Türk ədəbiyyatının ledisi
Hüznlü və tənha
uşaq: Əlif Şəfəq
1971-ci
ildə Starsburqda doğulan, Müasir Türkiyə ədəbiyyatının
Orxan Pamukdan sonra ən ünlü nasiri Əlif Şəfəqin
uşaqlığı və gəncliyi Ankara, Madrid, Əmman,
Köln, İstanbul, Miçiqan və Arizonada keçib. Özünün
də dediyi kimi uşaqlığını çox
hüznlü və tənha yaşayıb. Strasburqda fəlsəfə
doktorluğu müdafiə etməyə hazırlaşan
atası, Əlifin doğulmasından qısa müddət
sonra anasından ayrılır. Gələcəyin
böyük yazıçısı atasız
böyüyür. Ata və qız bir-birlərini tanıyacaq
qədər bir yerdə yaşamırlar və bu kiçik Əlifə
çox pis təsir edir. Əlif üçün həyata
daha böyük ümidlə sarılan anası feminist və
romantik bir qadındı. Dindar bir ailədə böyüyən
gənc Şəfəq 70-ci illərdə Ankarada təhsil
aldığı universiteti atır və Əlifin atasıyla
bərabər Avropaya getməyə qərar verir. Evlilikləri
qısamüddətli olduğu üçün anası yenidən
Ankaraya qayıdır. Yaşadığı çətinliklərə
baxmayaraq toparlanmağı bacaran Şəfəq xanım, təhsilini
davam etdirməyə qərar verir. Anasının təhsilə
dönməsi ilə nəzarətsiz qalan kiçik Əlifə
nənəsinin himayəsində qalır. Gələcəyin
yazıçısı 11 yaşına qədər dindar
qadın mühitində böyüyür. Onun dünya
görüşünə nənəsinin
danışdığı sirli-sehirli əhvalatlar çox
ciddi təsir edir. Uzun müddət anasından ayrı qalan Əlif,
anasına "abla" deyirmiş. Çünki anası
bütün günü işləmək və
karyerasını qurmaq məcburiyyətində idi. Onun üçün ana yemək
bişirən, mətbəxdən çıxmayan qadın
obrazı idi və təəssüf ki, o bu
xoşbəxt ailə ortamından məhrum idi.
Əlifin gələcəyini qurmaq üçün inadkar
anası Türkiyə cümhuriyyətinin Xarici
İşlər Nazirliyində attaşe vəzifəsində
çalışırdı. Mətbəx, övlad qayğısı, övladla
birlikdə vaxt keçirmək ona tamamilə yad idi. Rəsmi, zəhmli bir
dövlət adamı, çalışqan bir
diplomat onun üçün ancaq
"abla" ola bilərdi...
Ona "turka"
deyirdilər
Anasının
üzünü az-az görsə də, anası Əlifin gələcək
həyatına çox ciddi təsir edir. 80-ci illərdə
Xarici İşlər Nazirliyində çalışan Şəfəq
xanım qızı Əliflə bərabər Madridə
köçür. Bu arada çox maraqlı və zəruri
bir qeyd: Əlif doğulanda atası ona öz soyadını
vermir. Sənədlərdə Əlifin soyadının yerinə
anasının adı - Şəfəq yazılır. 30
yaşında dul qalan bir qadının himayəsində
böyüyən Əlif o illəri hər zaman kədərlə
xatırlayır. Gəzdiyi şəhərlər onda yalnız bir hiss yaradır: köçkünlük
hissi. Anasının cəmiyyətə
qarşı apardığı mücadilə, çəkdiyi
əziyyətlər ona böyük
bir həyat dərsi verir.
Həyatı boyu atasını cəmi 3-4
dəfə görən yazıçının bəlkə
də ən böyük travması məhz
atasızlıqdır. İlk təhsilini
Madriddə, bir ingilis
məktəbində alıb. Yazıçı bu günləri çox kədərlə
xatırlayır: "Oxuduğum ingilis məktəbində yeganə türk şagird mən idim. Məni ya
"turk", ya da "turka" deyə
çağırırdılar." Müxtəlif şəhərlərdə
müxtəlif məktəblərə gedən Əlif, nəhayət
ki, Ankarada litsey təhsilini başa vurur və Orta Doğu Texnik Universitetinin Beynəlxalq Əlaqələr
fakültəsinə daxil olur.
Daha sonra həmin Universitetin Qadın Çalışmaları
bölümündə magistr təhsili alan yazıçı, doktorluq
təhsilini siyasət sahəsində tamamlayıb.
Türkiyədə kitabları ən
çox satılan yazar
Universitetdə
təhsil aldığı 1994-cü ildə gənc Əlif
ilk kitabını, "Kem gözlerle Anadolu"
kitabını qələmə alır. 1997-ci ildə
çap olunan "Pinhan" adlı ilk romanı 1998-ci ildə
"Mövlane Büyük Ödülü"nü
qazanır və bu mükafat yazıçının həyatında
növbəti dönüş nöqtəsi olur.
