Divardakı qanlı əl izi,
yaxud Allahı çağıran igidin hekayəti
Qarabağ müharibəsinin
gerçək hekayətlərini Lent.az-a və "Ədalət"
qəzetinə kəşfiyyatçı Rey Kərimoğlu
yazır.
Dost-tanış
yaxşı bilir, Qarabağ savaşında
döyüşçü gündəliyi yazmamışam.
Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər
belə bir fikrim olub, amma gündəliklərlə
bağlı baş verən bir neçə xoşagəlməz
hadisələr bu işdən daşındırıb məni.
O günlər elə hey beynimdə canlanıb nəsə
yazmağa vadar edir, yəqin yaddaşın elə qatları
var ki, orda yaşayan xatirələr mütləq
yazılmalıdır. Həyat əsl gündəlikdir, nə
vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki,
onlar heç vaxt unudulmur.
Digər
tərəfdən, düşündüm ki, bu həm də o
günləri yaşamış, döyüşlərdə qəhrəmancasına
şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü
nəticəsində sağ qalan insanların unudulmaması, gələcək
nəslə bizim müstəqilliyimizin ilk illərində
yaşadığımız keşməkeşli günləri,
ələlxüsus da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsi məqsədi
ilə çətin şəraitdə milli ordunun yaranması
prosesinin şahidi kimi hadisələri olduğu kimi
çatdırım. Əlbəttə, mən əsasən
1991-1993-cü illərdə gördüklərimi, çox
nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan
eşitdiyim hadisələri qələmə alacam.
Nakam əsgərin şəhidlik
hekayəti
6-cı yazı
Umudlu
həmişə başı qarlı Murov dağı da olmaqla
üç tərəfdən uca dağlarla, bir tərəfdən
isə Sərsəng su anbarı ilə əhatələnmiş,
erməni kəndlərinin mühasirəsində yerləşən
qədim bir kənd idi. Buranın Azərbaycanla əlaqəsi
yalnız vertolyotla olduğundan kənddə işıq, ərzaq,
dərman və digər problemlər mövcud idi. Kənddə
ölü bir sükut hökm sürürdü.
Hamının çöhrəsində bir hüzn, kədər
vardı...
Əvvəlcə
kənd və ətraf postlarla tanış olduq, sonra hər kəs
öz postuna yaxın yerdə qalacağı evə
yollandı. Səkkizinci postun yaxınlığındakı məktəbin
həyətdəki tikintisi yarımçıq qalmış
ayaqyolunun yanından keçəndə şaxtadan donub buz
bağlamış qan gölməçəsini, ağ
divardakı qan izlərini görəndə insanların
üzündəki hüznü, kədəri tam mənası
ilə dərk elədik. Bu, Rasimin qanı idi, Milli Ordumuzun
20-21 dekabr döyüşündə şəhid olmuş
Rasim Cəfərovun...
Mən
düz 20 ildir, Rasimi tanıyan adam kimi onun şəhid olma
hekayətini dostlara, yoldaşlara, tanışlara
danışıram. Artıq zaman çatıb, onu sizə -
çoxsaylı oxucularımıza da tanıtmaq istəyirəm.
Qoy hamı 23 yaşlı azərbaycanlı gəncin həmin
gün torpaq uğrunda necə şəhid olduğunu bilsin.
Beləliklə
20-21 dekabr, 1991-ci il. Ermənilər bir neçə istiqamətdən
Umudluya hücum edirlər...
Dekabrın
20-də gecə ermənilər top, minaatanların atəşindən
sonra iri çaplı pulemyotların və digər müasir
silahlarla bir neçə istiqamətdən Umudluya hücuma
keçir. Kəndi qoruyan batalyonun və yerli əhalidən
olan döyüşçülərin köməkliyi ilə
ermənilərinin hücumunun qarşısının
alınması üçün olduqca ağır bir
döyüş olur. Nəhayət, ermənilər Umudlunun
müdafiəsi üçün əhəmiyyət kəsb edən
8-ci posta yaxınlaşır. 8-ci postun səngərində
olan bizim döyüşçülərin güllələri
tükənir. Heç kəs güllə ardınca kəndin
mərkəzində olan qərargaha gedə bilmir.
Bu
arada onu da qeyd edim ki, o zaman belə məqamlarda, yəni
güllə gətirmək, yaralı çıxarmaq adı
ilə səngəri tərk etmək, heç də yaxı
qiymətləndirilmirdi. Əlbəttə, döyüş
taktikası baxımından bu, yanlış yanaşma idi, amma
əksər döyüş meydanlarda biz bu halı acı nəticələrinin
şahidi olurduq.
Heç
kəsin güllə ardınca getmədiyini, düşmənin
isə anbaan yaxınlaşdığını görən
Rasim adlı bir döyüşçü axırda güllə
ardınca özü gedir. O qərargaha gedib qayıdanacan ermənilər
8-ci postu alırlar. Rasim əlində güllə yeşiyi
birbaşa ermənilərin bir az əvvəl tutduğu səngərə
atılır və yalnız indi məsələnin nə yerdə
olduğunu anlayır. Rasim özünü itirmir, çiynindəki
avtomatı əlinə alıb atəş aça-aça səngərdən
Umudlu kənd orta məktəbinə doğru - məktəb
binasının o biri başında mövqe tutun bizim əsgərlər
tərəfə geri çəkilir. Amma məktəbin o biri
başında mövqe tutan bizimkilərə çata bilmir.
