"EHRAM" sakinləri

 

   (əvvəli ötən saylarımızda)

  

   "Ehram" romanında vulqarizmlə yanaşı neologizm və terminlərə də çox təsadüf edirik. Hətta romanın əvvəlində müəllif iki sözün (koaksiya, limitləşdirici faktor) izahını özü verir. Romanda bu cür sözlər fikrin məna çalarını zənginləşdirməyə xidmət edir. Məsələn, "assimmetrik ağızlı", "konformizm nəhəngi", "periferiya əhalisi" və s. romanda hadisələr ilə səsləşməyən sözlər, fikri daha dəqiq və aydın ifadə etməyə kömək edir. Bununla yanaşı Ə.Nicat "fortuçka", "izdaç", "druq", "upakovka", "ustritsa", "zanit" və başqa varvarizmləri işlədərək romanda qoyulan əsas qayəni açmağa çalışır.

   Nümunələrdən göründüyü kimi, Əlisa Nicat romanda dilin imkanlarından məhartlə istifadə etmiş, təsvir etdiyi obyekti bütün canlılığı ilə göstərməyə çalışmışdır. Yazıçının əsərlərində bədii dilin emosionallığı hadisə və əhvalatların təsir gücünü artıran faktor kimi çıxış edir.

   Romanın bədii-sənətkarlıq xüsusiyyətlərindən bəhs edərkən bir məsələni də yaddan çıxarmaq olmaz ki, müəllif romanda həyat hadisələrinə yer verərək, bəzən bu hadisələrə fəlsəfi yöndən yanaşır. Məsələn: "İnsan aydındır ki, təkamülün son məhsuludur, lakin Ehramlılar onların da sonuncuları idilər. Necə olmuşdu bu mərtəbəyə enmişdilər? Bəlkə təkamülün səhv addımı idilər".

   Yaxud da cavab tapmadığı suallara fəlsəfi düşüncəylə yanaşaraq "Ehram"da qoyduğu problemlərin həllini axtarır: "Həyat demək olar ki, hər gün eyni hadisələrin təkrarıdır, sadəcə, növbə dəyişir. Beləcə günlər bir-birini təkrar edir, gözlənilənlər olur və ya da bəzən olmur ki, bu da gözləniləndir. Olanlar təkrar olur, olmayanlar da təkrar olmur. Nadir hallarda yeniliklər, bulud dalından çıxan günəş kimi boylanır, yenə də itir". Bu arada onu da qeyd etməliyik ki, Əlisa Nicat hansı janrda yazır yazsın onun qələmə aldığı yazılarda fəlsəfi ruh özünü göstərir. Bu da səbəbsiz deyil. Çünki, Sovet hakimiyyəti illərində sosializmi, onun quruculuğunu mədh edən əsərlər yazılmalı idi. Əlisa Nicat xalqını əsarət zəncirində saxlayan bir hakimiyyəti təbliğ edə bilməzdi. Buna görə də, o, çoxları üçün maraq dairəsi olmayan fəlsəfi ədəbiyyatla maraqlanmış, bütün varlığını Şopenhauer, Nitşe, Kamyu, Coys və s. kimi filosofların tərcüməsinə həsr etmiş, bu yolda saç ağartmışdır. Bunun nəticəsidir ki, müəllifin bütün tarixi əsərlərindən bir xətt keçir, elmə sədaqət. Elmsiz onun nə bir tarixi əsəri, nə də fəlsəfəsiz bir ədəbi əsəri var.

   "Ehram" romanında süjet xətti müəyyən zaman keçidləri ilə müşayiət olunur. Bəzən müəllifin təsvir etdiyi dövrlə yer və məkan uyğunsuzluğu yaranır. Qədim Misirdən danışarkən o dövrün ab-havasını verməyən bir sıra günümüzə xas ifadələr işlədir. Məsələn: "...saysız özəl və dövlət unversitetlərinin Jurnalistika və Filologiya fakültələrinin aramsız "istehsal" etdiyi dəyərsiz, bacarıqsız və savadsız, amma sırtıq və inadkar "nümayəndələrinin" fəallığı nəticəsində günü-gündən genişlənirdi". Göründüyü kimi yazıçının tarixi mövzulu romanında bu cür hadisələri qələmə alması oxucuda anlaşılmazlıq yaradır. Ancaq qeyd edək ki, əsərdə yazıçı yaşadığı mühiti yalnız sətiraltı mənalarla ifşa edə bilər. Bu cür tənqid isə daha tutarlı və sərt olur.

