"EHRAM" sakinləri

 

   Son zamanlar müasir ruhda qələmə aldığı romanlarla ədəbiyyatımıza yeni ruh gətirən Əlisa Nicatın kimliyi hər kəsə bəllidir. Ədibin yaradıcılığı Sovet hakimiyyəti illərində olduğu kimi indi də araşdırmalardan kənarda qalır. Bir-iki təəssürat xarakterli yazılardan başqa Əlisa Nicat yaradıcılığı haqqında irihəcmli əsərlər yazılmır. Bu Çağdaş Azərbaycan ədəbiyyatının müasir problemlərindəndir və yazarın əsərləri öz tənqidçilərini hələ də gözləyir.

   Əlisa Nicatın nəsr yaradıcılığında romanları ağır çəkiyə malikdir. Müəllifin müxtəlif illərdə qələmə aldığı "Qızılbaşlar", "Gəncəli müdrik", "Sasanilərin sonu", "Ehram", "Mələklər və iblislər", "Sarsılmaz", "Fenomen", "Satrap və demokrat", "Artakserks və Midya türkləri" və başqa romanları istər mövzusuna, istərsə də bədii xüsusiyyətləri ilə seçilir.

   İlk qələm təcrübələrindən başlayaraq daima millətinin taleyini düşünən, millətinin indiki durumu ilə yanıb-yaxılan Əlisa Nicat, yaradıcılığının bütün mərhələsində bu amalından çəkinməyib, milli şüurumuzun formalaşmasında, xalqımızın özünüdərk prosesində yorulmadan iştirak edib. Əlisa Nicat yaradıcılığının bütün kəsmlərində totalitar rejimin çərçivəsi daxilində məhdud, standart qəlibə sığmamış, sətiraltı olsa da, həmişə öz sözünü demiş, yatanları oyatmış, dar günümüzdə onları sözün gücü ilə azadlığa, ictimai fəallığa səsləmiş, cəsarət nümunəsi göstərmişdir. Son zamanlarda yazılmasına baxmayaraq, tiraniyaya qarşı yazılmış "Ehram" romanı da bu cəhətdən Əlisa Nicat yaradıcılığının pik nöqtəsidir. (Bu cəhətdən "Ehram" romanı Dünya Ədəbiyyatında tiraniya əleyhinə yazılmış Corc Oruellin "1984", Qabriel Qarsia Markezin "Patriarxın payızı" romanları ilə oxşarlıq təşkil edir.)

   Yazıçı haqqında söhbət açacağımız "Ehram" romanını 2008-ci ildə yazıb tamamlayıb. Roman 2010-cu ildə ilk dəfə 32 cildlik "Əsərləri"nin III cildində çap olunub.

   Yazıçının "şah əsəri" hələ yazmadığı əsəridir.

   Əlisa Nicat "Ehram" romanında mövzunu tarixdən almış, ideya cəhətdən çağdaş dəyərlərlə zənginləşdirmiş, özünün təxəyyülü ilə uyğunlaşdırmış hadisələri araşdırma, təhlil və qənaətləri ilə işıqlandırmışdır. Romanda hadisələr Misirdə cərəyan edirsə də, əsərin ilk səhifəsində bunun Misir həyatı ilə heç bir bağlılığı olmadığını aydın görmək olur. Çünki, roman zaman və məkanca günümüzün hadisələri ilə uyuşmaqdadır. Lakin təsvir olunan əhvalatların toxumasında, ortaya qoyulmuş problemlərdə zamansızlıq və bəşərilik özünü göstərir. Fikrimizcə əsər Əlisa Nicatın üçüncü dövr yaradıcılığının şah əsəridir. Hətta müəllif qeyd edir ki, "... hər bir yazıçı yeni bir əsər yazmağa başlayanda düşünür ki, ən yaxşı əsəri bu olacaq. Lakin yazıb qurtarandan sonra düşünürsən ki, yox, mənim şah əsərim hələ qalıb. Belə bir söz də var ki, yazıçının şah əsəri hələ yazmadığı əsəridir. Ancaq son romanlar - "Ehram", "Artakserks" və hazırda yazdığım bir əsər məni daha çox qane edir ". Buna baxmayaraq hər iki romanın öz məzmunu və sujet xətti vardır. Əlisa Nicat "Artakserks və Midya türkləri" romanına son söz əvəzində yazır ki, "... hər iki əsər tamamilə müstəqil və orijinal məzmun və formaya malikdir".

