İradə Tuncay: "Kiminsə
məni sevdiyini xatırlamıram"
"Orta
məktəbdə məni "müəllim" sözünə
hörmət etdirəcək müəllimim olmayıb"
Layihə:
"MƏKTƏB İLLƏRİ"
Güclü mütaliəsi, unikal
yaddaşı olan bu xanım cəmiyyətdə ən
çox tanınan xanımlardan biridir. Məmməd Arazın
ailəsində dünyaya göz açıb. Elə poeziya
ruhlu bir ailədə doğulması, o dövrün söz
adamlarının əhatəsində olması onu
uşaqlıqdan yazıya yönləndirib. Özünün
dediyinə görə, uşaq vaxtı ünsiyyətcil
olmayıb. Sakit, kövrək, həm də çox eqoist
böyüyüb. Uşaqlığı isə qadağalar
altında keçib. Dediyinə görə, atasının erkən
xəstələnməsi onun uşaqlığını da
bitirib. Həyat eşqi yüksək olan sevgi dolu xanım
"Ədalət" qəzetinin baş redaktoru,
yazıçı və publisist ... İradə Tuncay kədərli
xatirələrlə yaddaşına həkk etdiyi "Məktəb
illəri"ni Lent.az-a danışır.
"Ailəmiz oğlan gözləyirmiş, mən
doğuldum..."
1959-cu ildə Bakıda anadan
olmuşam. Doğulduğum ərəfədə atam Moskvada
imiş. Oğlu olacağını
gözləyirmiş, hətta ad da fikirləşibmiş.
Bunu sonradan anama yazdığı məktublarını
oxuyanda bildim. 7 il evdə tək
uşaq olmuşam. Həmin o təklik
möhürünü vurub həyatıma. Bacım məndən 7 yaş kiçikdir. Lakin bacımla mənim aramda uşaqlar doğulub
ölürlərmiş. Tək uşaq
olduğum üçün mən əziz-xələf
olmuşam. Həm də ərköyün
və eqoistliyimlə seçilmişəm. O vaxt bir
çox uşaqdan fərqli olaraq, mənim qeyri-adi
oyuncaqlarım olurdu. Çünki atam tez-tez
başqa ölkələrə gedirdi və oradan alıb gətirirdi.
Bir qədər də paxıl olmuşam. Dayım və xalam uşaqları mənim
oyuncaqlarımla oynamaq istəyəndə vermirdim.
"Anam xəstəxanaya gedəndə,
ağladım..."
Məktəbə
gedənə qədər xatırladığım kədərli
hadisələr var. Anam çox zaman xəstəxanada olurdu.
Çünki məndən sonra bir neçə
uşaqları doğulub, ölmüşdü. Ona görə də çox vaxt tək olurdum.
Qonşuluqda yaşayan uşaqların
hamısının bacı-qardaşı vardı. Mən də istəyirdim ki, tək olmayım.
Yaxşı yadımdadır, bacım doğulandan bir az əvvəl anam xəstəxanaya getdi. Xəstəxanadan çıxdı, lakin sonradan yenidən
ora qayıtdı. Mən çox pis
olmuşdum buna. Ağlayaraq dedim, "yenə gedirsən
xəstəxanaya?" Anam da söylədi ki, mənə
bacı gətirməyə gedir. O zaman heç müasir
aparatlar yox idi. Bilmirdilər, oğlan olacaq, ya
qız. Bacım doğuldu. Amma evdə
təbii ki, bütün diqqət körpəyə yetirildiyindən
mənə heç xoş gəlmirdi bu. Fikirləşirdim
ki, mən varam da neyləyirdilər, bu uşağı...
Heç mənimlə oynaya da bilməyəcək...
"Məktəb mənim üçün əzab
idi"
Uşaq ikən
indiki "Azad qadın" heykəlinin yanında
"Karamel" fabrikinin yanında evimiz vardı. Daha sonra oradan köçərək, uzun illər
"Sevil" kinoteatrı tərəfdə ikiotaqlı
"Xruşovka" evdə qaldıq. Birinci
sinfə 1966-cı ildə 21 nömrəli məktəbə
getdim. Məktəbə getmək mənim
üçün əzab idi. Yeni insanlara tanış
olmaq əzabı. Bilirəm ki, iki-üç
gün ağlamışam. 6-cı sinfə
qədər həmin məktəbdə oxudum. Daha sonra isə 13 nömrəli məktəbə
getdim.
