"İsanın əlini tutub yatıram"
İsa Hüseynovun xanımı:
"Allah eləsin bir yerdə ölək"
İsa Hüseynovun həyat
yoldaşı Firuzə xanım ixtisasca həkim olsa da
heç vaxt işləməyib. İşi-gücü İsa
Hüseynova əsərlərini yazmaqda kömək etmək
olub. Bəli, kömək etmək, çünki hər
böyük kişinin arxasında möhtəşəm bir
qadın durur.
Toyumuzu qadınlar çırtıq çalıb
oxumaqla elədilər
Biz İsa ilə xalaoğlu,
xalaqızıyıq. Aramızda elə bir söhbət
olmamışdı. Bir gün mənə başqa yerdən
elçi düşdülər, İsanın atası bizə
gəlib elçilərə dedi ki, mən Firuzəni heç
kimə vermirəm, çünki onu öz oğluma alacam.
Söhbət mənə çatanda dedim ki, o, mənim xalam
oğludur, qardaşımdır, mən ona gedə bilmərəm.
(Söhbətin bu yerində öz masası arxasında əyləşib
başıaşağı öz işindəymiş kimi təsəvvür
yaradan İsa Hüseynov ürəkdən güldü. Firuzə
xanımın isə onun gülüşünə
dodağı qaçdı və söhbətinə davam
etdi.)
Mən Bakıda oxuyurdum, anamdan məktub
gəldi. Yazırdı ki, qızım, xalan və onun əri
olmasaydı biz atan müharibədə həlak olandan sonra
Allah bilir hansı günlərə qalardıq, onlar bizə
çox kömək olublar. Bu məktuba görə anamdan
küsdüm.
Adətimizcə bayramları qohum-əqrəba
ilə bir evə yığışıb qeyd edərdik. Yenə
yığışmışdıq, İsmayıl
Şıxlı da orada idi. Mənə dedi ki, Firuzə,
İsa yaxşı yazıçı olacaq, indidən qələmindən
bəlli olur, özü də yaxşı oğlandır.
Ondan sonra İsmayılla İsa qaldığım tələbə
yataqxanasına o qədər gəlib-getdilər ki, axırda
saqqızımı oğurladılar.
Toyumuz oldu, əgər ona toy demək
olardısa. Müharibədən sonra, 50-ci illərin əvvəli,
çətin vaxtlar idi. Yadıma düşəndə
ağlamağım gəlir. Anam müəllimə idi, məktəbdən
çıxıb bağçada işə girdi ki, balaca
bacı-qardaşımı özü ilə aparsın
bağçaya, böyüyü mən idim, qalanlarına da
evdə mən baxırdım. Məktəbdən gəlirdim,
görürdüm Gülarə bacım geyinib hazır məni
gözləyir, ikimizin bir ayaqqabısı vardı, mən
çıxardırdım, o, geyinib gedirdi. Nə isə, elə
toyumuz da bu əhval-ruhiyyə ilə oldu. Qadınlar
yığışdılar bizə, biri əli ilə mizin
üstündə ritm tuturdu, biri oxuyurdu, qalanları da əl
çalırdılar. Oxuyanı ağlamaq tuturdu, o biri
qadın onun ağzından musiqini alıb davam etdirirdi.
Heç birinin əri müharibədən
qayıtmamışdı, ürəkləri yaralı idi. Bu
minvalla məni yola saldılar İsagilin evinə.
İsanın da atası işi ilə
bağlı haqsızlığa düçar olmuşdu,
işini məhkəməyə vermişdilər, bütün
ailə səksəkə içində yaşayırdı. Məni
apardıqları gün haradansa aşıq gəlib
çıxdı. İsanın atasının da,
babasının da toyunu həmin aşıq eləmişdi.
İsanın adı vaxtsız rəhmətə getmiş əmisinin
adıdır. Alı adlı bu aşıq eşidəndə
ki, İsanın toyudur gəlib o İsanın da toyunun əvəzini
bu İsanın toyunda iştirak etməklə
çıxsın. Bütün gün çaldı, oxudu,
bizi təbrik etdi.
Gecələr
o, yazır, mən ağlayardım...
Gəldik Bakıya. İsa əvvəlcə
"Azərnəşr"də işlədi, sonra
Yazıçılar İttifaqının jurnalında işləməyə
başladı, evdə də gecələr səhərə qədər
yazırdı. Kirayədə qalırdıq. Bütün
çətinliklərə dözürdüm, çünki
artıq alışmışdıq çətinliyə. Bir
gün onu Moskva Qorki adına Ədəbiyyat İnstitutuna
göndərdilər, məni də götürüb getdi. Orada da Moskva ətrafında bir ev tutduq, Konstantin Simonovla qonşu idik. Orada da çox əziyyətlərimiz
oldu, şaxtalara da öyrəşə bilmirdim. İsa çox qoçaq
idi. Tez bir zamanda rus dilini öyrəndi,
müəllimlərin sevimlisi
oldu. Tərcümələr edirdi, dolanırdıq.
Stalinin göstərişi ilə
yataqxananın yanında
tələbələr üçün
xüsusi mağaza açılmışdı, orada
hər şey ucuz idi.
Oxudu qurtardı, gəldik
Bakıya. Yenə kirayələr
bizi gözləyirdi.
Mən heç vaxt işləmədim, yeddi bacı-qardaş mənim idi, yeddisi də
İsanın. Onlar hamısı
rayondan gəldilər
bir-bir oxudular getdilər. Hamısının qulluğunda dururdum,
əziyyətini çəkirdim.
