Elmin və insanlığın zirvəsində

 

  Hər bir xalqın dünya miqyasında tanınmasında, məşhurlaşmasında, mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalıları, elm xadimləri də mühüm rol oynayırlar. Yüksək zəkası, istedadı ilə fərqlənən belə nüfuzlu ziyalılar, ilk növbədə, cəmiyyətdə yüksək mənəvi idealların möhkəmlənməsinə çalışır, dövlətin mütərəqqi yolla inkişafına töhfə verir, insanları saf məram və məqsədlərə istiqamətləndirmək keyfiyyətləri ilə diqqət mərkəzində olurlar. Əsl ziyalı üçün zəruri keyfiyyətləri xarakterində cəmləyən alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilir.

   Əsl elm xadimi bütün ruhu ilə yaradıcı şəxsiyyətdir - o daxildən gələn tükənməz bir enerji ilə çalışaraq qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Elmi potensialı ilə millətə, dövlətə layiqli xidməti qarşıya məqsəd qoyan yaradıcı insan, ilk növbədə, ziyalıdır. Ziyalı insan isə xalqın içindən çıxaraq onun mövcudluğunu, özünəməxsusluğunu şərtləndirən bütün mənəvi-əxlaqi dəyərləri, müsbət keyfiyyətləri qoruyub saxlayan, gələcək nəsillərə çatdırmağa çalışan şəxsiyyətdir.

   Mənsub olduğu xalqın, millətin tarixi yaddaşını elmi-publisistik yaradıcılığında yaşadan və uca tutan, özünəməxsus məktəb yaradan belə nüfuzlu ziyalılardan biri də filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir. Zəngin dünyagörüşünə, geniş məlumat dairəsinə, dərin biliyə, qibtə ediləcək təfəkkürə sahib olan Qəzənfər müəllim mənalı həyat yolu keçərək çoxlu sayda elmi əsərlərə də yeni, əbədi sayılan ömür bəxş edib. Sadə və mənalı həyat yolu keçən görkəmli alim elmin zirvəsinə də məhz yuxusuz gecələrinin, gərgin zəhmətinin sayəsində ucalıb. Yüksək tədqiqatçılıq əzmi ilə seçilən Qəzənfər müəllimin milli irsə çevrilən elmi əsərlərinin ruhunda milliliyin bütün elementlərinin tam mahiyyəti ilə üzə çıxması da təbii bir qanunauyğunluqdur.

   Azərbaycan filologiyasının tanınmış simalarından sayılan, ömrünün ən qaynar, mənalı illərini xalqının maariflənməsinə həsr edən, taleyini publisistika kimi məsuliyyətli və çətin peşəyə bağlayan, filoloji elmə sanballı töhfələr verən Qəzənfər Paşayev sadə, lakin zəngin və mənalı ömür yolu keçib. Kamil şəxsiyyət kimi üzləşdiyi mühitdən də əvvəl məhz ailə ocağında yetişib, formalaşıb, gələcək həyat yolunu dürüst müəyyənləşdirib. Müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. 1937-ci il avqustun 27-də Tovuz rayonunun Düzqıraqlı kəndində anadan olmuş Qəzənfər Paşayevin boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit onu məhz ləyaqətli insan kimi yaşamağa, ömrü vicdanla başa vurmağa, daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa məhkum edib. Boya-başa çatdığı halal mühitdə yetkin insan kimi formalaşan, valideynlərinin mənəvi təsiri altında yeniyetməliyindən elmə, təhsilə yüksək maraq göstərən Qəzənfər Paşayev həyat yolunu düzgün müəyyənləşdirə bilib. 1962-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsini bitirərək İraqda tərcüməçi işləyib. Uzun illər burada yaşayan, sayı təqribən 2,5 milyona çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması, araşdırılması ilə məşğul olan görkəmli alim "Azərbaycan dilinin Kərkük dialekti" mövzusunda namizədlik (1969), habelə "İraq Türkmən folkloru" mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə edib. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərib, institutun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olub. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirib. 1989-1999-cu illərdə ADU-nun Qərbi Avropa dilləri kafedrasında çalışıb. 1995-ci ildən isə professor adına layiq görülən görkəmli alim hazırda Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir.

