KEÇMİŞ DÖYÜŞÇÜ NƏ İSTƏYİRDİ?

 

(Aslan Quliyevin "Yazıçının savaşı" kitabı və digər əsərləri barədə)

 

Son illərin nəsr mənzərəsində bir müəllifin də adı, imzası tez-tez görünməyə başlayır - bu Bakıdan çox-çox uzaqda, ucqar Yardımlıda yaşayan Aslan Quliyevdir. Onun gəlişiylə iki məqamı xüsusi olaraq nəzərə çarpdırmaq istəyirəm: birincisi -nəsrə öz fərdi yazı manerası, dəst-xətti, məxsusi qəhrəman tipi ilə bir nasir gəldi, ikincisi-bu nasir bir daha sübut elədi ki, "əyalət yazıçısı" ifadəsinə heç bir ehtiyac yoxdur, qaynar ədəbi mühitdən uzaqda da seçilməlidir.

Son on beş ilin nəsrindən söz açarkən yeni meyl və tendensiyaların, keyfiyyət dəyişikliklərinin mövcudluğundan söz açmamaq mümkün deyil. Bunları biz Aslan Quliyevin nəsrində də müşahidə etdiyimizdən, qısaca qeyd edək. Hər şeydən əvvəl, nəsrdə zamanın nəfəsi duyulmağa başladı, XX əsrin sonları dünyada və xüsusilə müstəqillik əldə edən ölkələrdə baş verən ictimai-siyasi hadisələr təbii ki, söz sənətinə də təsirsiz qala bilməzdi. Sənəti heç vaxt zamanın icraçısı hesab etmək olmaz, amma bu həqiqətdir ki, zaman bütün təlatümləri və ziqzaqları ilə sənət güzgüsündə əks olunur. Azərbaycan nəsrinin son on beş ilinin mənzərəsi də bunu sübut edir-nəsrdə Azərbaycan gerçəkliyinin real mənzərəsi əks olunur. İkincisi; hər əsrin sonlarında -yeni əsrin əvvəllərində ədəbiyyatda bir oyanma baş verir, "yeni ədəbiyyat" tendensiyası yaranır. Mərhum akademik Kamal Talıbzadə XX əsrin başlanğıcında Azərbaycan ədəbiyyatının durumundan söz açarkən yazmışdı: "Əsr yeni, əsrin özü ilə gətirdiyi hadisələr yeni idi. İctimai şüur sürətlə oyanır, ictimai həyata müdaxilə meyli qüvvətlənirdi. Ədəbiyyatın vəzifələri də müəyyən edilməli idi. Köhnəni eynilə davam etdirmək mümkün deyildi. Elə isə yeni ədəbiyyat necə olmalıdır? Hansı yaradıcılıq metodları müasir tələblərə cavab verə bilər, ədəbi ənənələrdən necə istifadə edilməlidir? Nədən imtina etmək, nəyi mənimsəyib irəli aparmaq? Daxildə hansı ədəbi qüvvələrə istinad etmək, hansı ədəbi cərəyan və istiqamətlərə söykənmək lazımdır? Xarici ədəbiyyatları da öyrənmək yeni ədəbi mərhələnin qarşısında duran mühüm vəzifələrdən biri idi. Rus, həmçinin Şərq və Avropa ədəbiyyatları müasir yazıçıları çox cəlb edirdi. Bu ədəbi öyrənmə, təsirlənmə hansı yollarla getməli, hansına daha çox üstünlük vermək faydalıdır? Rus realizminəmi, türk romantizminəmi, Avropanın Azərbaycanda sürətlə yayılmağa və məşhurlaşmağa başlayan onlarla dühalarınamı? Necə, nə şəkildə?"

