"EHRAM" sakinləri
(əvvəli ötən
saylarımızda)
Romandakı
hadisələrin mərkəzində Sarsılmaz dayanır. O, avtoritar rejimdə
yaşayıb-yaradan yazıçıdır. Roman
boyu oxucu min bir məhrumiyyətlərə məhkum edilən
Sarsılmazın heç vaxt sınmadığını,
çətinliklər qarşısında
sarsılmadığını görürük. O,
öz ağlı, zəkası, iti qələmi ilə
seçilir. Müəllif öz qəhrəmanının
hansı problemlərlə qarşılaşacağını
romanın əvvəlində kiçik bir təsvirlə
verir. "...xeyirxah tiran qəfildən Ehramın əlçatmaz
bir pilləsinə yüksəldi. Amma getməmişdən
Sarsılmaza ev və həyət
üçün torpaq verdi... Amma dolanacaq vasitəsi
olan kiçik bir qulluq istəyi rədd edildi. Alicənab əyalət tiranını əvəz edən
onun ehtiras alovunun hədəfi Sarsılmazı
anlaşılmadan süngü ilə qarşıladı.
Bu barədə geniş söhbət açacağıq.
Hələlik isə vəziyyət gərgin və
qorxunc idi". Bu kiçik epizod qəhrəmanın
çətinliklərlə dolu həyatının təməl
daşı olacağına müəllifin işarəsidir.
Romanda hadisələr
iki xətt - tarixi hadisələrin elmi publisistik şərhi və
bədii şəkildə, canlı səhnələrin təsviri
yolu ilə bir-birilə qaynayıb-qarışır, lakin janr
öz sabitliyini müəyyən mənada saxlayır.
Tarixi romanda qələmə
alınan dövrün ruhunu canlandırmaq üçün
tarixiliyi saxlamaq da vacib şərtlərdəndir. Lakin o dövrün tarixi hadisələri haqqında
təsəvvürlərimiz çox da dərin deyil. Buna görə də yazıçı yeri gəldikcə
bədii təxəyyülə də yer vermişdir. Məsələn:
"Ehramda artıq hamı qara qatıq yeyirdi. Ağ qatıq
da vardı, amma yeyən çox az idi. Qara qatıq isə ləzzətli, yağlı idi.
Ehram başdan-başa alveristana
dönmüşdü". Romandan
verdiyimiz bir parçadan da belə nəticəyə gələ
bilərik ki, "Ehram" romanı yazıçı xəyalı
ilə çarpazlaşmışdır.
Tarixilik məsələsi
ilə bağlı onu da əlavə etmək lazımdır
ki, müəllif romanda tarixi konkret göstərməsə də,
təhkiyəsində söhbətin yaxın zamanda deyil,
eramızdan əvvələ getdiyini anlamq olar. Əsərdə bəzən
canlandırılmış epizodlar, surətlərin hərəkətləri,
davranış təsviri uzaq keçmişi xatırladır.
Yazıçının dilində nə qədər
çağdaş sözlər olsa da, "Ehram"
sözü bizi uzaqlara aparır və alt qatlardakı mənaları
aydınlaşdırmağa mane olur. Romandakı
insan adlarının bir qismi də bunu təsdiq edir. Ancaq romanın mayasını müasirlik təşkil
edir.
Professor Yavuz Axundlu
qeyd edir ki, "Müasir tarixi romanda daha çox xalqın
keçmişinin əlamətdar hadisələri,
dönüm dövrləri, xalqın taleyində mühüm
rol oynamış görkəmli şəxsiyyətlərin fəaliyyəti
təsvir olunur. Yazıçı
çalışmalıdır ki, tarixi romanda qələmə
aldığı dövrün ruhu saxlanılsın, tarixi
inkişafın qanunauyğunluqları gözlənilsin, mahiyyəti
təhrif olunmasın". Ancaq Əlisa
Nicat romanın mövzusunu Misir həyatından alsa da
buradakı hadisələrə tamamillə milli ruh verir. Ona görə də obrazlar aləmində tarixi
şəxsiyyətlər görünməz dərəcədə
azdır.
