YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
(Hörmətli oxucular! İki həftəlik
proyektimizə ara veririk. Əməkdaşımız, sevimli
yazarımız Oqtay Salamovun vaxtsız dünyasını dəyişməsi
nədəniylə olan bir şeydir bu. Unudulmaz Oqtay Salamov
haqqında ikinci yazımızı sizə təqdim edirik)
YAZAR OQTAY SALAMOVUN SƏSSİZ
ÜSYANLARINDAN
BİRİ – 2
...Bəlkə
də dəfələrlə ələ alınan, bir çox
jurnalist və yazar tərəfindən işlənən bir
mövzu, Oqtayın yazar baxışı ilə tamamilə fərqli
və iç acıları ilə dolu.Yazı belə
adlanır:
ARTMALI KOMMUNALIN NƏYİDİR?
Bəri
başdan deyim ki, Oqtay Salamovun çox ləziz bir yazı
üslubu vardı ki, mən bilən Oqtay müəllim
yazını yazmırdı, onu klavyeyəyə
danışırdı və klavye həmin
danışığı birbaşa içinə
alırdı, ekrana axırdı. Bunu ona görə deyirəm
ki, Oqtayın yazıları çox asanlıqla oxunurdu.
Çox axıcı bir üslubla, bəzən çox
dağıdıcı bir davranışla yazını ələ
alırdı və bütün bu məqamları
yazının içinə necə yerləşdirirdisə
dağıdıcılıq da, axıcılıq da, ləzizlik
də həmin yazının içində çox
oxunaqlı bir üsluba qovuşub oxucunu özünə
çəkirdi.
Oqtay
Salamovun yazılarının bu qədər insani və bu qədər
ağrılı olmasının bir ucu məncə onun sənət
dünyasından jurnalistikaya gəlməsiydi. Burada bir
yanlışlığım varsa, məni əfv etsinlər və
mən bu qənaətdəyəm ki, Azərbaycan jurnalistikasında
ən gözəl qələm sahibləri məhz başqa sahələrdən
gələnlərdir və jurnalistika fakültəsi yaranandan
bəri özünü doğrultmayan qələm sahibləri
verməkdədi bu məmləkətə. ( istisnalar yox
deyil!!!!).Oqtayın yazılarındakı dinamikada və
şirinlikdə onun insani keyfiyyətlərinin rolu az deyildi. Bu
kənardan bir müşahidənin sonucudur, onunla işləyənlər
onu daha yaxşı bilmiş olarlar. Bu yazı üslubu təkcə
Oqtayın sənət haqqında yazılarında deyil,
ümumiyyətlə bütün yazılarında diqqəti
çəkirdi. Mən hər zaman onun yazılarının
içində fırlanıb ürəkaçan bir fikrin və
deyimin olduğunu tapırdım və onun toxunduğu məsələlər
BU KAR DÜNYANIN qulaqlarından yan keçsə də, bir təəssüf
və etirazın o yazıların içində olduğu
qaçınılmaz olurdu.
Yaşamın
ən xırda məsələlərindən (ən
böyük şeylər də məhz elə bu
xırdalıqlardan başlanır) yazanda belə Oqtay müəllim
həqiqətən çox axıcı bir dilə sahibdi və
axıcı bir uslübda düşünürdü ki, istər-istəməz
bu qənaətə gəlirdin ki, o yazını məhz
özü-özüylə danışaraq yazır. Bu da
çağdaş yazı tərzində ən vacib şərtlərdən
biridir. Rəhmətlik şair İsa İsmayılzadə mənim
yazılarım haqqında danışanda bir fikir söyləmişdi:
Mən Tofiqin yazılarında onun səsini eşidirəm.
Mənim
üçün çox böyük dəyər idi bu.
Və məhz
Oqtay müəllim də heç zaman akademikliyə can
atmır və bu da onun yazılarının
üstünlüyünü saxlayırdı.
