NAZİLƏ GÜLTACIN "YAŞIL PIÇILTI"LARI

 

  ƏDƏBİ HƏYAT

 

   Son illərin qadın yazarları arasında Nazilə Gültacın səsi də eşidilməkdə, dinlənilməkdə və sevilməkdədir... O, artıq iki şeir kitabının müəllifidir.

   "Yaşıl pıçıltı". Belə bir qəribə adla oxucuya üz tutur Nazilə xanım. Maraqlıdır ki, kitabına ad seçdiyi şeir kitabın lap sonundadır.

  

   Yarpaqların

   yaşıl pıçıltısında,

   Əlvan rənglərin

   parıltısında,

   Bir ilahi eşqi

   sehrinə düşdüm.

   Bulaqların nəğməsində,

   dinlədim bir qəlbin

   titrək səsini.

   Gördüm gecələrin

   göy qübbəsində

   O tənha ulduzun

   titrəməsini.

   Yarpaqların

   yaşıl pıçıltısından

   süzüldü eşqim.

   SEVDİM!

  

   Sonuncu şeir şairənin kitabda olan bütün şeirləri üçün bir YOL hesab oluna bilər. Həmin şeiri unudub keçirəm kitabın əvvəlindən sonuna. Vətən və həyat nəğmələri ilə başlayır Gültacın şeirləri.

   Müasir bir şair (istər qadın olsun, istər kişi) nədən yazırsa-yazsın, içində yaşadığı dünyanın və Vətənin dərdlərinə biganə qala bilməz. N.Gültacın kitabının əvvəlində verilən şeirlər də məhz o mərama xidmət edir el, yurdun şairi yurdun tarixinə, dünəninə, bu gününə və hətta gələcəyinə bağlıdır. Təbii ki, bu bağlılığı süni şəkildə yaratmaq mümkün deyil. Sovet dövründə çapdan çıxan şeir kitablarını xatırlayıram. Mütləq o kitablarda ilk üç şeir Leninə, partiyaya və komsomola həsr olunardı. Özü də bu şeirlər çox zaman nəşriyyat direktorları tərəfindən şairlərə zorla yazdırılardı. Başqa cür mümkün deyildi, yoxsa şairin kitabını çap eləməzdilər.

   Amma indiki şeir kitablarında Qarabağ dərdi, məmləkətimizdə baş verən ictimai-siyasi olaylar, Vətənin dərdləri ilə bağlı şeirlər başa keçir və şairlər tam haqlıdırlar bu mənada. Əlbəttə, təki ortada yaxşı şeirlər olsun. Hissiz, duyğusuz Vətən şeirləri yazmaqdansa, yazılmamaması daha yaxşı. Gültacın "Baharı gözləyirəm" rubrikasında təqdim etdiyi şeirlər ürəkdən, qandan gələn şeirlərdir.

  

   İgidləri çox olubdur

   bu yurdun.

   Düşmənləri çoxalıbdır

   bu yurdun.

   İgid söykənir dağa.

   Dağlar yağı məskəni.

   Dərələr çəkə bilməz,

   uca dağlar çəkəni.

   Qaratikan kolları

   Qara keşiş yolumda.

   Xarı bülbülü dərməyə,

   Tellərimə hörməyə,

   bir igid istəyirəm.

   Eheyy, a dağlar!

   Baharı gözləyirəm!

  

   Şairənin "Vətən xəritəsi" şeirində vətənpərvərlik duyğüsu diqqəti xüsusilə cəlb edir. Şeir belə başlayır ki, "Qızım çəkdi Vətən xəritəsini. Azərbaycan sözünü yerləşdirə bilmədi, xəritənin üstünə". Sonra "Azər" yazdı, "Bay" yazdı, Dedi ki, "Can" sözünə yer azdı". Vətən xəritəsindəki bu natamamalıq təkcə bir insanın deyil, bizim hamımızı narahat edir bu, başımıza gələn fəlakətlərin izidir. Şairənin "Vətən adlı" kiçik şeiri sanki bu böyük duyğunun bir ifadəsi kimi səslənir:

  

   Parçalanıb ələnmisən,

   Oğulları didərgin-sən,

   Dilim-dilim bölünmüsən,

   Vətən.

   Xarı gülü bəndə düşən,

   Bülbülləri dərdə düşən,

   Yolları kəməndə düşən,

   Vətən.

  

   Şairənin "Şəhidlər xiyabanı" şeirinə gəldikdə isə, qeyd edək ki, bu mövzuda onlarla şeirlər yazılmasına baxmayaraq seçilir, fərqlənir. Şair Şəhidlər Xiyabanını "Ruhlar məmləkəti" adlandırır. Deyir ki, burada daş da çiçək açar. "Ay gecələr lay-lay deyir, Yer , göy birlikdədir. Burda yatan şəhidlərdir. Burda yatan mələklərdir".

   Şairənin "Ömür nağılı"na "Suya yazılan sevda"sına qulaq asırıq. Bu rubrikadakı şeirlər həyat ömür fraqmentləridir. Ürəyin pıçıltıları, incə, zərif qəlbin səssiz nidalarıdır. Qeyd edim ki, bizim poeziyada pıçıltı lirikasının öncüllərindəndir Nazilə Gültac. deməkdir pıçıltı lirikası? "Pıçıltı" burada şərti məna daşıyır. Sakit axarlı, qəlbin mənbəyindən baş götürüb çöllərə, çəmənlərə doğru şığıyan misralarggecəyə, axar suya, sənsizliyə, ayrılığa, buluda, yarpaqlara yazılan şeirlərdir. Sanki pıçıltıyla deyilir.