Tarixi romandan
danışarkən əsas keyfiyyətlərdən biri də
müəllifin xalqın həyatını geniş bədii
planda əks etdirməsidir.Yəni xalqın həyatını,
məişətini, psixologiyasını, nikbin əhval-ruhiyyəsini
verməklə onun mənəvi simasını
açmasıdır. Romanda belə
durumlarla qarşılaşmaq olmur. Şübhəsiz,
Əlisa Nicat dövrün avtoritar rejimlərdən, ictimai
haqsızlıqdan, cəhalət və nadanlıqdan irəli gələn
bu faciələrdə Ehramın aşağı təbəqəsi
olan sadə xalqın həyatını da əks etdirmək
istəyir. Lakin hər hansı quruluşda
olursa-olsun, xalq yalnız səfillərdən, kütbeyinlərdən,
yemək üçün yaşayanlardan ibarət deyil. Xalqın mənəvi simasını təcəssüm
etdirən qüvvələrin hərtrəfli təsviri
dövrün ruhunu və koloritini canlandırmaq
üçün ən mühüm şərtdir. Lakin romanda bu məqamlar tənqidi, ifşaedici
boyalarla qələmə alınıb. "...Ehramda
qaynar həyat davam edirdi. Amma bu qaynar həyat pərdə
arxasında, gözəgörünməz idi. Ehram əhalisi və xüsusilə fəllahlar bunu əlbəttə,
görmürdülər. Çünki
özləri gecə-gündüz pozğun, yaramaz instinktlərini
təmin etməklə - yəni yaşamaqla məşğul
idilər". Düzü romanda bu tipli
cümlələr həddindən artıqdır, lakin
başqa cür də mümkün deyil. Çünki
müəllif totalitar rejimli cəmiyyətdə yaşayan
xalqın etinasızlığını, yalnız ifşaedici
yolla atəşə tuta bilərdi.
Bütün bunlarla
yanaşı, əgər "Ehram" romanı sırf tarixi
cəhətdən dəyərləndirilərsə müəyyən
qüsurları görməmək də mümkün deyil.
Romanda təsvir olunan dövrün mənzərəsinə
yad olan xüsusiyyətlər kifayət qədərdir. Bu da "Ehram"ı tarixi roman janrından
uzaqlaşdırır. Oxucu
"Ehram"ı oxumağa başladığı ilk səhifədə
tarixi roman janrına xas olmayan cəhətlərlə
rastlaşır. Romanda tarixi obrazlardan əsər-əlamət
belə yoxdur. Ümumiyyətlə
araşdırmalar göstərir ki, tarixi əsərlərdə
bəzən bərkləşmiş tarixi hadisələr və
bəlli şəxsiyyətlər, bəzən də
yazıçının xəyalında
canlandırdığı hadisə və surətlər
aparıcı olur. Tarixi romanların
çoxunda baş vermiş tarixi hadisələr və
böyük şəxsiyyətlərin həyatından
çox, müəllifin yaşadığı dövrü səciyyələndirən
hadisə və obrazlar seçilir. Ümumiyyətlə
"Ehram" tipli romanlarda tarixiliyə tam halda riayət edilməsini
yazıçıdan ummaq da düzgün olmazdı. Məsələn,
Nizami Gəncəvinin həyat və
yaradıcılığından bəhs edən
"Qılınc və qələm" əsərini
sırf tarixi roman kimi təhlil etmək səhv olar, bu müəllif
fikrinin təhrifinə aparıb çıxarar.
Tarixiliklə müasirliyin vəhdəti
Tarixi roman yazan müəllif
təbii təxəyyülünə, istedadına güvənməklə
yanaşı, həm də yüksək səviyyədə
tarixi məlumata, biliyə, elmi təfəkkürə mailk
olmalıdır, hadisələri və obrazları təqdim edərkən
tarixi həqiqətə sadiq qalmalıdır. Bununla yanaşı yazıçı yaşadığı
mühitin psixologiyasını, qələmə
aldığı dövrlə paralel aparmalı, tarixiliklə
müasirliyin vəhdətini gözləməlidir.
"Ehram"
romanından danışarkən onun tarixi roman kimi təhlil
olunması ədəbiyyatşünaslığımızın
qarşısında duran problemlərdən biri kimi qiymətləndirilməlidir.
Çünki romanda hadisələr tarixilik və
müasirliyin vəhdəti şəklində gedir. Qeyd etmək lazım gəlir ki, müəllif qələmə
aldığı mövzuya dair mövcud tarixi ədəbiyyatdan
daha çox yaşadığı dövrün mənzərəsindən
səmərəli şəkildə faydalanmışdır.