   Müəllif həm "Ehram" , həm də "Artakserks və Midya türkləri" romanları haqqında danışarkən qeyd edir ki, "...onlara müxtəlif baxımdan yanaşmaq, hər cür təhlil etmək olar. Bu isə, yazıçının daxili potensialını göstərir..". Doğrudan da "Ehram" romanı oxucudan müəyyən ədəbi hazırlıq tələb edir ki, məhz həmin bu cəhətinə görə də bu romanı oxuyan oxucu yazıçının nə demək istədiyini anlaya və dərk edə bilsin. Yazıçı müxtəlif bədii priyomlardan - fantastika, simvol və s. geniş istifadə edərək qələmə aldığı dövrü müasir tələblər və yeni baxışlar zirvəsindən təcəssüm etməyə nail olmuşdur. "Amma söz demək, danışmaq əvəzinə görünməmiş bir hadisə baş verdi. "Müəllimə" hürməyə başladı. Əvvəlcə Sarsılmaz heyrətlə buna inana bilmədi, amma həddən artıq tez-tez qəzəb və çılğınlıqla hürməyə başlayan dişinin bu sürpizi real bir vaqeə idi". Ümumiyyətlə "Ehram" romanında istifadə olunan şərti-rəmzi səciyyəli obraz və ünsürlər ilk növbədə, hadisələrin ictimai mahiyyətini açmağa xidmət edir. Əlisa Nicat bu barədə yazır ki, "Əsərdəki fantastika elementləri də əslində açıqlanması sərfəli olmayan real hadisələrin yeganə mümkün ifadəsidir".

   Romanda hər şeydən əvvəl obrazlar diqqəti cəlb edir. "Ehram" da insanlar nə qədər yekcins olsalar da müəllif burada bənzərsiz insan xarakterləri yaratmışdır. Sarsılmaz obrazı əsərin mərkəzində dayanan surətlərdəndir. İlk səhifələrdən başlayaraq romanın sonuna kimi oxucunu Sarsılmaz adlanan bu yeganə, ləyaqətli insanın fəaliyyəti maraqlandırır. Sarsılmaz əsərdə bir növ simvollaşdırılmış, müqəddəsləşdirilmişdir. Ona görə də romanda zaman anlayışı silinərək, mücərrədləşdirilir və birbaşa, ardıcıl süjet xətti və kompozisiya və fabula çərçivəsindən kənara çıxır. Əsərdə müasirlik ruhunun üstünlüyü əsəri daha da oxunaqlı edir. Belə demək olarsa müasirlik romanın onurğa sütununu təşkil edir. Digər yandan ezop dili əsərə yeni keyfiyyətlər də verir ki, bu da romanda obrazlar aləminin oxucuya bir növ araşdırıcılıq səlahiyyəti verir. Fikrimizcə əsərdəki ezop dilini bir kənara atsaq əsər aftobioqrafik roman prinsiplərinə də cavab verir. Məhz Sarsılmaz obrazı bədii əsər qəhrəmanından çox elə həyat qəhrəmanı kimi, təbii inandırıcı və canlı verilmişdir. Əlisa Nicatın həyat və yaradıcılığına bələd olan hər bir kəs şübhə etmədən romandakı hadisələrin böyük bir qismində müəllifin həyatından alınmış faktları aydın sezə bilir.

   Avtobioqrafik romanın süjeti Sarsılmaz obrazı ilə tam uyğundur. Çünki, bu süjet bütövlüklə qəhrəmanın sosial və xarakteroloji müəyyənliyinə və həyati təcəssümünə əsaslanır. Qəhrəmanın xarakteri ilə onun həyatının süjeti arasında dərin üzvi vəhdət olmalıdır. Bioqrafik roman belə bir vəhdət üzərində bərqərar olur. Qəhrəman və onu əhatə edən obyektiv aləm vahid bir parçadan yaradılmalıdır. Əlisa Nicatın Sarsılmaz obrazı isə bu mənada təcəssüm tapmışdır. Bu baxımdan "Ehram"ı ədəbiyyatımızda tarixi-bioqrafik romanın gözəl nümunələrindən saymaq olar.

