YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
(Hörmətli
oxucular! İki həftəlik proyektimizə ara veririk. Əməkdaşımız,
sevimli yazarımız Oqtay Salamovun vaxtsız
dünyasını dəyişməsi nədəniylə olan
bir şeydir bu.
Unudulmaz Oqtay Salamov haqqında
birinci yazımızı sizə təqdim edirik)
Məncə yazar üçün ən
çətin və yaşanmaz məqamlardan biri nə zamansa
yazdığın yazıdan zaman şəkilçilərini
dəyişməkdi. Sevimli Oqtay Salamov haqqında
düşünə-düşünə İskəndər
Palanın yazar Nəriman Əbdülrəhmanlının
çevirisində oxuduğum "BİZİM YUNUS"
romanını bir qırağa qoyuram və yadıma tələsik
düşən "MƏNCƏ YAZAR ÜÇÜN ƏN
ÇƏTİN VƏ YAŞANMAZ MƏQAMLARDAN BİRİ NƏ
ZAMANSA YAZDIĞIN YAZIDAN ZAMAN ŞƏKİLÇİLƏRİNİ
DƏYİŞMƏKDİ" sözlərini yazmağa
çalışıram.
Həqiqətən heç
inanmazdım ki, bu tezliklə mən Oqtay Salamov haqqında bir
zamanlar yazdığım yazıda zaman şəkilçilərini
bu qədər tez dəyişməyə məcbur olacağam.
Amma zaman amansızdır deyirlər, bəlkə də elədi.
Ha bu gün, ha sabah telefon açıb hal-əhval tutaram deyib,
müsəlmançılıqla keyf eləydim zamanlar, sən
demə yazar Oqtay Salamov çətin günlərini
yaşayırmış və böyük ümidim də o
idi ki, "ƏDALƏT" qəzetinin hər nömrəsində
onun imzasını görüb sevinirdim ki,yazmağa davam edir.
(OQTAY müəllim uzun sürən xəstəlikdən sonra
evində yaşamağa məcbur idi və sağ olsun "ƏDALƏT"
qəzetinin sahibi və baş redaktoru onun üçün
şərait yaratmışdı ki, yazılara davam etsin). Və
mən onun bütün yazılarına diqqətliydim, mütləq
göz atırdım yazılarına. (Yazının bu yerində
iş yoldaşım Nəriman içəri girir və "ƏDALƏT"
qəzetinin yeni sayını gətrir. Qəzet mənə gəlir,
amma məndən çox iş yoldaşlarım qəzeti
oxuyurlar və Nəriman tələsik deyir: yaxşı
şeylər var, Elşad Abdullayevin işində məşhur
yazarlardan birinin adı çəkilir yazıblar və bir də
deyir ki, bir nazirimiz Amerikada nə bilim neçə milyona ev
alıb. Əlavə edir: milyon bunlar üçün qəpikdir,
aman Allahım.
Bunları sonra oxuyaram.
Oqtay Salamov çox incə qələmə
sahibdi və son dərəcə sarkazmla, ima ilə yazan bir
yazar idi və hər yazısında mütləq bir yeni detal
yaşamaqdadı. Və həmin detallardan biri üstündə
yazdığım yazıdan, şairlər demişkən
İLHAM alıb kədərlənmişdim və
aşağıdakı yazını yazmışdım.
YAZAR OQTAY SALAMOVUN SƏSSİZ
ÜSYANLARINDAN BİRİ
(bu həm də
bir çoxlarının üsyanıdır)
Çox hörmətli millət vəkili,
yazar və sözü keçən bir dövlət adamı,
"Ədalət"qəzetinin təsisçisi Aqil Abbas
yazır: JURNALİST EVİNİ SATIR... XƏSTƏXANA XƏRCİNİ
ÖDƏMƏK ÜÇÜN! Dostlar, Azərbaycanın
görkəmli bir jurnalisti ölümlə
çarpışır. Onu
ölümün əlindən hətta Tanrı da deyil,
yalnız və yalnız Tanrıya çevirdiyimiz PUL xilas edə
bilər.
O pul da onda yoxdur. Və
dünən eşitdim ki, evini satlığa qoyub. Bəli, Azərbaycanın görkəmli jurnalisti
ölümdən qurtulmaq üçün evini satır.
Bu müqəddəs Ramazan ayında...
arxasını yaza bilmədim".
Və bu həyəcanın
üstündən, mənim həqiqətən çox
hörmət etdiyim yazar və millət vəkili Elmira
xanım Axundovanın insafsız etirazına (yəni, jurnalist
niyə bahalı xəstəxanaya gedir ki...) yenə də
"ƏDALƏT" qəzeti özünün birinci səhifəsində
bir açıqlama ilə çıxış etməyə
məcbur olub. Açıqlamada deyilir: "Bakı xəbər"
qəzetində millət vəkili Elmira Axundova bu məsələylə
bağlı belə bir tövsiyə edir ki, jurnalist baha
başa gələn Klinik Xəstəxanaya deyil, dövlət
tibb müəssisələrində pulsuz müalicə
olunmağa üstünlük verməli idi.