Bir əsr sonra bəzi istisnalar olmaqla bu suallar eynilə müasir Azərbaycan ədəbiyyatına da şamil edilə bilər. Fakt budur ki, müasir Azərbaycan ədəbiyyatı artıq bir çox stereotiplərdən, şablon yazı tərzindən, tbirtipli qəhrəmanlardan imtina etməyə başlamışdır. Bu meylləri biz daha çox yeni ədəbi nəslin-səksəninci illərin sonları-doxsanıncı illərin əvvəllərində ədəbiyyata gələn şair və nasirlərin yaradıcılığında izləyə bilərik ki, onlardan biri də Aslan Quliyevdir.

Əlbəttə, bir kiçik yazıda yaradıcılığı orijinal təsir bağışlayan bir yazıçının əsərləri barədə geniş və hərtərəfli söz açmaq mümkün deyil. Yalnız bəzi mühüm məqamlar üzərində dayanacağıq.

QƏHRƏMAN TİPİ. Aslan Quliyevin təsvir etdiyi obrazlar gerçəkliyin, real həyatın özündən gəlir və uydurma deyil. Bunları temperamentinə və həyatdakı mövqelərinə görə də qruplaşdırmaq olar. Temperament dedikdə Aslanın qəhrəmanları Əkrəm Əylislinin Qədirini ("Kür qırağının meşələri") və Sabir Əhmədlinin Laçınını ("Yamacda nişanə") xatırladırlar. Ancaq təbii ki, sələflərlə xələflər arasında fərqlər, ayrılmalar da nəzərə çarpır. Belə ki, Qədirlə Laçının eləyə bilmədiklərini Aslanın qəhrəmanları çox asanlıqla həyata keçirirlər. Çünki dövr, zəmanə dəyişib. Həyatdakı mövqelərimnə gəldikdə isə Aslanın təsvir etdiyi və özünün də rəğbət bəslədiyi qəhrəmanlar əsasən Qarabağ müharibəsinin iştirakçılarıdır (onları keçmiş döyüşçülər adlandırır Aslan), bunlar müharibədə kifayət qədər igidlik göstəriblər, amma çox təəssüf ki, qanları tökülsə də, şikəst olsalar da unudulublar, heç kim onlara diqqət yetirmir və bu səbəbdən də öz etirazlarını müxtəlif yollarla həyata keçirirlər, banda düzəldirlər, bəziləri qarətçiliklə məşğuldur, amma daxilən, bir insan kimi saf və təmizdirlər. "Keçmiş döyüşçü və oğlan" povesti bu baxımdan səciyyəvidir.

Döyüş bölgəsindən zabit kimi tərxis olunan Səhənd ata-anasının, bacısı və qardaşının pənah gətirdiyi ucqar dağ kəndinə gəlir: "Onu görmüşdülər: qabağına qaçırdılar. Qəlb titrədən görüş idi, ana, bacı, iki qardaş-böyük ailənin salamat qalan üzvləri qucaqlaşıb baş-başa vermişdilər. Bu altı ildə anası nələr çəkmişdi, necə yaşamışdı?".

Bu adam altı il Qarabağ bölgəsində döyüşən, dəfələrlə yaralanan, aylarlda hərbi xəstəxanalarda yatan, sağalan kimi də ön cəbhəyə qayıdan, iki qardaşını, qohum-əqrəbasının çoxunu itirən yurddaşımızdır.

O, heç nə istəmir, yaralarını sağaltmaq, fiziki və mənəvi əzablarına son qoymaq, asudə nəfəs almaq istəyir. Gözü ilə odlar-alovlar görüb, özü demişkən min dəfə ölüb-dirilib, amma vicdanla vuruşub, Milli Qəhrəman olmasa da, cəsur komandir kimi ad çıxarıb.

O, heç nə istəmir.

Lakin bu keçmiş döyüşçünü-bu cəsur insanı böyük ehtiramla-tökülən qanı, itirilmiş əsəbləri və sağlamlığı müqabilində göz üstə saxlamaq hamının borcu idi. "Yumşaq, təmiz yorğan-döşəyin nə qədər həsrətini çəkmişdi. Yataqda xoş qoxular dolaşırdı, ilğımlanan baharların, soyuq, boz qışların, qızılı üfüqlər kimi qızaran payızların o üzündən gəlirdi bu qoxular. Dinclik, rahatlıq onu ağuşuna almışdı".