"İbtidai sinif müəlliməm hesabı
yaxşı bilmirdi"
İbtidai sinif
müəlliməmin adı Səltənət idi. Bir məhəllədə yaşayırdıq.
Xanım-xatın qadın idi. Amma yadımdadır ki, hesabı yaxşı bilmirdi
(gülür). Məsələlərdə
hərdən səhvlər edirdi. Görürdün
ki, səhər gedib kimdənsə soruşurdu. Mən çox hazırlıqlı uşaq idim.
Balaca vaxtından vurma, bölmə əməllərini
bilirdim. Dərslərimi yaxşı
oxuyurdum. Amma ünsiyyətcil deyildim.
Bu da mənim tək uşaq olmağımın
nəticəsi idi. Sonradan bunu mən
özümdə tərbiyə etdim. İndi
də görürəm ki, bəzən insanlarla ünsiyyət
qurmaqda çətinlik çəkirəm. 4-cü sinifdən başlayaraq, inşalar
yazırdıq. Deyim ki, mən çox
yaxşı yazırdım. Öz
inşalarımla hamıdan fərqlənirdim. Yaxşı yazdığım üçün
deyirdilər ki, atası yazıb. O zaman atam cavan
olmağına baxmayaraq, tez-tez televiziyada
çıxışlar edirdi. Fərqləndiyim
cəhətlərdən biri də o idi ki, mən rus dilində
də yaxşı danışırdım. Çünki doğulandan sonra Moskvaya atamın
yanına köçmüşdük. Bir neçə il orada yaşadıq. Yəni, mən
paralel olaraq iki dildə danışmağa başladım.
Yasamal rayonu da elit rayonu deyildi. Dağlı məhəlləsinin uşaqları idi əksəriyyəti.
Orada rus dilini o qədər də yaxşı
bilmirdilər. Amma mən mükəmməl
bilirdim. Bunu qeyd edim ki, o vaxt ziyalı
zümrəsindən yalnız yazıçıların
övladları Azərbaycan dilində təhsil
alırdılar. Bu, yazılmamış
qanun idi.
"Mənim
beynim tarixçi beynidir"
Dərslərimi
yaxşı oxuyurdum. Yuxarı siniflərdə
tarix və ədəbiyyata marağım çox güclü
idi. Tarix fənni mənim ən sevdiyim fənn
olub. Bu günəcən də
oxuduqlarımın hamısı yadımdadır. Həmişə deyirəm ki, mənim beynim
tarixçi beynidir. Riyaziyyatı isə
heç sevməmişəm. Bünövrədən
yaxşı başlamadığım üçün bu fəndən
zəif idim. Baxmayaraq ki, qohumlarım mənimlə
məşğul olurdu. Amma yenə də
marağım yox idi.
"Atamın dərsdə oturmağından müəllimlərin
xoşu gəlmirdi"
Atam və anam dərslərimə
çox ciddi nəzarət edirdilər. Atam
tez-tez məktəbə gəlib, dərslərimdə oturub,
qulaq asırdı. Görürdüm ki,
müəllimlərimin atamdan xoşu gəlmirdi. Onlar elə düşünürdülər ki, atam
onlara nəzarət etmək üçün gəlib. Mən həm də həddindən artıq çox
mütaliə edirdim. Özüm hiss edirdim ki, ətrafdakı
uşaqlardan çox fərqlənirəm. Hətta
kitabxanadan deyirdilər ki, kitabı oxumadan qaytarmışam.
Bu vərdiş qalıb məndə - sürətli
kitab oxumaq. İndi 30 yaşında kimsə
mənə deyəndə ki, filan kitabı oxuyuram, mənə
gülməli gəlir. Çünki mən
o əsəri 12 yaşım olanda oxumuşam. Məktəb vaxtı etdiyim mütaliələr mənim
gələcək həyatımda çox böyük rol
oynadı. İndi qohumlarım da deyir ki,
uşaqlığını ancaq belə xatırlayırıq
- həmişə divanın küncündə
büzüşüb kitab oxuyan İradə.
"Müəllimlərimə
yuxarıdan aşağı baxırdım"
Daha sonra mən məktəbi
dəyişdim. Yasamalda 13 nömrəli məktəbə
getdim. 9-cu sinfə qədər orada oxudum.