   Romanda fərdi cizgiləri ilə verilən başqa yaddaqalan surətlər də vardır. Bunların içərisində II Yekaterina, Xubxor, Xeyirxah Şeytan və başqaları seçilir. II Yekaterina müəllifin romandakı Sarsılmaz obrazının çoxşaxəli həyat yolunda duran "qara daş"lardandır. Romanın əvvəlində bu obraz haqqında məlumat verilsə də, növbəti hissələrdə Sarsılmaz və onun arasındakı münasibətlərə geniş yer verilmişdir. Eyni zamanda Əlisa Nicat romanda tiranlıq dövründə Kam, Mil, Göydənizli, Nuxulu, Xırxır, Enlisifət və s. kimi şair və yazıçıların tutduğu mövqeyini də canlandırır ki, onlar da Sarsılmaza qarşı yekdil idilər.

   "Ehram" romanında müsbət surət azlıq təşkil edir ki, bunlardan biri Xubxor obrazıdır. O, Ehramın cənubunda Xammamat şəhərində Fironun qardaşı idi. Xubxor səbirli və xeyirxah bir insandır. Əvvəllər səfalı guşədə yaşayan Xubxoru, qardaşı Xammamata gətirib sarayda əyləşdirir. Saraya gəldiyi gündən vilayətin yaramaz və səviyyəsiz adamlarını vəzifəsindən kənar edir. Firon isə yeganə qardaşını çox sevdiyindən onun hər cür hərəkətinə göz yumurdu.

   Yazıçının, xüsusi sevgiylə, insanlıq duyğularından kənar həyatını incəlikilə qələmə aldığı Firon-Tiran obrazı, müxtəlif zamanlarda Yer kürəsinə gələn, şahlıq taxtına oturduqdan sonra heç bir vəchlə buraxmaq istəməyən tiranların ümumiləşmiş, gerçək simasını yaradır. Bu baxımdan "Ehram" romanı, millətlərin modern cəmiyyətə doğru irəlilədiyi bir vaxtda, çərçivəli dünyaya baxışları ilə mənsub olduğu xalqı əsarət zəncirində boğan tiranlara qarşı yazılmış bədii salnamədir.

 

     Ədəbiyyatımızda ilk roman - şərh

 

   "Ehram" romanı Azərbaycan ədəbiyyatında yeni nəfəsdir. Bu roman indiyə-nədək Azərbaycan ədəbiyyatında yazılmış romanlardan tamamilə fərqlənir. Əlisa Nicat özü qeyd edir ki, "həm "Ehram", həm də "Artakserks və midya türkləri" ümumiyyətlə nəsrdə tamamilə yeni sözdür". Bu cəhətdən hər iki romanın janrı müxtəlif cür adlandırıla bilər. Hər iki romanı həm bədii-publisistik roman, həm tarixi-bioqrafik roman, həm də tarixi-publisistik roman kimi səciyyələndirmək olar. Çünki, romanda çağdaş dövrümüzün hadisələri tarix üzərinə köçürülmüş, yazarın ezop dili ilə həyat və yaradıcılığının təsviri öz əksini tapıb və bu hadisələrdə müəllifin bədii şərh ilə bərabər, publisistik təhlilləri də yer almışdır. Lakin müəllifin təhkiyəsi şərhçilik xarakteri daşıdığından Əlisa Nicat romanın ön sözündə qeyd edir ki, "Bu, bir növ roman-təhlil, roman-şərhdir". Biz də müəllifin sözləri ilə razılaşır və romanı ədəbiyyatımızda yazılmış ilk roman-şərh kimi qiymətləndiririk. Yazıçı roman-şərh ifadəsinə də aydınlıq gətirərək yazır ki, "...situasiyanın özünün qeyri-adiliyi üslubun yaranmasına səbəb olmuşdur". Göründüyü kimi yazıçının romanda qoyduğu problemin ciddiliyindən, həyati situasiyaların ürəkaçan olmadığından müəllifin düşüncəsi janrı-üslub xüsusiyyətlərinə önəm verməməsinə səbəb olmuşdur. Əlisa Nicat yazır ki, "Ehram" müəllifin bir səhifə sonra nədən danışacağı və nə təsvir edəcəyini bilməyərək yazılan yeganə əsəri, bir növ Allahın kainatı yaratdığı kimi bir "elektron"dan yaranmış bir əsəridir. Aydın olur ki, müəllif romanı yazmağa başlayarkən cəmiyyətdə müşahidə etdiyi hadisələrin təsvirini düşüncə axarına buraxmışdır.

