Ədəbi-bədii
jurnallarımız
"AZƏRBAYCAN"
Təqvimə nəzər
yetirəndə ilin sona
çatmasına sayılı günlərin
qaldığı bəlli olur. Təbii ki, bu bəlli tarixin hər birinin də öz məqamı, bir az obrazlı desək, öz
tarixi, öz iş əmsalı var. Bax, bu dediklərimin fonunda ədəbi dərgilərə diqqət
yetirsək, onda ayların, günlərin
rəngarəngliyi diqqətimizi çəkər.
Bax, elə o rəngarəngliyin
içərisində hər sayını maraqla gözlədiyimiz
və yeni nəfəslər, yeni imzalarla qonağımız
olan AYB-nin ədəbi-bədii jurnalları xüsusi önəm
kəsb edir. Necə deyərlər, burada
yaradıcılığı təqdim etmək imkanlarına
görə, daha çox "ağsaqqallıq
missiyası"nı daşıyan "Azərbaycan"
jurnalının özünəməxsus yeri var. Elə ilin
11-ci ayının 11-ci nömrəsi olan "Azərbaycan"nın
əlimizdə olan sayını sadəcə vərəqlədikcə
tanış imzalarla yanaşı, ilk dəfə jurnalda təqdim
olunan müəlliflərlə də
qarşılaşıram. Odur ki, öncə tanış
imzalardan söz açmaq istəyirəm.
Azərbaycan poeziyasında Musa Ələkbərlinin
imzası kifayət qədər özünü təqdim edib,
tanıdıb. Hörmətli qələm dostumuzun jurnalın
11-ci sayında dərc olunmuş şeirlərinin hər biri
onun özünəməxsus pafosunun, duyğularının bir
növ tərənnümüdür. Şairin könül
pıçıltıları həm sevgi, həm də bir
xitab təsiri bağışlayır. Məsələn,
"Allah" şeirində olduğu kimi:
Bircə sən bilmisən nələr
çəkmişəm,
Bu aylar, bu illər uzunu,
Allah.
Bir dəfə payıma düşən ölümün,
Min dəfə
görmüşəm üzünü,
Allah.
Və yaxud:
Güllənsin
yazımız, gülsün
yayımız,
Çıxsın günəşimiz, doğsun ayımız.
Nə qıysın qəbuldu ömür payımız,
Təki kəm eyləmə
ruzunu, Allah.
Musa Ələkbərli
jurnalda təqdim edilən digər şeirlərində də
özünəməxsusluğu kifayət qədər qoruyub saxlayıb, üstəlik də öz poeziyasını oxucuya sanki özü
öz səsiylə təqdim edir.
O, ay üzə
üzə görəsi
üzün yox,
Yanqır qalan kösövün
var, közün yox.
Sevgi üçün şeirin
hazır, özün yox,
Bu sevgiyə
haqqın yoxdu, ay Musa.
Jurnalda oxuculara təqdim
edilən Firuzə Məmmədlinin də imzası dəyərli oxuculara yaxşı tanışdır. Elə
Firuzə xanımın
şeirləri ilə
oxucuların üzünə
açılan jurnalın
qapısından içəri
daxil olanda burada Naxçıvanda yaşayıb, yaradan İbrahim Yusifoğlunun, eləcə də digər qələm adamlarının - Afaq Şıxlının, Nuranə
Nurun, Anar Nəbioğlunun, Rahil Məmmədin şeirləri
ilə də baş-başa qalmaq mümkün olur. İbrahim Yusifoğlu yazır:
Məni təbiətə qəlbən
bağlayan,
Bulağın baharda çağlamasıdı.
Bir də ürəyimi didib-dağlayan,
Kiminsə içimdə ağlamasıdı.
Bu göz yaşlarıyla qəlb dağlamaqdır,
Ən dərdli ağlamaq
lal ağlamaqdır.