Sonra isə biz indiki Azadlıq prospekti adlanan (o vaxt Lenin
prospekti idi) ev alıb ora
köçdük. Orada isə 19 nömrəli
məktəbə getdim. 10-cu sinfi orada
bitirdim. Müəllimlərimi heç vaxt
yaxşı xatırlamıram. Çünki
savadsız idilər. Mən də onlara
yuxarıdan aşağı baxırdım. Düzü
qadın müəllimlərimiz də məni heç sevmirdilər...
"İçimdə hələ də o travmalar
qalıb"
Tez-tez məktəbi
dəyişmək mənim psixologiyama təsir edib. İçimdə elə o travmalar hələ də
qalıb. Sinif yoldaşlarıma bir yerdə
olmaq çox çətin idi mənə. Mən 3 məktəb dəyişmişəm. İndi yəqin televiziyada məni görəndə
deyirlər ki, mənimlə eyni sinifdə oxuyub. Amma mənim heç kimlə ünsiyyətim
olmayıb. 3 məktəbdən bir nəfər
sinif yoldaşımı tapa bilməmişəm.
Özümü ən rahat hiss etdiyim məkan universitet olub. Həm müəllimlərimi, həm tələbə
yoldaşlarımı çox sevmişəm. Orta məktəbdə isə məni müəllim
sözünə hörmət etdirəcək müəllimim
olmayıb. Xatırlaya bilmirəm onu.
Mənim məktəblə bağlı xoş
xatirəm ancaq tətil dövrləridir. Çünki
mən məktəbi sevmirəm. Bu gün
də mən Azərbaycan məktəbini sevmirəm. Və
indi də total savadsızlıq məkanı olduğunu
görürəm. Rus sektoru isə fərqli idi.
"Kiminsə məni sevdiyini xatırlamıram"
Məktəb sevgim olmayıb... Yəni belə olub da - əlçatmaz, məşhur
adamlara aşiq olmuşam. Bunu da indi anlayıram ki,
xarakterlə bağlı bir şeydir: Təklik və rabitə
qura bilməmək. Məni heç kim
sevmirdi. Mənə nə sevgi məktubu yazan olub, nə də
sevgi etirafı edən... Özü də o vaxt nə sevgi
axı...
Yadımdan çıxmayan bir
hadisə də var: Bir qızla oğlanın məktubları
müəllimənin əlinə keçmişdi. Bunu bütün məktəbdə müzakirə
etdilər. Valideynlərini məktəbə
çağırdılar. Qızın
ağlamağı adımdadır. Yəqin
onun uşaq ürəyində nə qədər ağır
çöküntü qalıb bundan və bütün
ömrünə "sevgi" sözü nifrət kimi
möhürlənib. Qızların
çoxuna sevgi məktubu yazırdılar. Amma mənə heç vaxt sevgi məktubu
yazılmayıb. Uşaqlıqda qəşəng
olmuşam. Amma məktəbdə arıq,
uzun qız idim. Yəni diqqət çəkəcək
bir qız deyildim. Onuncu sinifdə oxuyanda dəyişildim.
Necə deyərlər, "qızlar
bulağından su içəndən sonra".
Amma fikirləşirdim
ki, niyə hamını sevən var, məni yox?
"İynəni oğlanın bədəninə
batırdım"
Sakit olmağıma
baxmayaraq, məktəbdə hərdən dəcəlliyim olub.
Məsələn, mənimlə eyni parta
arxasında arıq, cılız bir oğlan otururdu. Baxırdım ki, quzu kimi sakit dayanıb, diqqətlə
dərsə qulaq asır. Döş
nişanlarımız olurdu üstümüzdə, onların
iynəsi vardı. Qəflətən, iynəni
oğlana batırırdım. Yazıq
uşaq dik atılırdı, qışqırırdı.
Amma heç vaxt məni satmırdı.
"Jurnalist olmaqda qərarlı idim"
Uşaq vaxtı
aktrisa olmaq istəmişəm. Bütün
analar qızlarını həkim görmək istəyir.
Mənim də anam istəyirdi ki, mən həkim
olum. Amma 10-cu sinifdə artıq tam qərar
verdim ki, jurnalistikanı seçəcəyəm. Bilirəm ki, həkimlik də məndə
yaxşı alınardı. İndi də
evdə kimsə xəstələnəndə mən müalicə
edirəm. Yəni, o sahədə də
savadım var.