Səkkizinci
postdan məktəbə tərəf 30-40 metr aralıda olan hələ
istifadəyə verilməmiş, üstüaçıq
ayaqyolunun divarı arxasında mövqe tutur. Ermənilər
iki istiqamətdən bu yarımçıq binaya tərəf
hücum edirlər, amma Rasim onlara binaya yaxınlaşmağa
imkan vermir. Nəhayət, Rasim son gülləsinə qədər
ermənilərlə vuruşur. Ermənilər Rasimin atəş
atmadığını görüb, gülləsinin
qurtardığını anlayırlar və binaya
yaxınlaşırlar. Rasim avtomatın
süngüsünü çıxarıb, ermənilərlə
əlbəyaxa olur. Bir neçə ermənini bıçaqla
yaralayan Rasimə ermənilər aman vermirlər və güllə
ilə yaxın məsafədən əsgərimiz
yaralayırlar. Rasim son nəfəsinə qədər
müqavimət göstərir...
İçəri
soxulan ermənilər ona saysız-hesabsız bıçaq zərbələri
vurular, o, ermənilərlə əlbəyaxa olur... Taqətdən
düşən Rasim erməniləri söyərək,
onları təhqir edir, döyüşçü
dostlarını köməyə
çağırırmış! Nə yazıqlar ki,
döyüşçü dostları onun dadına gələ
bilməzdilər, bu onların imkanları və gücləri
xaricindəydi. Rasimin
son sözü isə
bu olur: "Sən haradasan, Allah!"
Dəqiqələr keçir, Rasimin
zəifləyən səsi
tamam kəsilir...
Bir az sonra
əsgərlərimiz səkkizinci
posta yenidən həmlə edib erməniləri geri oturdur, kəndi onlardan azad edirlər.
Bu zaman yarımçıq
binanın yaxınlığında
Rasimin ruhsuz cəsədini tapırlar.
Bədəni güllədən,
bıçaqdan deşik-deşik
olmuş Rasim tanınmaz hala düşübmüş... Biz orda olanda bu
hadisədən xeyli vaxt keçmişdi, amma mən hələ
də divarlarda onun qan izlərini
görürdüm. Divarlar
Rasimin qana bulaşan əl və barmaq izləri ilə boyanmışdı... Bu, ağır bir döyüşün, şir
kimi döyüşüb
şəhid olmuş cəsur bir əsgərimizin ölüm
səhnəsindən qalan
qanlı izlər idi.
Bu xatirələri yazarkən
Rasim haqqında maraqlandım və bunları əldə etdim: Rasim Fazil
oğlu Cəbrayılov
1968-ci ildə Qaradağ
rayonunda anadan olub. Xətai rayonunda 257 saylı
orta məktəbi bitirib, 1986-cı ildə Sovet ordusunda xidmət edib. 1991-ci ilin oktyabrında
yenicə yaradılan Milli Orduya yazılıb.
Sonrasını isə
oxudunuz...
Biz Umudluda olduğumuz
zaman bu hadisəni heç unutmadıq, nəinki o zaman, heç sonralar da unutmaqdıq. Unutmaq mümkünmü?!
Dəyirman əməliyyatı
27 dekabr 1991-ci ildən 28 fevral 1992-ci ilədək Umudluda Şirin Mirzəyevin batalyonunun 55 nəfərlik heyəti və kəndin könüllüləri işğalçılara
qarşı mətanətlə
dayanmışdı... Umudluda ara-sıra
mövqe döyüşləri,
atışmalar olsa da, ermənilər genişmiqyaslı hücumlara
keçmirdilər. Biz
Umudluda olanda bu kəndin Azərbaycanla əlaqəsi
yalnız vertolyotla olurdu. Yanvarın ortalarından isə
bu əlaqənin də kəsilmək təhlükəsi yarandı.
Çünki ermənilər Umudluya
uçan vertolyotlara atəş açırdılar.
Bu səbəbdən də Umudluda çox ciddi ərzaq və tibbi ləvazimat çatışmazlığı yaranmışdı. Kənddə uzun müddət idi ki, elektrik
enerjisi verilmirdi.
Yalnız axşam saatlarında
Umudludakı generator vasitəsi
ilə işıq verilirdi, çünki yanacaq çatmırdı.
O da televiziyada xəbərlərə baxmaq
üçün. İşıq veriləndə də ermənilər görüb
atəş açmasın
deyə, qapılar bağlanır, pəncərələr
isə qara rəngli parça ilə tutulurdu. Heç yadımdan çıxmaz, bir dəfə televiziyada
"Günün ekranı"
xəbərlər proqramında
göstərdilər ki,
hansısa rayon və təşkilat Umudluya yardım göndərir...