Romanın süjetində hadisələr də
müasirlik və tarixiliyin vəhdətində gedir. Müəllif "Ehram" romanında zaman
anlayışına məhdudiyyət qoymur. O,
eramızdan əvvəlki tarixi dövrdən danışarkən
birdən-birə hadisələri müasir zamana gətirir. Bu mənada yazıçı oxucunu təsvir olunan
dövrdə baş vermiş mühim ictimai-siyasi hadisələrə
ayıq gözlə baxmağa, ezop dili ilə təsvir olunan
zamanın problemlərindən nəticə
çıxarmağa sövq edir.
Əsərdə
Ehram cəmiyyətinin tarixi inkişafı ilə bağlı
epizodlar müəllifin düşüncəsi ilə, niyyətini
dolğun təcəssüm etdirir. Buna
görədir ki, romanda müasirlik ruhu tarixiliyi üstələmişdir.
Müasirlik romanın mayasıdır. Tarixilik isə romanın və bir-iki obraza verilən
adlarda ifadə olunur. Ümumiyyətlə
romanda müasirliklə tarixilik nisbətində böyük fərq
danılmazdır.
"Ehram"ın bədii sənətkarlıq
xüsusiyyəti
Əlisa Nicat sözdən
qənaətlə istifadə edən
yazıçıdır. O, heç bir əsərini həcm
xatirinə böyütməmiş, artıq epizod, sujet və
hadisələrlə yükləməmişdir. Onun romana daxil etdiyi hər nə varsa milli qayəyə,
milli düşüncəyə xidmət edib. Bir sənətkar
kimi Əlisa Nicat öz ideyalarını Azərbaycan türklərinin
real həyatında tapdığı, bildiyi və eşitdiyi,
bəzən də duyaraq hiss etdiyi ideyaların, yəni güc
kimi artıq yaşamaqda olan, ya da yaşamağa başlayan digər
ideyaların canlı obrazlarını yaradıb. "Ehram" romanı da bu ideya üzərində
qurulmuşdur. Ancaq romanın ərsəyə gəlməsində
dünya ədəbiyyatının görkəmli nümayəndəsi
Frans Kafkanın da təsiri az deyildir. Müəllif qeyd edir ki, "Ola bilsin ki, Kafkanı
oxumasaydım, "Ehram" və ya "Artakserks və Midya
türkləri" yarana bilməzdi". Əlisa Nicat
"Ehram" romanına ön söz əvəzində
yazır ki, "Bu əsər iki dahiyanə romanın -
"Uliss" və "Proses"in bənzəri kimi
yazılmayıb. Lakin hər iki romanın təsiri
mütləqdir. O mənada ki, əgər həmin
romanlar olmasaydı, "Ehram" da yarana bilməzdi. Yəni Kafka və Coys əsər üçün
bir növ ideya mənbəyi olub".
"Ehram" kamil
quruluşu, təhkiyə üsulu vasitələri,
navatorluğu, dil və ifadə tərzi ilə seçilən
misilsiz romandır. Ciddi bəşəri
görüşləri ilə çağdaş Azərbaycan
həyatının sintezini əks edən roman, rəmz və
eyhamlarla çox zəngindir. Əsərdəki
rəmz və simvolların bir çoxu mühüm mətləbləri
və görüşləri daha təsirli canlandırmağa
xidmət edir.
"Ehram"
romanının bədii sənətkarlıq xüsusiyyətlərindən
danışarkən bir məsələyə toxunmağa
ehtiyac duyulur ki, o da tarixi romanın verdiyi imkanlardan bəhrələnərək
yazıçını rahatsız edən məsələləri
fərqli mövqedən verə bilmək
bacarığıdır. Belə ki,
yazıçı çalışmışdır ki, təsvir
etdiyi mövzunun ruhuna uyğun tarixi epizodlar seçsin. Professor, türkoloq alim Tofiq Hacıyev tarixi romandan
danışarkən qeyd edir ki, "Əlbəttə,
dürüst tarixilik o demək deyil ki, roman faktların, sənədlərin
toplusudur. Şübhəsiz, tarixi romanın içində
iki pay olur: tarixiliyin payı və bədiiliyin payı". Bu prinsipdən yanaşsaq Tofiq Hacıyevin dediklərinin
hər ikisi romanda ifadə olunur. Lakin
"Ehram" romanında tarixilik müəyyən mənada
qorunsa da, bədiilik, bədii nəsr çərçivəsindən
çıxaraq publisistik üslubun dilinə
yaxınlaşmışdır. Romanın
bu cür yazılışı isə onun məzmununa da təsir
göstərmişdir. Belə ki, burada
hadisələr təhkiyəçilikdən daha çox
şərhçilik xarakteri daşıyır, vahid süjet xəttindən
yayınılır. Sanki təsvir
edilmiş hadisələrdən xəbərimiz var, müəllif
bizə orada olub bitənləri diqtə edir. Məsələn:
"Ehramda sistemin açıq və gizli düşmənləri
vardı. Açıqların dördü və
xüsusən liderləri, gizlinlərin isə Tanınmayan
Şöhrətlisi istisna olmaqla əksəriyyəti anonim
idilər". Ümumiyyətlə Əlisa
Nicatın Sovet dövrü yaradıcılığından fərqli
olaraq, Çağdaş Azərbaycan Cümhuriyyəti illərində
qələmə aldığı əsərlərində
publisistik üslub üstünlük təşkil edir. "Ehram" romanında demək olar ki,
obrazların dilində monoloq və dialoqlara təsadüf
olunmur. Yalnız əsərin müəyyən
yerlərində dialoqa rast gəlirik. Romanı
yazıçı bizə özü təhlil edir.