  

   İllər boyu

   hey səni aradım.

   Bəlkə heç

   axtarmadığım

   sən idin.

   Gümanlarımın

   üzülən yerində,

   gəldik üz-üzə

   Başımı qaldırıb

   gözünə baxdım.

   İlahi! Orada mən vardım.

   Yaşanmayan bir ömrün

   başlanğıcına

   dönmək üçün,

   mən sənli bir yolun

   sonuna vardım.

  

   "Axtarış" adlanan bu şeirdə N.Gültac öz Allahını, Tanrısını axtardığından söz açır. Şeirin sakit, pıçıltılı axarında sanki biz yol gedirik.

   N.Gültac bədii təsvir vasitələrinə meyl edən bir şairdir. Onun "qəlbinin asimanında buludlar çiçək açır", orada "mavi işıqlar süzülür", "bir ulduz parlayır-məhəbbət həsrətiylə", "Nəğməli gecələrdə sevgi laylası eşidilir", "gözlərdəki işığı görüb Göy üzündə ay sevinir"...gBu bədii təsvir vasitələri bir şeirin içinə sığışdırılıb. Gəlin, yeni misallara müraciət edək.g"Suya yazılan sevda" da könüldən başlayıb üzü çaylara axan misralar "çiçəklərin üzündə kövrəlir damla-damla", "döşənir ayağına gecənin ulduzları". Görürsünüzmü, metaforik düşüncə tərzi şairənin şeirinin başlıca nüvəsini təşkil edir. "Şam işığı" şeiri isə bütövlükdə metaforik obraz yaradır. Mən deyə bilmərəm Nazilə Gültac Füzuliyə-dahi şairimizin yaradıcılığına, metaforik dünyasına necə bələddir, bəlkə heç ondan az xəbəri var, amma "Şam işığı" şeiri azca da olsa, Füzuliyanədir.

  

   Şam işığı, əriyirsən

   ömrüm kimi.

   Yoxdu tüstün.

   yoxdu istin.

   Yad nəfəsdən

   neçə yerdən sınırsan.

   Diksinirsən, titrəyirsən,

   yanırsan.

   Sanki gecənin

   ürəyi mən,

   Bəlkə, qəlbimin közü,

   Həsrətimin gözüsən?

   Ah, necə solğunsan.

   Yoxsa, bitən arzumsan?

   Şam işığı,

   Sinəmdən qopan ah tək

   Gecənin qoynunda

   itəcəksən.

 

   Nazilə Gültacın şeirləri həcmcə qısadır.

   Bu, əzəldən belədir birinci kitabında da gördük ki, həcmin qısalığı onun əksər şeirlərinin məna gözəlliyini itirmir. Bu kitabda da şeirlərin hamısı qısadır. (azı altı-yeddi, uzağı iyirmi misra). Əsas odur ki, qısalıq fikir natamamalığına aparıb çıxarmır. Buyurun. On misralıq gözəl bir peyzaj şeiri: " bulud":

  

   bulud, ağca bulud.

   Sanki gecə dənizdə

   islanıb duzlanmışdı.

   Asılmışdı səmadan

   günəş əritsin deyə.

   Hərdən rəngi saralır,

   bəzən bozarırdı.

   Qorxurdu gələr gecə,

   Onu qoparıb atar

   Yenə mavi dənizə.

  

   N.Gültacın şeirlərində fikrin, hissin təzadları xüsusilə diqqəti cəlb edir. Onun lirik qəhrəmanı üçün səciyyəvi olan keyfiyyətlərdən biri məhz budur...glirik qəhrəmanın getdiyi yollarda "bir yolun adamları" çox tezliklə ayrılırlar: hərəsi bir səkidə. Birisinin gözlərində çən. O birisinin saçlarında dən, duyğularında intihar, baxışlarında qubar.

    Nazilə Gültac indi yaradıcılığının ən gözəl çağlarındadı. Öz poetik imkanı səviyyəsində yazır, yaradır. İkinci kitabından rəğbətlə söz açdıq. Kitabdakı bir neçə zəif, beş-altı ortabab şeirin üstündən sükutla keçdik. Bəzi şeirlərində dilimizin poetik qanunları ilə uzlaşmayan söz ifadələri gördük, bunların təsadüflüyünə inandıq.

   Amma ən başlıca nöqsan odur ki, Nazilə Gültac birinici kitabda olan şeirlərinin demək olar ki, yarısını bu kitabda da verib. Buna tənbəllik deyərlər. Yazmaq lazımdır. Cül Renar-fransız yazarı deyir ki, istedad kəmiyyət məsələsidir. Yazar adam hər gün on səkkiz saat oturub yaza bilməlidir. Əlbəttə, istəmirik Gültac xanım on səkkiz saat oturub yazsın. Yox, o, bunu bacarmaz. Amma yazsın... Çünki o, şeir yazanda:

  

   Tufanlara qoşuluram,

   Fırtınayla savaşıram,

   Dəli Kürə qarışıram,

   Şeir yazanda.

   Dağ qoynunda

   bitən daşam,

   Daşlı bulağa sirdaşam,

   Göy gözündən

   axan yaşam,

    Şeir yazanda.

   Kol dibində

   bənövşəyəm,

   Zər qanadda

   bir bəzəyəm,

   Təbiətə bənzəyirəm,

   Şeir yazanda.

 

 

   Vaqif YUSİFLİ

 

   Ədalət.-2012.-17 noyabr.-S.13.