 

   Xalq, şəxsiyyət, hakimiyyət üçbucağı

 

  (Prinsipsizlik və praqmatizm)

 

   "Ehram" romanında bir çox problemlər qaldırılsa da onlardan ilkini xalq, şəxsiyyət, hakimiyyət üçbucağı prizmasında qurulmuşdur. "Ehram" da göstərilən bu iyrəncliklər təbəqələr şəklindədir, sanki Misir ehramı üfüqi istiqamətdə üç hissəyə bölünüb: xalq, onun ziyalıları və mühiti idarə edən hakimiyyət. Bu təbəqələrdə min illərdir ki, eyni hadisələr baş verir. Baxmayaraq ki, istər hakimiyyət, istərsə də xalq yeni etnosla əvəz olunub, lakin hər şey eyni ab-havada qalmaqdadır. Burada heç nə dəyişmir: eyni xasiyyət, eyni davranış, eyni despot və eyni əsarət. "Ehramlıların beyni min illərdən bəri dövlətin və hakimiyyətin Allaha bərabərliyi və qüsursuzluğu ənənəsində formalaşmış və bu instinkt şəklini almışdır. Ona görə də burada dövlət başında heyvan da oturursa, sakinlərinin çörəyini sat, heyvani instinktlərinin təmin olunmasına mane olma, rahatca istədiyin qədər taxt-tac sahibi ola bilərsən. "Burada hər şey prinsipsizlik üzərində qurulmuşdu. "Ehram tamamilə iyerarxiya şəklində formalaşan bir hakimiyyət idi. Qaydalar yüz illərdir ki, daşlaşmış və əbədiləşmişdi". Ancaq bu vərdişləri təkrarlamayanlar da var. Bu isə mində birlərdir.

   Romanda hadisələr də mində birlərdən birinin-müəllifin Sarsılmaz adı verdiyi yazardan və onun həyat yolundan söhbət gedir. Müəllif yazır "... Lakin söhbətimizin qəhrəmanı və qayəsi bütün bunlar yox, haradasa toxumu anlaşılmaz bir şəkildə Ehrama düşən və burada pöhrələnən və boy atan tək-tənha bir Ehramlının həyatından və varlığından bəhs etməkdir. Bu cür toxum arabir Ehramda və ondan kənarda çiçəklənən bir neçə sələf kimi necə bu ölkəyə düşmüşdü sirr idi".

   Doğrudan da tək-tənha və yeganə olan bir insan bircinsli məxluqatların içərisində dünyaya gəlməsi, yaşayıb yaratması tam möcüzə, fövqəladə hal idi. O sanki ehramlıların xəmirindən yox, Ehramın, midyalıların ulu babaları olan Şumerlərin xəmirindən yoğrulmuşdu.

   O, bütün haqsızlıqları görən bir qələm sahibi kimi gecə-gündüz Ehramın qədim xalıların çırpır, hər dəfə, hər gün də yeni bir ifadə üslub və yeni bir aspektdən, amma yeni silahlarla bu xalılara qonan zəhərli həşəratları öldürüncə qırırdı. Ancaq onun bu fəaliyyətini təbii bir şey hesab edirdilər, əhəmiyyət belə vermirdilər. Sarsılmaz isə yazırdı və qamçılarının şappıltısından qulaq tutulurdu. Sanki bu yazıların qamçılı dili onlara təsir etmirdi. Heç yanda ona cavab vermirdilər. Əslində özlərini belə göstərirdilər. Bəlkə də bu yaxşı idi, yoxsa neçə-neçə yazarları həm mənəvi, həm də fiziki cəhətdən qanına qəltan etmiş tiran Sarsılmazı da məhv edərdi. İndiki halda isə onun yazdığı ağır tiradalar cəmləşib tarixə düşürdü.

