşdur ki, bu kitabın nəşri böyük oxucu intizarına son qoydu. "Nostradamusun möcüzəli aləmi"ilə Qəzənfər Paşayevin illər öncəsi çap etdirdiyi "Alti il Dəclə-Fərat sahillərində"kitabı arasında olan tale oxşarlığı var. İnsanla təbiət arasında olan oxşarlıq gizlinlərinə ayna tutduğu səbəbindəndir ki, bu əsərlər geniş oxucu marağına səbəb oldu.

   Kitabda Qəzənfər Paşayev haqqında görkəmli şəxsiyyətlərimizin səmimi, duyğulu fikirlərinin bir neçəsini qədirbilən oxucularmız ilə tanış etmək istərdik. Xalq şairi Bəxtiyar Vahabzadə onun kitablarını "xəzinə", Bəkir Nəbiyev "Professor Qəzənfər Paşayev Şərq və Qərb ziyalı tipinin an yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalılarmızdandır", Vasim Məmmədəliyev "Qəzənfər müəllim öz nəcib fəaliyyəti ilə Azərbaycan və İraq xalqlarının daha da yaxşılanmaşında mühüm rol oynamış, indinin özündə də beləcə davam edir", Teymur Bünyadov "Miqyaslı, şöhrətli alim olan Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, aydın təfəkkürə, dərin müşahidə qabiliyyətinə malikdir", Yaşar Qarayev "Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır", Nizami Cəfərov "O, bizim folklormuzun Müşfiqidir" və başqa ziyalılarımız alimin yaradıcılığına yüksək dəyər veriblər.

   Topluya həmçinin Qəzənfər Paşayevin yaradıcılığından bəhs edən məqalələr və ona həsr olunmuş şeirlər daxil edilib. Bu yazılarda böyük səmimiyyət, Qəzənfər müəllimin məhsuldar qələminə hörmət, insanlara əl tutmaq bacarığı, şəxsiyyətinə vurğunluq əks olunub. Bu mənada filologiya elmləri doktoru, əməkdar elm xadimi, Bəhlul Abdullanın kitaba daxil edilmiş "Kərkük pərvanəsi"məqaləsi yuxarıda qeyd olunanları təsdiqləyir:

   "Qəzənfər müəllimi tanıyanlar, dostları deyəcəklər ki, biz onun bu adda əsərini görməmişik, oxumamışıq. Elə Qəzənfər müəllim özü də bu adda kitab yazmadığını söyləyəcək.

   Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu "İNSAN"əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, onunla tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz önündə özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, "əl tutmaq Əlidən qalıb" ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi bir insan yüksəlir, heykəlləşir: Qəzənfər Paşayev!

   Bizcə Qəzənfər Paşayevin insanlığına, iç dünyasına, özü də sağlığında bundan böyük qiymət ola bilməz. Nə yaxşı ki, yer üzündə Qəzənfər Paşayev kimi adamlar mövcuddur. Yoxsa dünyamız cılız, boş görünərdi. Bu məqalə bizim Sizə, əsl insana olan hörmətmizin nişanəsidir. 75 yaşınız mübarək olsun, Qəzənfər müəllim!

  

 

   Vüqar Əhməd - professor,

 

   Müşfiq Cabiroğlu-folklorşünas

 

   Ədalət.-2012.-13 noyabr.-S.6.