Danışanlar dil boğaza
qoymadan Umudluya göstərilən qayğıdan,
yardımdan danışırdı.
Heyhat! Nə kənd camaatı,
nə də əsgərlər bunları
görmədi. Ramiz
özünü saxlaya
bilmədi:
- Ayə, belə qurumsaqlıq olar! Biz yaralıları çıxarda
bilmirik, camaat ac-susuz, kənd işıqsız qalıb,
əlaqəmiz yalnız
vertolyotladır, bunlar
da maşın karvanı düzlədiblər!
Döyüşlərdə ayaqlarından yaralanan Namiq Əliyevin, Sənan Rüstəmovun müalicəsində çətinlik
yaranmışdı. Vertolyot olmadığından
bu yarlılar bir müddət Umudluda qalası olmuşdu. Hər problemə dözmək
olsa da, bir öynəsini belə çörəksiz
keçirməyə öyrəşməmiş
əsgərlər, kənd
sakinləri çörəksizliyə
dözə bilmirdi.
Umudluda bir qədər taxıl ehtiyatı var idi, amma
kəndin un dəyirmanı ermənilərin
Zərdəxaç kəndinin
yaxınlığında yerləşirdi.
Dəstənin komandirləri
baş leytenant Fəxrəddin Rəcəbov
və Əkbər Məmmədov çörəksizliyə
dözməyi təklif
etsə də, kəndin ferma müdiri Araz adlı şəxs erməni kəndinin yaxınlığındakı dəyirmanda
bir qədər taxıl üyütməyi
təklif etdi və bu işdə
israrlı olduğunu gördük. Hətta Araz bir qədər
ötkəmlik göstərib
dedi ki, siz getməsəniz də, biz gedib taxıl üyüdüb gələcəyik.
Bundan sonra Fəxrəddin Rəcəbovun
tapşırığı ilə kəndin traktorunda dəyirmana taxıl aparan Arazı və bir neçə nəfərin qorunması üçün, onların
üzlərinin də
xəbəri olmadan, xüsusi bir plan işlənib hazırlandı. Bir qədər
taxıl yüklənmiş
traktor dəyirmana yaxınlaşan kimi ermənilər hər tərəfdən atəş
açmağa başladılar.
Kənd sakinləri faktiki olaraq atəş altında qalmışdılar.
Əvvəlcədən hazırlanmış plana uyğun olaraq, müxtəlif yerlərdə mövqe tutan əsgərlərimiz
dərhal döyüşə
atıldılar. Qızğın
bir döyüş başladı...
Ermənilər ilk həmlədə qumbaraatanla
traktoru vurmuşdular deyə, artıq biz traktoru çıxarda bilməyəcəkdik. Amma kənd
sakinlərinin həyatını
xilas etmək lazım idi. Əsgərlərimiz xeyli irəliləyib,
atəş altında
qalanların çıxmasına
şərait yaratdılar.
Amma bu zaman həmin
əsgərlər özləri
çıxılmaz vəziyyətə
düşdü.
Plana uyğun olaraq
Ramiz, Nail, Rəmiyəddin,
Valeh, mən və adını unutduğum digər bir döyüşçü
isə üzü Sərsəng su anbarına dayananda bu su anbarının
sağ tərəfi ilə Zərdəxaç
kəndi istiqamətində
irəliləyib mövqe
tutmuşduq. Ermənilər bir qədər
irəlilədikləri üçün
biz bir neçə yüz metr qabağa
keçsəydik düşmənin
arxa cinahına keçə bilərdik -
biz əməliyyat planında
bunu nəzərə almamışdıq.
Elə də oldu. Döyüşə-döyüşə sürətlə ermənilərin arxasına
keçməyə çalışdıq.
Amma ermənilərin bizi hədəfə götürən
- əlavə ehtiyat kimi saxlanılan - pulemyotu onların tam arxasına keçməyimizə
imkan vermədi. Atəş o qədər intensiv və sürətli idi ki, başımızı da qaldıra bilmirdik... Lakin düşmənin sol cinahının arxasına
keçə bilmişdik.
Buradan düşməni atəş
hədəfinə aldıq.
Rəmiyəddinin
RPK markalı əl pulemyotu bu döyüşdə xüsusilə
dadımıza çatdı. Onun pulemyotdan
açdığı sərrast atəş ermənilərin
atəş altında qalan əsgərlərimizə tərəf
irəliləmək istəyini gözündə qoydu. Bu isə
digər cinahdakı döyüşçü
dostlarımızın üstünlüyü əla ala bilmələrinə
kifayət elədi... Bu arada çox şiddətli bir
döyüş başladı, ermənilər geri - əvvəlki
mövqelərinə çəkilməyə məcbur oldular.
Heç bir canlı itki vermədən həm kənd sakinləri,
həm də əsgərlərimiz sağ-salamat kənddəki
mövqelərinə qayıtdılar.
Sonra
kənddə söz gəzdi ki, ermənilərin bizimkilərin
dəyirmana taxıl üyütməyə gedəcəyini
bilirmiş...
Rey Kərimoğlu
Ədalət.-2012.-22 noyabr.-S.5.