Elmira xanım siz
inanırsınız ki, dövlət tibb müəssisələrində
müalicə pulsuzdur?! İkincisi (sizin
üçün bir arayış verək. Oqtay Salamov Klinik Xəstəxanaya öz xoşu ilə
getməyib. Ondan əvvəl üç
dövlət müəssisəsində təcili yardım
maşınlarında gəzdirlib, amma qəbul etməyiblər
və göndəriblər ora. Məcburiyyət
qarşısında gedib. Çox istərdik
ki, bir millət vəkili kimi maraqlanasınız ki, niyə
dövlət tibb xəstəxanaları onu qəbul etməyib?
DİQQƏT!!!!!! DİQQƏT!!!!!!
DİQQƏT!!!!!!
Bizim hər birimizi bu müsibət
gözləyir!!!!!! Bu cür olmasa da, buna bənzər
müsibətlər qapımızın ağzındadır.
Kimdir axı bu OQTAY
SALAMOV!!!!!!!!!!!!!!!!
"Ədalət"
qəzetinin yazarlarını sürəkli, mütəmadi izləyirəm.
Çünki özüm də bu qəzetə
yazılar yazıram və "Ədalət" qəzeti həqiqətən
də xalq qəzetidir. Buradakı yazarlarla
mütəmadi görüşlərim olmasa da, aradabir
yazımı səhifəyə yerləşdirəndə
onlarla rastlaşıram və onların yazılaranı izlədiyim
üçün bəzi xoşuma gələn məqamları
özlərinə deyirəm.
Könülləri xoş olsun deyə
yox, onlar artıq professional yazarlardır və hər
yazını da öz istədikləri kimi yazmırlar, yəni
hər bir yazı xoşa gəlsin deyə
yazılmır, bunu eləmək də çox çətindir.
Gündəlik yazı yazıb "amerika kəşf
eləmək" mümkünsüz bir şey. Bunu mən bir neçə dəfə demişəm
və hər bir oxucu da öz yazarından həmişə
yaxşı yazı gözləməyə
çalışır, amma yaxşı yazılar da hər
zaman yazılmır. Yaxşını, pisi ayırmaq indi
daha müşkül bir iş olduğundan, bunun ucunu alıb
ucuzluğa getməyək. Təbii ki, sovet
terminalogiyası ilə desək ürəkdən tikan
çıxardan yazılar da olur.
Başdan ayağa
kimi olmasa da, hər bir yazının içində ürək
sərinlədən bir şeylərin olduğunu mən hər
zaman hiss etmişəm və yazar da mümkün olduqca məhz
o fikrini çatdırmaq üçün yazını
yazır. Kim onu başa düşür, kim
başa düşmür, bunu artıq buraxırıq oxucunun
hesabına.
Və mən çox sevdiyim bir misalı hər zaman yada salıram; məşhur
yazıçı İlya Erenburq bir nəşriyyata bir roman
verir, təxminən 400-500 səhifəlik bir roman və nəşriyyat
o romanın redaktəsini verir yenicə gəlmiş cavan bir
redaktora.
Gənc redaktor
romanı oxuyur və kiçik redaktədən sonra sevinə-sevinə
İlya Erenburqu nəzakətlə nəşriyyata
çağırır və romana baxmağını istəyir.
Erenburq romana baxır, orada iki sözün dəyişildiyini
görür və sakitcə romanı qoltuğuna vurub gedəndə,
gənc redaktor təlaşla:
İLYA QRİQORYEVİÇ BƏS ROMANI HARA
APARIRSINIZ?
Erenburq yenə də çox nəzakətlə:
mən romanımın burada çap olunmasına etiraz edirəm.
Redaktor daş
atıb başını tutur və yalvarır ki, bəs mən
işə təzə gəlmişəm, baş redaktor məni
işdən qovacaq. Axı bir səbəb
olmalıdır.
"Səbəb,
oğlum, - deyir Erenburq. Sizə bir misal çəkim:
öküzün nə olduğunu bilirsiniz və bilirsiniz ki, bəzən
öküzü axtalayırlar. Baxın,
öküz axtalanmadan öküzdür, o axtalanandan sonra onda
öküzlük qalırmı? Sən də
mənim bu romanımda olan iki ən mühüm
sözümü çıxarıb atmısan. Ona görə də romanımı geri
götürürəm".
Təbii, bunun
olub-olmadığını dəqiq bilmirəm. Amma sovet ədəbiyyatında belə bir hadisənin
olduğunu mən rus mətbuatından oxumuşdum və ibrətamiz
bir olay kimi hafizəmdə ilişib qalıb.
Düşünürəm
ki, redaktə çox incə və zövqə bağlı
bir işdir, bunu gərək yazarın özü kimi hiss edəsən.