Aslan Quliyev çox keçmədən daxilən narahat olan qəhrəmanını qanlı-qadalı o döyüşlərdən də ağır bir savaşa atır.

Bu keçmiş döyüşçünü həmin o ucqar dağ rayonunda güllə-çiçəklə qarşılamırlar, tökdüyü, itirdiyi anın əvəzində ona dinclik, rahatlıq vəd eləmirlər, yüngül də olsa bir işlə təmin eləmirlər. Keçmiş döyüşçünü ələ salır, incidir, həqiqəti söylədiyinə görə həbsə atır, döyür, təpikləyir, ona həbsxana həyətini süpürtdürmək istəyirlər. Bir vaxt üstündən qayğısını əsirgəmədiyi tələbə yoldaşı indi bu rayonda icra başçısıdır. Keçmiş döyüşçü onun qəbuluna gəlir, ixtisasına uyğun bir iş istəyir. Ancaq icra başçısı bütün olub-keçənləri unudaraq onu təhqir edir, həbsxanaya saldırır.

Keçmiş döyüşçü ruhü sınmış, qüruru tapdalanmış halda rayonu tərk edir.

Ancaq şəhərdə də başqa bir haqsızlıq, qəzavü-qədərin, taleyin ayrı bir oyunu...gÖz arvadını qısqanclıq üstündə öldürən bir qansızı qətlə yetirir.

Yenə həbsxana..

O, həbsxanadan qaçır, həmin ucqar dağ rayonuna gəlir, icra başçısını öldürür, sonra meşədə gizlənir. Sonra yenə şəhər. Yox, o, ölmək istəmir, ancaq insan kimi də yaşamaq mümkün deyil.

Bir oğlan uşağını girov götürür. Bu oğlan onu sevir, inanır ki, bu adam-keçmiş döyüşçü heç də quldur deyil, sadəcə, onu bu çıxılmazlığa sövq etmişlər. Girov götürdüyü uşağı atasına qaytaranda polislər tərəfindən öldürülür.

Bu povestdə, eləcə də Aslanın digər nəsr əsərlərində kəskin süjetlə, konfliktlə qarşılaşırıq. O, boyaları tündləşdirməyi, üz-üzə duran tərəflərin qarşıdurmasını gərginləşdirməyi sevir. Bəzən onun povest və hekayələrinə dedektiv elementləri hopur, yaxud reallıqla uyuşmayan məqamlar da diqqəti cəlb edir. Bunlar təbii ki, müasir nəsrin daha çox sinxron nəsrə meylli olmasından xəbər verir. Amma hər bir əsərdə bədii həqiqət deyilən vacib bir dustura əməl olunmalıdır və Aslan Quliyev bu həqiqətə həmişə sadiq qalır.

Aslan Quliyev bu keçmiş döyüşçünü "tərbiyə eləmək" fikrinə düşə bilməzdi, çünki cəmiyyətdə bir çox əxlaqi ideallar sarsılmışdı, tərbiyədən çox, cəza haqqında düşünülürdü. İkincisi; keçid dövrünə xas olan və təbii ki, kapitalizmdən gələn mülkiyyətçilik hissi insanların əxlaqını, mənəviyyatını müflisləşdirirdi, bu prosesdə yaxşıya qiymət vermək, ləyaqəti, saflığı hifz eləmək müşkülə dönürdü. Qarabağ müharibəsi təkcə torpaqlarımızın itkisi deyildi, həm də müəyyən mənada mənəviyyat itkisi oldu. Müharibə neçə ailəni atasız, ərsiz qoydu, şəhid məzarları şərid kimi bu məmləkətin bu başından o başına dolandı. İqtisadi xaos və müharibə insanları həm də mənən yadlaşdırdı, partiyalar kimi insanlar da fərqli düşünməyə başladılar, laqeydlik, biganəlik , "mənimki", "səninki", "bizimki" psixologiyası ürəklərin qapısını döyməyə başladı. Aslan Quliyevin bir çox qəhrəmanları bax, belə bir mühitdə yaşayırlar, alış-veriş və pulun hökmran olduğu bir mühitdə mənən pozulmamış bu qəhrəmanlar üçün çıxış yolu varmı?