   Alimin qələmə aldığı bir sıra sanballı əsərlər özünün orijinallığı, mövzu müxtəlifliyi, ensiklopedik səciyyə daşıyaraq bir sıra mətləblərə elmi işıq salması, bir sözlə, yüksək sanbalı ilə diqqəti çəkir. Yaradıcılığında Azərbaycan və kərkük ədəbiyyatının, mədəni-elmi irsinin tədqiqinə xüsusi yer verən Qəzənfər Paşayevin "Kərkük bayatıları", "Arzu-Qəmbər dastanı", "Kərkük mahnıları", "İraq-Kərkük atalar sözləri", "Kərkük tapmacaları", "İraq-Kərkük bayatıları", "Nəsiminin İraq divanı", "Kərkük folkloru antologiyası" və s. kitabları böyük oxucu auditooriyası qazanıb. Kərkük dialektinin fonetikasına, İraq-türkman folkloruna həsr etdiyi araşdırmaları, uzun illər İraqı bizə tanıdan "Altı il Dəclə-Fərat sahillərində" ilə görkəmli alim həm də kərkükşünaslıq elminin əsaslarını yaradıb.

   Yüksək erudisiyaya malik insan kimi Qəzənfər Paşayevin müxtəlif dillərdə nəşr olunan kitab və monoqrafiyalarında, məqalələrində klassik və çağdaş ədəbi proseslər ətraflı təhlil olunub, sahəvi nəzəriyyələrin formalaşma xüsusiyyətləri barədə dəyərli fikirlər əksini tapıb. Elmi-pedaqoji yaradıcılığının həlledici hissəsini ədəbiyyatşunaslığın inkişafı və tədrisinə həsr edən Qəzənfər Paşayevin tədqiqatlarında İraq turkmanlarının ədəbi-mənəvi dəyərləri xüsusi yer tutur və bu da onun elmi maraq dairəsinin çoxşaxəli olmasına dəlalət edir.

   Görkəmli alimin fəaliyyəti kərkükşünaslıqla məhdudlaşmır - onun dil, ədəbiyyat, ölkəşünaslıq sahələrindəki çoxlu araşdırmaları, tərcümələri, eləcə də geniş elmi-ictimai fəaliyyəti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Bu il elmi-ictimai fəaliyyətinin əlli illiyini qeyd edən professor Qəzənfər Paşayevin yeddicildlik "Seçilmiş əsərləri" də ölkə filologiyasına böyük töhfədir. "Seçilmiş əsərlər"in iki cildi bütövlükdə ədəbiyyatşünaslıq elmimizə, elm xadimlərinə, dünyasını dəyişmiş, xalq qarşısında əlahiddə xidmətləri olan şəxsiyyətlərə, folklorumuza, aşıq yaradıcılığına, tərcümə problemlərinə və s. həsr olunub. Cildlərdən biri bütövlükdə professorun ingilis dilindən tərcümə etdiyi elmi və bədii kitabları əhatə edir. Digər bir cilddə isə ingilis dilindən tərcümə edilmiş elmi və elmi-publisistik məqalələr, rəsmi opponent rəyləri, məktublar, müsahibələr, "Deyilən söz yadigardır" başlığı altında radio və televiziyada, müxtəlif tədbirlərdə çıxışları yer alıb.

   Sonuncu cilddə alimin xaricdə ingilis dilində çap olunmuş məqalələri, ingiliscə "Ölkəşünaslıq" fənnindən dərs vəsaiti, rusca məqalələri, rusca "İraq-Türkman folklorunun janrlar sistemi" monoqrafiyası toplanıb.

   Əsl alim üçün isə elmdə son zirvə və hədd anlaşıyı yoxdur - o öz elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarmağa, isbatlamağa, əldə etdiyi faydalı nəticələri praktik həyata tətbiq etməyə çalışır. 50 illik yorulmaz tədqiqatları ilə elmdə layiq olduğu yüksək zirvəyə yetişən Qəzənfər Paşayevin gənc tədqiqatçı şövqü ilə yazıb-yaratmaq, kitabxanalarda çalışmaq, virtual məkanın hüdudsuz imkanlarından bəhrələnmək səyləri onu yaxından tanıyanlarda xoş hisslər doğurur.

   Elmdə müəyyən karyera qurduqdan sonra arxayınlaşan, dərin tədqiqatlardan, araşdırmalardan uzaq düşən, süstləşən elm xadimlərimiz az deyil. Belələri keçmişdəki o qədər də yüksək olmayan nəticələrini "xərcləməklə", dinamiklik və çeviklik tələb edən elmi mühitdə mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Bir çox alimlərimizin araşdırmaları isə ölkə hüdudlarını qətiyyən adlamır. Professor Qəzənfər Paşayev daim axtarışda olan, dünya elminə inteqrasiya edən və ona dəyərli töfhələrini verən sanballı alimlərdəndir. Onun elmi əsərlərinin dəyəri isə, ilk növbədə, praktik tətbiq imkanlarının genişliyi ilə ölçülür. Qəzənfər müəllim dövr, məkan və problem çərçivəsini məharətlə aşır, tədqiqatları ilə milli məkanın sərhədlərini adlayır.