İsanın evdən, məişətdən
xəbəri olmazdı,
gündüzlər işdə,
gecələr də miz arxasında yazardı. Səhər o, işə gedəndən
sonra yazdıqlarını
oxuyub ağlayardım.
Gözəl yazırdı, qəhrəmanlarının
da hamısı öz müasirlərimiz, hadisələr öz yaşantılarımız. Həyatımızı görürdüm o əsərlərdə.
Düz 19 il övladımız
olmadı, ilk vaxtlar bu heç yadıma
da düşmürdü,
amma bacı-qardaşlarımız
yerbəyer edəndən
sonra başqalarının
yanında uşaq görəndə düşünürdüm
ki, mənim niyə bir övladım
olmur, kaş olaydı. Çox yox, elə bir
qız övladı arzulayırdım, ağlayırdım
1957-ci ildə bizə ev
verdilər. Dördotaqlı evin iki otağını Qabilə
verdilər, ikisini də bizə. Onların da uşaqları olmurdu, bizim də. Yenə çətin idi, çünki Qabil səs-küylü adam idi. Bir az müddətdən sonra ayırdılar bizi. Bizə üçotaqlı
ev verdilər.
Yazıçılar Mehdi Hüseynə
irad tutdular ki, niyə İsaya
üç otaq verirsiniz, onun uşağı yoxdur.
Mehdi Hüseyn dedi ki, mən
evi yazıçıya
verirəm, uşağa
yox, İsa böyük yazıçıdır.
19 ildən sonra Allah bizə Türkiyədə
övlad Verdi
Yazıçı ilə yaşamaq
çox çətindir,
hər qadın dözüb yaşaya bilməz. Əsil yazıçı ilə yaşamaq cəhənnəm əzabını
çəkməkdir. Hələ də özümü ona həsr edirəm.
İsa ilə bir yataqda
aramıza bir torba iynə-dərman qoyuram, təcili yardım üçün.
İsanın əli əlimin
içində yatıram.
Vəziyyəti dəyişəndə əlləri soyuyur, yaxud tərpənir tez durub Sevinci
çağırıram, ilk yardım eləyir. Mənim ayaqlarım, əlim artıq yaxşı işləmir, yerimdən tərpənincə görürəm
ki, Sevinc artıq başımızın
üstündədir.
Türkiyəyə getmişdik, o vaxt
xaricə, xüsusilə
Türkiyəyə heç
kimi buraxmazdılar.
Bir qrup yazıçını
dövlət xətti
ilə ailəvi göndərmişdilər. Rəsul Rza ilə Nigar
xanım da bu qrupda vardı.
Nigarın iki qardaşı
Türkiyədə olurdu.
İlahi,
onun qardaşı bizi qarşıladı, o səhnəni görmək
lazım idi, qucaqlaşıb necə ağlaşırdılar. Hələ ayrılanda necə bir səhnə oldu, deyiləsi deyildi. İsmayıl Şıxlını isə oradakı dayıları ilə görüşməyə qoymadılar.
Türkiyədə
olanda Əli Vəliyevin gəlini, Məsudun arvadı dedi ki, gəl
gedək Ayasofyaya, müqəddəs yerdir niyyət elə həyata keçər. Ziyarətdən gəldik otelə, gecə İsa məni yuxudan oyadıb dedi: "Yuxuda mənə bildirdilər ki, sizə bir
qız verdik, adını Sevinc qoyarsınız".
Bakıya qayıtdıq, Allah bizə
bir qız övladı verdi,
adını da Sevinc qoyduq. İndi Sevincimizdən çox razıyam, iki xəstəyə baxır-atasına
və mənə.
Gecə də rahat yatmağı yoxdur, az
qala gözləri açıq yatır ki, ana. birdən atama nə isə olar, tez çağır
iynəsini vurum.
Gənclikdə çox yaraşıqlı
idim, İsa məni küçəyə
tək buraxmazdı.
Ondan xəyanət görməmişəm,
mənə çox sədaqətli olub. Özü də həmişə çəkdiyim əziyyətləri
qiymətləndirib, əməyimi
bilib. Məni çox istəyir,
indiyə qədər
də belədir.
Özünün də ayaqları
tutmur, amma mənim ayaqlarım ağrıyanda dizlərin
atıb yerə başlayır ayaqlarımı
ovxalamaya. 63 ildir bir yerdəyik,
indi onsuz həyatı təsəvvürümə
gətirə bilmirəm.
Son vaxtlar
tez-tez Marksın yeznəsi Pol Lafarqla xanımının
həyatını xatırlayıram.
Bir-birilərini çox seviblər,
övladları da olmayıb. Yaşlı
vaxtlarında ikisi də başdan-ayağa ağ geyinib,
əl-ələ uzanıb
dərman içib bir yerdə ölüblər, əbədi
ayrılmamaq üçün.
İndi deyirəm ki,
ay İsa, mən sənə dərman verə bilmərəm, çünki gecələr
yaşaman üçün
dərman verib saxlayıram səni, necə qıyaram. Özüm də içmərəm ki, sən tək
qalmayasan, Allah elə eləsin eyni gündə dünyamızı
dəyişək. (Bu yerdə İsa Hüseynov söhbətə
qarışır: "Yox,
mən sənə demişəm ki, qorxma, bizim ömrümüz
hələ uzun olacaq, xəstə olsaq da uzun
yaşayacağıq").
Ramilə Qurbanlı
Ədalət.-2012.-20
noyabr.-S.8.