Məni
bu sətirləri yazmağa, özü də kədər dolu
bir ovqatla yazmağa məcbur edən,vəzifə borcu və
yazı yazmaq iştahı deyil. Heç şübhəsiz
Oqtayın haqqında danışdığım yazısı
bir çoxuna adi görünə bilər. Bunun belə
olacağına mən tam əminəm. Amma mənim
içimin səsi olaraq bu yazı adiliyin yüksək nöqtədən
ifadəsiydi ki, həmin yazıya mənim çox xırda bir
qeydim var: təəssüf ki, bu yazı elə bir məqamda
yazıldı ki, həmin məqamlarda haqlı-haqsız bir
nazirin ünvanına fikirlər baş alıb gedirdi. Burada
başqa yol da yoxdu, çünki Oqtay Salamovun da yazısı
məhz ona müraciətlə yazılmışdı.
Yazıdan
sitat: "Deyəsən, nəsə iy duyublar, iqtisadi
inkişaf naziri Heydər Babayev son günlər jurnalistlərin
mövzu qəhrəmanına çevrilib. Gah onun istefa ərizəsi
yazdığını deyirlər, gah biznesini Azərbaycandan kənara
çıxardığını yazırlar, gah onu da sələfinin
aqibəti gözlədiyini proqnozlaşdırırlar; bir
sözlə, Heydər müəllim hərtərəfli
müzakirə obyektinə çevrilib. AMMA MƏNİM O
KİŞİYƏ İQTİSADİ İNKİŞAF
NAZİRİ KİMİ HEÇ BİR QEYDİM, İRADIM
YOXDUR, MƏNİM İQTİSADİYYATIMIN İNKİŞAFI
AQİL ABBASDAN DAHA ÇOX ASILIDIR, O DA HƏLƏ
İNKİŞAF ELƏMƏMƏYƏ SÖZ VERİB".
( Ayrıntı bizimdi).
Poetik
jurnalistika buna deyirlər.
Yazı
budur!
Ancaq bunu
anlamaq çox zor, atam oğlu qardaşım!!!!!!!!!!!
Oqtay
Salamov davam edir: "Heydər Babayev həm də Tarif (qiymət)
Şurasının sədridir və qiymətlərin rəsmi
artımı onun imzası ilə təsdiqlənir. Bu dəfə
də Şura sədri kommunal xidmətlərin qiymət
artımının qaçılmazlığından
danışıb. Siz məni qınamayın, nə qədər
beynimi zorlayıram, bizdə "kommunal xidmət"
anlayışının nə olduğunu başa düşə
bilmirəm ki, bilmirəm. Məni lap anlamaz sayıb barmaq
hesabı başa salmaq üçün deyə bilərsiniz
ki, əgər tualetinə su gəlirsə, sonra da unitazdan
axıb gedirsə, liftin işləyirsə, qazın gəlirsə,
blokunda işıq yanırsa... bunlar hamısı kommunal xidmətdir.
Bəli, bunların hamısı bizdə də var və bu
kommunal xidməti mən özüm-özümə, ailəmə
göstərirəm. Yəni turbanın da pulunu özüm
verirəm, ustanın da pulunu özüm verirəm, lampanı
da özüm alıram, zibil maşınına, liftin təmirinə
pul yığımında fəal iştirak da eləyirəm.
Allah və JEK şahiddir ki, evpulunu da verirəm. Birinci, evimi hələlik
yıxmadığı ilə, ikinci isə pulu ödədiyim
haqda verdiyi qəbzlərlə bunu təsdiq eləyir.
Yaxşı, siz hansı xidmətin qiymətini artırmaq istəyirsiniz?
Ümumiyyətlə, məndən evpulunu nədən
ötrü alırsınız? Sənəddə nə
yazmısınız bilmirəm, amma barmağınızı
qatlayın görək, damın təmirində bir
çöpünüz olub, blokun təmirində bir qram
emusiyanız, boyanız olub, liftin mühərrikini dəyişəndə
bir ustanız dəstək verib, ya bir qəpik pul xərcləmisiniz?
Suyu qrafiklə verdiyiniz üçün məcbur olub cibimin
pulu ilə dama bak quraşdıranda, evimi təmir eləyəndə
məndən pul istəyirsiniz. Təmirdən sonra
yaranmış zibili daşımaq üçün özüm
zibildaşıyanlara əlavə pul verirəm... Siz məndən
hansı xidmətin pulunu istəyirsiniz?"
SİTAT BİTİR!