Aslan öz hekayə və povestlərində həmişə kəskin təsir bağışlayan lövhələrə meyl edir. Bütün bunlar isə onun təqdim elədiyi qəhrəmanın xarakterini, hansı hisslərlə yaşadığını daha dərindən duymağa kömək edir, həm də yazıçının hadisələrə kəskin mövqeyini müəyyənləşdirir. "Samirə al qan içində yerdə hərəkətsiz halda uzanmışdı, yaralarından qan axırdı, geniş açılmış gözlərində vahimə donmuşdu. Qızın cansız bədəninə növbəti zərbəni vurmağa daz başlı cavan oğlan əlində qanlı bıçaq ona tərəf döndü. Bu artıq onunla eyni millətdən olan yurddaş deyildi, qocaları, qadınları, uşaqları, öldürən, zorlayan düşmən əsgəri idi. Bu-düşmən idi! Azərbaycan ordusunun əsgəri qarşısında namərd düşmənin dayandığını görürdü".

Beləcə, Aslan Quliyevin qəhrəmanı hər hansı haqsızlığa, vəhşiliyə dözümsüzlük göstərir və bu haqsızlıqları törədənlərin hər biri ona düşmən əsgərini xatırladır. Düşməni isə öldürmək lazımdır - o da öldürür. O, hətta həbsxanadan qaçıb hansısa bir cinayətkar dəstəsinə qoşulanda da yenə döyüş qanunları ilə hərəkət edir, ona sərbəstliyi, daxili azadlığı qadağan edən quldurları bir-bir qətlə yetirir. Sonuncu məqamda da döyüş qanunlarına əməl edir - vuruşur və əlbəttə, qeyri-bərabər döyüşdə həlak olur.

Elə düşünməyin ki, Aslan Quliyev çıxılmazlıq qarşısında qalan qəhrəmanını ancaq bir planda-qatil kimi təqdim eləmək istəyib. Öncə qeyd etdik ki, keçmiş döyüşçü yalnız çarəsizlikdən, ona edilən haqsızlıqlardan təngə gəlib, bu yolu seçib. Halbuki, o, çox həssas, duyumlu insandır. O, müharibənin qızğın çağında düşmən əsgərinin əlindən alıb azad elədiyi qızçığaza söz verir ki, müharibədən sonra onu axtarıb tapacaq, ona oyuncaqlar bağışlayacaq. Və sözünə də əməl edir. Keçmiş döyüşçü girov götürdüyü oğlan uşağına əsgər mahnıları öyrədir:

Qalx, əsgər! Qalx, əsgər!

Dur gedək son döyüşə!

Aslanın "Payız" povestinin qəhrəmanları da eyni aqibəti yaşayırlar. "Qarabağda bir yerdə vuruşmuşdular. Həmişə bir yerdə olur, döyüşə də bir yerdə gedirdilər, növbəyə, kəşfiyyata, dincəlməyə də". Amma bu döyüş dostlarının aqibəti acınacaqlı olur. Axırıncı döyüşdə-onlar meşənin içərisindəki mühasirəyə düşən uşaqları azad etməliydilər-onların bir çoxu yaralanır, hospitala düşürlər, qayıdandan sonra isə batalyonu buraxırlar, onlara etibar eləmirlər, axırıncı döyüşdə heç iştirak eləməyən iki əsgəri Milli Qəhrəmanlığa təqdim edirlər, guya uşaqları onlar azad eləyiblər. Beləliklə, "Vətən onlardan imtina edir". Keçmiş döyüşçülər isə müxtəlif yerlərə səpələnir, bir çoxu ölkədəki qarmaqarışıqlıqdan yararlanan qarətçi dəstələrinə qoşulurlar. Ancaq təbiətən saf olduqları üçün bu "peşə"yə bağlanmırlar, ancaq qopmaq da çətindir, çünki "dəstə"nin öz qanunları var, gərək axıra kimi bu yolu davam etdirəsən. Beləliklə, bandanın başçısı ilə bu bandadan ayrılmaq istəyənlər arasında kəskin münaqişə yaranır.