   "Ehram"ın bu hissəsində qoyulan problem "Artakserks və Midya türkləri" romanında da əks olunmuşdur. Bu romanda da Tirana qarşı yeganə müxalifət bircə təbiət idi ki, yeni-yeni midiyalılar dünyaya gətirib, onların da on mində, yüz mində birisini sarsılmaz, satılmaz, barışmaz və sağlam düşüncə sahibi kimi formalaşdırırdı. Artakserkslərin də məhz anlamadıqları, bu mindəbirlər içindən çıxan nadir nüsxələr idi. Onlar yaradır, kəskin şəkildə onu tənqid edir, səfalət içində ömür sürür, yox olub gedir, lakin bitlisiləşmirdilər. Amma bunun artakserkslər üçün heç bir əhəmiyyəti yox idi. Çünki bu mindəbirlər mühitin dəyişilməsinə heç cür nail ola bilmirdilər. Bu isə həm Midiya, həm də Misir xalqının bütövlükdə manqurtlaşmasını tezləşdirirdi.

   Romandan aydın olur ki, Ehramı Hiksoslar imperiyasının təyin etdiyi Satrap idarə edir. O, Hiksoslar imperiyasının hökmdarı Zevsə sadiq olduğunu gecə- gündüz sübut etməliydi edirdi. Bu imperiya Ehramın şimal qonşusu idi. Ehram hələ Hiksosların tərkibində olanda heç kim imperiya əleyinə danışa, yaza bilməzdi. Lakin Sarsılmaz yaratdığı yaşatdığı siyasi, iqtisadi ideoloji rejimi necə ezop dili ilə ifşa edirdisə, o zamanda Hiksosları tənqid edirdi. Aradan xeyli zaman keçəndən sonra Hiksoslar imperiyası Ehrama gəldikləri kimi gedirlər. Ehram bir müddət sahibsiz qalır. Minilliyin sonlarına yaxın dünyada baş verən proseslərdən sonra, Firon qüruba çəkilməli olur, ölkədə icazəli mitinqlər başlayır, Ehram əhli azadlıq şüarları içərisində sərməst olur, bir-birinin ardınca hakimiyyətə gələn liderlər Fironun onlara verdiyi müvəqqəti "azadlıq şərbətindən" sərməst olurlar. Lakin baş çıxara bilməyib, yenidən Fironun-Tiranın ölkəyə qayıtmasına səbəb olurlar. Ehram yenidən əvvəlki despotik dövrünə qədəm basır. Əvvəlki dövrdə olduğu kimi, bu dövrdə Ehrama qarşı qələmi ilə gizlicə savaşan bir dahi vardı. Doğrudur, bu güllələr nəticəsində Ehramdan heç bir kərpic qopmurdu, amma bu güllələr onun daxilindən gələn azadlığı ilə bağlı idi. Bu filosof Sarsılmaz idi.

   Sarsılmaz Fironun birinci hakimiyyəti dövründə olduğu kimi, onun ikinci hakimiyyəti ondan sonra gələn vəliəhdi dövründə dayanmadan, aramsız ezop dili ilə öz güllələrini Ehrama doğru atır.

   Tiranın Ehrama ikinci gəlişindən sonra bir çox yeni zahiri əhəmiyyətsiz xüsusiyyətlər yaransa da, mahiyyət əvvəllərdə olduğu kimi qalırdı. Çünki, Satrapın beyin mexanizması Hiksoslar imperiyasında mahir "ustalar" tərəfindən yaradılmışdı.