Dəhşətli
dərəcədə çox haqlı bir sualdır (amma bura
bir ədaləti əlavə edim: bir ölkənin naziri bu
işlərlə məşğul olmamalıdır. Bunu Oqtay
müəllim də bilir.) Və bu sualın cavabını
axtaran Oqtay Salamovun içindəki ağrını mən
öz ağrım kimi hiss edirəm və bir ona təəssüf
edirəm ki, bir millət olaraq biz hələ də bu çox
kiçik, amma millət üçün çox dəyərli
məsələlərlə məşğuluq və bu
minvalla dünya millətləri sıralarına can
atırıq.
Təəssüf...
Çox təəssüf... Gözəl qələm sahibi və
çox incə məqamlar üstündə yazılar yazan
Oqtay Salamovun bu yazı üçün sərf elədiyi
anlara yazığım gəlir və özümə də
yazığım gəlir. Düşünürəm ki, ilahi
nə zaman, axı nə zaman biz millət olacayıq və nə
zaman bizim içimiz bu cür xırda tullantılardan
qurtaracaq. Bunun nə zaman olacağını bilmirəm! Ən
dəhşətlisi biz nəvələrimiz üçün
arzuladığımız bir məmləkətin onda birini də
qoyub gedə bilməyəcəyik.
YAZAR OQTAY SALAMOVUN YAZILARDAN ALINTILAR
"CİNSSİZLƏR"
Söhbət
faktiki olaraq cinsi bilinməyənlərdən gedir
Ədalət
qəzeti. Tarix 20.09.2010
Ötən
həftə bizim saytların birində "Azərbyacanda 35 nəfər
cinsini dəyişmək istəyib" -ARAŞDIRMA
yazısını oxudum. Düzünü deyim ki, münasibət
bildirməyə çətinlik çəkirəm. Cinsiyyətin
dəyişdirilməsi problemi dünyada olan işdir, Azərbaycanın
da dünyanın bir hissəsi olması istər-istəməz
bu əməliyyatların burada da keçirilməsini
qaçılmaz edir. Amma Azərbaycanda ibnələrin həyasızlığı,
cinsi azlıqların tərbiyəsizliyi, xalq arasında
müsbət qarşılanmaması, kişilik-qadınlıq
məqamlarının qiymətləndirilməsi müzakirə
açılmasını tələb edir.
Mən
bilmirəm Hollandiyada cinsini dəyişdirmək istəyənlərin
kişi-qadın nisbəti necədir. Əslində mən bu
adamların kişi və qadın nisbəti deyəndə nəyi
nəzərdə tutduğumu heç özüm də bilmirəm.
Belələrinin xəstə olub-olmamasını da deyə
bilmərəm, amma belələrinin ibnəliyi, həyasızlığı
birmənalı olaraq adamda ikrah yaradır.
Son
illərdə estetik-plastik əməliyyatların bir
növü olan cinsiyyətin dəyişdirilməsi bu gün
Azərbaycanda da geniş vüsət almaqdadır. Daha
doğrusu artıq bu əməliyyatlar bizdə adi hala
çevrilmişdir.
Deyir,
kimisində anadangəlmə, kimisində sonradan əmələ
gəlmiş cins dəyişmək istəyi vaxt keçdikcə,
özünü büruzə verir. Anadangəlmə xəstəlik
kimi olan bu halın Allahın yaratdığı cinsdə
saxlanması məncə daha münasibdir. Yəni, ancaq Hermes və
Afroditanın oğlu olan. Qermofraditin adını
daşıyan xəstəlik zamanı cərrahiyyə əməliyyatı
aparılaraq ikili cinsiyyətin birini ləğv etmək
başadüşüləndir. Amma sonradan əmələ gəlmiş
(daha doğrusu əmələ gətirilmiş) nə Allaha
xoş gələn işdir, nə də bəndəyə.
Amma sən saydığını say, gör onlar nəyi
sayırlar...
***
RUHUN ŞAD OLSUN, UNUDULMAZ YAZAR VƏ
DOST OQTAY SALAMOV!
Tofiq Abdin abdin41@mail.ru www.tofigabdin.com
Ədalət.-2012.-24 noyabr.-S.15.