Fikrimizcə, "Keçmiş döyüşçü və oğlan" povesti həm ideyasının dolğunluğuna, həm də təsvir olunan obrazların real və inandırıcılığına görə ikinci povestdən üstündür. Eyni mövzuya ikinci qayıdış ("Keçmiş döyüşçü və oğlan" sonra yazılmışdır) daha effektli olmuşdur.

Aslanın qəhrəmanlarının bir qismi də əyalətdə yaşayan yazıçılar, qəzet işçiləridir. Amma burada bir obraz daha çox nəzərə çarpır. Heç də avtobioqrafik cizgilərdən xali olmayan bir YAZIÇI obrazı var ki, bu obraz vasitəsilə Aslan Quliyev həyat, cəmiyyət, yaşadığı mühit, ədəbiyyat və sənət haqqında fikirlərini, duyğu və düşüncələrini açıq şəkildə, rəmzə, simvola ehtiyac duymadan öz düşüncələrini izhar edir. "Yazıçının savaşı" povestində biz bunun əyani təcəssümünü görürük. Povestin qəhrəmanları bir əyalət şəhərciyində öz varlıqlarını sübut etmək istəyirlər, onlar nöqsanlara, pisliklərə qarşı dözümsüzdürlər, istəyirlər ki, əyalətdən uzaqda da onları tanısınlar, çap eləsinlər. Amma həyatın qanunları onlara başqa şeylər diqtə edir. Əyalət yazıçıları polisin, pullu adamların, mənəviyyatdan uzaq insanların təqibinə, təhqirinə məruz qalırlar. Buna etiraz olaraq yazıçılardan biri ağacın başına dırmaşır, onun və yazıçı dostlarının tələblərinə əməl olunmayınca ağacdan düşməyəcəyini söyləyir. Təbii ki, bu da doxsanıncı illərin özünün xarakterindən irəli gəlir, mübarizə üçün açıq şəkildə şərait yoxdur, çünki qarşı tərəf çox güclüdür, yalnız beləcə etiraz etmək olardı. Ancaq yazıçılar heç nəyə nail ola bilmirlər. Aslanın digər iki povestində olduğu kimi qəhrəmanlar səhnəni məğlub durumda tərk edirlər. "İlk qar yağanda, torpağa ilk qar düşəndə Robot da ağacdan düşür. Ayağını ehtiyatla nəm torpağa, rütubətdən qaralmış çay daşlarının arasına səpələnmiş xəzəllərin üstünə qoyur, yeriməyə yadırğayıb. Heç yerə baxmadan başını aşağı salıb çıxıb gedir payız küçəsiylə, göydən ələnən qar zərrəciklərinin arasıyla. Yazıçının savaşı sonuc vermədi, yazıçı məğlub oldu. Gedir və ağlayır. Qar burulğanında əriyir, yoxa çıxır.

Mən də gedir və ağlayıram".

Yeri gəlmişkən: Aslanın "Yazıçının savaşı" kitabında roman adlandırdığı əsərləri bu sətirlərin müəllifi povest kimi təhlil edir. Fikrimizcə, bu əsərlər janr xüsusiyyətlərinə görə sırf povestdirlər. Bu əsərlərdə romanın modelinə uyğun gələn xüsusiyyətlər nəzərə çarpmır.

 

 

Vaqif YUSİFLİ

 

Ədalət.-2012.-24 noyabr.-S.13.