  

   ***

 

   Bütün dediklərimizdən belə nəticəyə gəlmək olar ki, "Ehram" məzmun-mündəricəsinə, mövzu və ideyasına, dil-üslub xüsusiyyətlərinə görə ədəbiyyatımızda yeni keyfiyyətlərə malik romandır. "Ehram" romanında təsvir olunan hadisələr müəyyən çərçivəyə salınsa da ciddi bəşəri problemlərə də toxunulmuşdur. Roman bir növ real diktatura əleyhinə gizli etirazdır. Əsərin mərkəzində konkret cizgilərə uyğun, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən Firon obrazı, bir əsr boyu dəyişərək məhv olmaq bilməyən, xalqının hər bir fərdini manqurtlaşdıraraq, lazım gəlsə onların qanına bais olmuş bir diktatorun hekayəsi durur. "Ehram"dakı əhvalatların rəmzi şəkildə düşünüldüyü şübhəsizdir. Yazıçı tarixdən götürdüyü qeyri-adi süjet çərçivəsində göstərmək istəyir ki, tiranlığın hökm sürdüyü cəmiyyətdə yaşayan xalqın hər bir üzvü fiziki cəhətdən yaşasa da, "canlı ölü"dən başqa bir şey deyil. Düzdür, bəzən bu "canlı ölülər" içindən ayıq, vicdanlı, namuslu adamlar "dirilir", ancaq onlar da vaxtilə tiranlar tərəfindən idarə olunmuş cəmiyyətin milli şüurunun və mənəviyyatının hissələri olduqlarından hər hansı bir radikal əməl törətməkdən uzaqdılar.

   Əsərin baş qəhrəmanlarından olan şair-Sarsılmaz obrazı əsər boyu daxili sarsıntı və ətrafındakı mənəviyyatsız cəmiyyətin psixoloji gərginliyi ilə baş verənlərin gah qurbanına, gah da seyirçisinə çevrilir. Müəllif əsər boyu surətlərin böyük qisminə qarşı Sarsılmaz obrazını qoyur. Eyni zamanda Sarsılmaz totalitar rejimdə hökmdarları mədh etməyən namuslu yazıçıların ümumiləşmiş obrazıdır.

   "Ehram" romanının mövzusu tarixdən alınsa da müəllif burada daha çox tarixilik prinsipinə ciddi yanaşmamış, qarşısına qoyduğu problemi tarixilik və müasirlik vəhdəti şəklində aparmışdır. Roman bir növ leytmotivlər sistemidir. Bəzən müəllif bilərəkdən dönə-dönə eyni bir motivin üstünə qayıdır. Bu romandan çıxan nəticəni oxucuya tam şəkildə çatdırmağa yardımçı olur.

   "Ehram" ədəbiyyatımızda ezop dili ilə yazılmış mükəmməl romandır. Əlisa Nicat yaradıcılığına xas olan ezop dili "Ehram" romanında bütünlüklə özünü göstərir. Bunun üçün oxucudan hazırlıq tələb olunur. Yazıçının özünün dediyi kimi "Bu əsər sırf intellektuallar üçündür".

   Ümid edək ki, bu "Ehram" romanı bütün çərçivələri sındırar, tək intellektualları üçün yox, sıradan vətəndaşların da masaüstü kitabına çevrilər.

 

 

   Şah

 

  Ədalət.-2012.-20 noyabr.-S.7.