   Müəllif "Ehram"da prinsipsizlik şəraitində instinktlə hərəkət edən insanları "bizim adam" "bizim adam olmayanlar" adlı iki cəbhədən ibarət olduğun göstərir. Bu bölgü Ehramda 999-la 1-in nisbəti şəklindədir, yəni bir-iki Sarsılmaz kimi həqiqəti deməyi bacaran vasitədən başqa "bizim adam" olmayan yoxdur. "Bizim adam olmayanlar" əsla Ehrama qarşı çıxanlar deyil, çörəyi "bizim adam olmamaq"dan çıxanlardır. Yəni onlar mahiyyət etibarilə biri birbaşa, digəri isə dolayı yolla Ehrama xidmət edənirlər.

   Təbii ki, müəllif burada siyasi cəhətdən fəal ziyalı zümrəni nəzərdə tutur. Çünki, prinsipsizlik şəraitində yaşayan xalq kütləsi "...tamamilə inert halda olub, yalnız bioloji varlıq kimi öz əzəli instinktlərini təmin etməklə məşğuldurlar". Yəni qarınlarını bəsləyir, səhərki alış-verişləri haqqında düşünürdülər, bir sözlə "yaşayırdılar". Fəal ziyalı zümrə isə tiranla yekdildir. Bu həmişə onların hərəkətlərində aparıcı motivi olub.

   Hələ Hiksoslar imperiyası zamanında ziyalılarla rəhbərlik yekdil idi. Bu cəhətdən Ehramın bütün mərtəbələrinin sakinləri bir-birlərinin tayıdır. Ona görə Ehramın çox hissəsi "bizim adamlar"la dolu idi. "Bizim adam" olmaq üçün isə romanda adları çəkilən Mil, Kam, Göydənizli kimi Fironu mədh etməli, onun quruculuq işlərini işıqlandırmalısan. Hətta, kim Fironu mədh edərdisə "Exnaton" ordeni ilə təltif olunurdu. Sarsılmaz isə bu ordenlərdən kənarda tutulur, onu aclığa rəsmi şöhrətsizliyə məhkum edirdilər.

   "Ehramda doğru ilə yalanın, qanunla qanunsuzluğun, ədalətlə ədalətsizliyin, bir sözlə xeyirlə şərin mübarizəsi getmir". Müəllif bu fikiri özü belə cavablandırır: "Çünki bu mübarizə ayrı-ayrı fərdlərin daxilində yoxdur. Bəli, nəzarətçilər, yəni polis var, prokurorluq məhkəmə şəbəkələri sistemi var, amma bütün bunlar yalnız zahiri asayişi, o da əgər silahlı münaqişəyə çevrilirsə, qoruyub-saxlamaq, əslində isə firon kahinlərin hakimiyyət strukturlarının mənafeyini, gəlir rüşvət almaq məşğuliyyət peşəsini müdafiə etmək, ona rəvac vermək, bu yolda maneələri aradan qaldırmaq, yəni məsələn, həmin strukturların başında duranların qanunsuz əməllərini açıb göstərən vasitələri onların səbəbkarlarının dilini bağlamaq, bu mümkün olmadıqda isə aradan götürməklə məşğuldurlar". Bir sözlə, Ehram sakinləri prinsipsizlikdə boğulurdu. Çünki, bu onların həyat tərzi idi. Seçim isə onların deyildi. Bu Ehram ziyalılarının praqmatizmindən doğan seçimi idi. 

   Beləliklə, bütün bu üç sferanın-xalqın, ziyalıların, hakimiyyətin ortasında əqli mənəvi cəhətdən ayıq, vicdanlı yaşamaq çətin idi. Sanki bu milləti bir gündə bir ana doğmuşdu, eyni zamanda, onlar "...rəngarəng idilər, hərəsi bir cür yalançı, bir cür qorxaq, bir cür ac bir cür paxıl idilər. Müxtəlifliyin yekcinsliyi-onları belə adlandırmaq olardı".Yekcinsilk içərisində isə fərdilik nadir hallarda olur.

  

   (ardı var)

 

 

   Şah

 

   Ədalət.-2012.-14 noyabr.-S.7.