Buz bağlamış şəhid qanı, ermənilərin içində gizli əməliyyat

 

  "Kəşfiyyatçının xatirələri"

 

  Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

   Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.

   Qarabağ müharibəsinin gerçək hekayətlərini qələmə alan kəşfiyyatçı Rey Kərimoğlunun 5-ci yazısını "Ədalət" qəzeti Lent.az-a istinadən təqdim edir

   Azərbaycan Milli Ordusunun ilk mahnısı necə yarandı

   Bizim dəstə Xocavənd rayonunun Əmralılar, Kuropatkin və Muğanlı kəndlərində oldu. Amma biz əsasən Əmralıların müdafiəsində dayanmışdıq. Hər gün axşam ermənilərlə qısa və ya uzun müddətli atışmalarımız olurdu, amma onlar cürət edib hücuma keçmirdilər. Yazdıqlarımdan savayı, həmin səfərdən mənim yaddaşımda yalnız qırıq-qırıq epizodlar qalıb, bəlkə də yadda qalanları yazsam, heç kəs heç nə anlamayacaq. Amma iki məqamı mütləq qeyd etməliyəm. Bunlardan biri Əbülfət Hüseynov və onun qardaşları ilə bağlıdır.

   Əbülfət qəhrəman İbad Hüseynovun böyük qardaşıdır. Bu qardaşları ən ağır zamanda yanımızda gördük. Əslində Əbülfət hələ Azərbaycan cəmiyyətinin tanımadığı çox böyük bir qəhrəmandır. İkincisi isə döyüşçü dostumuz Araz Hüseynovla tanışlığımdır. Hərbi maşınla Əmralılara ilk dəfə gedəndə gecənin ölü sakitliyini Arazın həzin və şirin səslə oxuduğu xalq mahnıları pozurdu...

   Mahnı demişkən, hələ "Sıravi Əhməd", "Azərbaycan əsgəri" hərbi mahnıları yaranan qədər biz Şirin Mirzəyevin batalyonunda öz mahnımızı yaratmışdıq. Yaratmışdıq deyəndə, mahnını sözləri və musiqisini Ağdamın Saybalı kəndinin rotasından olan Mahir vardı o, qurub-qoşmuşdu.

  

   Bir qızıl quş kimi göyə yüksələn,

   Azğın düşmənin bağrını dələn.

   Milli ordumuzdur, milli ordumuz,

   Adınla fəxr edir odlar yurdumuz...

 

   Yadımda qalan elə budur. İnsaf naminə deyim ki, yaxşı da musiqisi var idi. Mahir indi Rusiyada yaşayır. 

   Əmralılarda döyüşdən savayı yadda qalan hadisələrdən Bağbanlar rotasından olan Fəxrinin aşpazlıq keyfiyyətinin üzə çıxması oldu. Könüllü olaraq səfər boyu aşpazlığı öz boynuna götürən Fəxri çox dadlı xörəklər bişirirdi. Hətta bir dəfə uşaqlardan kiminsə ad günü idi, adama bir stəkan əntiqə qırmızı şərab da tapıb verdi bizə. Əlbəttə, batalyonumuzun qərargah rəisi Fəxrəddin Rəcəbovun bilməməsi şərtilə. Özü də biz çaxırı başımıza çəkəndən sonra bərkdən gülüb, dedi:

   - Ay evi tikilmişlər, çaxır bizə haramdı ey!

   Sonra da qayıdıb dedi ki, "eybi yox, müharibədə olar, indi burda halal-haram axtarmayacağıq ki!"

   Şirin Mirzəyev ilk dəfə ölümlə üzbəüz

   Əmralılarla bağlı söhbətdən ayrılmamış bu kəndlə bağlı Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin qəhrəmanlığını da, onun başına gələn ilk ağır, əslində film kimi hadisəni də qeyd etməliyəm. Hələ Qarabağda, o cümlədən Xankəndində, sovet qoşunları var idi. Faktiki olaraq əraziyə sovet qoşunlarının hərbi birləşmələri nəzarət edirdi.

   Bir neçə dəfə milli ordunun yenicə yaradılan batalyonunun dəstələri ilə bu birləşmələrin epizodik qarşılaşmaları da olmuşdu. 1991-ci ilin, səhv etmirəmsə, noyabr ayında Şirin Mirzəyev Bağbanlar kəndi ilə ermənilərin yaşadığı Qarakənd (Bu, 20 noyabrda içərisində bizim dövlət adamlarının olduğu vertolyot vurulan həmin Qarakənddir) istiqamətində özü müşahidə apararkən sovet qoşunlarının Xocavənddəki qüvvələrinə məxsus BTR-dən atəşə tutuldu. Ona məxsus "UAZ" markalı avtomobil tamam yansa da, taleyin qisməti ilə möcüzəvi şəkildə əfsanəvi komandir Şirin Mirzəyev və sürücüsü Mirsiyab (Səhv etmirəmsə, həmin vaxt Asif adlı bir zabitimiz də onlarla olmuşdu) sağ qalmışdılar. Mirsiyab Bağbanlar kəndindəki əsgərlərə xəbər verənə qədər Şirin Mirzəyev sovet əsgərlərinin atəşi altında qalmışdı...