"... evimizdə qan su yerinə
axdı"
Atam və anamın
çox ağır xasiyyəti var idi. Yadımdadır,
6-cı sinifdə oxuyurdum. Anam bizə
xırda qırmızı qaşlı uşaq
sırğası aldı. Onun
üstündə evimizdə qan su yerinə axdı. "Sən niyə uşaqları meşşan tərbiyə
edirsən?" Heç vaxt bərbəzəkli,
gözəl paltarım olmayıb. Hər
zaman qadağalarla yaşamışam. Məni evdən
heç bir yana çıxmağa
qoymurdular. Uşaqlar toplaşıb ad
günü, bayram keçirirdilər. Mən
isə gedə bilmirdim. Səbəb kimi
deyirdilər "olmaz, qış uşağı heç yerə
getməz". Son zəng günü isə
iki saatlıq icazə verdilər. Saat 12-dən
sonra atam arxamca gəlib apardı. Bəlkə
də indiki komplekslərim evdəki durumlarla bağlı idi.
Uşaqlığımla bağlı
travmalarım çox olub. "Gülmə,
ağır otur, belə geyinmə, güzgüyə çox
baxma" və sair kimi qadağalarım var idi. Bu da mənim içimə çox qapanmağıma
səbəb olurdu. Maddi cəhətdən
isə o qədər imkanlı ailə olmamışıq.
Şairin nə pulu olacaq? Orta
səviyyədə dolanan ailə idik. Kitabı
çıxandan çıxana pul olurdu. Onun
da səhhəti ilə bağlı problemləri çox
olduğu üçün kitabları gec-gec
çıxırdı. Amma atamın
sağlam vaxtlarında biz tez-tez istirahətə gedirdik. SSRİ-nin müxtəlif yerlərində istirahətdə
olmuşuq. Hərçənd ki, o zaman
narazılıq edirdim. Deyirdim, Bakıdan
çıxmaq istəmirəm. Amma indi
fikirləşirəm ki, çox ölkədə olmuşam.
Uşaq vaxtı ən böyük əyləncəm
kitab oxumaq idi. Valideynlərim televizora
baxmağa saatla icazə verirdilər. Yalnız
iki-üç saat baxa bilərdik. Şənbə-bazar
günləri atam bizi uşaq filmlərinə baxmağa
aparırdı. Atamla getdiyimiz yerlərin hər
biri yadımızdadır.
"İyrənc balıq yağı..."
Məktəb
vaxtı çox arıq idim. Yemək
yemirdim. Ən zəhləm getdiyim xatirələrdən
biri də o idi ki, anam kökəlməyim üçün mənə
balıq yağı içirdirdi. Bundan
çox iyrənirdim. Anam çörəyin
üstündə yaxma edərək verirdi. Mən isə balkondan aşağı atırdım.
Sonradan başa düşdü ki, mən yediklərimi
balkondan aşağı atıram. Qapının
açılmağından hiss edib
qışqırırdı. Daha sonra isə
pianonun arxasına atdım. Bir dəfə pianonun yerini dəyişəndə
gördülər ki, nə qədər çörək
parçaları var...
Şagird olanda həm
də musiqi məktəbinə gedirdim. Həmin
vaxtlar musiqi məktəbinə getmək bir dəb idi. Mənim də çox yaxşı musiqi duyumum var. Səsim
də yaxşı idi. Ancaq
tapşırığı yerinə yetirməyə səbrim
çatmırdı. 3 ildən sonra musiqi məktəbindən
imtina etdim. Amma pianoda yaxşı ifa
edirdim. İndi də ən çətin
mahnıya bir dəfə qulaq asandan sonra zümzümə edirəm.
"Korifeylərin çoxu bizim evdə olub"
Evimizə atamın
çoxlu dostu gəlirdi. İndi korifey
dediyimiz şəxslərin çoxu bizim evdə olub. Nəriman
Həsənzadə, Xəlil Rza Ulutürk, Söhrab Tahir evimizə
tez-tez gəlirdilər. Mənim ad günlərim
çox təmtəraqlı keçirilirdi. Atamın dostları mənə böyük gəlinciklər
gətirirdilər. Uşaq vaxtı
onların danışdıqları mənə
çatmırdı, amma böyüyəndən sonra diqqətlə
dinləyirdim. İndi eşitdiklərimin
hamısını yazmaq fikrindəyəm. O dahiləri
ilk dəfə necə görmüşəmsə,
hamısını qeyd edəcəyəm.