   Qəzənfər Paşayev yaradıcı insan kimi daim axtarışda olmaqla, filoloji faktların zənginliyinə xüsusi fikir verərək, bununla elmi ümumiləşdirmənin uğurlu, inandırıcı sintezinə nail olub. Yaradıcılıq illərinin hər bir mərhələsində ədəbi irsin formalaşma qanunauyğunluqlarını, dilçilik elminin aktual problemlərini ön plana çəkib. Onun elmi fəaliyyətində adətən nəzəri və praktik məsələlər ayrı-ayrılıqda deyil, vəhdət şəklində nəzərdən keçirilib, nəticələr mövcud reallıqlara yönləndirilib.

   Ədəbiyyatşunas və folklorşünas alim olmaqla yanaşı, Qəzənfər müəllim həm də görkəmli publisistdir. Uzun müddət mətbuatda yadda qalan və məzmunlu çıxışları ilə sözünü deyən görkəmli filoloqun fəaliyyəti ədəbi-elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

   Görkəmli alimin publisistikasını oxuculara sevdirən başlıca amil isə onun mövzu çevrəsinin, toxunduğu mövzuların xalq ruhuna yaxınlığı, filoloji düşüncə üçün mühüm cəhət olan ahəngdar üslubu, dəsti-xəttidir. Onun peşəkar qələmindən, həyat gerçəkliklərinə dərin yaradıcı baxışından doğulan söz həvəslə oxunmaqla yanaşı, insanları düşündürür, nəticə çıxarmağa sövq edir.

   Açıq demək lazımdır ki, tərcüməçilik qabiliyyəti heç də bütün tədqiqatçılarda olmur.

   Qəzənfər Paşayev istedadlı qələm sahibi kimi özünü həm də tərcümə sahəsində sınamış, kərkük ədəbiyyatının bir sıra şedevrlərini dilimizə məharətlə tərcümə etmişdir. Bir çox məşhur əsərləri tərcümə edib geniş oxucu kütləsinə təqdim etməsi Azərbaycan ictimai fikrinin bəşəriyyətin görkəmli ədəbi-elmi məxəzlərilə əlaqələrini genişləndirmək sahəsində çox faydalı addımdır və bu kimi təşəbbüslər daim təqdir olunur.

   Professor Qəzənfər Paşayevin həyat fəaliyyətinin fərqləndirici xüsusiyyətlərindən biri onun peşəkar pedaqoq olmasındadır. O, bir pedaqoq kimi daim tələbələrə qayğı ilə yanaşır, onların yaxşı təhsil ala bilmələri üçün mühüm işlər görüb.

   Ölkədə ədəbiyyatşunaslıq, folklorşunaslıq və dilçilik sahəsində elmi-pedaqoji kadrların hazırlanmasına böyük əmək sərf edir. Bilavasitə onun elmi rəhbərliyi altında onlarla doktorluq və namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyasına rəsmi opponentlik edib.

   Vaxtilə Şeyx Məhəmməd Xiyabani yazırdı ki, ictimai həyata laqeydlik ölümə bərabərdir. Professor Qəzənfər Paşayevi bir sıra alimlərdən fərqləndirən keyfiyyətlərdən biri də onun möhkəm dövlətçilik əqidəsinə malik olması, ictimai fəallığını daim qoruyub saxlamasıdır. Siyasi bilgisi, innovativ xaratkeri, geniş düşüncə diapazonu, təəssübkeşliyi, dönməzliyi, çevikliyi, milli ideyalara, dövlətçiliyə sadiqliyi Qəzənfər Paşayevin ictimai-siyasi portretinə yeni rənglər qatan ən mühüm elementlərdəndir.

   Yuxarıda göstərilənlər Qəzənfər Paşayevin gərgin və faydalı həyat fəaliyyətinin kiçik təsviridir. Qəzənfər müəllim görkəmli alim olmaqla yanaşı, həm də alicənab və təvazökar insandır. Mən də öz növbəmdə Azərbaycanın ziyalısı Qəzənfər Paşayevi 75 illiyi münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.

 

 

   Hörmətlə, Akif Musayev,

   AMEA-nın müxbir üzvü,

   i.e.d., professor

 

   Ədalət.-2012.-14 noyabr.-S.5.