   Milli Ordu yaranan qədər Azərbaycan torpaqlarını, vətəndaşlarını ilk zamanlarda milis, 1990-cı ildən isə Daxili İşlər Nazirliyinin nəzdində yaradılan OMON (XTPD - Xüsusi Təyinatlı Polis Dəstəsi) qoruyurdu. Sirr deyil ki, həm milis, həm də OMON-un sıralarından yüzlərlə insan torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək şəhid oldular. Azərbaycanın tanınmış jurnalisti Salatın Əsgərovanı qətlə yetirən erməni dəstəsini də qəhrəman OMON-çular xüsusi bir əməliyyatla ələ keçirdilər. OMON-un fəaliyyəti o qədər effektli idi ki, ermənilər hər bir OMON-çuya görə xüsusi mükafat vəd etmişdi. Amma bir nəfər də olsun OMON-çunu nə əsir götürə, nə də cəsədini ələ keçirə bilirdi.

   Əfsanəvi komandir beş OMON-çunu əsirlikdən xilas etdi

   Belə bir məqamda xəbər gəldi ki, sovet qoşunlarının hərbi hissəsinin rus əsgərləri Xocavənd (Martuni) istiqamətində beş nəfər OMON-çunu əsir götürüb və onların ermənilərə verilməsi üçün danışıqlar aparılar. Xəbəri alan kimi Şirin Mirzəyev özü rəhbərlik etməklə ermənilərin kompakt yaşadığı Xocavənd rayonunun mərkəzinə girib OMON-çuları azad etmək üçün batalyonun zabit heyəti ilə birlikdə təcili bir əməliyyat planı hazırladı. Əməliyyat planından az adam xəbərdar idi.

   Sovet qoşunlarının (onların böyük əksəriyyəti ruslar idi) bütün Qarabağ ərazisinin komendantı əsasən Xankəndində otururdu, yəni əsas qərargahları orada idi. Şirin Mirzəyevin əməliyyat planına uyğun olaraq əvvəlcə hansısa səbəbdənsə Ağdama gələn (adətən, rus zabitləri ailələri ilə birlikdə bəzi şeylər almaq üçün çox vaxt o dövrün ən zəngin alış-satış yeri olan Ağdam bazarına gəlirdilər) komendantın müavininin ailə üzvləri çox sakit şəkildə girov götürüldü. Sonra Şirin Mirzəyev komendantın müavini ilə görüşüb, ailəsinin onun əlində olduğunu və onların azad olunması üçün şərtini deyir. Şərt bu idi ki, komendantın müavini ona məxsus BTR-lə Şirin Mirzəyevlə birlikdə Xocavəndə (Martuniyə) gedib OMON-çuları azad etməlidir. Yalnız OMON-çuları sağ-salamat Ağdama gətirəndən sonra ailə-uşağı komendanta veriləcək. Komendantın razılaşmaqdan başqa çarəsi qalmır...

   Beləliklə, Şirin Mirzəyev, kəşfiyyatçı Əlabbas İsgəndərov komendantla birgə onun BTR-ində, eyni zamanda BTR-in ruslardan ibarət sürücüsü və atıcısı Xocavəndə yola düşürlər. Əlabbas deyir, onlar Xocavəndin girəcəyində sovet əsgərlərinin dayandığı postu maneəsiz keçib, düz Xocavəndə çatırlar. Mirzəyevgil ora çatanda artıq ruslar OMON-çuları ermənilərə verməyə hazırlaşırmışlar. Həyətdə bir dəstə, binanın içərisində isə bir neçə erməni gözləyirmiş. Dağlıq Qarabağın komendantının müavinini görən zabit və əsgərlər farağat forması alırlar. İlk reaksiya isə Şirin Mirzəyevi tanıyan OMUN-çulardan birindən gəlir: "Ay Allah! Bu Şirin Mirzəyevdir!"

   Şirin Mirzəyev dərhal ona işarə edib ki, danışmaq olmaz. İmkan tapan Əlabbas da OMON-çulara pıçıldayıb ki, buradan çıxana qədər heç nə danışmasınlar. Qanuni formada OMON-çular komendantın müavininə təhvil verilib, o da onları BTR-rə mindirib, birlikdə sağ-salamat Ağdama qayıdıblar. Şirin Mirzəyev də vəd etdiyi kimi, komendantın ailəsini sağ-salamat ona qaytarıb...