"O, öləndən sonra 6-7 ay yuxuda
gördüm"
Ailəmizə ən
yaxın isə Söhrab Tahir, onun xanımı Lida xanım.
Anam xəstəxanada olanda mənə o
baxırdı. Onların uzun müddət
uşaqları olmadığından mən iki ailədə
bir uşaq idim. Bir həftə onlarda, bir həftə
evimizdə qalırdım. Onların evləri
hündür idi. Söhrab əmi məni
qucağına alıb atıb-tuturdu. Elə
sevinirdim ki, indi də hərdən o adrenalin yadıma
düşür. Lida xala öləndən
sonra 6-7 ay yuxumda görürdüm. Tanışlardan
məsləhət aldım ki, mən neyləyim? Rus olduğu üçün Quran oxuda bilməzdim.
Dedilər ki, onun adını tutub nəzir ver.
Elə də etdim. Onun zəhməti mənim
üzərimdə böyükdür. Cabir Novruzun, Əli
Kərimin oğlanları ilə bir yerdə oynayardıq. Hətta Şuşada bir yerdə istirahət
etmişik. Nəriman Həsənzadənin
uşaqları ilə ünsiyyətdə olmuşuq.
"Hansı şair şorgözdür, bilirdim"
Yazıçılar
poliklinikası var idi. Mən balaca
vaxtından ora gedirdim. Bütün həkimlər
məni tanıyırdı. Ora o qədər
doğma idi ki, elə bilirdik, ailənin içinə
düşmüşük. Həmin
poliklinikada maraqlı söhbətlər gedirdi. Hansı yazar evinə hansı mebeli aldı? Filankəsin qızı kimlə nişanlanıb?
Hansı şair çox şorgözdür?
Hansı şairin hansı tibb bacısına
gözü düşüb? Belə söhbətlər
yadımda qalmışdı...
"Xəstəxanalar, həkimlər, dərmanlar,
ümidlər, xəyal qırıqlığı..."
Atamın işdən
çıxarılmasını heç unutmaram. Biz həmin vaxt Kislavodskidə idik. Atam Bakıya bizdən tez qayıtdı. Sibir tərəfə ezamiyyətə getməli idi.
Həmin vaxt şair Tofiq Mütəllibov da
bizimlə idi. O, bilirmiş atamın işdən
çıxarılmağını. Amma deməyib
ki, narahat olmasın. Bir gün anam
Bakıya zəng vurub, atamla danışandan sonra qanıqara
qayıtdı evə. O vaxt telefon zəngləri indiki
kimi deyildi, şəhərlərarası telefon məntəqələri
vardı, ordan zəng edirdilər. Dedi ki, sabah
Bakıya qayıtmalıyıq. Bakıya
qayıtdıqdan sonra hansı hadisələr baş verdiyini
bildik. Ondan sonra atam xəstələndi.
Həmin vaxt 14 yaşım vardı. Ailəmizin kədərli vaxtları çox erkən
başladı. Xəstəxanalar, həkimlər, dərmanlar,
ümidlər, xəyal qırıqlığı... Ailəmizin həm maddi, həm də mənəvi
çətinliklər çəkdiyi zaan idi. Mənim uşaqlığım o xəstələnən
gün bitdi.
"Mən anladığım vaxt atamın artıq dili
tutulmuşdu"
Uşaq vaxtı həmişə
mənə qəribə gələn nə idi? Atamın kitabları çıxırdı, tez-tez
televiziyada danışırdı. Atam məşhur
idi, amma bizim pulumuz yox idi. Qonşumuz
mağaza sahibi idi. Onlar çox imkanlı
idilər, maşınları var idi, qızları daha
yaxşı geyinirdi. Bu, almaq-satmaq mənim
beynimdə qalıb. Kim yaxşı sata bilirsə,
alacaq...
Məni
ağrıdan nədir? Anladığım
vaxt atamın artıq dili tutulmuşdu. Biz
onunla ancaq nə istəyirsən? Nə
yeyirsən? Nə edim sənin
üçün? Kimi cümlələrlə
danışa bilirdik. İndiki ağlımla
soracağım o qədər şeylər var idi ki...
Qalıb mənim
içimdə (qəhərlənir). Biz onunla heç nə
danışa bilmədik...
Jalə
Məmmədli
Ədalət.-2012.-22
noyabr.-S.4.