"Əlisa
Nicat" yaradıcılığının bədii-estetik tərəflərindən
danışarkən dil amilini nəzərdən
qaçırmaq olmaz. Qeyd edək ki,
yazıçının əsərləri bədii dildən
məharətlə istifadə etmənin canlı örnəyidir.
"Ehram" romanında da bu qaydanı davam
etdirmişdir. Məsələn: "Həyətdə
yayın gənclik sərgisi idi. Çəmən
növ-növ, rəng-rəng yoncaların xalısı ilə
örtülmüşdü. Bülbüllər
böyürtkən kollarında açdıqları şah məclisini
davam etdirməkdə idilər və elə ürəkdən
oxuyurdular ki, sanki kimisə çağırırdılar".
Yaxud da, müəllif həyat hadisələrini
təbiət təsvirlərinə köçürür.
Bu da Əlisa Nicatın klassik ədəbiyyatımızdan gələn
ənənələri müasir janrlarda qoruyub
saxladığını sübut edir: "Səhər idi. Həyətdə arılar dolu idi. Onlar yoncaların şirəsini kiminçünsə
yığıb aparır, böyürtkən
kollarındakı təbiət müğənniləri isə
yorulmaq bilmədən ötürdülər". Göründüyü kimi yazıçı
reallığı təbiət üzərinə
köçürür və göstərmək istəyir ki,
tiranlığın hökm sürdüyü Ehram kimi cəmiyyətlərdə
hökmdarlar, xalqın təbii sərvətləri ilə
öz malları kimi rəftar edir, hakimiyyətdə qalmaq
üçün yadlara bəxşiş olaraq verirlər.
Bununla yanaşı romanın dilində
xeyli sayda tarixi roman üçün yad ifadələr
vardır. Müəllif təhkiyəsində neologizimlər,
terminlər, vulqar və varvar sözlər geniş işlək
dairəsinə malikdir. Romanda totalitar refimli cəmiyyətdə
manqurtlaşmış insanların ümumi, ortaq
simasını ifşa edərək, Əlisa Nicat daha çox
vulqar söz və ifadələrə yer vermişdir. Bədii
əsərlərin səhifələrin kobud, etikadan, ədəbdən
kənar sözlərlə doldurmaq yazıçı
üçün yolverilməz hal olsa da, bəzən buna haqq
da vermək mümkündür. Məsələn, Əlisa
Nicat romanında yazır: "Ehram əhalisi o qədər
kütbeyin və kretinə dönmüşdülər ki,
Firon elan etsə ki, hava soyuq və dumanlıdır,
yağış yağır, göydə gün par-par
parıldasa da, Ehram əhalisi evdən çölə
qalın paltar geyinib, çətirlə
çıxacaqlar". Romandan gətirdiyimiz sadə misalla
görünür ki, bu cür mühitdə yaşayan ədib
yalnız sərt, ifşaedici yollarla xalqın təsvirini verə
bilər. Hətta müəllif özü bu barədə belə
yazır: "Burada hədsiz sıx şəkildə adi və
unikal bir sistem və hadisə qələmə alınıb və
bu realizm indiyə qədər bədii əsərlərdə
rast gəlinən ən sərt realizmlərdən biridir"
.
(ardı var)
Şah
Ədalət.-2012.-16
noyabr.-S.8.