   Ağdərənin Umudlu kəndinə gedirik...

   Artıq dekabrın sonları idi... Bizi Əmralılardan təcili geri çağırdılar. Heç dincəlməmiş, çirkli paltarlarımızı belə dəyişməmiş Ağdam aeroportuna yola düşdük. Şirin Mirzəyev dedi ki, Ağdərənin Umudlu kəndinə gedəcəyik. Umudluya kömək lazımdır...

   Bizim rotadan - Muğanlı kəndindən Faiq Bəhrəmov, Oktay Hüseynov, Rəhman Cəfərov, Raqil Hüseynov və Vahid Şirinov 1991-ci il dekabrın 27-də, Şıxbabalı uşaqlarından Nail, Ramiz, Rəmiyyədin (Rəmiş deyirdik biz ona), Valeh Rəhimov və mən digər mizəyevçilərlə birgə bir neçə gün sonra, 1992-ci il yanvarın ilk günlərində Umudluya uçduq... Muğanlı kəndindən isə Faiq Bəhrəmov, Oktay Hüseynov, Rəhman Cəfərov, Raqil Hüseynov və Vahid Şirinov 6-cı postda, Ramiz, Rəmiyyədin, Valeh Rəhimov və mən isə 11-12-ci postlarda dururduq. Postdan sonra Naillə Valeh İbiş kişinin, Ramiz, Rəmyəddin və mən isə Yahya kişinin evində yatıb dincəlirdik.

   Postumuz düz Sərsəng su anbarının üstündə idi. Ermənilərin bu tərəfdən kəndə hücumu gözlənilmirdi, olsa-olsa kəşfiyyatçıları, ya da "diversant"ları bu istiqamətdən gələ bilərdi. Onu da yüz faiz biz görəcəkdik... Bizim post 8-ci posta baxanda elə də təhlükəli deyildi, ən təhlükəli 8-ci post idi... Umudluya çatanda Nail öz xahişi ilə elə o 8-ci posta getmək istədi, əvvəlcə batalyonumuzun Umudludakı dəstəsinin komandiri baş leytenant Fəxrəddin Rəcəbov razılıq vermədi, amma Nailin təkidli xahişindən sonra o da razılaşdı. Əslində Şirin Mirzəyevin batalyonunun əsgərləri Umudluda dekabrın 21-i döyüşündən sonra oradan getmək istəyən, səhv etmirəmsə, "Şıx" batalyonunun əsgərlərini əvəz edəsi oldu... Onlardan biri Umudlunu tərk edəndə bizdən şəhid olmuş əsgərin qanını almağı xahiş etdi...

   Umudluda qan var...

   Umudlu üç tərəfdən uca dağlarla, bir tərəfdən isə Sərsəng su anbarı ilə yanaşı erməni kəndlərinin mühasirəsində yerləşən qədim bir kənd idi. Buranın Azərbaycanla əlaqəsi yalnız vertolyotla olduğundan kənddə işıq, ərzaq, dərman və digər problemlər mövcud idi. Kənddə ölü bir sükut hökm sürürdü. Hamının çöhrəsində bir hüzn, kədər var idi...

   Əvvəlcə kənd və onun ətrafı, postlarla tanış olduq, sonra hər kəs öz postuna yaxın yerdə qalacağımız evə yollandı. Biz 8-ci posta yaxın olan məktəbin həyətdəki tikintisi yarımçıq qalmış ayaqyolunun yanından keçəndə şaxtadan donub buz bağlamış qan gölməçəsini, ağ divardakı qan izlərini görəndə insanların üzündəki hüznü, kədəri tam mənası ilə dərk elədik. Bu, Rasimin qanı idi, Milli Ordumuzun 20-21 dekabr döyüşündə şəhid olmuş Rasim Cəfərovun...

   Mən düz 20 ildir Rasimi tanıyan adam kimi onun şəhid olma hekayətini dostlara, yoldaşlara, tanışlara danışıram. Artıq zaman çatıb, onu sizə - çoxsaylı oxucularımıza da danışmaq istəyirəm. Qoy hamı 23 yaşlı azərbaycanlı gəncin həmin gün torpaq uğrunda necə şəhid olduğunu bilsinlər.

   Beləliklə 20-21 dekabr, 1991-ci il. Ermənilər bir neçə istiqamətdən Umudluya hücum edirlər...

 

 

   Rey Kərimoğlu

 

  Ədalət.-2012.-14 noyabr.-S.4.