Bu gün daha abad
Cəlilabad
(əvvəli
ötən sayımızda)
Yollar qovuşdurar obaları, elləri
Ömrə bənzədilən yollar nələrə qadir deyil. Yol mədəniyyətdir deyimi
də çox dəqiqdir. Obaları, elləri birləşdirən
yollar həm də ünsiyyətdir, bağlılıqdır. Şəhərlərin, kəndlərin iqtisadi-sosial,
mədəni həyatında
yolların rolu danılmazdır. Yolu
olmayan şəhərə,
kəndə-kəsəyə kim yön
salar?
Cəlilabadda yol təsərrüfatına
da ayrıca yer ayrılır, qayğı göstərilir.
Burada kəndarası yolların
yenidən qurulması
istiqamətində çox
uğurlu layihələr
həyata keçirilir.
Prezident İlham Əliyevin 09 mart 2012-ci il tarixli sərəncamına
əsasən 24 min əhalisi
olan, 14 yaşayış
məntəqəsini əhatə
edən, 17 kilometr uzunluğu olan Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun inşası üçün
3 milyon manat vəsaitin ayrılması
yola olan diqqətin təzahürüdür.
Prezidentin 28 sentyabr
2012-ci il tarixli sərəncamına əsasən
33 min insanın yaşadığı,
21 kəndi əhatə
edən, uzunluğu 34
kilometr olan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun yenidən qurulması üçün də 2 milyon manat pul
vəsaiti ayrılmışdır.
Yay aylarında sürəti bir an belə səngiməyən
birinci layihənin son tamamlama işləri görülür. Çox qısa
zamanda bu yoldan minlərlə kənd sakini istifadə edəcək.
İkinci layihədə də
yol təsərrüfatının
mühüm işləri
görülür. İndi burada
torpaqbərkitmə, çınqıldöşəmə
kimi məsul tikinti işləri həyata keçirilir.
Ölkə prezidentinin tapşırıq
və tövsiyyəsinə
əsaslanan cəlilabadlılar
rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı avtomobil
yolunun artıq 20 kilometrini asfaltlamışlar.
Dağlardan keçən bu
yolun daha etibarlı və davamlı olması üçün suötürücülərin
inşasına ayrıca
fikir verilir.
Cəlilabadda bu sahəyə
diqqətin nəticəsidir
ki, rayonun 80 kəndini əhatə edən 96 kilometr uzunluğu olan kəndarası yollar yüksək texnologiya əsasında asfaltlaşdırılmışdır.
Bu rayonun yol
infrastrukturunda çox
mühüm işlərdən
biridir.
Göytəpə-Komanlı, Cəlilabad-Soltankənd, Təklə-Bayxanlı, Xanəgah-Mikayıllı,
Əlqasımlı-Üçtəpə
avtomobil yollarında da asfaltlaşdırma işlərinin aparılması
üçün müvafiq
qurumlar qarşısında
məsələ qaldırılmışdır.
Cəlilabad-Hamarqışlaq-Sadatlı
avtomobil yolunun açılışı mərasimində
bu rayonun yolları barəsində ölkə prezidenti belə demişdir:
"... çalışmalıyıq ki, növbəti illərdə bütün
kəndlərdə gözəl
yollar çəkək,
düzəldək, bərpa
edək. Kəndlərdə yaşayan insanlar
daha rahat yollardan istifadə etsinlər. Cəlilabadda kənd yollarının
tikintisi, bərpası,
təmiri bundan sonra da gedəcəkdir".
"Abad el yolundan bəllidir".
Bunu da babalarımız, ulularımız deyib.
Burada təhsilə xüsusi qayğı var
Cəlilabad rayonunda elmə,
təhsilə doğrudan
ayrıca diqqət və qayğı göstərilir. Respublika miqyaslı
tədbirlərdə, müsabiqələrdə,
yarışlarda rayon təhsil
şöbəsi bir sıra uğurlara imza atmışdır.
Xüsusi qabiliyyətli məktəbli
istedadların aşkar
edilməsi Dövlət
Proqramı çərçivəsində
fənn olimpiyadalarının
respublika mərhələsində
Cəlilabadın 10 nəfər
şagirdi müxtəlif
fənlər üzrə
mükafata layiq yerlər tutmuşlar.
X sinif şagirdləri
Bətulə Sabir qızı Hüseynzadə,
Mirhəsən Mirmayıl
oğlu Bəhrəmzadə,
Rafael Xanlar oğlu Abdullayev, Ülkər Allahşükür qızı
Şikarlı dil və ədəbiyyat, riyaziyyat, biologiya fənləri üzrə
III yeri tutmuşlar.