Bir müddət öncələr
növbəti yazı olaraq yazar Oqtay Salamovun bir
yazısını səhərin gözü açılmadan
"ƏDALƏT"in internet saytında oxuyuram və bütün
bu yazdıqlarım məni rahatsız etməyə
başlayır və bu fikirlərimi Oqtayın ünvanına
ismarlamaq üçün keçirəm bilgisayarın
arxasına. Oqtay Salamovun yazısı demək
olar ki, məişət mövzusunda bir yazı, bəlkə də
məişət deyil, ağrılı-acılı bir cəmiyyət
haqqında bir yazı.
YAZAR
OQTAY SALAMOVUN YAZILARDAN ALINTILAR
"HALAL HALAL OLACAQMI?"
2012-10-16 00:45:11
Ötən həftə
bir rəsmi açıqlama oldu ki, bəs Azərbaycanda
"Allahu Əkbər" deməyən sahibkara
"Halal" standartı verilməyəcək.
Ədalət qəzeti.
Tarix 16.10. 2012.
Ötən həftə
bir rəsmi açıqlama oldu ki, bəs Azərbaycanda
"Allahu Əkbər" deməyən sahibkara
"Halal" standartı verilməyəcək.
Dinimizin, şəriətimizin
başlanğıcından bəri dediyi fikri nəhayət ki,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi də dedi: "Dövlət Komitəsi:
"Heyvanı "Bismillah, Allahu Əkbər!" deməklə
kəsməyə başlamaq lazımdır". Amin!
Çox istərdim ki,
şou-biznesdə olan fonoqram heç olmasa burada tətdiq
olmasın, ən azından bir molla tutub maaşını
versin ki, qəssab bu kəlmələri deyə bilmirsə, barı molla desin.
Dünyanın
harasında müsəlman yaşayırsa, orada "Halal"
standartlarının nə olduğunu bilirlər. Deyəsən bizimkilərin də müsəlman
olduqlarını nəhayət ki, qəbul etdilər. Amma çox çətin. Nə qədər
ki, bizim vətəndaşın bünovrəsi qoyulanda
"Bismillah" deyilmirsə, onun süfrəsinə
qoyulanı yeyəndən sonra "Ələhimdüillah"ı
ürəklə deyə bilməyəcəyik...
Ədalət qəzeti.
Tarix 13.10.2012
"FANTASTİKA: YALTAQLIĞI QANUNLA QADAĞAN EDƏK!"
Yazıya şəkil axtaranda
"Nizami Cəfərov: Yaltaqlıq insanın təbiətidir..."
başlıqlı yazıya rast gəldim. Sən
demə, başqa vaxtlarda başqa deputatlar da yaltaqlıq haqda
fikirlərini bölüşüblərmiş.
Bir neçə sitatı təqdim
edirəm:
Yaltaqlıq və rüşvətxorluğun
himn, bayraq və gerb kimi Azərbaycanın atributu olduğunu
deyən Fazil Mustafanın sözlərinə görə, bu
ikisindən hansısa birini sıradan çıxartsaq dövlətimiz
üçün ciddi zərbə ola bilər:
"İnsanlar bir-birindən asılı olduğundan
yaltaqlanmağa məcbur olurlar. Təsəvvür
edin ki, yaltaqlanmayan bir məmurun günü səviyyəsiz
müdir qarşısında qaradır".
Millət vəkili İlyas
İsmayılov yaltaqlığı Azərbaycan cəmiyyəti
üçün böyük bəla sayır: "Bunu
heç cür qadağan etmək olmaz. Sadəcə
burada tərbiyəvi işlər aparmaq lazımdır. İnsanlar məmura yaltaqlanmasınlar, cəsarətli
olsunlar".
Nizami Cəfərov: "sovet
dövründə yaltaqlıq var idi. Amma yenə yaltaqlıq
olsaydı, yaxşı olardı: "Halbuki bu gün cəmiyyətdə
elə aqressiv münasibətlər var ki, heç kim heç kimi tanımır. Hər
halda bu ümumbəşəri hadisədir.
Saymazyanalıq da var, yaltaqlıq da var. Bunlar bir-birilərini
tamamlayır..."
İqbal Ağazadə
artıq bunun Azərbaycanda yaşam tərzinə
çevrildiyini söylədi. Onun fikrincə,
yaltaqlığı aradan qaldırmaq üçün ilk
növbədə yaşam tərzi dəyişməli, hakimiyyətin
münasibətləri dəyişməlidir. Yalnız
bundan sonra bu söz aradan qalxacaq: "Bunu heç bir qanunla,
qadağa ilə aradan qaldırmaq olmaz. Axı yaltaqlananda
heç kim demir ki, yaltaqlanıram. Hamı deyir ki, onun haqqında həqiqəti deyirəm".
(HƏR
İKİ HİSSƏ DAVAM EDƏCƏK)
Tofiq
Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-17 noyabr.-S.15.