Jurnalın nəsr bölümündə
Gülşən Lətifxanın,
Yaqub Əlioğlunun hekayələri, görkəmli
yazıçımız Elçinin
"Sənətkarın taleyi"
dramı, həmçinin
yeni tərcümələr,
publisist yazılar, xatirələr, duyğular
və nəhayət tənqid və ədəbiyyatşünaslıq bölümündə Elnarə
Akimovanın "Çağdaş
Azərbaycan şeiri içrə gəzişmələr"
və digər materiallar çap olunub. Düşünürəm ki, jurnalın
bu sayı da həmişə olduğu kimi, bu dəfə də oxucuların marağını təmin
edəcəkdir.
"ULDUZ"
Sovet dönəmində xüsusi bir maraqla gözlənilən
populyar ədəbi dərgilər içərisində
"Ulduz" jurnalının
danılmaz, özünəməxsus
yeri var idi. Cəmiyyətdə baş verən
proseslər digər mətbu orqanlara, ədəbi dərgilərə
təsir etdiyi kimi, "Ulduz" jurnalına da öz sərt üzünü göstərdi.
Amma buna baxmayaraq, bu ədəbi-bədii jurnal zamanın sərt üzünə dözüb duruş gətirə bildi. Təbii ki, bu işdə
AYB ilə yanaşı,
jurnalın rəhbərliyi
də kifayət qədər dözüm nümayiş etdirdi.
Məhz bu qarşılıqlı
dözüm sayəsində
Azərbaycan oxucusu
"Ulduz" jurnalını
hər ay öz masasının üzərində
görə bildi.
Elə əlimizdə olan "Ulduz"un onuncu
sayı da bizi sevindirən, ovqatımızı xoş
edən həmin sayların növbətisidir.
Yəni Elçin Hüseynbəylinin redaktoruluğu
ilə oxucuların görüşünə gələn
"Ulduz"un onuncu sayında görkəmli xalq şairimiz ustad Zəlimxan Yaqubun Fərqanə Mehdiyeva ilə söhbəti çox maraqlı bir təqdimatdır. Çünki oxucuların
səhhəti ilə maraqlandığı və
ciddi nigarançılıq
hissi yaşadığı
anların gərginliyindən
əsl qəhrəman
kimi sivrilib çıxan xalq şairimiz Zəlimxan Yaqub özünəməxsus
şəkildə vurğulayır
ki: "Evim qıfıl, qapım kilid görmədi..."
Təbii ki, xalqın
şairinin ömrü,
həyatı bütün
zamanlarda belə olub, bu gün
də belədir.
O ki, qaldı jurnaldakı yazılara... Bu dəfə
də "Ulduz" şeirsevərlərə Firuzə
Məmmədlinin, Tahir
Talıblının, Fəxrəddin
Meydanlının, İslam
Sadıqın, eləcə
də Cəlilabad şairlərinin və digərlərinin şeirlərini
təqdim edibdi. İslam Sadıq yazır:
Hamıdan qabaqda əli boş olan,
Hamıdan arxada könlü
xoş olan.
Daldada düşmənlə arxadaş
olan,
Bizi bizdən alan
bizə nə verdi.
Və yaxud:
Fəxrəddin
Meydanlı yazır:
Gəlişin
ilk olar hər ilk fəsildə,
Yaxada yerin var, butasan teldə.
Yüzlərlə
pəri tək mahalda, eldə,
Çəməndə bircəsən, pəri,
bənövşə.
Jurnalın nəsr bölümündə
də oxucular Kamil Əfsəroğlunun
"Qaratoyuq" hekayəsinin,
Narıngülün "Sükutun
səsi" hekayəsini,
Musa Urudun "Zəngəzurda
türk mənşəli
toponimlər" araşdırma
yazısını, eləcə
də digər maraqlı nəsr nümunələrini oxuya
bilərlər.
"Azərbaycan"
junalı kimi "Ulduz" jurnalı da həmişə dünya ədəbiyyatından
tərcümələrə böyük yer ayırır. Jurnalın 10-cu sayında gürcü yazıçısı Beso
Xvedelidzenin "Tampo"
povesti oxuculara təqdim olunubdu. Povesti Azərbaycan dilinə rus dilindən Arifə Arif qızı tərcümə
edib. Düşünürəm
ki, "Ulduz"un oxucuları bu saydan da
razı qalacaqlar.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2012.-14
noyabr.-S.6.