"Böyük
Azərbaycan şairi Mirzə Ələkbər
Sabir haqqında düşüncələrim" mövzusunda inşa yazısına görə
Göytəpə şəhər
1 saylı tam orta məktəbin XI sinif şagirdi Lətafət Mehman qızı Əliyeva respublikada I olmuşdur. "Mirzə
İbrahimovun ədəbi-bədii
görüşləri" mövzusunda inşa yazısına görə
Z.Əliyeva adına
şəhər 7 saylı
tam orta məktəbin
şagirdi İlahə
Mirsəfər qızı
Təhməzova isə
Təhsil Nazirliyinin I dərəcəli diplomuna
və hədiyyəsinə
layiq görülmüşdür.
Cəlilabad müəllimlərinin uğurları da buradakı kadrların yüksək hazırlığından
xəbər verir.
Şəhər 8 saylı məktəb-liseyin
dil-ədəbiyyat müəllimi
Qərənfil Qorxmaz qızı Əhmədova
"İlin müəllimi"
müsabiqəsinin qalibi
olmuşdur. Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
rayon komitəsinin sədri
Nəbi İsgəndərovun
"Tərəqqi" medalı
ilə təltif edilməsi bu ilin uğurlarındandır.
Cəlilabad məktəbliləri bu ilki qəbul
imtahanlarında da fərqlənmişlər. Respublikanın ali
məktəblərinə 328 nəfər, orta ixtisas məktəblərinə
isə 215 nəfər
şagird qəbul olunmuşdur. Qarazəncir kənd tam orta məktəbinin məzunu Xanlar Mehdi oğlu
Xanlarzadə 695 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə
daxil olmaqla bərabər prezident təqaüdünə layiq
görülmüşdür.
Rayonda 2012-ci ildə də
məktəb tikintisi davam etdirilmişdir.
360 şagird üçün
Gülməmmədli tam orta,
180 şagird üçün
Cəlilabad şəhər
6 saylı ümumi orta məktəb binalarının inşası
başa çatdırılmış
və şagirdlərin
ixtiyarına verilmişdir.
480 şagird üçün
Sabirabad kənd 1 saylı, 80 şagird üçün Zəhmətabad,
180 şagird üçün
Soltankənd, 630 şagird
üçün Cəlilabad
şəhər 2 saylı
məktəblərin inşası
isə uğurla davam etməkdədir. 360 şagird üçün
nəzərdə tutulan
Həziabad kənd tam
orta məktəbinin tikintisinin başlanmasına
da qərar verilmişdir.
Bu uğurların
qazanılmasında Cəlilabad
Rayon Təhsil Şöbəsinin
müdiri Ədalət
Əsgərovun xidmətini
ayrıca qeyd etmək lazımdır.
Rayonun turizm və mədəniyyəti
Etiraf edək ki, rayon mərkəzindən
və Göytəpə şəhərindən fərqli
olaraq çox böyük əraziləri əhatə edən
Cəlilabad rayonunun kəndlərində mədəni-kütləvi
işləri, müxtəlif tədbirləri günün tələbləri
səviyyəsində təşkil etmək elə də asan
deyil. Buna baxmayaraq, bu sahəyə də Cəlilabadın
uğurları son vaxtlar xeyli çoxalmışdır. Mədəniyyət
və turizm şöbəsinin yeni müdiri İsa Allahverdiyev
bildirdi ki, rayon mərkəzində, Göytəpə şəhərində
tədbir keçirmək asandır, əsas odur ki, ucqarlarda təşkil
edəsən. Əlavə elədi ki, artıq bu istiqamətdə
müəyyən işlər görülür. Kənd
kitabxanalarının əhaliyə daha yaxşı etmələrinə
nail olunub, müxtəlif klublar, dərnəklər də təşkil
edilib.
Hazırda rayon ərazisində 8
turizm obyekti fəaliyyət göstərir ki, onlardan ikisinə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
lisenziya verilmişdir. Buna münasibət bildirən prezident
İlham Əliyev rayon sakinləri ilə
görüşündə demişdir: "Rayonun turizm
potensialı vardır. Ancaq bu vaxta qədər həmin
potensialdan istifadə olunmayıb. İndi yeni kənd yollarının
tikintisi nəticəsində Cəlilabadın dağlıq əraziləri
də artıq rayon mərkəzi ilə birləşəcək
və o ərazilərdə, gözəl yerlərdə turizm
obyektləri, otellər tikilməlidir və tikiləcəkdir".
Rayonun ümumi iqtisadi
inkişafı nəticəsində yaxın vaxtlarda
bütün bunların həyata keçəcəyi şəksizdir.
Onda Cəlilabad bir az da gözəl olacaq.
Səxavət Məmmədli
Ədalət.-2012.-16 oktyabr.-S.7.