"Pinhan" romanından sonra Əlif Şəfəq
"Şehrin aynaları" və Türkiyə
Yazıçılar Birliyinin mükafatını qazanan
"Mahrem" romanını yazır. Bir-birinin ardınca
qazandığı uğurlardan stimul alan yazıçı,
böyük bir coşğunluqla həyatını
yaradıcılığa həsr edir və
yaradıcılıq ona çox böyük uğur gətirir.
2002-ci ildə böyük tirajla satış rekordu təzələyən
"Bit Palas" və ingilis dilində "Araf"
romanlarını yazır.
2004-cü
ildə beş yazarın: Muradxan Mungan, Faruq Ulay, Əlif Şəfəq,
Cəlil Oker, Pınar Kürün ortaq layihəsi olan,
"Beşpeşe" romanı çap olunur. Publisistikada da
qələmini sınayan xanım yazar, 2005-ci ildə qadın,
mədəniyyət, sənət və ədəbiyyat
mövzulu publisistikadan ibarət "Med-Cezir"
kitabını nəşr etdirir. 2006-cı ildə ilin ən
çox satılan kitabı olan "Baba ve Piç"
yayımlanır. Uğurlar, oxucu sevgisi, ədəbiyyatın gətirdiyi
şöhrət xanım yazıçını həvəsləndirir
və o avtobioqrafik "Siyah süt" əsərini qələmə
alır. Bu kitab da çap olunan kimi, Türkiyədə
böyük ilgiylə qarşılanır. Nəhayət ki,
2009-cu ildə Əlif Şəfəqə dünya
şöhrəti gətirən "Aşk" romanı
"Doğan" nəşriyyatında işıq
üzü görür. Kitab Türkiyə ədəbiyyatı
tarixində önəmli bir rekorda imza atır; qısa müddətə
ən çox satılan kitaba çevrilir. Həmin il
"Doğan" nəşriyyatı Əlif Şəfəqin
bütün əsərlərindən seçmələrin
toplandığı "Kağıt helva" kitabını
nəşr edir və bu kitab da oxucu diqqətindən kənarda
qalmır. 2010-cu ildə növbəti kitabı
"Firarperest" kitab bazarına çıxır və hələlik
sonuncu kitabı olan "İskender" 2011-ci ildə
işıq üzü görür və kitab bazarına
çıxarılmadan, 260 min tiraj satılır.
Əlif
Şəfəq 2009-cu ildən "Habretürk" qəzetinin
köşə yazarıdır və bu qəzetdə
yazdığı köşələr bu il, yəni 2012-ci ildə
"Şemspare" adı ilə yayımlanıb. Xanım
yazıçı eyni zamanda dünyanın ən
tanınmış mətbuat orqanlarından biri olan "The
Guardian" qəzetində köşələr yazır. Əlif
Şəfəqin iki kitabı; "Aşk" və
"İskender" Azərbaycanda da nəşr olunub və
böyük maraqla qarşılanıb. Əlif Şəfəq
hal-hazırda Türkiyə sərhədləri daxilində
kitabları ən çox satılan müəllifdir və o
2010-cu ildə kitab satışından təxminən 1 milyon
avro qazanıb. Ünlü yazıçı köşə
yazıları yazdığı "Habertürk" qəzetindən
ayda təxminən 10 min dollar maaş alır.
Jurnalist
Eyyub Canla evliliyindən iki övladı var: Şəhrzad Zelda
və Əmir Zahir.
Əlif
Şəfəqin "ən"ləri...
Ən
çox istifadə etdiyi söz: eyvallah;
Ən
çox həyəcanlandığı hadisə: Oğlunun
danışmağa başlaması və minlərcə
başqa hadisə;
Ən
sevdiyi iş iş: hekayələr danışmaq;
Bir
daha dünyaya gələrsə ən çox etmək istədiyi
iş: kitab yazmaq;
Ən
çox yerində olmaq istədiyi adam: Yoxdur;
Ən sevdiyi şəhər: İstanbul, Madrid və
London;
Ən sevdiyi yemək; zeytun yağı istifadə olunan bütün yeməklər
Qəhrəmanı: Asteriks
Ən sevdiyi xüsusiyyəti: təxəyyül qurma bacarığı;
Özünü ən uğurlu
hiss etdiyi vəziyyət:
Yazı anı;
Peşəyə ilk başladığındakı xəyalı: yazmaq, dayanmadan yazmaq;
Dünya
görüşü: könülünü,
zehinini, qələmini
qurutmamaq.
Cəlil Cavanşir
Ədalət.-2012.-23 noyabr.-S.5.